Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY

Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı  - RƏY
17 sentyabr 2026
# 14:24

Qafqaz Albaniyasının tarixi irsi, xüsusilə onun xristian mədəniyyəti ilə bağlı abidələri uzun illərdir tarix elminin diqqət mərkəzində olan məsələlərdən biridir. Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrində yerləşən xristian məbədlərinin, monastırların və digər dini-memarlıq nümunələrinin hansı tarixi-mədəni ənənəyə aid olması məsələsi müxtəlif elmi yanaşmalar əsasında araşdırılır.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Atropatena – Albaniya (Qafqaz) tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Ramil Ağayev APA-ya açıqlamasında bildirib ki, Qafqaz Albaniyasının xristian irsi haqqında məlumatlar müxtəlif dövrlərə aid yazılı mənbələrdə öz əksini tapıb.

Qafqaz Albaniyası ərazisindəki xristian abidələri haqqında tarixi mənbələr

Ramil Ağayevin sözlərinə görə, Qafqaz Albaniyası və onun ərazisindəki xristian yönümlü abidələr haqqında məlumatlara əsasən alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsərində, Mxitar Qoşun əsərlərində, həmçinin suriyani, erməni və ərəbdilli mənbələrdə rast gəlinir. Tarixçi qeyd edir ki, həmin mənbələr, hətta erməni mənbələrinin özləri belə, bir sıra abidələrin Albaniya ərazisində yerləşdiyini göstərir. Bu mənbələrdə Albaniya “Aqvan” və “Aluank” kimi də qeyd olunur:

“Məsələn, erməni tarixçi Tovma Artsruni Xocavənd ərazisindəki Ktişvəng monastrı və Ktiş qalasının Aluankda (Albaniyada) yerləşdiyini göstərir. Hər hansı bir tarixi-memarlıq abidəsinin etnik-mədəni kimliyini müəyyən etmək o qədər də asan deyil və bununla bağlı hamı tərəfindən qəbul ediləcək meyarlar yoxdur. Bununla belə, bu və ya digər xalqa məxsus abidələri digərlərindən fərqləndirməyə imkan verən bəzi özünəməxsus xüsusiyyətlər, xüsusilə də memarlıq xüsusiyyətləri də var”.

Qafqaz Albaniyası Azərbaycan tarixində hansı yeri tutur?

Ramil Ağayev qeyd edir ki, Qafqaz Albaniyası tarixi Azərbaycan torpaqlarında mövcud olmuş qədim dövlətlərdən biridir:

“O, e.ə. IV əsrin sonlarından eramızın 705-ci ilinə qədər öz varlığını qoruyub saxlaya bilib. Ərəblərə qədərki müəlliflər öz əsərlərində şimalda Qafqaz dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi, qərbdə İberiya arasında olan ərazini müxtəlif şəkildə təqdim edirdilər. Antik mənbələrdə onu “Albaniya”, pəhləvi mənbələrində “Ardan” və “Aran”, Suriya mənbələrində “Aran”, gürcü mənbələrində “Rani”, erməni mənbələrində “Ağvan” və “Aluank” adlandırırdılar. Bəzi məqamlarda Albaniya indiki Ermənistan Respublikası ərazisinin böyük bir hissəsini də əhatə edirdi. Antik müəlliflər, erməni mənbələri, ərəb mənbələri onu indiki Şimal ərazisində yerləşdiyini göstərməklə, sırf bizim siyasi, mədəni və etnik tariximizlə bağlı olduğuna işarə edirlər. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, ərəb mənbələri Albaniyanı (Arranı) Azərbaycan tərkibində bir vilayət kimi göstərir və zəngin şəhərlərindən, ticarət yollarından, mədəniyyətindən bəhs edir”.

Qafqaz Albaniyasının irsi və abidələrin mənsubiyyəti məsələsi

Ramil Ağayev bildirib ki, alban maddi və mənəvi mədəniyyət nümunələrinin dünya ictimaiyyətinə “erməni irsi” kimi təqdim edilməsi cəhdləri Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə sıx şəkildə bağlıdır:

“Ermənilərin iddia etdiyi ərazilər, əsasən, Albaniyanın qərb hüdudlarıdır. Onlar bu iddianın ardınca bölgənin mənsub olduğu maddi-mədəni irsə də sahiblənmək istəyirlər. Burada istər-istəməz Azərbaycanın qərb sərhədləri haqqında bəhs etmək zərurəti yaranır. Bir sıra yazılı qaynaqlar Sasanilər dövrü Ermənistanın iddialarına görə, guya Azərbaycan “etnik erməni” mədəni irsini və ibadət yerlərini Qafqaz Albaniyasına aid irs kimi təqdim edir. Ermənistan əsas iddia sənədində Qarabağ və Naxçıvan bölgəsindəki abidələri nəzərdə tutur. Əslində, Azərbaycan Respublikasının Qarabağ və Naxçıvan bölgələrindəki bir sıra abidələr ermənilər tərəfindən həm öz xalqına, həm də dünya ictimaiyyətinə “erməni mədəni irsi” kimi təqdim edilir. Bu zaman ermənilər tarixi mənbələrdəki özlərinə sərf edən pərakəndə faktları istədikləri kimi təqdim etməklə geniş ictimaiyyəti aldadırlar. Digər tərəfdən onlar Naxçıvan və Qarabağ bölgələrindəki bəzi abidələrin üzərindəki erməni yazılarına istinad edirlər. Lakin erməni dili heç zaman həm erkən orta əsrlərdə, həm də klassik feodalizm dövründə nəinki Cənubi Qafqazda ümumiyyətlə, dünyanın heç bir yerində ümumi ünsiyyət vasitəsi rolu oynamayıb. Erməni xalqı həmişə kilsə tərəfindən idarə edilən xalq olub. Onların yazdığı əsərlər də kilsə ilə bağlı olan şəxslər tərəfindən yazılmış uydurma tarixdən başqa bir şey deyil”.

Abidələr üzərindəki yazılar və etnik mənsubiyyət məsələsi

Ramil Ağayev bildirib ki, abidələr üzərindəki bəzi erməni yazıları əsasən dini məsələlərlə bağlı olub və bu yazılar əsasında həmin abidələrin etnik və mədəni mənsubiyyətini müəyyən etmək düzgün yanaşma deyil:

“Abidələrin üzərindəki bəzi erməni yazılarına gəldikdə isə bu, sırf dini məsələlərlə bağlıdır. Belə ki, islamlaşma prosesində Albaniyanın müsəlman əhalisi keçmiş əlifbanı unudaraq ərəb əlifbasına keçdi. Bu, tezliklə azlıqda qalan xristian əhaliyə də sirayət etdi. Belə ki, ölkəmizin xristian əhalisi “dini birlik” xristian təəssübkeşliyi əsasında erməni kilsəsi və erməni din adamları ilə bu və ya digər şəkildə əlaqəni gücləndirdilər. Bu isə unudulmuş alban yazısı yerinə müsəlman yazı sistemindən deyil, xristianlara məxsus yazı sistemindən istifadə meylini gücləndirdi. Odur ki, bəzi xristian alban abidələri üzərindəki yazılara əsasən etnik və mədəni kimliyi müəyyən etmək olmaz. Məsələn, Azərbaycan əhalisi uzun müddət qəbir abidələrinin başdaşlarında və dini abidələr üzərindəki yazılarda ərəb əlifbası və dilindən istifadə edib. Bu, Azərbaycan türklərinin ərəb olması deməkdirmi? Əlbəttə, yox. Deməli, orta əsrlərin əsas meyarı olan “xristian” və “müsəlman” meyarı əhalinin etnik kimliyini müəyyən etmək üçün göstərici ola bilməzdi. Bundan sui-istifadə edən erməni mütəxəssisləri orta əsrlərdə “sarsılmaz erməni-alban” bağlılığından bəhs edərək onları bir-birinə yaxın xalq hesab etməyə, daha sonra isə hər şeyi erməniləşdirməyə cəhd edirlər. Halbuki orta əsr mənbələri albanları ermənilərdən tamamilə fərqləndirir və ayrıca bir xalq hesab edir. Məsələn, suriyalı müəllif Zaxariya Ritor (VI əsr) yazır: “Həmin şimal tərəfdə 24 yepiskopu olan beş etiqadlı xalq var... torpağı... öz dili və xristian xalqı olan Aran”. Zaxariya Ritor əlavə edir ki, aran (alban) dili onunla yanaşı adıçəkilən digər xalqların dilindən fərqli dildir. Fəridə Məmmədova yazır ki, ölkədəki müxtəlif dilli qəbilə və tayfalar bu dil, yəni alban dili vasitəsilə bir-biri ilə ünsiyyət saxlayırdılar. Ərəbdilli müəlliflər isə Albaniyanın (Arranın) öz dilinin olmasından, əhalinin “arran” dilində danışmasından dönə-dönə bəhs edirlər”.

Qarabağ və Şərqi Zəngəzurdakı xristian abidələri ilə bağlı elmi yanaşmalar

Ramil Ağayev qeyd edib ki, Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrində yerləşən xristian abidələrinin Qafqaz Albaniyasının dini-mədəni irsi ilə əlaqəsi məsələsi həm Azərbaycan, həm də xarici tarixçilər tərəfindən araşdırılıb.

Tarixçinin sözlərinə görə, bu istiqamətdə X. Xubuşman, İ. Markvart, İ.H. Əliyev, R. Rəisniya, F.C. Məmmədova, K. Q. Əliyev, T. M. Məmmədov, K. V. Trever, R. Göyüşov, N. Alışov, G. Məmmədova və digər tədqiqatçılar mühüm fikirlər irəli sürüblər.

Ramil Ağayev bildirir ki, həmin tədqiqatlarda abidələrin Alban-Azərbaycan mədəni irsinə aid olduğunu əsaslandırmaq üçün bir sıra faktlara istinad edilir.

Tarixçilərin istinad etdiyi faktlar

Tarixçinin qeyd etdiyi əsas faktlardan biri həmin abidələrin yerləşdiyi coğrafi ərazilərin tarixi mənbələrdə Qafqaz Albaniyasının ərazisi kimi təqdim edilməsidir. Onun sözlərinə görə, abidələrin yerləşdiyi ərazilər Albaniyanın tarixi coğrafiyası ilə uyğunluq təşkil edir və bu amil onların mənsubiyyətinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.

Ramil Ağayev qeyd edir ki, abidələrin kim tərəfindən inşa etdirilməsi də mühüm araşdırma istiqamətlərindən biridir. Onun sözlərinə görə, həmin abidələrin sifarişçiləri arasında erməni mənşəli hökmdar, hakim və katolikosların adlarına rast gəlinmir.

Tarixçi bildirir ki, abidələrin üzərindəki bəzi yazılarda da erməni hökmdarları və din xadimlərinin adları göstərilmir. Əksinə, bəzi nümunələrdə alban mənşəli hökmdarların və katolikosların adlarına rast gəlinir:

“Alban memarlığının arxitektura-plan üslubu erməni abidələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Erməni memarlığında Bizans memarlığının böyük ölçüdə təkrarı olduğu məlumdur. Əgər belə demək mümkündürsə, orta əsr erməni memarlığı Bizans memarlığının bir qoludur. Digər tərəfdən, dörd və altı sütunlu, üç keçidli bazilikaların tipik alban kilsə planına erməni memarlıq abidələrində nadir hallarda rast gəlinir. Alban və erməni xaçları bir-birindən fərqlənir. Odur ki, hələ sovetlər dönəmində ermənilər tərəfindən Qarabağdakı abidələr üzərində onların alban mədəni irsi olduğunu göstərən dini məzmunlu elementlərin ləğv edilməsinə başlanılmışdı. 30 illik işğal dövründə isə bu “təmizləmə” əməliyyatı bütün gücü ilə davam etdirilib. Üzərində xaç təsviri olan mərhumun xatirəsinə qoyulmuş qəbir daşları, yəni xaçdaşları (xaçkarlar) da unudulmamalıdır. Xaçkarların üzərindəki bir çox yazılardan dəfn edilənlərin “Aluanak ölkəsindən”, eləcə də başqa yerlərdən gələnlərdən ibarət olduğu məlumdur”.

Həsən Cəlalın adı xüsusilə Gəncəsər monastırı ilə bağlıdır

Tarixçi həmçinin Gəncəsər monastırı barədə söhbət açıb. O bildirib ki, Qafqaz Albaniyasının xristian irsi ilə bağlı ən mühüm abidələrdən biri Gəncəsər monastırıdır: “Abidə Qarabağın Ağdərə bölgəsində, Vəngli kəndi yaxınlığında yerləşir. XIII əsrdə Xaçın hakimi Həsən Cəlal tərəfindən inşa etdirilən monastır Xaçın hakimliyinin dini-siyasi mərkəzlərindən biri olub. Abidə hazırda Azərbaycan ərazisində yerləşir və dövlət tərəfindən qorunan tarixi-mədəni irs nümunəsi kimi təqdim edilir. Albaniya dövlətinin süqutundan sonra bölgədə İslam dini və müsəlman dövlətlərinin siyasi təsiri güclənməyə başladı. Bu dövrdə bəzi xristian icmaları əsasən dağlıq ərazilərdə məskunlaşaraq öz dini və siyasi qurumlarını qoruyub saxlamağa çalışdılar. Azərbaycan ərazisində müsəlman dövlətlərinin hakimiyyəti altında yaşayan xristian toplumları arasında orta əsrlərdə müxtəlif kiçik hakimliklər formalaşdı. Bu hakimliklərdən biri də XII–XIII əsrlərdə yüksəliş dövrü yaşayan Xaçın hakimliyi idi. Xaçın hakimliyinin ən tanınmış nümayəndəsi Həsən Cəlal olmuşdur. O, Xaçın hakimi Vaxtanqın oğlu idi və XIII əsrdə bölgənin siyasi həyatında mühüm rol oynayıb. Həsən Cəlalın hakimiyyətə gəlməsi ilə bağlı dəqiq tarix müəyyən edilməsə də, onun XIII əsrin birinci yarısında Xaçın hakimliyinin rəhbəri olduğu məlumdur. O, təxminən 1260-cı ildə vəfat edib. Həsən Cəlalın adı xüsusilə Gəncəsər monastırı ilə bağlıdır. XIII əsrdə inşa olunan bu abidə Xaçın hakimliyinin dini və siyasi mərkəzlərindən biri hesab edilir. Gəncəsər monastırının kitabələrində Həsən Cəlalın adı çəkilir və o, Xaçın hakimi kimi təqdim olunur. Həmin kitabələrdə onun özünü qədim Albaniya siyasi ənənəsinin davamçısı kimi təqdim etdiyi bildirilir. Bu baxımdan Xaçın hakimliyi Qafqaz Albaniyasının süqutundan sonra bölgədə xristian alban ənənələrinin davam etdiyi siyasi-mədəni mərkəzlərdən biri kimi qiymətləndirilir. Gəncəsər Qafqaz Albaniyasının xristian irsinin mühüm abidələrindən biridir. Ermənistan tərəfi tarixi faktı təhrif edərək onu erməni apostol irsinin abidəsi kimi təqdim edir”.

Qafqaz Albaniyasının xristian abidələrinin Azərbaycanın tarixi-mədəni irsində yeri

Ramil Ağayev bildirir ki, Qafqaz Albaniyasının xristian irsi nümunəsi kimi təqdim olunan kilsələr, monastırlar və digər tikililər Azərbaycanın zəngin tarixi-mədəni irsinin mühüm hissəsidir: “Bu abidələrin alban mədəni irsi kimi təqdim olunması tarixi həqiqətlərin, real tarixi mənzərənin bərpasına imkan verir. Bu bir daha göstərir ki, Azərbaycan zəngin maddi-mədəni irsə malikdir. Bu irsin yaradılmasında onun bütün etnosları, müsəlman əhalisi ilə yanaşı xristian toplumunun da iştirak etdiyini göstərir. Bu eyni zamanda Azərbaycanın tolerantlıq nümunəsini bir daha sübut edir. Belə ki, müsəlman mühitində qalmaqda olan azsaylı xristian toplumuna öz inanc və mədəni dəyərlərini saxlamağa izn verilib. Həmin abidələr ərazimizdəki müsəlman maddi-mədəniyyət nümunələri ilə birlikdə ümumi Azərbaycan tarixi-mədəni irsinin nə qədər zəngin olduğunu göstərir. Həmin abidələr Azərbaycanın əsas müsəlman əhalisi ilə onun azsaylı xristian toplumları arasında qarşılıqlı mədəni əlaqələrə də dəlalət edir”.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqlar məlum oldu

Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqlar məlum oldu

15:00 17 sentyabr 2026
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxıldı

Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxıldı

14:40 17 sentyabr 2026
"Ququ quşu"nun müəllifi: "Kaş ki, insanlar fərqli olmağın təhlükə yaratmadığını anlayaydılar..."

"Ququ quşu"nun müəllifi: "Kaş ki, insanlar fərqli olmağın təhlükə yaratmadığını anlayaydılar..."

13:30 17 sentyabr 2026
“Latın Qremmi” mükafatının siyahısı açıqlandı

“Latın Qremmi” mükafatının siyahısı açıqlandı

13:00 17 sentyabr 2026
Məşhur yazıçı dünyasını dəyişdi

Məşhur yazıçı dünyasını dəyişdi

12:30 17 sentyabr 2026
Tanınmış rejissor Trampı tənqid etdi – Səbəb

Tanınmış rejissor Trampı tənqid etdi – Səbəb

12:10 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər