Özünü tutdurmaq istəyən gənc yazıçı

Özünü tutdurmaq istəyən gənc yazıçı
23 oktyabr 2019
# 16:41

Kulis.az Orxan Saffarinin “Hekayə axtarışında” adlı yeni hekayəsini təqdim edir.

Boğazımı arıtlayandan sonra şəhərə çıxıb özüm üçün hadisə axtarmağa başladım. Həmin günüm olduqca ağır keçmişdi. Özümə heç cür yer edə bilmirdim. Bəlkə də tək olduğum, sıxıldığım üçün belə bir şey gəlmişdi ağlıma. Açığı, qəribə gəlsə də, özümü tutdurmaq istəyirdim.

Eşitmişdim ki, polislər gecə yarısından sonra şəhərdə içkili adam görəndə saxlayırlar. Bundan gözəl hadisəmi?! Həm vaxtım gedər, həm də darıxmaram. Bəlkə məni saxlama məntəqəsinə də apardılar, orada da məndən başqa kimsə oldu. Bu ki, lap əla olardı!

Şəhərə düşəndən ha vurnuxurdum ki, bəlkə yaxınlaşalar mənə. Amma nədənsə, bütün içkili adamları saxlayan bu polislər, mənə fikir vermirdilər. Heç mən tərəfə baxmırdılar da...

Gecənin qaranlığında qara-qara düşünməyə də başladım;

- Bir dəqiqə, bəlkə mən çox içmişəm, heç burada deyiləm, ya bəlkə yatmışam, yuxu görürəm elə? Ya da indi fikrə getmişəm, nə vaxtsa belə bir istəyimin olması canlanır xəyalımda?! - Özümü böyrümdən necə çimdiklədimsə, yadıma uşaq vaxtı pis bir iş tutanda anamın böyrümdən çimdik götürməsi düşdü. Anamın çimdiyi tək göynətmədi amma.

Polislərin əhatəsində o tərəf bu tərəfə gəzməyə başlayırdım. Bəlkə bu vaxt fikirləşərdilər ki, bu kimdir? Niyə tək o baş bu başa gedir? Bəlkə məni şübhəli qismində tutardılar elə.

Amma nə xeyri?! Baxmırdılar ki, baxmırdılar. Tutmurdular ki, tutmurdular!

Açığı, ciddi bir səhvə də yol vermək istəmirdim. Yəni tutsalar da, adi bir məsələ üstündə tutsunlar, səhər açılanda da buraxılaram. İstəyimə də çatmış olaram beləcə.

Qəfil ağlıma söyüş söymək gəldi. Bildiyimiz ictimai asayişi pozmaq. Telefonu qulağıma qoyub guya kiminləsə danışırmış kimi bir az ucadan söyüş söydüm.

Aha, deyəsən, onlar məni gördülər. Amma qəfil hamısı mən tərəfə baxsalar da heç bir söz demədən, yenidən çönüb bir-biriləri ilə söhbət etməyə başladılar.

İlahi, axı, məni niyə tutmurlar? Mən ki, qanunu pozdum!

Heç nə etməyən birini belə içkili halda tutan bu polislər, niyə mənə bir söz demirdilər? Heç olmasa, "vətəndaş, bir az astadan danışın" deyərdilər. Rahatlayardım beləcə.

Nə səs salmağımın, nə söyüş söyməyimin bir faydası olmadığını görüb telefonumda mahnı səsləndirdim. Bəlkə buna görə bir söz deyərdilər mənə.

Özü də mahnı nə mahnı?!

“Gör bir necə dövr elədi dövran

Prokurorlar yazdı mənə fərman

Ay anacan, bax belədir dolya vorovskaya!”

Özü də yüksək səslə, düz onların yanında qulaq asmağa başladım.

İlahi, bu ki, dözülməzdir. Buna belə reaksiya vermədilər. Onlar yenə də mənə heç nə demədilər!

Mən mahnıya qulaq asmağa davam edir, bir yandan da ürəyimdə fikirləşirdim;

- Kaş mənə nəsə deyərdilər, mübahisə düşərdi, tutardılar, maraqlı nəsə olardı, bəlkə hekayə yazmaq üçün də maraqlı nəsə baş verərdi.

Saat 4-ə yaxınlaşırdı. Telefonun səs gələn hissəsini qulağıma tutub eləcə dayanmışdım.

“Доля ворабская

жизнь вор”

- Vətəndaş!

- Sizinləyəm vətəndaş!

Necə diksindimsə, az qalsın telefon da yerə düşürdü.

- Eşidirəm, buyurun.

- Zəhmət olmasa, söndürün onu.

Axır ki, tutulacam! - ürəyimdə dedim

İstəyimə çatacağımın sevinci ilə də cavab verdim;

- Başa düşmədim, niyə söndürməliyəm? Bu, mənim haqqımdır.

- Söndürün, indi Azan oxunacaq...

Bu sözü heç gözləmirdim. Axı, belə olmalı deyildi. Nə deyəcəyimi bilmədim. Duruxdum eləcə. Biixtiyar musiqini dayandırdım.

Məscidin minbərindən səs ucaldı.

Allahu Əkbər

Allahu Əkbəəəəər..

Sakitcə Azanın bitməyini gözlədim. Sonra da heç nə olmayacağını görüb evə tərəf addımladım.

Sabahı gün bu hadisəni bir dostuma danışanda gülümsünüb dedi:

- Bu hadisədən yaxşı bir hekayə yazmaq olar!

# 2310 dəfə oxunub

Müəllifin son yazıları

# # #