Sevgilisi ilə birgə ərini öldürən qadın - Hamamda ölü tapılan reklam qurbanı kim idi?

Sevgilisi ilə birgə ərini öldürən qadın - Hamamda ölü tapılan reklam qurbanı kim idi?
2 aprel 2024
# 15:00

Bu gün görkəmli fransız yazıçısı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının yaradıcısı və nəzəriyyəçisi Emil Zolyanın doğum günüdür.
Kulis.az bu münasibətlə Ömər Xəyyamın “Emil Zolya ilə tanışlıq” adlı yazısını təqdim edir.



Emil Zolyanın son məktubu

Emil Zolya 1902-ci ilin 29 sentyabrında hoteldə - dəm qazından boğularaq vəfat edib. Rəsmi sənədlərdə ölüm səbəbi bədbəxt hadisə kimi qeyd edilsə də, intihar ehtimalı da istisna olunmur.
Yazıçı son məktubunu ölümündən bir neçə gün əvvəl dostu, fransız bəstəkarı Alfred Brunouya yazıb:

“Əziz dostum, əslində, məktubunuza daha tez cavab yazmaq istəyirdim, şiddətli diş ağrısı imkan vermədi. Artıq ağrı azalmağa başlayıb. Müalicə üçün Parisə qayıtmağı gözləyirəm. Çox güman, bazar axşamı orada olaram. Bir dostunuz mənə “L`enfant Roi”( Uşaq kral) (librettonun müəllifi Emil Zolyadır) operasını bitirdiyinizi xəbər verdi. Sizi təbrik edirəm. Bu əsərinizin də uğur qazanacağına heç bir şübhəm yoxdur.
Mən son günlərdə yeni pyes üzərində işləyirəm. Təxminən, oktyabr ayının əvvəllərinə qədər bitirməyi düşünürəm. Sizinlə görüşəndə əsəri birlikdə oxuyarıq. Əminəm ki, həmişəki kimi obyektiv olacaqsınız. Həm pyes haqqında fikirlərinizi, həm də onun opera kimi necə qarşılanacağını mənə açıq deməlisiniz. Daha sonra Qeilhardı (fransız opera ifaçısı) necə razı salacağımız barədə düşünərik. Bax belə, əziz dost! Yazdım ki, sizə bu məsələlər barədə məlumat verim. Gələn kimi mənə xəbər edin. Yolunuzu səbrsizliklə gözləyirəm.
Mən və xanımım sizi sevgiylə qucaqlayırıq.
Hələlik!”



Emil Zolyanın Bakıdakı qəhrəmanları

Emil Zolyanın “Tereza Raken” əsərinin baş qəhramanı Raken uşaqlıqdan bibisinin yanında böyüyüb. O, bibisinin xəstə və zəif oğlu Kamillə evləndirilir. Fəqət Tereza ərinin dostu Loranı sevirdi… Əlbəttə, ərinə xəyanət edir. Loran Terezanın köməyi ilə ərini çaya atır. Kamill ölür. Kamillin ölümündən sonra Loran ilə Tereza bir-birinə nifrət etməyə başlayırlar. Kobud desək, qorxu/psixoloji böhran hissi Tereza ilə Lorenin bir-birini öldürməsinə səbəb olur…

Emil Zolyanın estetik konsepsiyası məhz ictimai və sosial sferanın mərkəzində insan faktoruna əsaslanırdı. Kənan Hacı ilə tamamilə razıyam: "Ona ən çox uğur gətirən əsərlərindən hesab edilən "Tereza Raken" romanı Floberin "Madam Bovari"sindən sonra yazılmışdı və sözsüz ki, Zolya Floberdən təsirlənməmiş deyildi.

Emma Bovarinin tək içdiyi zəhəri Tereza öz oynaşı ilə birlikdə içirlər. Qadın xəyanəti və bu xəyanətdən doğan mənəvi iztirablar... Flober, Zolya, Mopassan - bu yazıçılar XIX əsr fransız cəmiyyətinin aynası idilər. Qadın xəyanəti Mopassanın "Gözəl dost" əsərində dahiyanə şəkildə öz bədii həllini tapıb. Zolya isə təkcə qadının deyil, kişinin də mahiyyətindəki xəyanət meyillərinin köklərini araşdırır.

Onun əsərləri zamanın testindən çıxmış mətnlərdir.

"Jerveza" romanı çap olunanda yazıçıya qarşı hücumlar olmuşdu. O zaman yazıçı özü-özünü müdafiə etmişdi: "Mən gerçəkləri yazdım, romanın qəhrəmanları pis insanlar deyil, sadəcə, təhsilsiz, hüquqsuzdurlar, onlar düşdükləri mühitin yıpratdığı insanlardır.

...Əsərim məni müdafiə edəcək. Gerçəklərin kitabıdır bu. Xalqı olduğu kimi göstərən ilk romandır".

Jerveza fransız toplumunun qurbanıdır, əyyaş kişilər ona axtardığı səadəti verə bilmirlər, qadın öz evinə girəndə sanki qəbirə girir, onu bu evdə qəbir əzabından da betər əzablar gözləyir. Jerveza xəyanət etmir, o, dəfələrlə aldadılır, müdafiəsiz qalır, səfalətə sürüklənir.

Nədənsə Emil Zolyanın əksər əsərləri oxşar tale yaşayıb. "Tereza Raken"də çap olunanda fransız elitası romana qarşı hücuma keçmişdi. Yazıçı romana geniş bir ön söz yazmaq məcburiyyətində qalmışdı və mətanətlə öz əsərini müdafiə etmişdi. Romanın ön sözündə naturalizmin yaradıcısı yazırdı:

"Romanı diqqətlə oxuyan hər kəs onun hər fəslinin maraqlı psixoloji hadisələrlə araşdırıldığına əmin olmalıdır. Bir sözlə, tək və yeganə istəyim fiziki cəhətdən güclü bir kişi ilə tələbatı təmin olunmayan bir qadının timsalında insanın heyvani mənşəyini açmaq, bütün diqqəti bu heyvan mənşəyinə yönəltmək, bu varlıqların amansız dramını göstərmək, onların hisslərini və hərəkətlərini diqqətlə təsvir etmək idi. Cərrahlar cəsədləri necə müayinə edirlərsə, mən də bu iki canlı cəsədi müayinə etməyə çalışdım".

Emil belə idi, belə yazırdı.
Real, tərtəmiz. Qatqısız.
Emilin qəhrəmanları adətən öz toruna düşür, özüylə dalaşır, özünə mane olur… Tereza kimi.

Əlbəttə, Emilin əli ayağına dolaşan qəhrəmanları təkcə Parisdə yaşamırlar, onlara Bakıda, burnumuzun dibində də rast gəlmək olar.

Məsələn, bayaq təbii qaşını qırxıb yerinə qırmızı karandaşla qaş çəkmiş bir qadın gördüm, Emil Zolyanın bir əsr yaşı olan “Reklam qurbanı” hekayəsini xatırladım...

Hekayənin qəhrəmanı xoşbəxtlik, əbədilik axtarışında olan Pyer Landridir.

Landri reklam olunan hər şeyi alır: kremlər, maskalar, əbədilik şirəsi, iynələr, dərmanlar...

Tez tez gözəllik maskaları sifariş etdiyi şirkətdə onun yoxluğundan narahat olurlar və Landirini hamamda tapırlar...

Ölmüş, iylənmiş...

Bir dərman firmasının reklam etdiyi cavanlaşdırıcı dərmanların təsirindən ürəyi dayanıbmış…

Əvvəlcədən vəsiyyətini yazmışdı.

Bahalı tabut düzəltdirmişdi. Guya tabut onun nəşini əbədi qoruyub saxlayacaqdı. Ancaq haman tabut qəbiristanlığın ağzındaca çatlayır, sonra ortadan sınır və Landirini elə palçıqlı-palçıqlı dəfn edirlər.
İllər öncə sifariş etdiyi qəbirüstü abidə isə bir həftəyə ovulub tökülür...



Emil Zolyanın ittihamı

Yəhudi mənşəli yüzbaşı Dreyfus fransız ictimai rəyinin antisemit duyğularının cövlan etdiyi vaxtda cinayətkar elan edilir.
Prokurorun əlində məhkəməyə təqdim etmək üçün əsaslı dəlil yox idi.
Yeganə dəlil alman attaşesi Şvartkoppenin evindəki zibil qutusunda tapılan kağızda qeyd və imzasız bir xəbər məktubuydu.
Prokuror qeydin Dreyfusa məxsus olduğunu iddia edirdi.
Dreyfus iddianı rədd edirdi, fəqət heç kimi inandıra bilmirdi.
Məhkəmə Dreyfusa özünümüdafiə şansı vermədi və onu dinləmədən hökm oxundu.
1894-cü ilin 22 dekabrında hakimlərin yekdil rəyi ilə o, “vətənə xəyanət” maddəsiylə ömürlük azadlıqdan məhrum edildi.
Bir müddət sonra ordu kəşfiyyatının başına gətirilən Georgi Pikuart Dreyfusun dosyesini yenidən araşdırmağa başladı.
Məlum oldu ki, zibil qutusunda tapılan qeyd Valsin Esterhazi adında başqa bir zabitə məxsusdur.
Məhkəmə bu etirazı nəzərə almadı.
Üstəlik, kəşfiyyatçı Pikuartı vəzifədən kənarlaşdırdılar.
Bu məqamda məşhur yazıçı Emil Zolya basqılara məhəl qoymadan prezident Felix Fauerə “İttiham edirəm” başlıqlı bir məktub yazdı.
1898-ci ilin 13 yanvarında “Laurore” qəzetində yayımlanan bu məktub əslində bir haray idi, bir üsyan idi.
Cəsarət!

Bəli, Emil Zolya belə idi!

Əvvəl də belə olmuşdu, sonra da belə olacaqdı:

“Bu iddianamə heç bir hüquqi dəyər daşımır.
Günahsız insana qarşı belə hökm vermək ədalətsizliyin möcüzəsidir.
Heç bir namuslu insan bu hökmü oxuyub susa bilməz…
Dreyfusun günahı onun bir çox dil bilməsidir.
Evində heç bir təhlükəli sənədin tapılmamasıdır onun günahı.
Ara-sıra doğulduğu ölkəyə səfər etməsi günahdır.
Çalışqan olması, daim öyrənməyə can atması da günahdır.
Gəncliyə xas coşqunluğu da günahdır.
İddianamə qələmə alınarkən axmaqlıq ucbatından boşluqda qalan iddialar!
Bizə ittihamın 14 əsas maddə əsasında hazırlandığı deyilmişdi.
Halbuki təkcə bir maddədən - cədvəl maddəsindən başqa bir şey tapa bilmirik. Və hətta öyrənirik ki, ekspertlər də bir şey anlaya bilmirlərmiş.”


"Ordunun şərəfi", "vətən sevgisi" kimi anlayışlara toxunan, oxuculara poetik dillə təsir edən məktub Fransada ziyalı hərəkatının yaranmasına səbəb oldu.
İmza kampaniyaları, ziyalı bəyanatları…

Fəqət fransızların çoxu Zolya ilə eyni fikirdə deyildilər.
Nazirlər Kabineti Zolyanı cinayətdə ittiham etdi.

1898-ci il fevralın 17-də Zolyanın məhkəməsi zamanı "yəhudilərə ölüm", "xainlərə ölüm" şüarları ilə mitinqlər keçirildi. Bir çox şəhərlərdə irqçi nümayişlər təşkil edildi. Dreyfusçu ziyalılara və yəhudilərə hücum edildi.

Hökm dəqiqləşəndə Zolya yazıçı dostlarının səyi nəticəsində İngiltərəyə göndərildi. O, dilini bilmədiyi ölkədə bir il yaşadı.

Həmin ərəfədə proseslə bağlı irəliləyişlər oldu. Anatol Frans, Jan Jores, R. U. Russo kimi hörmətli insanların apardığı kampaniya sayəsində Dreyfusun işinə yenidən baxılmasına qərar verildi.

Zolya bu müsbət irəliləyişlər nəticəsidə ölkəsinə qayıtdı.
Və nəhayət, prezident Dreyfusu bağışladı.

# 1487 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #