Vahimə saçan qara paltarlı qadın

Orxan Adıgözəl

Orxan Adıgözəl

8 aprel 2023
# 10:00

Kulis.az Orxan Adıgözəlin “Qara paltarlı qadın” adlı yazısını təqdim edir.

“Yeri, yeri, qara paltarlı qadın…”

Syuzan Hillin “Qara libaslı qadın” (“The Woman in Black”) romanını iki gecədir yuxum qaçdığı halda elə yatağımdaca uzanıb oxudum. Dəhşət (horror) və triller janrında qələmə alınan bu roman, mənə gecənin müdhiş sakitliyi ərzində bir xeyli təsir etdi. Romandakı mistika ilə, gecə vaxtı ara-sıra çöldən gələn avtomobil və küçə itlərinin səsləri sanki bir-birinə qarışmış və qəribə tandem yaratmışdı. Kitabı sanki nəfəs almadan oxuyurdum. Oradakı hadisələr məndə böyük həvəs yaratmışdı və kitabda baş verənlərin öz sehirli təsirinə düşdüyümü hiss edirdim.

Məndə bu təəssüratı yaradan səbəb nəinki romanda baş verən hadisələr, həm də yazıçının iti və cəlbedici yazı üslubu idi. Əsərin təhkiyəsi o qədər xoşuma gəlmişdi ki, elə bil yazıçı özü yanımda oturub, mənə hadisələri nəql edirdi. Tərcümənin səviyyəsi də kitab barədə müsbət qənaətə gəlməyimə səbəb olmuşdu.(Kitabı dilimizə çevirib nəşr edən Teas Press nəşriyyatıdır).

Nədənsə romandakı dəhşət dolu məqamlar məni birbaşa qorxutmadı. Daha sonra gecənin bir yarısı yuxum gəldi və kitabı bağlayıb, kənara qoydum ki, yatım. Elə bu düşüncələr və əsərdən aldığım zövqlə yerimi rahatlayıb yatmaq istəyəndə gözüm qəflətən başım üzərindəki balaca yaşıl işığa sataşdı. Bir anlıq qorxdum. Sonra nə görsəm yaxşıdır?! Demə, başım üzərindəki kondisionerin işığı imiş. Bunu dərk edəndən sonra gülməyə başladım və gecikmiş qorxunun nəhayət ki, bir formada üzə çıxdığına əmin oldum.

Romandakı hadisələr XIX əsrdə İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı londonlu gənc vəkil Artur Kipsdir. O, təyinatla paytaxtdan ölkənin başqa bir əyalətinə yollanır. Buna səbəb yenicə vəfat etmiş missis Elis Drablounun vəsiyyətnaməsi olur. Müəyyən mal-mülkə sahib mərhum missis Drablou, Artur Kipsin çalışdığı agentliyin müştərisi olur. Ona görə də Arturun həmin əyalətə getməsinin səbəbi qadının evindəki lazımi sənədləri saf-çürük edib vəsiyyətnaməni tapmaqdan ibarət olmalı idi.

Missis Drablounun dəfnində iştirak edən Artur orada könülsüz şəkildə iştirak edən yerli məmurdan başqa heç kimi görmür. Hətta onların arasında qadının heç bir dost-tanışı və ya bircə yaxın qohumu da olmur.

Dəfn mərasiminin sonuna yaxın Arturun gözünə orada iştirak edən xəstəhal, vahimə saçan qara libaslı qadın görünür. Nədənsə qadın sonra yoxa çıxır və Artur onun kim olduğunu öyrənə bilmir. Dəfndə iştirak edən məmur da ona bu barədə məlumat verməkdən boyun qaçırır.

The Woman in Black : Hill, Susan: Amazon.de: Bücher

Oxucunun həvəsi qaçmasın. Çünki bura qədər yazdıqlarım spoyler verməyimə dəlalət etmir. Düyünün açılışı daha sonra baş verir və oxucu ipin açılmasına özü həvəs göstərir.

omanın qəribə atmosferi var. Syuzan Hillin bu kitabına “klassik triller” də demək olar. Burada ucqar yerdə ilişib qalan insanın fövqəl halı, gözlə bərabər zehni də keyləşdirən duman və axirət mistikasını aşılayan enerji mövcuddur. Müəmmalı qara paltarlı qadın barədə olan bu kitab həm əyləncə qatır, həm qorxu ötürür, həm də yaddaşa həkk olur.

“Qara libaslı qadın”ın bir az bəyənilməyən tərəfi odur ki, oxucu ilk 50 səhifə ərzində fəal süjet xəttini, qara paltarlı qadının özünü və onun sirrini aşkar etmir. Süjet elə əllinci səhifədən sonra qızışır. Ancaq şəxsən mən elə ilk səhifələrdən romana bağlandım və bu enerji sona qədər mənimlə addımladı.

Kitab oxucuya Arturun təhkiyəsi ilə ötürülür. Qəhrəman başına gələnləri öz dilindən nəql edir. Olduqca maraqlı təhkiyəsi olan roman, mütaliə edən şəxsi kitaba bağlayıb saxlamaqla bərabər, ona çoxlu emosiya ötürür.
Yazıçı elə bir intriqa yaradıb ki, oxucu baş verəcək hadisələri həyəcanla sonacan izləmək və sonda nələrin olacağını həvəslə öyrənməyə can atır.

“Qara libaslı qadın” insanın emosiyalarına təsir etməklə yanaşı, onu mistik aləmə də aparır. Bizim fantastika saydığımız şeylərin real həyatda olacağı təqdirdə necə davranmalı olduğumuzu da bir növ bizə çatdırır.
Onu da qeyd edim ki, Syuzan Hillin eyniadlı kitabı əsasında 2012-ci ildə britaniyalı rejissor James Watkins tərəfindən film də çəkilib. Film də izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

İrrasional dünyaya səyahəti təmin edən bu romanı sərin, tutqun, yağışlı havada oxumaq ayrıca ləzzət edir. Kitab özündən sonra yaddaşlarda qaranlıq, sirli nişanələr qoyacaq.

# 2438 dəfə oxunub

Müəllifin son yazıları

# # #