Kulis.az İlqar Kamilin şeirlərini təqdim edir.
Bom-boş
Gözlərimi qapatdım ki, gizlənəsən, ağlayaq,
"Alma" desəm gələcəkdin, "alma" dedim, gəlmədin.
Hanı birgə əl sallayıb, öpəcəkdik qürubu,
Axşam düşdü, ay göründü, su duruldu,
gəlmədin...
Söylə indi kainatın hansı məhbəsindəsən?
Söylə görüm bulud varmı, yağış varmı orda da?
Heç olmasa, ay insafsız, əllərin də yoxdur ki,
Axşam-axşam darıxanda adam tuta,
təsbeh kimi oynada.
Heç unuda bilmədim ki, gözlərinin rəngini.
O qədər çox sevərdim ki, saçına gül düzməyi.
Indi mənim dünya boyda bağlı ayaqqabım var,
Səndən sonra tərgitmişəm ayaqyalın gəzməyi.
Üstüm-başım, ev-eşiyim, sər-səliqəm, səhmanım,
Nə gülməsi, nə qəh-qəhə, əcəb ağıllanmışam.
Aya da vaxt ayırıram, günəşə də yetirəm,
amma yenə dolmur zaman,
Sən gedəli bom-boşam.
Hamı, hamı, uşaq-böyük, hamı məndən razıdır.
Gecələrin sükutunu pozmaq nədir, bilmirəm.
Axşam düşdü, salam-məleyk, ən birinci evdəyəm,
Küçələrdə veyil-veyil gəzmək nədir, azmaq nədir, bilmirəm...
Sən gedəli əməllicə düzəlmişəm, gördüyün,
Məni pozan sən imişsən, hamı belə danışır.
Bircə sənin o gözlərin, o gözlərin olmaya,
Xəyalıma gələn kimi bütün nizam qarışır.
Hər şey, her şey qaydasında amma belə qəribə.
Günlər gəlir-keçir, gedir, yadda qalmır amma ki.
Sən gedəli...
necə deyim, qoy lap düzün deyim də,
Sənsiz adam olmaq olur,
Sənsiz olmur amma ki...
***
Sükut dili
Mənə qalsa doğru deyil bu sükut;
nə vergülü, nə nöqtəsi yerində.
Mənə qalsa... sən mənə də inanma,
mənə qalsa həqiqət əllərində!
Niyə aya toxunmusan, Qarbəyaz?
Axı sənə demişdim ki, yasaqdır.
Sən elə bilirdin, asandı getmək?
Niyə susub dayanmısan nə vaxtdır.
Bəlkə, min il keçib bu lallığından
bəlkə də bu, dünən olub, nə bilim...
bəlkə də, ehh... o kövrək ürəyində
bəlkə, nəsə sınan olub, nə bilim.
Sən susalı, dövran keçib, gün keçib
daha yoxdur sükutuna xridar;
mənə qalsa bu sükutlar köhnəlib
indi yeni əlifbada susurlar.
Məktəblərdə "sükut dili" ləğv olub
indi hamı necə gəldi susursa...
Sənin dilin dəqiq susur, düz susur
inciməzsən sükutuna toxunsam?!
İndi susmaq dəbə düşüb, əzizim,
susmaq dönüb qızıl olub, pul olub.
Sözün varsa pulunu al, danışma
indi sükut qazanc üçün yol olub.
Sən özün də yorulmusan, bilirəm,
səssizlikdən vücudun əldən düşüb;
mənə qalsa...
aman Allah, bu nədir,
axx, gözəlim, sükutuna "dən" düşüb?!
Daha bəsdir, sükutunla vidalaş,
qoy dilinə çiçək düzək, gül düzək;
axşam düşüb, darıxıram yenə mən
tez bir ovuc cümlə götür,
gəl bizə...
***
Bir həsrət var
Əvvəlimi bilirsən, əzizim,
yaxın gəl, sənə axırımı danışım:
Səndən sonra
saçının hörükləri kimi dolam-dolaşıq həyatda
yaşamaq asan olmadı, olmadı
başqalaşdım başqalaşdıqca
məndə özümdən əsər-əlamət qalmadı, qalmadı...
Ata bilmədimsə içimdən dünya məhəbbətini
ilişdimsə, qaldımsa
alçaldıqca alçaldımsa...
Qınama məni - yenə bilmədimsə həsrətini;
axı nə edəydim
mən əliyalın
o yaraqlı...
Və uzun kipriklərindən sallanan göz yaşların kimiyəm indi
bir toxunuşa bənddi düşüşüm
bir hıçqırtına bağlı...
Artıq sözlərim səni ağlatmırsa,
səsim ürəyinə yatmırsa...
ehhh...
...əlim əlinə çatmırsa
nə fərqi var - sən uzaqdasan, yoxsa mən?
Sən ədalət kimiydin, sevgilim
axtarıb tapa bilmədiyim...
Allah sevdiyi bəndəsinə çətin həyat yaşadırsa,
bəndə də mısmırığını sallayıb Allahına daş atırsa
bəlkə biz qarışmayaq...?
Belə umu-küsülərə get-gedə alışacaqlar, alışacaqlar
biz araqatanlıq etməsək, onlar
barışacaqlar, barışacaqlar...
Sənsə bircə bunu bil, get, ay ürəyimin dərdi:
bir həsrət var,
illərdi
dodaqlarının küncündə gizli…