Virusdan qorunmaq qələbəmizə köməkdir

Virusdan qorunmaq qələbəmizə köməkdir
2 noyabr 2020
# 10:54

2020. Bu ili uzun zaman yadımızdan çıxartmayacağıq. Bir tərəfdən Qarabağda haqq savaşımız, digər tərəfdən koronavirusla müharibə. Hər ikisi amansız və mənfurdur, ancaq bizlər bu günlərdə yumruq kimi birləşməli, əsl həmrəylik nümayiş etdirməliyik.

Cəbhədən müjdəli xəbərlər eşitdikcə xalq olaraq sevinc nəğmələri oxuyur, digər düşmənimizi unuduruq.

Min yoluxma kifayət qədər ciddi rəqəmdir. Artıq 4 rəqəmlilərə keçmişik. İnsanlar gigiyena qaydalarına riayət etmirlər.

Bəzən işə gecikməyim deyə manatlıq taksilərdən istifadə edirəm. Şəhər yoluna çıxan kimi sürücü maska taxır. Guya polisi, bizi aldadır. Soruşanda niyə belə edirsən, başlayır ki, xalaoğlu, bu virus-zad boş şeydir, siyasətçilərin oyunudur. Əlavə şərh verməyə ehtiyac duymursan.

İnsanların çoxu vəziyyətin ciddiliyini başa düşmür.

Karantin yumşalan kimi cəmiyyətin əksər təbəqəsindən olan insanlar məsuliyyət hissini itirir. Dərk eləmirlər ki, təhlükə sovuşmayıb. O, hələ də qapımızın ağzındadır.

Biz hələ koronavirus zillətindən tamamilə xilas olmamışıq axı. Və bu zillət yenidən dirilib, canımıza qəsd edir.

Spirtdən istifadəni unutmayaq, maska taxaq, əllərimiz tez-tez yuyaq. Bütün bunları qaydasında etsək, bu illəti mümkün qədər yüngül adladarıq.

O zaman lap küçədə fləşmob da keçirmək olar. Doyunca qucaqlaşarıq. Bəşəriyyətə sülh, sevgi, həmrəylik mesajı ötürərik. Bu günün gəlməsinə kimi səbrlə, əzmlə gözləməliyik.

Karantin günləri həm də bizə onu dedi ki, xoşbəxtliyi qazanmaq üçün savaşmalıyıq. Bu yolda əzablara, çətinliklərə sinə gərməliyik. Həm erməniləri, həm də virusu məğlub edənə qədər mübarizəmizdən dönməməli, iradəmizi ortaya qoymalıyıq.

Həkimlərimiz də yaralı əsgərlərə görə cəbhəyə yollanırlar. Onların da işləri ağırdır. Maksimum şəkildə özümüzü qorumalı, ayıq-sayıq olmalıyıq.

TƏBİB-dən də deyildi ki, yoluxmaların sayı artacaq.

Qaydalara əməl etməsək, hər birimiz bu virusdan naxoş nəsib alacağıq.

Gözlər, işıqlı, mutlu günlərin gələcəyinə qədər gözləyək.

Bu gün qələbə xəbrəi gözlədiyimiz cəsur əsgərlərimizə ən böyük köməyimizi virusdan qorunmaq olar. Çünki yoluxmaq təkcə özümüzün deyil, başqalarının da problemi deməkdir.Koronavirsudan qorunmaq ictimai əxlaqdır artıq...

Gigiyenik qaydalara əməl etməyib virusa yoluxmaq bu çətin və müjdəli günlərdə dövlət üçün də problem yaratmaqdır.

Nəzərə alaq...

# 4201 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #