Şərif Ağayar: "Köçüb gedən dinc ermənilərə baxıb sevinə bilmirəm" - Müsahibə

Şərif Ağayar:  "Köçüb gedən dinc ermənilərə baxıb sevinə bilmirəm" - Müsahibə
5 oktyabr 2023
# 09:00

Kulis.az Ömər Xəyyamla Şərif Ağayarın söhbətini təqdim edir.

– Məndən ötrü 70-lər də itirilimiş nəsildir. SSRİ-nin qızıl çağından müstəqilliyin qarğaşasına... Yarısı müharibədə qırıldı, yarısı da belə... Əzab-əziyyət... Elə təzəcə özünüzə gəlməyə başlamışdınız... Başınızı qaldırdınız ki, yanından ötdüyünüz, yaxud ailə-məişət, qayğılarıyla eşələndiyiniz vaxt sizi ötüb keçən gözəlliklərə baxasınız, yaşamağı dadasınız, bir də gördünüz, heç zad yoxdur, lələ köçüb, yurdu qalıb... Birdəncə hər şey sürətləndi. Hərdən sizin yaşıdlar özlərini itirirlər, əl-ayaqları dolaşır. Ümumiyyətlə, ömrün bu yerində yaşamaq necədir?

– Yəqin 70-lərdə doğulanları nəzərdə tutursan. Mənə görə itməyib. Əksinə, ədəbi meydanda ən çox görünən yenə də bizim nəsildir. Biz ən azı mədəni sferada həqiqətləri deməkdən, özündən sonrakıları öz məddahına çevirən patriarxları tənqid etməkdən çəkinmədik. Bizi itmiş nəsil sayırsansa, 60-larda və 80-lərdə doğulanları ümumiyyətlə yoxa çıxmış saymalısan. Əzab-əziyyətlər isə, bəli, çox oldu. Azərbaycanda azad, hətta yarım azad, qismən azad qələm sahibi olmaq da asan deyil. Çünki beləsini hər kəsdən əvvəl öz yanındakılar sevmir və qəbul etmir. Bu, min illərlə yaşı olan qul təfəkkürüdür. Qədim Misirdə qaçıb azad olmaq istəyən qulu keşikçilərdən əvvəl öz yanındakı qullar tutur, bəzənsə vururdular. Qul, əslində, taleyi ilə barışdığı, onu adi həyat norması saydığı üçün quldur. İsa Muğanna necə deyirdi: "Qorxuram istibdada öyrəşək". İndi bizim ədəbi ictimaiyyətdə nəinki istibdada öyrəşən, hətta onun əlini öpən yüzlərlə yazıçı var. Və bundan da təhlükəlisi, onlar hamını belə görmək istəyirlər. Belə görmədiklərinə hörmət etməli ikən nifrət edirlər. Belə bir mühitdə yazıçı ömrü asan deyil.



– Torpaqlarımız işğaldan azad edildi. Elə bilirəm, bizim cavan ömrümüzün ən ciddi faktı məhz Qarabağ problemi idi. Nə qədər paradoksal olsa da... Bir növ, Qarabağ probleminin mövcudluğu milli kimliyimizin mövcudluğuyla düz mütənasib idi... Və problem həll olundu... Bundan sonra necə olacaq?

– Hələ tamam həll olunmayıb, həll olunmağa doğru gedir. Qarabağda qalıcı sülh ən böyük arzularımdan biridir. Müharibə fəlakətdir. Təkcə orada ölən, şikəst olan kasıb övladlarına görə yox, həm də yerdə qalanları faşizmə, irqçiliyə, nifrətə köklədiyinə görə. Döyüş əməliyyatları gedəndə sosial şəbəkələrə girməyə qorxuram. Xırda istisnalarla hamının qəddarlaşması məni üzür. İnsanların, xüsusən tanıdığın, hörmət etdiyin insanların, üstəlik yazı və sənət adamlarının içindən kin-nifrət sədaları eşitmək çox ağırdır.

Adam ümidsizləşir. Başa düşürəm, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tale yüklü məsələdir, siz demiş, xalqımızın fiziki və mənəvi mövcudluq şərtidir, lakin çox təəssüflənirəm ki, bəzən mövcudluğunun yeganə şərti əlinə silah alıb kimisə öldürməkdən keçir. Özü də ilin-günün bu vaxtı, 21-ci əsrin 20-ci illərində. Halbuki beynəlxalq standartlarla müharibələr əsri bitib. Fikir verin, heç yerdə vətən müharibəsi getmir.

Milli münaqişələr də, demək olar ki, yoxdur. Bu feodal qaydalar yalnız dini və siyasi totalitarizmin güclü təsiri altında qalan coğrafiyalarda hökm sürməkdədir. Qarabağ taleyimizdir, bəli, lakin həm də faciəmizdir. Bu müharibəyə sərf etdiklərimiz və bu müharibədə itirdiklərimizlə nələrə nail ola bilərdik? Təsəvvür edirsiniz? Ümid edirəm, nəhayət, bu zillət sona çatacaqdır. Mən gözümü açanda müharibə gördüm, 50 yaşa azalıram, yenə müharibədir. İnsanın bir ömrü bütövlükdə necə müharibə şəraitində keçə bilər? Bizi kim lənətləyib? Axırıncı belə uzun çəkən müharibə allah bilir nə vaxt olub. Bizi bu zillətə məhkum edən ipləri qoparmalıyıq.

Həm biz, həm ermənilər. Sevinirəm ki, son illər Ermənistanda vəziyyəti ağıllı qiymətləndirənlərin sayı artıb. Bizim onsuz da kimdənsə ərazi iddiamız yoxdur. Məncə, Cənubi Qafqazın taleyi ermənilərdən daha çox asılıdır. Ərazi iddialarını yığışdırmalıdırlar. 35 ildir bu iddialar heç kimə heç nə vermədi. Lələtəpədən Murov dağına qədər 12 saata yaxın xarabalığın içi ilə yol gedirsən. Hələ bu yanda Ağdam və Füzuli var. Bu qədər viranəlik kimə lazımdır? Yaxud Ukraynadakı dağıntılar. Biryolluq anlamaq lazımdır, indiki dövrdə dağıtmaqla bir yana çıxmaq olmur. Məcazi götürsək, dağıtdığın divarlar öz başına uçur. Dünyanın hökmranlıq və rəqabət şərtləri indi tamam fərqlidir. Çin bircə “Microsoft” proqramının çin dili versiyası ilə son dövr müharibələrindən qat-qat artıq pul və güc qazandı. Zaman müharibə, qan zamanı deyil, yeni kəşflər, mütərəqqi ixtiralar zamanıdır.

– Sanki siz də müharibəni dəstəkləyirdiniz axı... Ümumiyyətlə, biz sülhsevərlərlə niyə məzələnirik, az qala, onlara üzdəniraq deyirik.

– Heç vaxt müharibə tərəfdarı olmamışam. Lakin bu, Azərbaycanın bütün dünya ölkələri tərəfindən qəbul olunan haqlı mövqeyini müdafiə etməyimə mane olmayıb. 44 günlük müharibə bizim tərəfimizdən ədalətli idi. Mənim, sənin müharibəyə münasibətimiz bu gerçəyi dəyişmir. Sülhsevərlik isə ən azı bir mövqe, bir seçimdir və konstitusiyada təsbit olunan hüquqlarımıza daxildir. İnsanları mövqeyinə, seçiminə görə ittiham etmək yanlışdır.

– Dediniz, indi heç yerdə vətən müharibəsi getmir. Məncə, vətən söhbəti bizim kimi cəmiyyətlər üçün bir növ kukladır, oyuncaqdır. Biz ağlayanda əlimizə verirlər, başımızı qatırlar. Yoxsa torpaq, doğrudan, müqəddəsdir? Doğrudan, torpaqdan ötrü ölməyə dəyər?

– Sən dediyin mərhələyə yetişmək üçün zamana ehtiyac var. Özün “bizim kimi cəmiyyətlər” ifadəsini işlətdin. Vətən, din, millət, müharibə modern dövrün terminləri deyil, lakin gərək gəlib bu məqama çatasan. Bizim cəmiyyət bir çox məsələlərdə hələ də yüz il geridədir. Eləcə də vətən-xalq mövzusunda. Və nə qədər belədir, bu kartla oynayanlar çox olacaq. İnsanları “Nescafe” kimi birləşdirən dəyərlər totalitar sistemlərin əlində güclü silahdır. Din, mentalitet, namus-qeyrət, vətən, müharibə və s. Sənə alternativ bir ifadə deyəcəm: insan azadlığı. Hiss etdin nə qədər yad göründü? Bu ifadə, demək olar ki, istifadədən çıxıb. O gün maraq üçün quqlda axtarış verdim, “Səs” qəzetinin 2015-də yayımladığı bir məqalədə çıxdı, orda da ötəri işlənib. Öz-özünə ləğv olunub bu təyini söz birləşməsi. Heç kim işlətmir. İşlətmək istəmir. Çünki funksional deyil. Halbuki ana kitabımızın mahiyyəti insan azadlığının təmin olunmasıdır. Bu məfhumun funksionallaşması üçün cəmiyyət düzəlməlidir.

İnsan azadlığı vətən, millət, din, mentalitet moizələri ilə bir araya sığımır, çünki total ümumiləşdirmədən fərdi vəziyyətlərə yönəlir, hər hansı bir qrupun, toplunun yox, insanın əlinə oynayır, pafos və ritorikanı rədd edərək konkret faktlara fokuslanır.

– Keçən həftə gənc tələbələrlə görüşdük. Gənclərin çoxu düşünür ki, ədəbiyyatın ciddi təsiri olsaydı, müharibənin mahiyyətini əks etdirən bunca əsərlərdən sonra bir də müharibə olmazdı. Bu barədə məlum şablonlar var, əlbəttə. Bir insanı xilas etmək-filan... Məsələn, gənclər deyirlər, bəşəriyyət üçün bir fizik daha vacibdir, bir mühəndisin faydalı iş əmsalı daha çoxdur. Amma evi də yazıçıya, şairə verirlər... Füzuli demiş, şair sözü yalandırsa, təsiri yoxdursa, siz niyə yazırsınız? Yazmaq ehtiyacdırmı? Yoxsa, doğrudan, dünyanın gedişinə təsir etdiyinizi, yaxud edəcəyinizi düşünürsünüz?

– Ədəbiyyatın dünyanı xilas etmək missiyasına əminsinizmi? Niyə belə olmalıdır ki? Nə olur-olsun biz söz sənətindən danışırıq. Onun praktik təsir imkanı çox deyil və olmamalıdır. Siyasət var də. Dünyanı daha çox korlamaqla məşğul olsa da... Mən sadəcə mətnin mistikasına inanıram. Əminəm, “Dədə Qorqud” 12 yox, 14 boy olsaydı, Azərbaycanda daha fərqli bir məkan olardı. Ədəbiyyat olmasaydı, indi biz daha pis dünyada yaşayardıq. Yaxşı bir ingilis varsa, ona Şekspir işığı mütləq düşmüşdür. Hətta Şekspiri oxumasa belə. Çünki bu, haqqın işığıdır.

İnsan bu işıqdan yaranıb. O, fitrətindəki işığı qorumağı bacarsa, üstəlik kənardan da bir zərrə alsa, ala bilsə, mənəvi nurlanma baş verər. Biz bu gün yaxşı hər şey üçün Axundova, Mirzə Cəlilə borcluyuq. Tanrı 30-cu illərin əclaflığını Əkrəm Əylislinin böyük insan sevgisi ilə yazılmış hekayələrinə bağışlayıb. Dindar deyiləm, lakin buna qəti şəkildə inanıram. Axı Tanrı özü də daha çox söz şəklində görünüb bizə, onun enerjisini yalnız söz daşıya bilib. Başqa sənət sahələrinin belə bir lüksü yoxdur. Bəşər mədəniyyəti daha çox sözlə identifikasiya olunur.

Füzulinin yalanına gəlincə, o, başqa yalandır. Məsələn, götürək sənin adını. Xəyyam olduğuna əminsənmi? Sən Xəlil də ola bilərdin, doğrudurmu? Xəyyam sadəcə qarşımdakı bu saqqallı oğlanı tanıdan bir işarədir. Gerçək bir yalandır yəni. Sənə bu adı verən, məhz Xəyyama layiq görən bir və ya bir neçə nəfərin yalanı... Heç vaxt ahımızın tişəsi göy qübbəsini dağıtmır və başımıza daşlar yağmır. Bu, nəinki yalan, hətta gopdur. Lakin gizli həqiqətləri çatdıran gopdur. Əlbəttə, söhbət sözün məcazi mənasından gedir. Məcazi danışıb məcazi gülmək sənətin qaydasıdır. Dünyada puldan daha ciddi yalan yoxdur. Sən bizim yüzlük əskinazla yüz il əvvələ düşsən, heç nə ala bilməzsən. Bəs bu yalan adlandırdığımız pul indi niyə həqiqidir? Çünki arxasında Azərbaycan dövləti, iqtisadiyyatı, nefti, hər hansı əmtəə, hətta qızıl dayanır. Pul bu həqiqətlərin sadəcə çekidir və arxasındakı həqiqətlər olmasa, heç nədir. Bədii əsər də belədir, arxasında gerçək hisslər, mənəvi sərvət, mənalar xəzinəsi dayananda güclü olur.

Qulağımıza ilk çatanlar əsl həqiqətin ilk baxışdan yalana bənzəyən qabığıdır. Hətta söz nə qədər güclü yalandırsa, o qədər dərindir. Məsələn, yuvam dimdiyimdə gəzirəm hələ... Necə böyük yalandır, görürsünüzmü? Siz heç dimdikli şair görmüsünüz? Mən də görməmişəm. Ağ bir yalan! Və həm də çox böyük bir həqiqət! Bir insanın ekzistensial əhvalını bu qədər az sözlə bu qədər güclü ifadə eləmək haradasa mümkünsüzdür. Axı dünya duracaq yer deyil, ora-bura havayı çöp daşımaqla məşğuluq. Hesablamalara görə, bəşəriyyət sivilizasiyanın çöp daşıma mərhələsindədir. Görün haralara getdik? Hansısa müstəqim həqiqət bu məcazi yalan qədər dərinə işləyə bilərmi? Füzuli məhz bu yalandan danışır. Həm də mənim bu qədər zəvzəməyim üçün danışır. Həm də 600 il sonra. (Gülüş).

Yazmaq hərədə bir cür ehtiyacdır. Lakin nəticə eynidir: sənət yaratmaq. Mənə sənin səbəbin lazım deyil, nəticəni istəyirəm. Ola bilər, maaşından 10 manat kəsələr, bu bəsit faktdan təsirlənib şedevr yaradasan, ola da bilər ölüm düşərgəsindən gəlib meyxana deyəsən. Bu səbəbdən ədəbiyyatın konkret izahı yoxdur. Həm sənətdir, həm əyləncədir, həm təsəllidir, həm pul qazanmaq vasitəsidir... Yaxşı olan hər şeydir ədəbiyyat.

– Məncə, günəşin altında yeni heç nə yoxdur. Hər şey mahiyyətcə eyni, formaca fərqlidir. Bu mənada biz də redaktə ilə məşğuluq. Yəni yaradıcılıqla yox, yaradılmışın redaktəsi ilə. Sənət, bir növ, bu deyilmi? Sanki min illər öncə kimsə bir divarı boyayıb, növbə ilə hər yazıçı o divara bir ştrix, bir element əlavə edib, beləcə zaman keçib və divarın ilk rəngi, ilk müəllifin boyası – yəni həqiqət qalıb bu ştrixlərin, redaktələrin altında. Yoxsa sənət eləcə əyləncədir? Bəlkə, biz şişirdirik?

– İxtira ilə kəşfin fərqini bilirsən yəqin. İxtiranı özün yaradırsan, kəşf əvvəldən var, sən onu sadəcə tapırsan. Yaxşı əsərlərə bədii kəşf, ədəbi tapıntı deyirlər. Ümumiyyətlə, bədii ixtira olmur. Demək, səndən əvvəl nə isə var, sən üstündəki örtüyü qaldırıb onu insanlara göstərirsən. Əli Kərimin elə şeirləri var, insan düşüncəsinin məhsulu olduğuna inanmırsan, sanki şair onları bütöv şəkildə haradansa tapıb. Dünya ədəbiyyatla doludur – tapan var, tapmayan var. Bir də baxır harada dayanırsan, tapdığını insanlara hansı rakursdan göstərirsən. Kameranın yeri çox vacibdir. Çünki bu, üslubu müəyyən edir və müəllifi epiqonçuluqdan qoruyur.

Sənətin əyləncə xarakteri dediklərimi inkar etmir. Olsun və olmalıdır. Bütün bunlar həm də əyləncəlidir. Mahiyyətində əyləncə olmayan ciddi sənət yoxdur. Əyləncə olmasa, sənət bu qədər kütləviləşməz, bəlkə, heç yaşamazdı. Fikir vermisinizsə, həmişə ciddi duran adamlar maraqsız, hətta gülməli görünür. Çox ciddi olmaq lətifədir. Adam da belə dünyada, xüsusən Azərbaycan kimi yerdə özünü ciddi apararmı? Biabırçılıqdır.

– Milli ədəbi mühitdə özünü ciddi aparan, qələmi qalstuklu xeyli adam var. İnciyərlər sizdən... “Azərbaycan dili və ədəbiyyatı forumu”nda fikir verdim, neçə yazıçı, necə şair var imiş. Xalalar, dayılar... Forumdan naftalin iyi gəlirdi... Amma siz yaxşı çıxış elədiniz. Ümidli gördüm sizi.

– Mən bu foruma ciddi hadisə kimi baxıram. Hər halda müstəqillik tariximizdə bu cür əhatəli və konseptual müzakirələr olmamışdı. Həm də alternativ fikirli yeni nəslin iştirakı ilə. Mədəniyyət Nazirliyi öz mövcudluq tarixində ilk dəfə irimiqyaslı mədəniyyət strategiyası hazırlamağın vacibliyini anladı deyəsən. Mən nazirlə dar çevrədə keçirilən görüşdə də iştirak etdim, çox mütərəqqi fikirlər səsləndirdi. Əgər onun söylədikləri həyata keçsə, Qarabağdakı qələbəni mədəniyyət sferasında da görə biləcəyik. Söhbət təkcə ədəbiyyatdan getmir.

Bildiyiniz kimi, bundan əvvəl teatr və kino forumu keçirilmişdi. Yaxın zamanlarda musiqi ilə bağlı da geniş müzakirə planlaşdırılır. Deyəsən, bir az da mədəni ictimaiyyəti dişlərinə vurub yoxlayırlar. Sən deyən naftalin qoxusunu da hamımızdan yaxşı hiss edirlər. Əsas odur, düzəlmək və düzəltmək niyyəti var. Niyyət çox vacibdir. Bir şeyi əldə etməyin əlifbası onu istəməkdir! Biz istəsək, hər şeyi bacararıq. Mənə ümid verən də dövlətin nə isə etmək istəyini müşahidə etməyim oldu. İnşallah yanılmaram.

– Doğrudan, Azərbaycan ədəbiyyatının problemi AYB-dir? Məsələn, düşünürsünüz ki, Anar olmasa idi, Çingiz Abdullayev olmasa idi, bizim ədəbiyyat, ədəbi mühit daha ali səviyyədə olardı?

– Problem ümumilikdə totalitar düşüncədədir. AYB isə totalitarizmin ədəbiyyatdakı abidəsidir. AYB-ni iş görə bilmədiyi üçün yox, iş görmək istəyənlərə mane olduğu üçün tənqid edirəm. Bu təşkilat ədəbiyyatdakı mütərəqqiliyin qarşısına kötük kimi yomalanıb. Orda dəyərli imzalar da var, dəyərli insanlar da, lakin sistem çürükdür. Ən demokratik insan belə AYB-də bircə ay işləyə bilməz. Sən Mərkəzi Univermaqla “Bravo” marketlər şəbəkəsini və ya köhnə notariuslarla ASAN Xidməti müqayisə etsən, məni aydın başa düşərsən. Demirəm, AYB dağılsın, oranı ən azı “Qocalar evi” kimi saxlamaq olar. Lakin ədəbiyyat və söz deyəndə yalnız AYB-ni nəzərdə tutmaq ədəbiyyatımız üçün fəlakətdir.

Otuz illik təcrübə dediklərimə sübutdur. Artıq söhbət Azərbaycan ədəbiyyatının gələcəyi kontekstindən şəxsi düşmənçiliklərə, gülməli kaprizlərə, acığa düşüb vəzifədən beşəlli yapışmaqlara qədər xırdalanıb. Şəhriyar del Gerani ilə Çingiz Abdullayev qalmaqalına baxın. Gənc bir şair deyir, Çingiz Abdullayev forumda danışanda çölə çıxdım, AYB katibi, xalq yazıçısı, peyğəmbərin öldüyü yaşa çatmış dünya şöhrətli ağsaqqal deyir, sən tutulanda atan kabinetimdə ağlamışdı, sən vicdansızsan, AYB-də ya sən qalmalısan, ya da mən. Bu zehniyyətlə nə edəsən? Mexanizm işləsə, həftədə birini Mikayıl Müşfiqin dalınca göndərərlər. Biz sözümüzün gələcəyini kinli qocalara etibar edə bilmərik. Onlara hər cür şərait yaradıb günəşə səyahət etdiklərinə inandıraq, yaxşı, amma yanıyla da öz işimizi görək də. Baxın, Rasim Balayev on gündən bir televiziyaya çıxıb “Dədə Qorqud” filmində şirlə necə güləşməsindən danışır. Danışsın, ziyanı yoxdur. Çünki kino müsabiqəsinə yeni nəslin yaratdığı müstəqil prodakşnlar əlli-altmış yeni layihə verib. Ədəbiyyatda neçə belə qurum var? Ümumiyyətlə, alternativ varmı? Mən forumda da dedim, yeni düşüncəyə qapılar açılmalıdır. Ədəbiyyat AYB totalitarizminin buxovlarından azad edilməlidir. Cavan uşaqlarsınız, yığılın bir ədəbi təşkilat yaradın, başlayın işləməyə. Əgər belə bir addım atsanız, AYB-nin gerçək üzünü görəcəksiniz. Söhbət ədəbiyyatda monopoliyadan, ədəbiyyata aid hər cür imkanları bir əldə cəmləməkdən gedir. Bu vəziyyət hamımızın gözünün qarşısında yeni dövr yazarlarını iki kəskin qütbə ayırıb:

1. Özünə hər cür şərait yaradan və heç nə yaza bilməyən yaltaqlar sürüsü;
2. Hər şeydən mərhum edilən, buna görə dövlətdən narazı qalan və az-çox yazmağı bacaran mütərəqqi qələm sahibləri.

Halbuki məqsədimiz dövlətlə mütərəqqi düşüncəni birləşdirmək olmalıdır. Misal üçün, bunu orduda etdik, nəticəni də gördük. “Azərbaycan dili və ədəbiyyatı forumu”nda da söhbət bu incə məqamdan gedirdi.

– Yaratmışdınız da təşkilat. Bu lap “gəlmişdiz də 93-də” söhbətinə oxşadı. AYO var idi, məsələn. Siz də oranın üzvüydünüz. Nə baş verdi? O təşkilatın üzvlərindən çoxu sonradan AYB-yə üzv oldu. Deyəsən, ev-zad alan da oldu. Hanı bəs AYO-nun bayrağı? Ki, Həmid ağa onu AYB-nin damından asacaqdı...

– Məhz AYO-nun qeydiyyat məsələsinə AYB mane oldu. O cür azad ruhlu yenilikçilərin qanunla legitimləşməsini istəyərdilərmi? Bu səbəbdən AYO tarixə təşkilat yox, hərəkat kimi düşdü və öz işini də gördü. Sonrakı proseslərə gəlincə, yenə mən deyəndir. Heç kimdən Babək, Cavanşir iradəsi gözləmək olmaz. Yazıçı qəhrəman deyil. Ömür boyu ac-susuz mübarizə apara bilməz. Amansız həyat gerçəkləri qarşısında sınanı da olacaq, əyiləni də, əqidəsindən dönəni də. Faciə bu deyil. Faciə yeniliyə, mütərəqqiliyə yaradılan “dizbat” şəraitidir. Bığlı, saqqallı və qalstuklu ağsaqqalların azad gəncliyə qarşı amansızlığıdır. Bayaqdan nə danışıram bəs? Bu gün bir yazıçının normal yaşamaq şərtlərini AYB diktə edir və bu şərtlər çox alçaldıcıdır. Adam var atası da yazıçıdır, özü də, oğlu da, sən bunun üçünü də tərifləməli, mədh eləməlisən. Üstəlik, haqlı tənqidlərə həyasızcasına cavablar verməlisən. İndi heç susmağı da bağışlamırlar. Çırtma çala-çala haqsızlıq və ədalətsizlik təranələri oxumalısan. Bu zibili də bircə dəfə oxudunsa, ədəbiyyatdan ömürlük uzaq düşürsən. Otuz ildə gürcülər, hətta ermənilər qədər ədəbi uğur qazana bilməməyimizin ən ciddi səbəbi budur. AYB-nin “tarixi missiyası” yazıçıları total nəzarətdə saxlamaq, cızılmış xətdən kənara çıxanları cəzalandırmaqdır. O özünün 30-cu illərdən qalma repressiv mahiyyətini dəyişə bilmir.

– AYB-dən çox danışdıq, sonra deyəcəklər, kampaniya aparırlar.

– AYB tükənməz mövzudur (Gülüş).

– İstəyirəm, bir az da sizin “Tərəqqi” medalı ilə təltif edilməyinizdən danışaq. Həm ədəbi mühitdə, həm də vətəndaş cəmiyyətində fərqli reaksiyalara səbəb oldu. Dedilər, Şərif də azadlığını qurban verdi...

– Mən medal üçün müraciət etməmişəm. İşlədiyim media qrupu namizədliyimi verib və ölkə başçısı da təltif edib. Mən də buna görə təşəkkürümü bildirmişəm. Kim layiq bilirsə, mənə mükafat verə bilər, hətta Nobeli də vermək istəyirlərsə, çəkinməsinlər, etiraz etməyəcəyəm və minnətdarlıq duyğusu ilə qəbul edəcəyəm. Lakin ictimaiyyətin də bu məsələni müzakirə etməsinə qadağa qoya bilmərəm. Yazıçının mükafat alması, xüsusilə ölkə başçısından alması sosial hadisədir və hamının bu barədə tənqidi və təqdiri fikirlər söyləmək haqqı var. Bir medalla azadlığımı qurban etdiyimi düşünənlər varsa, dünəndən düşünsünlər. Mən onsuz da siyasi fəaliyyət göstərmirəm və Azərbaycan kimi ölkələrdə siyasi mübarizəni əhəmiyyətsiz sayıram. Yəni mənə verilən medal siyasi deyil. Hətta ədəbiyyat üzrə də deyil. Jurnalistika sahəsindəki fəaliyyətimə görə verilib. Bir daha deyirəm, sağ olsunlar. Yenə nə isə vermək istəsələr, buyursunlar.

– Bəs belə olan təqdirdə tənqid etdiyiniz yaşlı nəsil nümayəndələrindən nə fərqiniz oldu?

– Fərqimiz budur ki, mən azadam, öz zəhmətimlə yaşayıram, şəxsi qazanc və karyeramın siyasi hakimiyyətdən heç bir asılılığı yoxdur, ona görə də bu və ya digər məsələlərlə bağlı obyektiv, ədalətli danışa bilirəm.

– Amma dövlətin ədəbiyyata dəstəyindən də danışırsınız... Bu sizi bəhs etdiyiniz azadlıqdan məhrum etməzmi?

– Etməz. Dövlət atadır. O öz taktiki maraqları naminə yaradıcı övladını mənəvi dəyərlərdən məhrum etməməlidir. Söhbət sivil qaydalara əsaslanan qarşılıqlı münasibətdən gedir. Bu gün Azərbaycan xalqı ciddi ədəbiyyatı yaşadacaq gücə malik deyil. Klassik musiqini, muğamı, ciddi kinonu, teatrı yaşada bilmədiyi kimi... Bu cür ekstremal vəziyyətlər üçün bizim tariximizdə ən sınanmış yol dövlətin dəstək verməsidir. Lakin məsələni siyasiləşdirmədən. Yenə niyyət məsələsinə gəlirik. Niyyət yalnız və yalnız dəstək verilən sahənin tərəqqisi olmalıdır. Yoxsa uzağı yenə üç-dörd yekəqarın xalq şairi yetişdirəcəyik, gedib Şuşada hakimiyyətə mədhiyyələr yağdıracaqlar. Yenə deyirəm, istəyirlərsə, bu da olsun, lakin yanınca, misal üçün, Gürcüstandakı sivil dövlət-ədəbiyyat münasibətləri də olsun.

– Nədir o sivil dövlət-ədəbiyyat münasibətləri?

– Dövlət şəxslərə yox, layihələrə dəstək verir və cari taktiki maraqların yox, strateji məqsədlərin dalınca düşür. Yəni “məni mədh et” prinsipi ilə deyil, “dünyanı fəth et” prinsipi ilə işləyir. Dünyada söz sahibi olsan, onsuz da vətənə-dövlətə xidmət göstərmiş olacaqsan. Həm də daha ciddi.

– Qarabağ işğaldan azad olundu. Sizin yazdıqlarınız daha çox işğalla və onun nəticələri ilə bağlı idi. Bundan sonra nə yazacaqsınız? Bir növ, sizin mövzunuz bitdi. Yox?

- Tək Qarabağ deyil, həm də Zəngəzurun xeyli hissəsi... Yuxu kimi hadisələrə şahid olduq. Bunu danmaq vicdansızlıq olardı. Böyük işlər görüldü və görülür. Ümid edirəm, tezliklə Qafqazda sülhə nail olarıq. Millətlərin, dinlərin fərqlilikləri bizə maraqlı gəlməli, yaradıcılığımızı qidalandırmalı ikən bizi əlimizə silah götürüb biri-birimizi qətlə yetirməyə sövq edib. İblisi içimizdən qovmalıyıq. Biz xanlıqlar dövründə yaşamırıq ki, qılıncımızı çəkib hər dərədə bir dövlət elan edək. 21-ci əsrdə ərazi iddiaları absurddur. Bunu biryolluq anlamalıyıq. O ki qaldı mənim yaradıcılığıma... Bəli, bir epoxa bağlandı. Lakin diqqət etsəniz, mənim yazılarım hər zaman insana fokuslanıb. “Biz tərəflər” hekayəsini çıxmaq şərti ilə heç vaxt konkret bir coğrafiyanın həsrətini çəkməmişəm. Məni müharibənin əzdiyi, bədbəxt etdiyi insan daha çox narahat edib. Hətta bəzi yerlərdə insanı vətən və torpaqdan ucada tutmuşam. Doğrudan da mənə görə vətən daha çox adamlardır. İşğaldan azad olunan yerlərə gedəndə də otuz il həsrətini çəkdiyim yer-yurddan çox insanların bu qayıdışa reaksiyası ilə maraqlanırdım.

Viran qalmış evimizə baxanda anamın əllərini düşündüm. O deyirdi, hamilə ola-ola ağır daşlar daşıyırdım. Təsəvvür edirsiniz? Məni belə şeylər daha çox təsirləndirir. Tanrı öz kitabında deyir ki, kainatda hər şeyi insan üçün yaratdıq. Demək, torpaq da insan üçündür. Onun xoşbəxtliyi üçündür. Mən torpaq uğrunda vuruşmaq məcburiyyətini anlayıram, lakin insan ölümünə heç nə ilə bəraət qazandıra bilmirəm.

Sosial şəbəkələrdə Qarabağdan – öz ev-eşiyindən köçüb gedən sadə, dinc ermənilərə baxıb sevinmək içimdən gəlmir. Çünki burdakı dramı görürəm. Axı bu ağrıları mən də yaşamışam. Əgər bir ağrı səni qarşı tərəfin oxşar vəziyyətinə sevinməyə vadar edirsə, onu düzgün yaşamamısan. Yaxud yazıçı kimi yaşamamısan. İnsanı başa düşmək lazımdır. Düşmən olsa belə. Hətta düşməni daha çox başa düşməyə çalışmaq lazımdır. Çünki bu, insandan daha böyük fəzilət istəyir. Məncə, əsl günah düşməndə yox, düşmənçiliyi yaradan səbəblərdədir. İnsan düşmənçilik edirsə, haradasa bir yanlış var. Müharibə mütləq və mütləq yanlışın nəticəsidir. Şüurlu insan sözdən anlamırsa, nə isə yerində deyil. Hamılıqla məsələyə bu cür yanaşsaq, problemlərimizi daha tez həll edərik. Və sizi əmin edirəm, Qarabağ münaqişəsi və məcburi köçkünlük həyatı olmasaydı, mən daha yaxşı yazıçı olardım. Yazıçını heç vaxt məğlubiyyətlər yetişdirmir, əksinə, məğlubiyyətlər ona mane olur. Qələbə qarşımızda daha geniş üfüqlər açır, insana daha rahat yanaşmağımıza, onu daha dərindən anlamağımıza imkan verir. İnsanı düzgün təqdim edə bildiyin əsər zamanın cazibəsindən çıxır, heç bir konyunktura ona kölgə sala bilmir. Baxın, Böyük vətən müharibəsi çoxdan bitib, faşizm, məşhur ifadə ilə desək, gorbagor olub, SSRİ dünya xəritəsindən silinib, lakin “Can nənə bir nağıl de” şeiri hələ dipdiridir. Ədəbiyyat sizə zarafat gəlməsin. Bir ortabab bayatı imperiyalardan uzun yaşayır.

– Beynəlxalq mükafat alan əsərlərin əksəriyyəti, elə filmlər də, ya homoseksual qəhrəmanların hekayələri, yaxud feministlər haqqındadır. Tendensiya budur. Demək olar, incəsənət - o böyük ideyaların tribunası indi belənçi hay/küyə, ucuzluğa xidmət edir...

– Təəssüf ki, haqlısan. Hər dövrün, hətta hər coğrafiyanın öz konyunkturası var. Bu gün ədəbi qurum və təşkilatları, nəşriyyatları, mükafat komissiyalarını, bir az da haqlı olaraq, cəmiyyətin ağrıyan tərəfləri daha çox narahat edir. Haqlı niyə dedim... Bir cəmiyyətdə sosial zülm varsa, homoseksuallar amansız diskriminasiyaya məruz qalırsa, qadın döyülür və hətta öldürülürsə, orada hansı ədəbiyyatdan danışırıq? Deyir, bir kişi mahnı oxuya-oxuya yolla gedirmiş, bir də görür camaat hay-küylə bunun dalınca düşür. Bir ağsaqqala yaxınlaşıb nə baş verdiyini soruşur. Ağsaqqal deyir, səni paza keçiriblər, xəbərin yoxdur, çevril arxana bax... Bizdə yazıçıların bir çoxu belədir. Ətrafda insan faciələri baş verir, bunlar isə haradasa uzaqlarda mövzu axtarırlar. Bu mənada çağdaş Qərb konyunkturasını başa düşür və üçüncü dərəcəli ölkələrdən, xüsusən totalitar cəmiyyətlərdən çıxan əsərlərə ekzotika kimi baxmalarını anlayıram. Lakin bunu trendə çevirmək yanlışdır. Bu, dolayısı ilə yazıçıya sifariş vermək, onu yönəltməkdir. Bəzən Nobel Komitəsinin özünün tendensiyalarla işlədiyini görürük. PEN klubları əsərlər və onların bədii keyfiyyətindən çox qələm adamlarının hüquqları maraqlandırır. Sən də deyə bilmirsən ki, qardaş, məsələn, bizdə insan haqları heç vaxt pozulmur, indi nə edək? Durub, yalandan problem uyduraq? Hiss olunur ki, bizim televiziyalara diqqətlə baxmırlar.

Amma gəlin, öz söhbətimizi totalitar düşüncədən qoruyaq və siz deyən konyunkturanı bütün dünyaya şamil etməyək. Ədalətli və obyektiv institutlar da yetərincədir. Sadəcə biz onların hüzurunda yoxuq. Mirzə Cəlil “Danabaş kəndinin məktəbi”ndə necə deyirdi? Bəli, mənim oğlum yoxdur, heç əvvəldən də yerli-dibli olmayıb...

– Əlbəttə, nədən yazmaq yox, necə yazmaqdır məsələ. İndi mövzular yox, üslublar savaşır. Təəssüf ki, müqəddəs ölkəmizdə həm oxucular, həm də müəlliflər hələ də mesaj axtarırlar. Bəs nə imiş, filan hekayənin mesajı yox imiş. Niyəsə bizim dəyərli xalqımız həp mesaj almaq, istiqamətləndirilmək istəyir... Fəqət sözə də qulaq asmırlar. Belə paradoksal vəziyyət... Sizcə, doğrudan, əsərin mesajı olmalıdırmı? Yoxsa ədəbiyyat eləcə bədii/əyləncəvi müstəvidir? Maarifçilik yaşayırmı ki?

– Mən indi bir kitab redaktə edirəm, nəşriyyat sirri olduğu üçün anons vermək istəmirəm... Çox möhtəşəmdir. Həm həcmi, həm mahiyyəti. Təkcə qeydlər və ədəbiyyat bölməsi 200 səhifəyə yaxındır. Kitab faktlarla, inandıraraq və qəti şəkildə göstərir ki, maarifçilik davam edir.

Lakin əlbəttə ədəbiyyatda məsələ bir az dəyişir. Söhbət açıq şəkildə nə isə öyrətməkdən, yaxud öyrənməyə təşviq etməkdən getmir. Bu məsələ bitib. Müəllif ölüb və o heç nə diktə etmir. Diktə edərsə, hətta hansısa obrazının tərəfini tutarsa, mətnin liberal dəyərlərini tapdalayır və diktatora çevrilir. Beləliklə, zamanın ümumi tempindən geri qalır. Lakin mən əsərin mesajını maarifçilik kimi qiymətləndirmirəm və ümumiyyətlə, indiyədək mesaj verməyən bir əsər görməmişəm. Əgər mesaj yoxdursa, o, niyə yazılır? Estetika və ya əyləncə xatirinəmi? Bu, ədəbiyyatın, ümumən sənətin miqyasını daraldar. Estetika və əyləncə vacibdir, lakin mesaj da vacibdir. Hətta mənə görə, bu mesaj nə qədər sosialdırsa, nə qədər aktualdırsa, o qədər yaxşıdır.

– Mirzə Cəlil dediniz. Ustadı yad eləmək vacibdir. Mirzə Cəlilin Rusiya layihəsi olduğuna inanırsınız? Mirzə Fətəli Axundov haqqında da oxşar fikirlər var...

– Danılmaz faktdır ki, Rusiya bizə təhsil və mədəniyyət gətirdi. Daha doğrusu, Qərbin təhsilini və mədəniyyətini “çerez Rusiya” qəbul etmək məcburiyyətində qaldıq. Əlbəttə, bu onlara lazım idi, lakin bizə daha çox lazım idi. Sizin məntiqlə Rusiya da Qərbin layihəsi sayılmalıdır. Bu fikir sadəcə cəfəngiyatdır.

– Bayaq dediniz, yazıçı məğlubiyyətdən doğulmur, mən əksini düşünürəm. Yazıçı məhz məğlubiyyətlərin övladıdır. Hər mənada.

– Məğlubiyyətin yox, konfliktin, dramaturgiyanın. Sən nə isə istəyirsən, lakin onu əldə edə bilmirsən. Ədəbiyyat başladı artıq. Bütün yaxşı əsərlər müəllifin qələbəsidir. Məğlubiyyəti Allah kəssin.

– Yəqin qələbədən nə isə yazacaqsınız, bəlkə də, yazmaqdasınız... Bizi qınayırlar ki, niyə yazmırsınız, niyə film çəkilmir? O de, film çəkdi də Vaqif Mustafayev. Heç nə. Bir köpüklük film deyil. Pafos, teatral bayağılıq. Şeirlər haman cür. Elə bilirəm, bu məsələ bişməlidir, daşlar yerinə oturmalıdır, sonra bəlkə, nəsə yazmaq olar.

– Əsəbiləşmə (gülüş).
Qələbədən əsər yazmağı başa düşmürəm. Qələbədə konflikt yoxdur axı. Əksinə, harmoniya var. Bayaqkı sözün davamı kimi desəm, sən nə isə istəyirsən və onu əldə edirsən. Ədəbiyyat bitir artıq. Onluq iş qalmır. Torpağımız işğalda idi, azad etdik, Allah köməyimiz olsun! Bəs yazıçı nə etməlidir? Tərənnüm? Klassizm, yaxud romantizm dövründə yaşamırıq. Yaxud indi sovet mədhiyyəçiliyi işləmir. Şuşada oxumaq üçün şeir-filan yazmaq olar və bəlkə də lazımdır, lakin nəsr... Nə bilim... Bu necə ola bilər? Pafos... Vurduq-tutduq... Ölkəmiz elə... Ordumuz belə... Təsəvvür elə, hansısa xarici yazıçının romanını oxuyursan, görürsən, o, qonşu ölkə üzərində qələbələrini sevinclə tərənnüm edir, əminəm, kitabı bir kənara atacaqsan. Qələbəyə bu cür çılğınlıqla sevinməyimiz, bayaq dediyim həmin məğlubiyyət kompleksindən doğur.

Qələbəyə həsrətik axı. Görməmişin oğlu məsələsi. Nəsr isə təmkin işidir. 44 günlük müharibədən yazıçı kimi, bir də altını cızaraq deyirəm, yazıçı kimi yazmaq lazımdır və zamanla yazılacaq. Pafosdan uzaq. Məğlubiyyət kompleksindən uzaq. Qələbə görməmişliyindən uzaq. İnsana enərək. Onu dinləyərək. Milli-dini təəssübkeşliyə yol vermədən. Vətənin şirinliyinə aldanmadan.

– "Milli Buker" mükafatı söhbəti vardı. Guya qaliblərə 20 min manat mükafat veriləcəkdi. Nazirlik sizi də məsləhətçi kimi çağırmışdı. Nə oldu o məsələnin axırı?

– Gündəmdədir. Layihə üzərində işləyirlər.

– Elə bil ədəbi mühit canlanıb, ümid edirəm, bu canlanma ötəri olmaz. Romanlar yazılır, hekayələr yazılır, çağdaş xarici əsərlər tərcümə edilir... Siz bizim ədəbi nəslin əcdadı, atası hesab olunursunuz. Bir ata kimi prosesi necə qiymətləndirirsiniz? Həm romanları, həm hekayələri... Şeirləri nəzərdə tutmuram, çünki elə bilirəm, şeirdə pis deyilik.

– Ümid edirəm əcdad məsələsində məni ələ salmırsan (gülüş).

– Əlbəttə, xeyr! Elə şey olar, əmi?

– Onda ata məsələsində yüz faiz məzələnirsən (yenə gülüş).

– Ay əmi...

– İnandım. İnandım. Sən əmi dedinsə, inandım (bir daha gülüş). Ədəbi mühitdə məni ilk qocaldan sən oldun. Bu müraciətlə...

– Qocasız da...

– Elədir. Artıq elədir.

– Sualdan yayındıq...

– Ədəbi mühit mətbuatda hay-küy mərhələsindən kitab mərhələsinə keçə bildi. Bu, çox sevindiricidir. Şəxsən mən zəif də olsa yazmağın, hətta çap edilməyin və müzakirə olunmağın tərəfdarıyam. Mənə görə, proses nəticədən də dəyərlidir. Çünki proses yoxdursa, heç nə yoxdur. Bizdən sonra gələn nəslə, xüsusən “zet” nəslinə çox güvənirəm. Böyük avantajları var. Sağlam mühitin olmaması onları həvəsdən salmasın. Unutmasınlar, ədəbiyyat bir az da fədakarlıqdır. Yeni nəslə, tövsiyə demirəm, bir arzum var: şəxsiyyətlərini qorusunlar. Zamanımızda buna çox böyük ehtiyac duyulur.

– Şəxsiyyəti yaradıcılıqdan ayırır çoxu.

– Yaradıcılıq geniş anlayışdır. Ciddi ədəbiyyat ciddi şəxsiyyətsiz mümkün deyil.

– Şərif əmi, bu sualı qətiyyən qarğaşa, hay-küy məqsədli vermirəm. Məsələn, mən belənçi düşünürəm. Olsun ki, qadağaların, diktələrin təsiridir. Qadınları o qədər sıxma-boğmaya salmışıq ki, özlərini ifadə edə bilmirlər. Ən yaxşı halda kişi kimi yazırlar. İndi deyirlər e, cinsin fərqi yoxdur-zad, nə bilim, ədəbiyyatın cinsi olmur, əlbəttə, bu, kişilərin uydurmasıdır. Ayrıca böyük, dərin mövzudur. Sözüm ona, sizcə, kimdir o? Hansı qadın müəllifin əsərini oxuyub demisiniz ki, bu odur! Çünki əksəriyyətinin mətninin altına "Mirmehdi Ağaoğlu" yazsam, heç kim tutmaz ki, yox, bu, qadın mətnidir...

– Mirmehdi ilə işin olmasın (gülüş). Sualın tövrü yaxşı deyil. Hətta bu tonda həqiqəti söyləsən belə, adama toxunur. Məncə, biz kişilərin Azərbaycan qadınını müzakirə və tənqid etməyə mənəvi haqqı yoxdur. Cəmiyyət olaraq onlara nə verdik ki, nə də tələb edək? Mümkün olandan artığını ediblər. Hər sahədə. Mətnlərə qalanda, misal üçün, Nərmin Kamalın son iki hekayəsini, – biri Kulisin hekayə yarışmasında qalib oldu, – çox bəyəndim. Özünə də yazdım. Sevdiyim xanım imzalar çoxdur. İlk ağlıma gələn Nərmin oldu...

– Deyirlər, saz primitiv alətdir, ibtidaidir. Köhnəlik əlamətidir. Siz də saza dəhşət bağlısınız. Hətta saz kövrək yerinizdir. Fəqət ya vəlvələdən ya zəlzələdən sazı da, aşıqları da ələ salırlar, məzələnirlər. Bəs yaxşı, sazla müasir tendensiyalara girmək, müasir söhbətləri tutmaq, üstəlik, bəşəri olmaq mümkündürmü?

– Saz mənim xobbimdir. Sadəcə xobbi. Əsasən klassik ifaçılıq. Ədəbi mühitdə, hətta jurnalistika sahəsində sazı ona istehza edəcək səviyyədə bilən nadir adamlar var. Eləsinlər də. Təsəvvüfdə rüsvay olmaq daxili eqonu öldürməyin ən yaxşı üsullarından biridir. Saz çox ucadadır. Hər lağ-lağı o ucalığa işləyə bilmir. Saza ən kreativ istehzanı “Bəxt üzüyü” pyesində Vaqif Səmədoğlu elədi. İndi otur o pyesi də oxu, yaxud filminə bax, dalınca da Ədalət Nəsibovun “Ruhani”sinə qulaq as, fərqi görəcəksən. Məncə, əksinə, sazla məzələnə bilmirlər. Daha ciddi cəhdlə çalışmaq lazımdır. Hətta mən bunun üçün romana girişmək istəyirəm.

– Doğrudan? Sazla bağlı...

– Hə. Sazı yaxşı bilən yazıçı yoxdur. Deyəsən, elə ən yaxşısı mənəm. İlana balası qənim olar.

– Deyirsiniz, sazla məzələnə bilərsiniz?

– Bəli. Çünki çoxlu ehkamları var. Ehkam olan yerdə yumor asan doğulur.

– Qayıdışla bağlı da nəsə yazırdınız deyəsən...

– Eskizləri hazırdır. Adı da hazırdır: “Ağ yoxuş”

– Şərif Ağ, "Ağ göl", "Ağ baba", indi də "Ağ yoxuş".

– Tam səmimi deyirəm, təbii olaraq belə alınıb, qəti şəkildə düşünməmişəm.

– Deməli, süni zəka proqramları düzəldiblər. Düzdür, hələ ibtidai mərhələdədir. Mövzunu verirsən, hekayə yazır, ssenari yazır. Yəqin zamanla təkmilləşəcək. Bəzi adamlar düşünür ki, belə getsə, gələcəkdə yazıçıya, ssenaristə ehtiyac olmayacaq.
Fəqət bu proqramlaracan da mətnləri texniki, sintetik olan müəlliflər var idi. Oxuyursan, hər şey var, hər şey yerindədir: səliqə-sahman, mübtəda-xəbər… Gəl ki, “o şey” yoxdur. Qurudur, qupquru, adamın içindən keçmir. Adını müasir mətn qoyurlar, nə bilim, deyirlər, bugünün tendensiyasıdır…

– Bu sual çoxunu narahat edir. Bir işi süni zəka reallaşdıra bilirsə, zəhmət çəkib yazmağa nə hacət? Kontur arqument sən deyəndir: süni zəka hissləri verə bilməz! Məsələ budur ki, hisslərin də alqoritmini tapmaq mümkündür.

Çünki nəticədə süni intellekti də yaradan insandır. Həm də çoxlu sayda insan. Texniki innovasiyaların gücü burdadır. Çoxlu insan öz gücünü birəşdirə bilir. Son model kompüterin və mobil telefonun ixtirası müxtəlif zamanlarda və məkanlarda yaşayan, heç biri-birini tanımayan yüzlərlə insanın müştərək zəhmətinin bəhrəsidir. Hisslərin alqoritmi bu cür mürəkkəb mexanizm kimi hazırlana bilər, lakin mən bu məsələdə tam arxayınam. Çünki mətnin fövqəlbəşər gücünü şəxsən özümdə hiss etmişəm. Buna “Alov qüllələri” qədər əminəm. Mənə görə, yaza bilmək anadangəlmə qabiliyyətdir. Sən yazıçı doğulursan.

Necə səsin yaxşıdır, boyun ucadır, gözün mavidir, eynən o cür. Zəhmət, intellekt və müasirlik isə bu anadəngəlmə – tanrıdangəlmə qabiliyyəti cilalayıb reallaşdırır. Yaradıcılıq için zümzüməsindən yaranır. Mən bu qabiliyyətə malik adamlara nəğməsi olan adamlar deyirəm. Hamı niyə mahnı bəstələyə bilmir? Ona görə ki, hamı yaza da bilmir. Söhbət bədii mətndən gedir. Məktub, status, məqalə, esse sizi aldatmasın. Nəsr əlahiddə işdir. Çox gözəl, talantlı şairlər var, nəsrin havasına girə bilmirlər. Nəzəriyyənin yaradıcılığı epik və lirik növə ayırması təsadüfi deyil. Yazıçı əhvalat danışmağı bacarmalıdır. Lakin bu, yazılı əhvalatdır, dilin, ahəngin tamam başqa plastıdır.

Nəğməsi olmayan adamlar reportajdan, publisistik məqalədən, essedən bədii mətnə keçəndə çox əziyyət çəkirlər, barmaqları klaviaturada biri-birinə dolaşır. Onların mətnlərində sözlər siçovul sürüsünə oxşayır – hərəsi bir tərəfə qaçır. Halbuki durna qatarı kimi bəlli bir ahənglə məqsədə doğru süzməlidir. Sən dediyin “o şey” əslində ahəng, daha doğrusu intonasiyadır. O ya var, ya yoxdur. İntonasiya ilə iş istedadsızlarla asandır. Baxırsan, yoxdur, məsələ bitir. İstedadlı adamlarınkı daha çətindir. Nəğməsi var, lakin ya özünün deyil, ya da başqa dalğalarla qarışır. Az adamın bildiyi sirr – şair ədəbiyyata intonasiya ilə gəlir. Daha az adamın bildiyi sirr – nasir də eləcə... İntonasiya istedadın kifayət qədər materiyalaşmış halıdır. Çünki konkretdir. Usta adamlar onu asanlıqla tuturlar. İntonasiya orijinaldırsa, iş tamamdır. Bizdə bunu daha çox “nəfəs” sözü ilə ifadə ediblər. Filankəsin güclü nəfəsi var, təzə nəfəsi var, təmiz nəfəsi var və s. Nəfəs elə intonasiyadır. Və minlərlə şair-yazıçının hər birində fərqlidir. İntonasiya şəxsiyyət vəsiqəsidir, nömrəsi bir dənədir, başqa heç kimdə ola bilməz. Ona həm də ruhun barmaq izi demək olar.

Bax indi gəldik sualın əsas hissəsinə. Süni intellektin orijinal intonasiya lüksü yoxdur. Çoxlu kişi ilə seksual münasibət quran qadının bəkarəti olmadığı kimi... Bənzətmə sizi qıcıqlandırmasın. Elə sahələr var, süni intellekt çox vacibdir, olmazsa olmazdır, lakin fərdi fəaliyyətə əsaslanan yaradıcılıqda mənə məhz fahişəlik kimi görünür. Yalnız bir nəfərin ruhunun əl izini daşımalı ikən, əlli-altmışına aid olmaq başqa nəyə bənzəyə bilər?

– Tamamilə razıyam.
"Qanun" nəşriyyatının redaktoruna bu sualı verməsəm, qınayarlar. Oxucular "Qanun"un kitablarından narazıdır. Xüsusilə tərcümə və redaktə işi tənqid edilir. Əlbəttə, "Qanun"un gördüyü işləri də danmaq olmaz. Fəqət xeyli nümunələr var ki, oxuculara haqq qazandırmamaq olmaz...

– Kitab bazarının əksər hissəsi “Qanun”un nəşrləridir. Müzakirələrdə daha çox hallanması təbiidir. Lakin beş-on il əvvəlki kimi olmasa da, siz deyən problemlər də var. Bunu danmırıq. Bütün iclaslarda bu məsələ çox ciddi müzakirə olunur və aradan qaldırmaq üçün ciddi işlər görülür. Nəticəsinə hamımız şahid olacağıq. Sadəcə istərdim ki, səhvləri və qüsurları əvvəlcə ağayana şəkildə bizim özümüzə göndərsinlər, nəzərə alınmasa, ictimailəşdirib tənqid etsinlər.

Yoxsa görürsən, biri nəhəng və çətin bir kitaba qüsur tutub, bir cümləyə görə bütün zəhməti yerə vurub, özü də bununla bağlı min işarəlik statusda otuz kobud səhv buraxıb. Yəni iradın da, tənqidin də niyyəti xoş olmalıdır. Mən dəfələrlə saytların manşetində, əsas başlığında kobud səhvlər görmüşəm, dərhal inboxa yazmışam. Hətta bəzən zəng eləmişəm. Bayaq da dedik. Niyyət çox önəmlidir.

– Həmid ağa müsahibəsində demişdi ki, Şərifin silahı olsa, özünü saxlayammaz, bütün güllələri göyə atardı. Sonra xəbər gələrdi ki, bəs güllələrdən biri qarazurnaçını tutub. Axırda da bu haqda zindandan qəşəng hekayə yazardı.

– Lap Yılmaz Güneyi xatırlatdım (gülüş). Yəqin toyda çox içərmişəm. Yüz faiz daha cavan vaxtlarımmış. Bu yaşda o “doza”ya gələ bilmərəm. Özü də qarazurnaçı ee... (yenə gülüş). Amma bu təxəyyüldə mistik bir gerçəklik var. 1991-ci ildə kəndimizin son toyu oldu. Qohum toyu idi. Ondan bir neçə ay sonra Laçın işğal ediləcəkdi. Mən həmin toyda gəlin gətirilən vaxt atmaq üçün dostumdan bir tapança aldım.

Atasının idi. Naqan. Təkərli var e, ondan. Qoçu Əsgərdəkindən. O vaxt dəb idi, gəlin gələndə göyə güllə atırdılar. Mən də özümü tay-tuşlarıma, xüsusən qızlara göstərmək istəyirdim. Amma qismət olmadı. Dostumun atası gəlib silahı bizdən zorla aldı. Dedi, uşaqsız, əlinizdə ora-bura dəyər. Dəhşət pis təsir elədi mənə. Az qala ağlayacaqdım. Hətta arada ağlıma gəlirdi ki, o kişi o silahı məndən almasa, Laçın işğal olunmazdı.

Həmidin bu bənzətməsindən sonra isə başqa bir şey düşündüm: bəlkə, doğrudan da o kişi o silahı məndən almasa, atdığım güllə qarazurnaçıya dəyərdi (bir daha gülüş). Tərs kimi gəlini gətirməyə qara zurna ilə gedirdilər...

– Əmi, indi silahınız olsa, kimə tuşlayardınız?

– Fiziki cəhətdən zəif olmadığım üçün heç vaxt davalarda silah və ya bıçaq haqda düşünməmişəm. Hətta adamlara ürəklə yumruq belə vurmağa qıymamışam. Daha çox sıxıb və ya yıxıb başa salmağa çalışmışam (gülüş). Amma, dediyim kimi, silaha, xüsusən tapançaya böyük marağım olub. Özü də qanunsuz tapançaya... Yadda saxla, qanunsuz silahda yasaq sevgi cazibəsi var.

Fotoqraf - İslam Kazımov

# 10372 dəfə oxunub

Müəllifin son yazıları

# # #