“Üç dəqiqə nəfəs ala bilmədim” – Zəngilanlı yazarlar qələbə sevincini bölüşür

“Üç dəqiqə nəfəs ala bilmədim” – Zəngilanlı yazarlar qələbə sevincini bölüşür
21 oktyabr 2020
# 12:00

Kulis.az Zəngilanın azad olunması münasibəti ilə zəngilanlı qələm adamlarının təəssüratını təqdim edir.

Qulu Məhərrəmli

- Mənim üçün zəngilanlı, şuşalı, laçınlı olmağın elə bir ciddi fərqi yoxdur. Hamımız Azərbaycanlıyıq, hamımız Azərbaycanın hər bir bölgəsini çox sevirik. Amma doğulduğun torpağın işğaldan azad edilməsi bir başqa duyğu bəxş eləyir insana. Hisslərimi sözlərlə ifadə eləməkdə çətinlik çəkirəm. Xəbəri eşidən kimi ilk uşaqlığım gəldi gözlərimin qarşısına, kəndimiz, çəpərlər, həyətimizdəki təndir, gözlədiyim yağ dürməyi... Bir başqa məmnunluqdur bu. Deyirlər, xoşbəxtlik anlardan ibarətdir. Ən xoşbəxt an idi bu xəbəri almağım. Ordumuza minnətdaram, Ali baş komandanımıza minnətdaram, bu qələbədə iynənin ucu boyda zəhməti keçən hər kəsə minnətdaram!

Azad Qaradərəli

- Tərslikdən koronavirusa yaxalanmışam, amma elə qəfil xəbər oldu ki, xəstəliyi belə unutdum. Bir də gördüm, geyinirəm, guya harasa qaçacağam... Aramsız iki-üç saat ağlamışam. Zənglər də ara vermirdi. Evin ortasında uşaq kimi atılıb-düşürdüm. Ölkənin hər tərəfindən, xaricdən gələn zənglərə yetirib cavab verə bilmirdim. Ayxan adlı bir nəvəm var, məni çox istəyir, zəng edib anasının telefonuyla, elə bilmişəm qızımdır, hönkürmüşəm. Uşaq qorxub ki, babam niyə gülmək əvəzinə ağlayır. İnşallah hamınızı qonaq çağıracam.

Afət Telmanqızı

Xəbəri gözləyirdim. Ard-arda Füzulinin, Cəbrayılın azad edilməsi xəbərlərini eşidirdik. Ona görə, Zəngilanı da gözləyirdim. Ali baş komandanımız “Zəngilan azad edildi” deyəndə, təsəvvür edə bilməzsiniz, nə hala düşdüm. Verilişə qonaq da çağırmışdıq. Efir vaxtımıza düşmüşdü. Sevinc hissləri keçirdirdim. Qışqırıq, sevinc hisslər və bir də xeyli ağladım, rahatladım. Onun ardınca da efirə çıxdım, efirdə də özümü saxlaya bilmədim, görüntülər də var. Hisslərimi cilovlaya bilmədim, ağladım. İstəməzdim belə olsun, amma öz əlimdə deyildi. Sevinc göz yaşları idi. Tamam fərqli bir hiss idi. Şükürlər olsun ki, o günü mən yaşadım. Bilirsiniz, mən Zəngilan rayonunda doğulmamış, ordan məcburi köçkün kimi gəlməmişəm. Nənəm, babam, dayılarım, xalalarım, əmilərim məcburi köçkün kimi gəliblər. Məcburi köçkünlüyün nə olduğunu öz içimdə yaşamışam. Ən əsas da o torpağa məni bağlayan atamın məzarıdır. Nənəmin, babamın, atamın məzarları ordadır. Doğmalarımın məzarı ordadır. Xəbəri eşidən kimi ilk anama zəng elədim. Anama gözaydınlığı verdim, təbrik elədim. Zəngilan mənim ata yurdum, ana yurdumdur. Çox sevincliyəm, çox şeyi ifadə edə bilmirəm. Səbirsizliklə Zəngilana gedəcəyimi gözləyirəm. Ordan reportajlar etmək istəyirəm, jurnalist kimi nə bacarıram onu etmək istəyirəm. Ən əsası, ilk görəcəyim iş doğmalarımın məzarını ziyarət etmək olacaq.

İsa Yunusoğlu

- Biz bu xəbəri 27 ildir gözləyirdik. Ali baş komandanın dilindən eşidəndə ki, Zəngilan şəhəri işğaldan azad olunub, sevindiyimdən düz üç dəqiqə nəfəs ala bilmədim. Nəfəsimi uddum, qaytara bilmədim. Qəhər məni necə tutdusa... Allah bu sevinci mənə qismət edibmiş ki, ölmədim, qaldım. Zəngilan qiymətli, strateji mövqeyi olan yerdir, yeraltı-yerüstü sərvətlərlə zəngin olan yerdir, Qarabağın, Zəngəzurun bir parçasıdır. Qiymətli oğulları var, qəhrəman oğulları var, alimləri, şairləri, yazıçıları var. Mən bu gün xoşbəxtəm ki, Ali baş komandanın xoş sözlərini eşitdim. Gözümüz aydın olsun! Tezliklə oralara qayıdacam.

Ceyhun Musaoğlu

- Zəngilan şəhərində doğulmuşam. Mərkəzi küçəsində 5 il yaşamışıq. Bizim ailə 1980-ci ildə Bakıya köçüb. 1990-cı ilə qədər hər yay tətilində rayona gedərdim, bir neçə kəndində olmuşam, tətil günlərini əsasən şəhərdə keçirirdim. Azərbaycan Prezidentinin işğaldan azad olunan kəndləri sadalayarkən sonda bəyan etdiyi "...və Zəngilan şəhəri" ifadəsini səsləndirəndə, yurd həsrətilə dünyasını Bakıda dəyişən babamı, nənəmi, bibimi, onların rayonda yaşadıqları çay daşlarından tikilmiş ikimərtəbəli evlərini, gəzdiyim küçələri, uşaqlıq dostlarımı gördüm. Zəng edib, təbrik edənlərlə danışa bilmədim, eləcə "Zəngilan şəhəri", "Zəngilan şəhəri" deyə reaksiya verdim.

İşğaldan azad olunan bütün yurdlarımızda təbii ki tikinti-quruculuq işləri aparılacaq, insanlar öz yurdlarına qayıdıb, yurd nisgili olmadan həyat yaşayacaqlar. Mən də bu prosesdə ən yüksək səviyyədə iştirak edəcəm. İstərdim, əzizlərimin məzarlarını yurdlarına köçürək, sonra babamgilin dağılmış evini tikək, zəngilanlılarla birgə rayonumuzun bütün ərazilərini, ev-ev, küçə-küçə əvvəlki görkəminə qaytaraq.

Gülşən Hacıyeva

- Ali Baş Komandanın çıxışını dinləyərkən yaşadığım həyəcanın izahı yox idi. Onun dilindən Zəngilanın işğaldan azad edildiyi xəbərini eşitmək həyəcanın son nöqtəsi idi. 27 illik məcburi köçkünlük, əziklik travması bir anda üstümdən qalxdı, özümü elə məğrur hiss elədim ki... Zəngilana bayrağımızı sancan əsgər kimi... Dünəndən Zəngilan, həyatım film səhnələri kimi gözümün önündən keçir. Acgözlüklə hər şeyi, hər anı xatırlamaq istəyirəm. İstəyirəm, bir an öncə gedim, ayağım torpağıma dəysin, buz kimi bulaqlardan su içim. Orada nələrlə qarşılaşacağımızı bilmirəm, yəqin, hər yer dağılıb. Amma olsun, o dağıntıların arasında mutlu olacağam. Təbii ki, bütün azərbaycanlılar kimi, mən də tam qələbəmizi gözləyirəm. Buna şübhəm yoxdur. Ən böyük sevinci Qalamızda üçrəngli bayrağımız dalğalananda yaşayacağam!

El Sevər

- Sevincimiz tükənməz dərəcədə böyükdür. İnşallah Xankəndi, Şuşa - küllü Qarabağ azadlığa qovuşanda lap möhtəşəm olacaq. Bu xoşbəxtliyi bizlərə bəxş edən hər kəsə təşəkkürlər. Ali baş komandandan tutmuş bütün əsgərlərə qədər hamısına təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Nəhayət bu yaradan, bu mərəzdən qurtuluruq. Millətimizin gözü aydın olsun.

Günel Mehri

- Xəbəri alanda çox kədərli idim. Gəncəyə görə. Elə bil, qəfil məlhəm kimi gəldi bu xəbər. Kədər göz yaşları sevinclə əvəzləndi... Nənəmgilin bağçalı həyətlərini xatırlayıram. “Lenin dairəsi” vardı Füzulinin girəcəyində. Bir də böyük park. Yanında univermaq. Qanqalları, lalələri, Quru çayı, zoğal ağaclarını xatırlayıram. Qayıdanda torpaqda yalın ayaqla gəzəcəyəm. O enerjini ancaq belə ala bilərəm.

# 5827 dəfə oxunub

Müəllifin son yazıları

# # #