10 yaşlı Nərminin qətli ilə bağlı səs yazısı yayılıb. Sosial şəbəkələr, media hadisəni gündəmdə saxlamaqda davam edir.
Baş verən bu dəhşətli hadisə ilə bağlı narahatlıqlar, çaxnaşmalar, söz-söhbətlər getdikcə artmaqdadır. Açığını deyək ki, media da bir yandan baş verənləri alovlandırır.
Bütün bunları kənardan müşahidə edərək bu qənaətə gəlirəm ki, insan mənəviyyatı getdikcə daha çox eroziyaya uğramaqdadır. Həyat dolu, ümidli bir qızcığazın amansız şəkildə öldürülməsi internet dünyasında bu şəkildə əks-səda verir. İnsanlar bu qədərmi mənəviyyatlarını itirdilər?! Elə ittihamlara, elə fikirlərə, elə şərhlərə rast gəlirsən ki, əlin üzündə qalır.
Bu qədər asandırmı hər şey?
Sanki internet adamlara duyğusuzluğu, hisslərin korşalmağını, zombiləşməyi aşılayır. Reklam naminə kütləni caynağına keçirir. Senzura yox, qadağa yox. Kim nə istəyir yazır, danışır, çəkir və yayımlayır. Tamaşaçı da oxuyur, dinləyir, baxır. Proses boyu yayanlar da qızışır, izləyənlər də. Onun nə qədər çox yayması bunun o qədər çox baxmasını, bunun nə qədər çox baxması onun o qədər çox yaymasını şərtləndirir. Hadisələr təhlükəli bir çevrədə qapanaraq sonsuzluğa doğru fırlanır.
Sovet dövründə Çikatilo adında bir qatil vardı. Adamı 9 il tuta bilmədilər. Polislər onu tapmaqda xeyli çətinliklər yaşadı. Niyə bu manyak yadıma düşdü. Onun da qurbanları balaca uşaqlar idi. Sovet mətbuatı bu manyakı cəmiyyətə təbliğ etmirdi, məsələni çox qabartmırdı.
İndi dünyada eşitmədiyimiz hadisə qalmayıb. Tükürpərdici, inanılmaz o qədər olaylar olur ki, heç cürə şərh verə bilmirsən. Modern dünyamızda mənəviyyat sanki tamamilə iflasa uğrayıb.
Texniki imkanlar hər kəsi jurnalistə çevirib. Hər kəs reportaj edə, səs yaya, məqalə yaza bilər. İstədiyini yazar, paylaşar. Heç bir məsuliyyət daşımadan.
Əgər qətl törədən sözün müstəqim mənasında qatildirsə, yalanları, böhtanları istehsal edən, onu yayan, milyonların müzakirəsinə çıxaran da mənəviyyat qatilidir. Bunu unutmamalı və qurbana çevrilməməliyik.
Nəsə yazan, çəkən və yayan insanları vicdanlı olmağa səsləməkdən başqa əlacım yoxdur. Onu isə eləmirəm. Çünki sadəlövh görünməkdən qorxuram.