Çarlz Bukovski: "Əxlaq, din yox, əclaflar, avaralar maraqlıdır" - Müsahibə

Çarlz Bukovski:  "Əxlaq, din yox, əclaflar, avaralar maraqlıdır" - Müsahibə
16 avqust 2023
# 15:00

Bu gün Çarlz Bukovskinin doğum günüdür.

24 yaşında ilk qısa hekayəsi, 2 il sonra isə ikinci hekayəsi dərc olunur, fəqət nə oxucular, nə tənqidçilər onun hekayələrini bəyənir.
Və yazmağa 10 il ara verir.

1955-ci ildə içki düşkünlüyü səbəbindən komaya düşür...

Nəhayət, sağalır, yazı makinası alır.
Yenidən yazmağa və içməyə davam edir.


Kulis.az Çarlz Bukovskinin müsahibəsini ixtisarla təqdim edir.


- Şərab və klassik musiqi... Cazı, roku sevmirsiniz?
- Caz və rok klassik musiqi qədər təsir etmir, tətikləmir. Həm də klassik musiqidə əsrlərin izi var. Caz ancaq sızıldayır. Rok isə daha gurultulu və sünidir.
Yazanda az içirəm. Bir şüşə şərab iki saat vaxtımı ala bilər. Onsuz da bir şüşə yarımdan sonra səfeh şeylər yazırsan.

-
Deyirsiniz ki, alkaqol, atlar və yazı makinası mənim həqiqətlərdən xilasmdır. Həqiqətlərdən niyə bu qədər qorxursunuz?
- İnsanların çoxu xoşbəxt deyil. Əksər insanlar həyatlarını səbəbsiz yaşayırlar. Ya da o səbəbi başqa qaynaqlarda, başqa yerlərdə, başqa quruluşlarda axtarırlar. Özünə xas, təbii ruhluların sayı çox deyil.
Mən dünyadan əlini üzmüşəm, insanlardan qaçıram. Çünki maraqsızdırlar, bayağıdırlar, niyyətləri pisdir və zəhlətökəndirlər…
Bu baxımdan heyvanlar möhtəşəm varlıqlardır. Gözlərindəki və bədən dillərindəki gözəlliyi duysan...
İnsanlar o qədər təbii, gözəl deyil, səmimi davranmırlar.



- Yaxşı, əgər həqiqətlərdən qaçmaq istəyirsinizsə, niyə kitablarınızın əksəriyyəti avtobioqrafikdir?
- Niyə kitablarımın çoxu avtobioqrafikdir? Niyə səhərlər başqalarının yox, öz ayaqqabılarımı geyinirəm? Niyə qonşularımın yox, öz yuxularımı görürəm? Mən yalnız süni ehtiyaclar üzündən təhrif edilmiş sıravi həqiqətdən qaçmağa çalışıram...
Həyat barəsində bir kəlmə də olsun pis söz demək olmaz, çünki onu heç bir şeylə müqayisə edə bilmirik...
Əslində, pis olan şeylər insanların həyatda və həyata etdikləridir...


- Alkaqol xeyli amerikalı yazıçının axırına çıxdı: O Neill, Folkner, Heminquey, Cek London... İçkini tərgitmək haqqında nə düşünürsünüz?
- Əmin deyiləm ki, sadaladığınız yazıçıların ölümünə alkaqol səbəb olub.

Bir yazıçını o qədər çox şey məhv edə bilər ki... Yaradıcılıq müəmmalıdır… O haqda heç nə bilmirik…
İçkini tərk etmək.... Bu barədə düşünməmişəm.
Mən içəndə məmnun oluram. İçmək də yaradıcılıqdır.
Yetmiş yaşım olacaq, xeyli insanın ömrü boyu içdiyi sudan çox alkaqol içmişəm...


Yazı makinası, düymələrin taqqıltısı, klassik musiqi, qırmızı şərab şüşəsi... Bundan yaxşı, daha gözəl nə ola bilər ki? Bu elə hər şeydir...
Mən yaxşı adam deyiləm. Həmişə pis adamları sevmişəm. Qayda-qanun tanımayan, ziyanverici həşəratları sevmişəm. Üzünü qırxan, qalstuklu tiplərdən xoşum gəlməyib. Ümidsiz adamları xoşlayıram. Dişləri qırıq, yolları azmış adamlar diqqətimi çəkir. Onlar sürprizlərlə doludurlar...
Küçə qadınlarından xoşum gəlir.
Corabları süzülmüş, makiyajları yayılmış, sərxoş və söyüşkən qadınlar.
Məni müqəddəslərdən çox əclaflar maraqlandırır.
Avaraların yanında rahat oluram. Çünki mən də avarayam. Əxlaqı sevmirəm, dini sevmirəm…

Həyatının yarıdan çoxunu səfillər, sərxoşlar, fahişələrlə birgə keçirən Bukovski 9 mart 1994-cü ildə, 73 yaşında vəfat edib...

# 3075 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #