Azərbaycanlı müəllimin Əziz Nesinlə itmiş müsahibəsi

Əziz Nesin, yazıçı

Əziz Nesin, yazıçı

21 may 2022
# 09:00

Kulis.az Orxan Həsəninin “Bakı Dövlət Universitetində xəyali gəzişmə” yazısını təqdim edir.

“Həyat zeytun yağı kimi axıb gedir”

bir şagirdin inşasından

Mətnin səssizliyi deyə düşündüm, bu bir şeirin başlanğıcı olsaydı, içimdə hiss etdiyim şeyə mətnin səssizliyi deyərdim. Həyat Babəkin bədəni tək tikələnib, adamdan adama, şəhərdən şəhərə, məclisdən məclisə atılıb. Bu səpələnmiş pazıl parçalarını bütöv görməyə, duymağa nə yaddaş əl verir, nə hislər. Nə vaxtsa bizə doğma olan hər şeydən birdən soyumağımız nədən? Bizi tanıyan axırıncı insan öləndə biz də öləcəyiksə, dama-dama gölləşən, quruya-quruya çölləşən həyatın fərqi harada parlayır? Daşına, divarına, adamına, doğma məkanlarına çəkilən əlin istisi indi hansı müəmmada gəzinir? Axına qoşulub gedən zamana əl yelləməkdən özgə təsəlli yox. Bakı Dövlət Universiteti, Filologiya fakültəsi haqqında yazmağa başlarkən mətnin səssizliyi haqqında düşünürəm.

Keçmiş səssiz xatırlanmalı.

Hər tikəsi bir şəhərdə, bir adamda, bir məclisdə parlayan həyatımın ən gözəl, işıqlı günləri bu universitetlə, bu fakültəylə eyni cığırda addımlayıb. Xatırladıqca içimdən ilıq, xoş təbəssüm olub keçən günlərin nəfəsi, sən demə, adamlardan çox əşyalara hopub və elə buna görə, indi ayazlı külək kimi universitetin qoşa darvazasından şaphaşap özümü içəri – balina ağzı kimi geniş həyətə buraxınca ətrafdakı hər şey bığaltı gülümsünür, hiss eləyirəm ki, ətə-qana yığılıb əlimi sıxmaq, qucmaq, doğmalıqla xoş-beş etmək istəyirlər.

Burda dörd qış keçirmişəm. Köhnəlmiş, üstü-başı toz, yamaqlı, sarğılı, məhrumiyyətlərlə dolu, yorğun dörd il.

Öyrənəndə ki, Filologiya fakültəsinə qəbul olmuşam, qəfil heyrətdən gözlərim böyümüş, itilənmiş bıçağın sərt təmasına bənzər dəqiqliklə lap dərinlərdən bir cümlə qopmuşdu: “Artıq sən də yazıçı olacaqsan”.

İllərin köhnəltdiyi, oxuduğum kitabların, tanıdığım adamların, sevdiyim yazıçıların əl izi hopmuş bu arzu zamanla qüvvə qazandı. Lakin yazıçı olmaq, nə universitet, nə də fakültə məsələsiydi. Sonradan gözəl mətnlərin qəbuluna düşə-düşə anlayacaqdım, yazmaq istedada və əzmə baxır, imtina tələb edir. Vəssalam!

Budur, hündür şam ağaclarının kölgəsində addımlayıram. Universitetin əbədi tələbələri olan bu ağaclar şüşə pəncərələrdən boylanıb auditoriyalara soxulmaq üçün əməllicə qol-budaq açıblar. Lakin şair demiş, “çinarları kəsirlər ki, göy üzünü qanatmasın”.

Şam ağaclarının kölgəsində dincələn skamyalar qırmızı-qırımızı görünür. Söhbətləşən tələbələrin barmağından asılı qalan qalın-nazik siqaretlər tüstülənib havalanır, havalanır və qarğa səslərinə qarışıb birdəncə oksidləşir. Hər zəng səsində, növbə dəyişməsində tünd adam çoxluğu həyəti götürür, söhbətlərin, zarafatların, vidaların həniri alışıb yanır. İndi bu hay-küy dənizində mənə tanış bircə bu şam ağaclarıdır, onlar da əməllicə qol-budaq açıblar və universitetin açıq pəncərəsindən içəri soxulmaq istəyirlər.

Bu zaman daxili nizamnamə barmağını çəkib ağaclara hədə paylayır: “Auditoriyaya pəncərədən yox, qapıdan girmək lazımdır”.

Dərsdən qovulan tələbə hüznüylə incik-incik gözləyən şam ağaclarından halallıq alıb korpusa daxil oluram.

İlk akkord vurdu. Kimi görsəm yaxşıdır? Məti Osmanoğlu başılovlu, hövlnak addımlarla pilləkənləri düşür. Biz sonuncu pilləkəndə əl verib görüşürük. Necə deyərlər, mən qalxan yolu o başa gətirib. Budur, əlini çiynimə çəkir, sanasan, əli çiynimdə dincəlir, nəfəsini dərir. Məti müəllim deyir: “Orxan, hekayəni oxudum, fikrimi deyəcəm, amma indi tələsirəm”.

Məti müəllim universitetin mənə qazandırdığı nadir insanlardan biridir. Onun ədəbiyyat və sənət haqqında qollarını geniş açıb bir gənclik məhəbbəti tək həssaslıqla, şölələnən atəşlə danışmağında həmişə doğmalıq duymuşam. Yəqin, sənəti, ədəbiyyatı içində, lap dərinlərdə şam işığı tək gəzdirən digər gənclərlə eyni duyğunu bölüşürük. Universitet həyatımın hələ ilk illərindən “Söz Yaradıcılıq Birliyi”ndə həvəsli tələbələrin qeyri-professional mətnlərini necə diqqətlə oxuduğunu, üstündə əsdiyini, motivasiyalarını körüklədiyini, məsləhətlər verdiyini gizlətməyəcəm. Üstümüzdən tank kimi zərblə keçən illərin arxasından o simanı xatırlamaq indi necə də qəribədir!

Əlbəttə, Məti müəllimlə yalnız xoş xatirələrin ortağı deyilik. Günlərin bir günü “Ədəbiyyat tarixi” fənnindən imtahan verdim. Bu fənnin mühazirəsini bizə Məti müəllim tədris edirdi. Bilmirəm, hansı səbəbdən imtahana hazırlaşmamışam və suallarla intellektin yox, intuisiyaların gücünə güvənib güləşmişəm. Axundovlarla, Bakıxanovlarla, Vazehlərlə dopdolu sual vərəqləri gözümdə bircə anda sayrışan ulduz olub eləcə axıb. Açığı, zəif yazdığımı dəqiq xatırlayıram. Lakin kəsilmək ağlımın ucundan keçmir. Beləcə cavab kitabçam təkrar yoxlamaya gedib və nəticədə iki müəllimin qiymətləndirməsi nəticəsində cavab hasil olub. Kəsr!

O müəllimlərdən biri Məti Osmanoğlu idi!

Cavabların yoxlandığı gün hər şeydən xəbərsiz universitetin həyətində veyil dolaşırdım. Məti müəllimi korpusdan çıxan görüb sevinmiş, onu yanlayıb əhvalını soruşmuşdum. Məndə belə xasiyyət lap əvvəldən var, nə zaman darıxsam, əhvalım təlx olsa, insanların kefini soraqlayıram.

“Yaxşıyam. Bayaq bir tələbənin imtahan vərəqini yoxladım. Nə yazdığından heç özünün də xəbəri yox. Məsələni, uzatmağın da bir həddi olmalıdır. Daha bu qədəri... Sözün bitdiyi yerdir. Heyrətə gəldim. Nə qədər kömək etmək istəsəm, alınmadı. Hər dəfə qiymətini qaldırmağı düşünəndə, məni yeni, tamam absurd bir cümlə ilə dayandırdı. Məcbur qalıb kəsdim. Heyf!”

Mən məsələdən tamam xəbərsiz onu diqqətlə dinlədim, başımı razılıq mənasında qaldırıb endirdim. Üstəlik içimdə həmin tələbəni yamanladım da. Sən bir dünyanın işinə bax. Axı tələbələr nə üçün dərslərinə fikir vermirlər? Azərbaycan gəncliyi bu ağılla hara gedir?

Gələcək iki semestr təkrar girdiyim dərslərdə Məti müəllim həmin günü xatırlayıb tələbələri əyləndirəcəkdi. Mənim üzümdəki incik ifadəni isə, əziz oxucular, siz təxmin edin!

“Orxan, hekayəni oxudum, fikrimi deyəcəm, amma indi tələsirəm”.

Məti müəllimlə sağollaşdıq. O, iri addımlarla korpusdan çıxdı və adamların arasında itdi.

Buruluram bufetə. Bufetçi xalanın xoş simasını görüb yaxınlaşıram, çay alıram və keçib əyləşirəm qırmızı masalardan birində, yerimi rahatlayıram, plastik stəkanın burnuma vuran isti buxarını uda-uda ətrafa göz qoyuram. Tələbələr dəstə-dəstə əyləşiblər, söhbətləşirlər, belə görünür, yalqız bircə mənəm. Yox, indi kimsə yaxınlaşacaq, ya stol istəyəcək, ya əyləşmək üçün icazə və beləcə bu qırmızı şüşə masalar bir nəfərlik çoxalacaq. Kənar masada bir oğlan, bir qız. Sevgilidirlər. Qız qapqara gözlərini oğlanın gözlərindən qaçırmaq istəyir. Nə olsun, əlləri ki əllərindədir. Yəqin, sevgiləri yenidir, oğlan çəkinir, utanır, qızın əllərini ovcunda göyərçin kimi tutub, qorxur ki, incidər, qız bir daha əllərini ona etibar etməz, elə bil oğlanın ovcundakı qızın əli deyil ürəyidir. Oğlan qızın ürəyinə çəkinə-çəkinə toxunur.

Dedim axı, burda yalqız qalmaq müşküldür. Budur, tələbə yoldaşlarımdan biri gəlib əyləşir qənşərimdə, görüşürük və qəfil çantasından çıxardığı kitabı (Ümumi dilçilik) masanın üzərinə atıb deyir: “Bu imtahanlar yıxdı məni, qardaş”.

İmtahan ayıdır. İndi bütün tələbələr imtahan suallarının üstündə bayraq kimi əsirlər, amma yıxılmayıblar, nə yıxılmaq, yıxılsaydılar A-ları, B-ləri alan kimdi? Tələbə yoldaşımı imtahan fikriylə baş-başa buraxıb qalxıram yuxarı mərtəbəyə.

İmtahan ərəfəsidir deyə tələbələr təkəmseyrəkdi. Foyedə divardan asılı şəkillərdən özgə kimsə yoxdu. Ağ-qara şəklin, dördkünc çərçivənin içindəki adamlardır, bax, fakültədə yetişən alimlər, yazıçılar, hamısı üzündə məğrur ifadə, eləcə daş kimi hərəkətsiz dayanıblar. Bəkir Çobanzadə, Haqverdiyev, İsa Muğanna, Əzizə Cəfərzadə və hamımızın tanıdığımız neçə-neçə şəxsiyyət. Elə bil, darıxırlar nədir? Adamı salamsız ötməyə qoymurlar. İstəyirsən, çıxarıb şəkillərin hamısını bir-bir qucaqlayasan, deyəsən darıxmayın, adamlar, darıxmayın, həyat amansızdı, bax, o şam ağaclarından özgə hər şey gəldi-gedərdi. Bircə o şam ağaclarının kölgəsi əbədidir, çünki elə sizin də, bizim də kölgəmizdən o kölgədə pay, iz var!

Çevrilirəm ki, Ramiz Əsgər düz yanımda, az qala çiynimiz zər kimi qoşalaşsın. Ramiz müəllimlə əl verib görüşürəm. Tələbələrin ən sevimli müəllimlərindən biridir Ramiz Əsgər. Onun keçmiş xatirələri, məşhur şəxsiyyətlərlə söhbətləri bir nəğmə kimi auditoriyalarda, koridorlarda gəzib dolaşır. Bir vaxtlar biz də həvəslə bu söhbətləri dinləmişdik.

Mənə görə, ən maraqlı xatirə Ramiz müəllimin hələ tələbəlik illərində Əziz Nesinlə baş tutan söhbəti idi. Müəllimimiz Moskvaya oxucularla görüşə gələn Əziz Nesindən müsahibə sözü alır. Müsahibə onun otel otağında baş tutacaqmış. O vaxtlar da səs yazanı haradan tapasan? Hələ tələbəsənsə, lap çətin. Beləcə, gənc tələbə güc-bəlayla böyük qrammofona bənzər “səs yazanı” qoltuğuna vurub gedir Əziz Nesinin görüşünə. “Səs yazanı” açır və ilk sualı verir: Hekayələrinizi yazarkən hansı həyat hadisələri sizə ilham verir? Əziz Nesin suala yerli yataqlı cavablayır. Müsahibənin sonunda yazıçı tələbəni bir sualla çaşdırır. Deyir, bir aç baxım səs yazanı, görüm nə yazıb? İri səs yazan işə düşür və budur “xşşşş”.

Bir tərəf gülümsəyir, digər tərəf çaşbaş, məyus vəziyyətdə. Əziz Nesin deyir: Bax, mən öz hekayələrimi belə hadisələrdən ilham alaraq yazıram.

Gözəl, günəşli günlərin birində Ramiz Əsgərlə Elmlər Akademiyasının yeməkxanasında nahar edib fakültəyə qayıdırdıq. Boz səmada bozumtul işıq vardı. Günəşin zəif şüası, elə bil, zəmiyə vurmur, yerin üzündən öpürdü. Bizlə birgə başqa tələbələr də vardı, lakin korpusun qabağında onlar bizdən ayrılıb özgə yola qədəm qoydular. Müəllimlə liftə daxil olduq. Söhbətin qızğın yerində lift dayandı, işıqları söndü və bu dar, dəmir qutunun içində həbs olunduq. Təxminən, beş dəqiqəlik məsafədə ikimiz də rahat və təmkinli davranacaqdıq.

Lift yenidən işə düşənə oxşamırdı. Elə buna görə zor güclə aralayıb dəmir qapını açadıq, eyni zəhmətlə ikimiz də sıyrılıb çıxdıq. Təxminən, dörd il əvvəl baş vermiş bu hadisəni xatırlayarkən mənə o beş dəqiqəlik nəfəssiz, zülmət kameranın vahiməli halı yox, eyni məkanda, Ramiz müəllimlə eyni şeyləri düşünməyimiz ehtimalı təsir edəcəkdi.

Ramiz Əsgərlə bir xeyli danışdıqdan sonra sağollaşıb ikinci mərtəbəyə qalxıram. Tanış sifətlər, tanış söhbətlər, auditoriyaların üzərində tanış rəqəmlər, hər şey isti, doğma nəfəs kimi məni bürüyür. Asta addımlarla Ədəbiyyat tarixi kafedrasının önündən ötürəm. Üçüncü mərtəbədəyəm. Uzaqda görünən sevimli müəllimim Məmmədəli Qıpçağın yoxluğudur.

Məmmədəli müəllimlə tanışlığımızın tarixi birinci kursa, Türkologiya fənninin tədrisinə gedib çıxır. Utancaq, arzuladığı dünyanı öz içində qurub yaratmaq istəyən saf yeniyetmə üçün belə bir intellektlə ünsiyyət fövqəladə təcrübəydi. Bu gözəl, təmiz insanla bağlı yaddaşım xatirə selidir. Təsəvvürümdəki müəllim obrazında onun nəhəng barmaq izi var. Təkdən bir dərsdən sonra görüşür, söhbətləşirdik. Əsl dərsi onunla belə görüşlərdən alırdım.

Günlərin bir günü imtahandan çıxıb asta-asta ürəksıxan pilləkənləri düşürdüm. Pulsuzluq, gələcək qayğısı, gündəlik dərdlər, davamlı uğursuz münasibətlər, yaza bilməmək ağrısı başımın üstündə qara bulud kimi gəzişirdi. Bu buluda etibar yoxdu. Birdən elə yağardı ki, qanım qaşığa tökülərdi. Bu dəm qoluma girən qolun istiliyini duydum.

– Hara gedirsən? – Məmmədəli müəllim dedi.

– Bilmirəm.

– Gəl, səninlə işim var!

Biz universitetin həyətindən çıxıb Bəxtiyar Vahabzadə küçəsinin havasını ciyərimizə çəkdik. Ətraf qələbəlikdi. Maşın səsləri adam səslərinə qarışmışdı. Qəfil taksilərdən birinin sürücüsü əlini pəncərədən çıxarıb bizə yellədi.

On beş dəqiqə sonra 8-ci mikrorayon tərəfdə köhnə-kürüş məhəllə kafesində əyləşmişdik. Görünür, kafenin sahibi müəllimi çoxdan tanıyırdı, onu hörmətlə qarşılamış, “həmişəki” masada yaxşıca məclis açmışdı.

Söhbətlərin dalı qabağı kəsilmirdi. Sovet dövrü tələbəliyi, əyləncələr, sevinclər, xarici ölkələr, konfranslar, tarixi şəxsiyyətlər, maraqlı insanlar, maraqlı məkanlar köhnə-kürüş məhəllə kafesinin melanxolik havasında gülümsəyirdi. Onun xarakteri, yaddaşı boğça kimi açılıb beləcə tökülmüşdü və sevincdən parlayan, həyatı unutmuş, heyrətli gözlərimin arxasında keçmiş sərin-sərin yenidən oxunmuşdu.

Günü sonunda yaxşıca qucaqlaşıb ayrıldıq. Məni taksiyə tapşırdı və getdi. Evə çatanda əsərlənirdim. Yatdım və ancaq səhər günorta oyana bildim.

Tələbəlik illərimin son günlərini yaşayırdım. Başım həm işə qarışmışdı, həm də praktikaya. Zəng elədi, dedi, tələbələrlə birlikdəyəm, gəl, Hüseyn Cavid parkına, qoşul bizə. İşlərin çoxluğundan şikayətləndim, gedə bilmədim. Sonrası adi həyat hadisələri. İmtahan, əsgərlik, iş. Və beləcə əlaqə kəsildi.

Onun vəfat xəbərini eşidəndə xatırladım ki, bu bizim sonuncu söhbətimiz olub. Hər şey necədə adi baş vermişdi. İndi Məmmədəli müəllim həyatda yoxdur. Bu sözün həqiqi mənasında acı reallıqdır.

Bakı Dövlət Univerisiteti, Filologiya fakültəsindəki xəyalı gəzintim bitir. Həyətə düşürəm. Tələbələr qırmızı masaların ətrafında sərin-sərin söhbətləşirlər. Şam ağacların kölgəsinə toxunan meh üzümə toxunur. İndi bu hay-küy dənizində mənə tanış bircə bu şam ağaclarıdır. Başqa heç kim!

# 2621 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #