"Bu imanlı iblisi dəli cinə bağışla..." - Ağa Laçınlı

"Bu imanlı iblisi dəli cinə bağışla..." - Ağa Laçınlı
5 may 2025
# 15:20

Bu gün tanınmış şair, filologiya elmləri namizədi Ağa Laçınlının doğum günüdür.

Kulis.az xəbər verir ki, anadan olmasının 85-ci ildönümü tamam olan Ağa Laçınlı bənzərsiz yaradıcılığı ilə daim seçilib-fərqlənib.

Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin Şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb, 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayon qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, “Dünya ədəbiyyatı” kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyasını müdafiə edib. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırıb. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, Vyetnam, slovak, yapon, Koreya, Argentina və başqa ölkə və xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Əsərləri Rusiya, Fransa, Türkiyədə, ABŞ, Çin, Hindistan, Polşa, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, İraq və s. ölkələrdə çap edilib.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.


Bağışla

İlahi, mən laçınam,
gərək uçam, uçunam.
Mən də Sənin suçunam,-
məni Sənə bağışla.

Mən sonranın indisi,
mən cırtdanın irisi.
Bu imanlı iblisi
dəli cinə bağışla.

Könül sığmır yataba,
məcnunluğa nə toba.
Peyğəmbərə, Kitaba,
bir də dinə bağışla.

Alnım göyə güzgüdü,
aldığım od gürzüdü.
Kin sevgidən güclüdü,
eşqi kinə bağışla.

İlahi, mən dərdə lək,
şırımı çək, çarpaz ək,
Sən də təksən, mən də tək,
məni Sənə bağışla.

Buyur, güllə gülünü,
ruh dirildən ölünü.
Hər kəsin öz çölünü
öz içinə bağlşla.

Uçdum balın iyinə,
Hər pətəkdə yüz iynə...
Yemi qapıb yeyənə,
dəni çinə bağışla.

İlahi, mən kor quşam,
qor üstünə qonmuşam.
Dönə-dönə yanmışam,
dönə-dönə bağışla...

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

15:00 28 dekabr 2025
Hava da məst edir, gecə də qara… - Osip Mandelştamın şeirləri

Hava da məst edir, gecə də qara… - Osip Mandelştamın şeirləri

15:00 27 dekabr 2025
Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli

Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli

13:17 26 dekabr 2025
Neyləyirəm o ürəyi - Bəxtiyar Vahabzadə

Neyləyirəm o ürəyi - Bəxtiyar Vahabzadə

11:33 26 dekabr 2025
Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim

11:13 26 dekabr 2025
Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

14:31 25 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər