Can verdiyim gecə... - Milliyətçilərin öldürdüyü şairin "divan"ı

Can verdiyim gecə... - Milliyətçilərin öldürdüyü şairin "divan"ı
11 yanvar 2024
# 17:00

Sevgi və tənhalıq mövzusunda yazdığı bu şeirlər toplusunu Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib.

Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.

Tamarit – İspaniyada tez-tez rast gəlinən mavritan toponimidir. Qranadanın ucqarında, Lorkanın ata mülkünün qonşuluğunda yerləşən Tamarit bağı (“Uerta del Tamarit”) şairin dayısı Qarsia Rodrigesə məxsus idi.

Kitab 1934-cü ildə Qranada universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin ön sözüylə çap olunmalıydı. Lakin iş xeyli yubandı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi və “Tamarit Divanı” ilk dəfə şairin ölümündən sonra, 1940-cı ildə Nyu-Yorkda “Revista İspanika Moderna” dərgisində işıq üzü gördü.

Kulis.az Mahir N. Qarayevin tərcüməsində Lorkanın “Tamarit divanı” kitabından qəzəl və qəsidələri təqdim edir.

SEVGİ XATİRƏSİNƏ QƏZƏL

Qal mənim yaddaşımda
gözəl bir kölgə kimi,
amma bağışla mənə sevgi xatirəsini.

Bağışla o qaranlıq,
soyuq yanvar axşamı
gilasın gözündəki titrək yalvarışları.

Yuxusuz gecələrim
keçir sayıqlamada,
qalmışam ölülərlə eləcə bir dam altda.

Sarmaşığın hasara
dırmaşan gülləritək
acı göz yaşlarını soldurur bu gips ürək.

İtə dönüb gözlərim,
daha mənimki deyil,
gəzirlər, dolaşırlar bağçada veyil-veyil.

Bəzən bütün gecəni
sülənirlər hardasa,
zəhərli meyvələrin, kolların arasında.

Ara vermədən əsən
bu çovğun yellərinin
nəfəsindən vahimə tülpan kimi yellənir.

Erkən qış səhərinin
qaranlığı, zülməti
solğun ətirşahların qarğışından betərdi.

Yuxusuz gecələrim
keçir sayıqlamada,
qalmışam ölülərlə eləcə bir dam altda.

Sayıqlayan qapının
dalında indi zorla
ölülər sübh çağını gözləyir intizarla.

Lal bədənin dərəsi ağ tüstüyə bələndi,
duman tutdu hər yanı.

Bizim görüşdüyümüz tağın altında indi
matəm şamları yanır.

Yox ol gözəl kölgətək,
dağıl ağ duman kimi –
amma bağışla mənə sevgi xatirəsini.

AĞI HAQQINDA QƏSİDƏ

Xeyri yoxdu
pəncərəni bağlamağın –
boz divarın arxasından
eşidilən yalnız ağı.

Başqa heç nə eşidilməz –
nə cənnətdə mələklərin gülüşməsi,
nə həyətdə köpəklərin hürüşməsi;
tək bir ovcuma yerləşər
bəlkə, min-min kaman səsi.

Amma ağı –
qosqoca bir mələkdir,
harda gəldi sülənən
qartımış bir köpəkdir;
ən birinci kamanıdır dünyanın,
göz yaşında boğulan bir küləkdir.

Və ətrafda
heç nə yoxdur –
başqa heç nə, yalnız ağı.


BUDAQLARA QƏSİDƏ

Tamaritin
göz oxşayan bağları
və bir sürü köpəyi var, iti var –
güdürlər ki, bu yaşıl budaqları
pis havalar nə vaxt qırar, sındırar.

Tamaritin
alma budaqlarından
salxım-salxım göz yaşları asılıb;
yer-göy yanır bülbülün ahlarından,
qırqovul da külü yığıb basdırır.

Budaqlardı təkcə bizə oxşayan –
nə dərd cəkər, nə ağlayıb saç yolar;
elə rahat yatırlar ki, yağışda
bəs deyərsən hərəsi bir bağçadır.

Bir cüt vadi suya batıb dizəcən
fağır-fağır gözləyirdi payızı;
ağır-ağır sürünürdü toranlıq,
sürüyürdü arxasınca budağı.

Tamaritdə uşaqlar var bir topa,
kəsdiriblər ağacların altını –
gözləyirlər ümidlə ki, yel qopar,
qırıb-çatar sütül budaqlarımı.


ÇILPAQ UZANMIŞ QADINA QƏSİDƏ

Bu ağ, bu çılpaq bədən
at nalları dəyməyən,
bircə ot da bitməyən hamar torpaqdı, torpaq.

Bu ağ, bu çılpaq bədən
gümüşlə sərhədlənən,
zamanın qapandığı yer üzündən bir soraq.

Ah, bu bədənə baxmaq
sütül gövdədən yana
göz yaşları axıdan leysanı anlamaqdır;

Bir ulduz işığına
həsrət qalan dənizin
qırışıq üzündəki xiffətə ağlamaqdır.

Yataq otaqlarında
nəğmə kimi qəfildən kükrəyən qanın səsi
və qılıncın şimşəktək parlayan sərt tiyəsi
parçalayar bir anda sükutun yaxasını;

Sənsə bilməzsən onda,
anlamazsan heç zaman –
qurbağa ürəyinin harda saxlandığını,
harda gizləndiyini bənövşə yuxusunun.

Ayaqların –
dartılıb gərilən köklər kimi,
dodaqların sərhədsiz dan yerinə bənzəyir.

Yatağında –
o islaq, o yaş güllərin altda
çığırışan ölülər növbəsini gözləyir.


QƏRİBƏ QUMRULAR HAQQINDA QƏSİDƏ

Bir cüt kədərli qumruydu –
dəfnə budağında oturmuşdular.
Biri Günəş, biri Aydı –
mənə açıq-aşkar yas tutmuşdular.

Aydan soruşdum: “Ay bacı,
de görüm, məzarım mənim hardadı?”
“Köksümdədir”, – söylədi Ay,
Günəş də tez açdı qanadlarını.

Qurşağacan batıb yerə
birtəhər gedərkən gördüm uzaqda
iki qar qartalı uçdu göylərə,
bir də bir çılpaq qız gəzir qıraqda.

Qartalların biri o birisiydi,
çılpaq qızsa heç biri.

Üz tutdum qoşa qartala:
“Bacılar, məzarım mənim hardadı?”
“Köksümdədir”, – biri dedi;
o biri tez yığdı qanadlarını.

Və mən qartal kölgəsində
iki qumru gördüm – oturmuşdular.
Və mən dəfnə budağında
iki qumru gördüm – yas tutmuşdular.

Biri Günəş, biri Aydı –
biri o biriydi, heç biri yoxdu.
Yox idilər ayrı-ayrı –
hər ikisi birdi, heç biri yoxdu.

Fərqi yox,
gerçəkdi, yoxsa yuxuydu,
ölüydü, diriydi – heç biri yoxdu.


ALTUN QIZA QƏSİDƏ

Göy sular axşamüstü
qızararkən büsbütün
çayda bir qız çimirdi,
bədəni buz kimiydi.

Budaqlar və yosunlar
ağ qıza dağ çəkirdi;
Bülbül də qorxusundan
gizlicə ah çəkirdi.

Yetişdi Aylı gecə,
gümüşə döndü ürək;
yalın dağlar boyunca
əsdi qaranlıq külək.

Qızsa suyun içində
eləcə ağarırdı –
odundan, atəşindən
çayı alov sarırdı.

İşıqlanan üfüqdən
keçdi getdi inəklər.
Altun qız ağ kəfəndə,
başında buz çələnglər.

Od içində çimən qız
gözündən yaş tökürdü;
qanadları alışmış
bülbül də hönkürürdü.

Ağappaq vağ quşuna
dönmüşdü altun bədən,
qızıl suyun üzündə
qızarırdı get-gedə.


HEÇ VAXT OLMAYACAQ ƏL HAQQINDA QƏSİDƏ

Kaş bir əlim olsun, yaralı bir əl –
başqa istəyim yox, umacağım yox.
Kaş bir əlim olsun, yaralı bir əl –
nə yataq gərəkdir mənə, nə yuxu.

Qonaydı sinəmə göyərçin kimi,
ya da lap sapsarı zanbaq olaydı;
can verdiyim gecə gözətçim kimi
Ayı otağıma buraxmayaydı.

Mənim istədiyim yalnız o əldir –
yanımı kəsdirib dursun hər zaman.
Mənim istədiyim yalnız o əldir –
tutsun əcəlimin bir qanadından.

O əldən savayı
qalan hər nə varsa keçib gedəndi.
O əldən savayı
qalan hər şey yalan, hər şey hədərdi.

Hər şey solub gedir günün birində –
adsız işıq olsun, ya sönməz ulduz.
Xəzan yarpaqları uçub gedəndə
ardınca ağlayan küləkdi yalnız.

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

Bircə söz düşər yerə dilimdən: "Sevirəm" - Könül Arifin şeirləri

17:00 29 noyabr 2024
Yaşamaq necə qorxuludur... - Günün şeiri

Yaşamaq necə qorxuludur... - Günün şeiri

11:27 28 noyabr 2024
Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

Heç qapından girmərəm, qayıt desən, gəl desən - Günün şeiri

13:00 25 noyabr 2024
Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

Mağara axtarıram “yuvam” deyə biləcəyim - Şuntaro Tanikavanın şeirləri

15:00 20 noyabr 2024
# # #