Əlləri qoynunda pəncərə qadın... - Oğuz Ayvazın yeni şeirləri

Əlləri qoynunda pəncərə qadın... - Oğuz Ayvazın yeni şeirləri
22 noyabr 2023
# 15:31

Kulis.az Oğuz Ayvazın yeni şeirlərini təqdim edir.

Metro-fraqment

(Qarışqalara ithaf...)

1

Bələdçinin əlindəki yolgöstərən

və tuneldə görünməyən işıq.

Hay-küy düşmüş relslərin üstünə

Sevgisini axtarmaq üçün

qaranlığa gedən oğlan...

2

Eskalator qoca yerişiylə dartınır yuxarı.

Üzlərdə qorxu və bir də nəsə var...

Tələsmək səsini eşitdi gənc adam,

qulağı sonrakı mənzərəni çəkdi:

Yaşlı qadın eskalatorun ayaqlarına səcdə edirdi.

3

Ayaqların hərəkəti çoxaldı,

Dolaşdı bir-birinə,

Maşıntoqquşdurma oyununa çevrildi.

Bir qadın çırpıldı bir kişiyə,

Amma filmə düşmədi bu an,

Kamera çəkirdi yuxarı başda.

Baxışdılar bir azacıq.

Böyük təbəssümü

üzlərinə sığışdırmaq istəyi ilə

Qatarın qapıları bağlanmadan

yetişməliydilər sevgiyə...

4

Qatarı dartıb aparan adam,

Üzü sirli adam

Qaranlıq tuneldə ömrü keçən adam,

Qatarla evli adam...

5

Platformada gəzişən uşaq gülüşü,

Qeybət və bir də pıçıldaşan bəbəklər.

Təsbeh şıqqıltısı.

Qatar qapılarının ağzını cıran sütül cavanlar,

Maşinistin aparat səsi,

Qaqqıldaşan adam hörgüsü,

Qaranlığa tələsən

yorğun qatarın köks ötüşləri...

6

Səs.

Səs.

Baxışlar.

Qaranlığa sığal çəkən işıqlar.

Laylay oxunan gözlər.

Qayıqtək yellənən yorğunluq...

7

Qışqırıqlar.

"İmkan ver keçək",

"Ay kişi, əlini çək",

"Adamlar, uşağıma kömək",

Döyüş səhnəsi,

Bir səs,

Sonra qalaya hücum,

Silkələnən kölgələr...

8

Pırtlaşıq boz saçlar,

Burunları tutan əllər,

Boş şüşələri boşaldan adam,

Vaqonun vətəndaşı adam...

9

Şütüyən stansiyalar,

Dəyişən üz cizgiləri,

Ürküdücü gözlər,

Qatarın öskürək dolu səsi...

10

Qapılar bağlanır...

Növbəti stansiya:

əlləri qoynunda pəncərə qadın.

Gərəkli yağışlar

Yağışlarda kasıblar

neyləyir, görən?

bəlkə evlərinə dolan,

şırhaşır yağan

damlaların altında yuyunurlar,

bəlkə də palçıqdan

bir adam düzəldirlər,

"ümid" qoyurlar adını...

Ya da, kim bilir,

kasıbların ümidi

yağış da ola bilər

ən azından

yağış damlaları

tozla örtülmüş köhnə evin

kirini-pasını atır,

bir də ağlayan

körpələrin göz yaşını gizlədir...

Yazıla bilməyən şeir...

Küçələr adamsızdı, külək səkilə sevişir,

Bu gün adamlar yoxa çıxıb.

Qəssab dükanının yanında

erkək buğa miskin baxışlarıyla

öləcəyi saatı gözləyir...

Arxasında küçə pişiyi ət axtarışında,

buğanın adı bir azdan ət olacaq.

Bu mənzərəyə hansısa,

filmdə baxmışdım:

orda pişiyə buğanın əti çatmırdı.

Buğanın gözlərindəsə,

saysız-hesabsız

ulduzlar axışır,

göy üzünə qaranlıq ilxı tək sürünür,

Qəssabın əlindəki bıçağın

parıltısı buğanın gözlərindən

daha zəif, daha sönük.

Küçə rəssamı bu mənzərəni

çəkə bilməyəcək qədər aciz, miskin...

mənsə, bu şeiri yaza bilməyəcək,

narkozdakı kimi

onların hərəkətlərini izləyəcək...

Bacımın rəsmi

Tər-təmiz, çirklənməmiş göy üzü

çəkir kağızda bacım,

Günəş olur orda,

dağlar olur, uşaqlar olur.

Göy üzünün rənginə boyanır əlləri,

Balaca, totuq əlləri,

Günəşi atama bənzədir,

Dağları anama,

Uşaqları bizə...

Bulanıq görünür rəsmdəki uşaqlar,

Günəşin sarısı qızarıq,

Dağlar göy üzünə çox yaxın...

Göy üzündən sonra, boşluqdu kağızda.

Tanrını çəkə bilmir bacım,

"Kağıza yerləşməyəcək", deyir,

həm də rəngi qurtarıbmış.

Rəsmdə Tanrını axtarıram hər gün,

Ona bir yer axtarıram,

ya uşaqların yanında,

ya dağların,

ya günəşin...

Dəniz üçün

Səninlə dənizə gedirik,

Balıqçılara gülümsəyirik,

Onlara kömək edirik.

Axşama balıq var əlimizdə

Səni sevirəm,

balığın dənizi sevdiyi qədər...

Səninlə kinoya gedirik,

Qaranlığa düşən böyük işıqda

kölgələrə çevrilirik.

Film başlayanda səni öpürəm,

Başqa yerlərdə də öpüş səsi gəlir.

Səni sevirəm,

filmlərə həyatı kimi baxan adamlar qədər...

Səninlə parkda gəzişirik,

Tum çırtlayırıq, dondurma yeyirik,

Bir bomja pul veririk.

Səni sevirəm,

bomjun çarpayını sevdiyi qədər...

Səninlə şəhərdə dolaşırıq,

Qabağımıza çıxanlara "sevgili" deyirik.

Bizə xoşbəxtlik arzulayırlar,

Gözəl sözləri əynimizə keçirib,

gülüşləri paylayırıq tənha adamlara

Səni sevirəm,

tənha adamların sayı qədər...

Səninlə tanımadığımız adamlara

məktublar yazırıq,

Xoş xəbərlər veririk onlara,

Uşaqları olacaq, toy olacaq,

gözəl günlər gələcək.

Səni sevirəm,

məktubları bağrına basan analar qədər...

Səninlə evimizə gedirik,

Hər yeri təmizləyirik,

Yemək bişiririk, öpüşə-öpüşə.

Axşama süfrə hazırlayırıq,

Bacımla qardaşım gələcək.

Rəqs edirik, əylənirik,

Atamın, anamın şəkilləri

gülümsəyir bizə.

Səni sevirəm,

atamın yolunu gözləyən anam qədər...

Həyat

Qaranlıq çökəcək evlərin üstünə,

Yağış damcıları düşəcək yollara,

Top oynayacaq uşaqlar

çığıra-bağıra.

Bir quş çiçək gətirəcək dimdiyində,

pəncərəm önünə buraxacaq

və yox olacaq qaranlıqda.

# 1300 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #