Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Çalğın Məhəmmədin “Qarabağ” şeirini təqdim edir.
Ey Füzuli...
Sənin qara gözlərin
Qışın ağ gözlərinin altında su kimi əsir
Sənin xurmalı yanaqların...
Adamın dodaqların kəsir
Sənin zeytun gözlərin...
Gözlərin yeridikcə
Adam müsəlmanlaşır
Ey Füzuli...
Ağrılarını unut
Əllərimdən tut
Gözlərindən o qədər içmişəm, aşıram
Sənin gözlərinə and olsun Füzuli
Səni məndən uzaq salanlardan uzaqlaşıram
Dünyanın güzgülərinin önündəsən hələ
Səni göstərə bilməyən aynaların adı şişədir
Səni göstərə bilməyən gündüzlərin adı gecədir
Səni səbt edə bilməyən tarix nağıldır
Və səni yaza bilməyən şair – heç şair deyil
Ey Füzuli...
Ayağa dur
Taxçalarının tozunu al füüü
O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt
O kuzədəki boyat suyu dışarı süz
Hələ divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?
Oy!
Anan ölsün Sayat
Su boyat çörək boyat
Gərəkdir rəngin saralsın
Ey Füzuli...
Ayağa dur
Əl-üzündə yağış təsviri qur
Küçələrini xalça uzad
Alışdır tribunalarını
Həmən bir şeir gecəsi qur
Təbrizdən Çalğın gəlmiş
Və Bağdaddan...
Buyursun Füzuli həzrətləri
“Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz,
Ruxi-zibayin ey dilbər nigahilən təbah olmaz.
Əgər məşuqələr içrə sədaqətlən vüqar olsa,
Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz
Mərizi-eşqəm ey dilbər təbibi-dərdi-mən sənsən,
Təbib dərdə əlac eylər uzaqdan ki nigah olmaz.
Dodağından tərəhhüm qıl mənə bir qönçə lütf eylə,
İlahi bargahında o qönçeylən günah olmaz.
Mənə bir busə borcun var dedin gəl al Qarabağda,
Bu gün nəqd eylə ey dilbər sabah olmaz, sabah olmaz.
Füzuli xanədanından qalan şahzadə Çalğındır,
Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz.”
Ey Şuşa...
Ey dünyanın ən dəlisov gəlini
Ey yer kürəsinin sevgiyə hamilə olan nöqtəsi
Gecələr qoynunda yazdığımız şeirləri sinəndəki təpələrdə gizlətdik
Gündüzlər səsində yazdığımız romanları göbəyindəki qayalıqlarda.
Ey Şuşa...
Ey xanın ərköyün qızı
Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?
Yanaqlarındakı qızıl almalarını necə?
Dodaqlarını aç şərqin havası təmizlənsin
Saçlarındakı bəyaz qartallarını uçurt
Yeni bir səhnə yarat
Göylər darıxır boşluqdan
Ey Şuşa...
Qollarını boynuma sal yalqızam
Saçlarını çiynimə sər darıxıram
Əllərimi bağrına bas üşüyürəm
Oy, bilmədim
Bağışla Şuşa
Yaralarına əlim dəydi
"Anan ölsün Şuşa
Nə dırmaşıbsan daşa
Bacın qurban olaydı
Gözündən axan yaşa"
Ey Şuşa...
Ey pərişanlığın simvolu
Ey Şuşa...
Ey şeirin istiresi
Ey Şuşa...
Ey şairlərin padşahı
Hələ şair dedim yadıma düşdü
Oturun Molla Pənah Vaqifi çağırım gəlsin
"Çoxdandı həsrətəm yaşıl gözünə
Gəl otur qarşımda göz-gözə Şuşa
Nə gözəl saatdı, möhtəşəm andı
Mən sizə qonağam sən bizə Şuşa
Boğazın bulurdan ətəyi ağ qar
Sinəndən aslanır bir cüt qızıl nar
Gözlərində bir cüt yaşıl zeytun var
Dəhanın bənzəyir dənizə Şuşa
Əyir ağ güzəmi uzad hananı
Sağ ala inəyi bağla dananı
Yüklə ağ mayanı boz arvananı
Yolla bu qatarı Təbrizə Şuşa"
Atam illər öncə ağlardı
İllər sonra mən güldüm
Bakı, siz görən Bakıdan çox uca boydur
Ağdam...
Ağdamda bir gəlin ağlardı qatar səsiylə
Göyərçinin ayağına məktub bağlayır bir gəlin
Və mən...
Qara damda otursamda
Ağdama vurulduğum gündən
Özümdən çox məmnunam
Baş ağrıların toxtayandan sonra
Yol qırağındakı çinar ağaclarına baxarsan
Dağların ətəyindəki göz yaşlarına diqqətli ol
Sənin buludlarla nə işin var?
Uzaqdan görünən o savadlı şəhərin adı Laçındır
O dirsəyə söykənən şairin adı şücaət
"Fotoçu şəklini çək
Hörüyünün saçının
Şəkildə gözəl düşür
Qəmi,dərdi Laçının
Ayazlı bir axşamda
O qəlbidə yastamda
Anam o uçuq damda
Saçın hördü Laçının
Gözlərimdə yuxular
Sözülür xumar xumar
Nağılda üç alma var
Onun dördü Laçının"
Əlimi alnıma qoyub Kəlbəcərin qəlbisindən baxıram
Yer kürəsinin yuvarlaq olduğunu kim söyləmişdi?
Min illər açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində
Və dərələr, çadır kimi qatlanmış göstərir yer kürəsini
Əlimi alnımdan götürüb
Aşağıdakı kəndə sarı yeriyirəm hələ
Bu kənddə bir qız var adı Qızqayıt
Qızqayıtın sağ çiyini sol çiynindən uca olsa da
Yeriyəndə sol ombasını bassa da Qızqayıt
Yerişini sevirəm
Qızqayıtın dodaqları kənd qoxusu versə də versin
Dişləri kömür rəngində olsa da Qızqayıtın – olsun
Gülüşünü sevirəm
Danışanda topuq vurur Qızqayıtın dili
Ça ça ça çalğın sə sə sə sənə ça ça çay d d dəmləmişəm gə gə gəl iç
Oy
Sənin şeir dadında çayını çox sevirəm Qızqayıt
Qızqayıtın barmağına anamın üzüyünü nişan taxıram
Və Kəlbəcəri gələn yaza tapşırıram
Cənubdayam hələ
Zəngəzurun sağ döşündə uzanmışam
Əlimdə Nadir şahın yaratdığı xəritə
Böyrümdə bir sürü quzu mələşir
Köpəklər yalqızlığımı hürüşürlər kiçik bir təpənin üstündə
Və bir çoban..
Tütəyində oxşayır
"Anan ölsün Zəngəzur
Nə yatıbsan? Yatma, dur,
Qollarını aç, uzat,
Yenidən bir Turan qur"