"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri
19 avqust 2026
# 15:00

Bu gün Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür.

Kulis.az onun sevgi şeirlərini təqdim edir.

LİRİK DUYĞU

Nə vüsalım, nə həsrətim,

Nə sevgim var, nə nifrətim,

Nə sevincim, səadətim,

Boş qalıbdır, boş, ürəyim!

Nə yazı var, nə qışı var,

Nə qarı, nə yağışı var,

Nə dünyaya baxışı var,

Daş olubdur, daş, ürəyim!

Yanar dağdır, sönməyəydi,

Zirvəsindən enməyəydi,

Yanıb külə dönməyəydi

Kaş ürəyim! Kaş ürəyim!

1989

İSTƏSƏYDİM

İstəsəydim səni, səndən alardım,

Gözəlləri öz taxtından salardım.

Ürəyimi-ürəyinə calardım

Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,

Dövrəndəki “mələkləri” yönərdim

Al laləyə, qərənfilə dönərdim,

Səpilərdim yollarının üstünə...

İstəsəydim vüsalına yetərdim,

Mən gül olub ürəyində bitərdim,

Orda bülbül fəryadıyla ötərdim,

Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,

Bircə dəstə bənövşə qoy, bəsimdir!

Baş üstündə bir qaranquş ötəcək,

O da sənə minnətdarlıq səsimdir.

1989

SEVƏNLƏR OXUSUN, SEVMƏYƏNLƏR YOX

Sevsən bil, sevginin çoxdur əzabı

Hünərin var, ona gətir sən tabı!

İstərəm yazam bir sevgi kitabı

Sevənlər oxusun,

Sevməyənlər yox!

Ürəklər titrədim sarı sim kimi,

Əsim yaz havalı bir nəsim kimi,

Şeirim odlu olsun nəfəsim kimi

Sevənlər oxuyun,

Sevməyənlər yox!

Sevdim mən də bütün gözəllikləri,

Ulduzlu səmanı, çiçəkli yeri,

Sevincli, kədərli bu nəğmələri

Sevənlər oxusun,

Sevməyənlər yox!

Sevdim hər kəsdən çox bu pərişanı,

Yaralı bir eşqlə Azərbaycanı.

Bu yaradan axır şeirimin qanı

Sevənlər oxusun, sevməyənlər yox!

Sevgidən söz açma, ey başında qar!

Qış göyərən otu şaxta qurudar,

Şeirimdə qış qəmi, yaz sevinci var,

Sevənlər oxusun,

Sevməyənlər yox!

1989

MƏHƏBBƏT KÖÇƏRİ QUŞDUR

Məhəbbət köçəri quşdur,

O nəğməli qaranquşdur,

Yuva qurar ürəklərdə,

Arzularda, diləklərdə...

Gənclik bizdən gen düşəndə,

Saçımıza dən düşəndə,

Ömrümüzə payız gəlib,

Duman, çiskin, çən düşəndə,

Könlümüzdən köç eyləyər,

Ömrümüzü heç eyləyər,

Boyat olar çörəyimiz,

Duzsuz olar xörəyimiz,

Buludlu qış göyü kimi

Tutqun olar ürəyimiz.

1984

SEVİB-SEVİLƏN QIZLAR

Vətənin nazlı qızları,

Qırın adətdə “buzları”.

O dürləri, almazları

Siz ağıllarda axtarın!

İgid sınanar düz yolda,

Büdrəməz, getsə yüz yolda.

Səadəti siz nə pulda,

Nə dövlət, varda axtarın!

İnci, almaz, dürr soyuqdur,

Daşların ürəyi yoxdur,

İsti ürəklilər çoxdur,

Odu siz orda axtarın!

Dağlar qalıb sel içində,

Kaman titrər tel içində,

Yaxşı dostu yaman gündə,

İgidi darda axtarın!

Siz toylarda, nişanlarda,

Qoymayın gəncləri darda.

Daş-qaşları kamallarda,

Siz, düz ilqarda axtarın!

Budur sözümün qüvvəti:

Uca tutun məhəbbəti,

Nazlı qızlar, səadəti

Mərd oğullarda axtarın!

SEVGİ PƏRİSİ

Qoca çinarın kölgəsində,

Qoca ürəyin ölkəsində,

Yatan pəri qızı oyansa əgər,

Bu miskin ölkəni tərk edib gedər.

Olar bu qoca mülk bir xarabazar,

Tökər yarpağını qocaman çinar.

Ey insanlar! Burada səs salmayın,

Sazı dindirməyin,

Kaman çalmayın,

Amandır! Burada nəfəs almayın!

Ay kimi parlayıb, gün kimi yanar,

Yatmış pəri qızı birdən oyanar,

Gedər, bu qoca mülk qalar virana.

Açar qapısını soyuq küləklər...

Onu oyatmayın, dəyməyin ona,

Bu qoca ürəyi qəm-qüssə təklər.

# 115 dəfə oxunub

Oxşar xəbərlər

"Bu küçədə yaşayan adamların qalıqlarıyıq... "-  Alik Əlioğlunun şeirləri

"Bu küçədə yaşayan adamların qalıqlarıyıq... "- Alik Əlioğlunun şeirləri

17:30 18 avqust 2026
"Səfeh bir eşq ucundan batıb gedirsən..."  - İlqar Fəhminin şeirləri

"Səfeh bir eşq ucundan batıb gedirsən..." - İlqar Fəhminin şeirləri

17:00 18 avqust 2026
"Məni endirməyin yerə, amandır..."  - Bəxtiyar Vahabzadənin şeirləri

"Məni endirməyin yerə, amandır..." - Bəxtiyar Vahabzadənin şeirləri

14:00 16 avqust 2026
"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

"Heç kim bizim kimi sevə bilmədi..." - Edqar Allan Podan həyat yoldaşına

13:30 15 avqust 2026
"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

"Gündüz içki içirəm, gecə yuxu yatmıram" - Sevinc Yunuslunun şeiri

12:30 15 avqust 2026
"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

14:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər