Kulis.az Orxan Saffarinin "Seymur Baycanı niyə sevməliyik?" adlı yazısını təqdim edir.
Ədəbi gəncliyimin lap çılğın vaxtında qəzetin səhifəsi, saytın manşeti boş qalmasın deyə, bir az da ayrı havalara düşüb, Seymur Baycan haqqında sərt tənqidi bir yazı yazmışdım.
Sərt ona görə deyirəm ki, başdan ayağa haqsız idim. Nə bilim. Dəxilsiz yerə incimişdim ondan. Bəlkə də, hansısa yazısına əsəbiləşmişəm, xatırlamıram. Xatırlamadığıma görə də yazmamalı olduğum yazı olduğu qənaətinə gəlmişəm. İndi bunları yazmaqla haqsız olduğumu da boynuma almıram. Düşünürəm ki, adam ədəbi ərki elə Seymura etməlidir. Yazıdı da. Olur belə şeylər. Bir də görürsən adam adamdan küsür, durduq yerə nə gəldi danışır. Bizdə adam sevdiyinə nə gəldi deyir, hansı pislik lazımdırsa edir.
Seymuru bir neçə müstəvidə pisləmişdim. İndi heç birini sadalayıb uzunçuluq etmək istəmirəm. Sadəcə, bir mənəvi borc olaraq bu yazını yazıram ki, nə vaxtsa o yazı qarşısına çıxsa, təəssüflənməsin. Ən azından hardasa bir yerlərdə onu çox istəyən, dəyəri anlayan, həyatını, ədəbiyyatını görən bir nəfərin belə olduğunu görsün. Çünki Seymur bütün həyatını məhz o bir nəfərlərə qurban verdi. Həm də, mənim kimi mənfi fikirlərə düşən nəsildaşlar, məndən sonra yazanlar, ümumi ona qarşı mənfi fikirdə olan adamlar oxusun, deyəcəyim arqumentləri yadında salxasın, mütləq nə vaxtsa lazım olacaq.
Əvvəla, Seymuru ona görə sevmək lazımdır ki, o, sözün əsl mənasında yaxşı yazıçıdır. Olar, var, demirəm, Seymurun da pis yazıları var. Ümumiyyətlə, belə fikirdəyəm ki, yaxşı yazıçı pis yazmağı da bacarmalıdır. Seymur pis yazısını da yaxşı yazıb.
Seymur Azərbaycan ədəbiyyatında xətt yaratmış adamdır. Seymur xətti. Seymur Azərbaycan ədəbiyyatının brendidir. Paltar kimi baxsaq, Guccidir, telefon kimi İphone 13 pro max, maşın kimi baxsaq Galenvagen.
Şəxsən mən, köşə yazmağa mövzu axtaranda, açıb Seymurun köşələrini oxuyub, hansısa fikrini oğurlayıram da. O başqalarından oğurlaya bilir, mən ondan yox? Belə də, oğrudan oğruya halaldır, bilirsiz. Ümidsiz olanda, ədəbi depressiyaya düşəndə, bir sözlə, bir çox məsələlərdə Seymuru oxuyuram.
Seymuru ona görə sevməliyik ki, o, Azərbaycan ədəbiyyatı mübarizəsinin, əyilməzliyin, sınmazlığın, "ac ol, kişi ol" ifadəsinin haqqını verən, mənəvi çörəyini yeyən, demək olar ki, tək nümunəsidir. O dövrün bütün Seymurları aşağı-yuxarı sındırlar, uduzdular, məğlub oldular. Bircə, sürünərək də olsa, çıxan Seymur oldu.
Azərbaycan ədəbiyyatında istənilən ictimai adam haqqında yanlış mübarizə apardığı, hansısa yolda döndüyü fikrinə gəlmək olar, göstərmək olar. Şərtlər ağırdı, qaldırmaq olmur. Seymur isə bu şərtlər altında əzilməyən tək adamdır. Seymur artıq illər sonra Azərbaycan ədəbiyyatına baxanda tək-tük tarixi faktdır.
Seymuru ona görə sevmək lazımdır ki, istisnasız və qeyri-şərtsiz dəyişməz, sərt, dönüşü olmayan mövqe sərgilədi. Mövqeyini, yolunu heç bir dostluğa, yoldaşlığa, doğmalığa satmadı. Hamıya, ən çox da özünə qarşı sərt oldu. Özünü də bağışlamadı. Ömür getdi, Seymur qocaldı, düşüncəsi, mübarizəsi, yazıları isə ilk vaxtlardakı kimi təbii, təravətli, ləyaqətli oldu.
Seymuru ona görə sevmək lazımdır ki, o, tək qaldı. Seymur heç bir döngəyə girmədi. Seymur Azərbaycan ədəbiyyatının yarış atıdır. Ancaq düz baxdı.
"Seymuru ona görə sevmək lazımdır ki" başlığından sonra azı 50 abzas yazaram, amma elə bu yazdıqlarım da hara qədər desən kifayət edir. Düşünürəm və deyirəm ki, Azərbaycanda əlinə kitab alan, ləyaqətli, mərd, sınmaz, mübarizə aparan yazıçı axtaran hər kəs Seymura təşəkkür etməlidir. Bu təşəkkür nəzakət xətrinə olan təşəkkür deyil, bu təşəkkür borcdur. İstənilən bir gənc Seymura baxıb, ədəbi ləyaqətin, vicdanın nə demək olduğunu, "bu cür yaşamaq mümkün deyil" ifadəsinin Seymurun timsalında mümkün olduğunu, bir sözlə, çox şeyi onda görə bilər.
Bir oxucu, yazıçı kimi bu cür sözləri həm də ona görə dilə gətirirəm ki, irağ olsun, birdən Seymur da dəyişər. Ciddi deyirəm, sarsılaram. Dəyişməyindən qorxduğum tək adamdır. Seymur bilsin ki, onu yaşadanlar həmişə olacaq. Təbii ki, ürəyi dayanana qədər belə olsa. Seymur ortada olan tək adamımızdır, ona da haradan gəldi döşəmişik. Seymur ümid yeridir, işıqdır, əzizdi, dəyərdi. Özüm, bütün Seymur, ədəbiyyat sevərlər, dəyərləndirməyi bacaranlar adından təşəkkür edirəm.