Azərbaycanda Buker mükafatına layiq yazıçı kimdir? - Sorğu

Azərbaycanda Buker mükafatına layiq yazıçı kimdir? - Sorğu
27 avqust 2020
# 13:26

Dünən nüfuzlu ədəbiyyat mükafatı Bukerin qalibi məlum oldu. Hollandiyalı yazıçı Marika Lukas Reyneveld Beynəlxalq Buker Mükafatının qalibi olub. Kulis.az mövzu ilə bağlı yazarlar arasında sorğu keçirib. Buker mükafatına azərbaycanlı yazıçılardan kimləri layiq görürsüz? Cavabları təqdim edirik.

Anar

Gallery

- Mən Yazıçılar Birliyin sədriyəm. Yazıçılarımızdan birinin adını çəksəm, digərləri inciyər. Ona görə də, konkret fikir bildirə bilmirəm.

Elçin

Gallery

- Kim yaxşı əsər yaza bilsə, ona Buker verilsin.

Səfər Alışarlı

Gallery

- Bukeri bilmirəm, ancaq Azərbaycan Dövlət Mükafatı adında ədəbiyyat sahəsinə də aid bir ödül var, bütün tarixi boyu bir həqiqi yazıçıya verilməyib. Onun açarları mənim əlimdə olsaydı, tanıdığım normal ədəbi imza sahiblərinə verilməsinə böyük səy göstərərdim.

Həmid Herisçi

Gallery

- Dünya ədəbi trendləri Azərbaycana necə, gəlib çatırmı? Müəlliflərin zövqü, seçib incələdikləri mövzular nə qədər müasirdir? Nə dərəcədə müasir oxucunun marağına, tələbinə uyğundur?

Müasir dünya oxucusu smart, yəni ağıllı mövzulara meyillidi. Müəlliflər indi öz əsərlərinin təkcə elə bədii tərəfi ilə kifayətlənmirlər. Elmi ixtiralar, smart texnologiyalar indiki bədii mətnlərdə geniş əks edilir. Ən yeni ixtiralar yazarların öhdəsinə alimlərdən sonra buraxılır. Yazarlar öz əsərlərində bu mövzuları həyatın sınağına buraxır, insan psixologiyasının süzgəcindən keçirirlər. Ancaq bu vacib sahə ədəbiyyatımızda hələ də pasportlaşdırılmayıb. İstisnalar var. Ancaq bu, razılaşın, yetərincə deyil.

“Qorxulu ədəbiyyat” janrı bəzi ədəbiyyatlarda önə sıçrasa da, Azərbaycan ədəbiyyatında buna layiq bircə nümunə belə tapa bilməzsiz. İnsanın, millətlərin qorxu kompleksləri, müxtəlif fobiyaları, misal üçün, Stiven Kinqin yaradıcılığında ön sıradadır. O adi Amerika vətəndaşının şüuraltısındakı fobiyaları böyük məharətlə tapıb üzə çıxarır, ədəbi mətnə çevirir. Folklorumuzda bu cür “qorxulu nağılların” tək-tük nümunələri, bəli, mövcuddur. Ancaq yazarlarımızın biri belə bu vacib sahədə öz qələmini sınamayıb. Belə davam etsə, heç sınamayacaq da.

Keçək ədəbi “Dekonstruksiyalara”. Köhnə əsərləri söküb yeni məzmunda oxucuya təqdim etmə, indiki dünya ədəbiyyatının ən böyük nailiyyətidir. Bu innnovatik cəhdlər də, kiçik istisnalarla, ədəbiyyatımızda gözə dəymir. Yazarlarımız, xüsusən gənclər, buna laqeyd münasibət sərgiləyir. Köhnə mətnlərlə işləməyi bacarmırlar. Halbuki tanış ədəbi mətnlərə ikinci nəfəs vermək bizə bu gün hava-su qədər lazımlıdır. Ədəbiyyatın oksigen ehtiyacı məhz burda yaradılır.

Fentezi janrı da yazarlarımız arasında qəti populyar deyil. Son 10 ildə yazarlarımız bircə fantastik mövzuya belə müraciət etməyiblər.

Tarixi, bioqrafik mövzular çağdaş dünya ədəbiyyatında indi bir başqa cür işlənilir. Məşhur bioqrafiyaların, tarixi hadisələrin saxta-yalançı, aldadıcı versiyaları indi dünya yazarları arasında xeyli məşhurdur. Misal üçün Napoleon Bonapartın yalançı, aldadıcı bioqrafiyaları indi kitab bazarlarında özünə xeyli alıcı toplayır. Azərbaycan yazarı isə bu vacib sahədə də gerilik nümayiş etdirir. Ənənəvi bioqrafiya janrından kənara çıxa bilmir. Tarixi mövzuları orta əsr mirzələri səviyyəsində həll edir. Daha doğrusu orda heç nə həll etmir.

Ədəbiyyatımız hələ də çox millidir. Daha doğrusu, milli yox, əyalət mənşəlidir. Mövzuları arxaik, darıxdırıcıdır. Kənd mövzusunu qaçqın taleləri ilə əvəzləmək cəhdləri uğursuz görünür. Multikulturalizm ölkəmizdə geniş təbliq edilsə də, ədəbiyyatımızda özünü əks etdirmir. Misal üçün, məşhur Hind yazarı Salman Rüşdü “Qızıl ev” romanında Barak Obama Amerikasını gözəl təsvir edib. Üfüqlərdə görünən Tramp təhlükəsindən oxucularını bəri başdan məlumatlandırıb.

Bu cür öncəgörmə nümunələrini ədəbiyyatımızda axtarmayın. Yoxdu. Biz ancaq keçmişlərdə, köhnə mövzularda eşələnirik. Bizdə öncəgörmələr yox, keçmişi görmələr var.

Mistik, paranormal mövzular, yadplanetlilər barədə roman və hekayələr indi dünyada aparıcı mövzu olsa da, ədəbiyyatımız bu ədəbi trendlərə qarşı ağız büzməklə məşğuldu.

Müasir ədəbi trendlərlə ayaqlaşmayan gənc yazarlarımız çıxış nöqtəsini Cəlilə, Axundova, Sabirə qayıtmaqda görür, Poçt qutusu, Novruzəli kimi köhnə mövzuları yenidən dirildirlər. Ancaq bu, plagiat təsiri bağışlayır.

Dünya ədəbi trendləri bu vaxt qalır bir kənarda. Azərbaycana gətirilmir. Gənc yazarlar özlərini Sabir, Cəlil, Axundovla səhv salaraq girişirlər xalqı aşağılamağa. Öz uğursuzluqlarının səbəbini milli-mənəvi dəyərlərimizdə axtarmağa.

Bu kor dalanın sonunda işıq varmı? Əlbəttə var. Dünya ədəbi prosesinə diqqətimizi artırmalı, müasir trendləri Azərbaycana gətirməliyik.

Qismət

Gallery

- Buker mükafatları (Buker və Beynəlxalq Buker) müəllifə yox, əsərə görə verilir. Dünən mükafatı 1991-ci il təvəllüdlü bir müəllifin alması göstərdi ki, yaşından asılı olmayaraq yaxşı əsər yazan hamı bu mükafatı ala bilər, yəni Hollandiyalı bir gənc bilir ki, zəhmət çəksə, ömrünü ədəbiyyata həsr etsə, "mütləq başqa bir işin olsun, yazını da yazarsan" deyən adamlara fikir vermədən özünü yaradıcılığa versə, adlı-sanlı yazıçıların qatıldığı mükafatı qazana bilər. Bizdə tərsinədir, cavanlara həvəsləndirici, nə bilim, şans, ümid adlı mükafatlar verirlər, məbləği də adətən simvolik olur, hər şeyi qocalar arasında bölüşdürürlər, ona görə də cavan-cavan adamlar daha çox qoca görünməyə çalışır, tez qocalmaq istəyir, yaxud vaxtından əvvəl qocalır. Jürilərimiz adətən qoca, ikinci dərəcəli, qeyri-obyektiv, estetik zövqü ya olmayan, ya da dünyagörüşü axırıncı dəfə ötən əsrin səksəninci illərində "update" olunmuş adamlardan seçilir. Bizim mühitdə fərəhli heç nə yoxdur, heç nə, heç nə!

Azad Qaradərəli

Gallery

- Bizdən sonra yeni nəsil yetişir. Onların bir neçəsinin bir kənara çəkilib böyük şövqlə yaradıcılıqla məşğul olması məni sevindirir. Pərviz Cəbrayıl, Aqşin Yenisey, Şərif Ağayar... Bunlar oturuşmuş yazıçılardır və o Bukeri filanı da elə onlardan gözləyirəm. Əlbəttə o siyahıya daha kimlərisə əlavə edə bilərdim. Məsələn, məhsuldar olmasa da Mübariz Örəni o siyahıya hökmən əlavə edərdim və ondan daha çox şey gözlədiyimi qeyd edərdim. Mən ardımızca gələn daha bir neçə gəncin də adını çəkərdim, amma onlarçün hələ tezdir. Ən azı bir romanları çıxsın, sonra baxarıq. Və ürəyimdə çox böyük bir arzum var: gün gəlsin, ölkəmiz aydınlar ölkəsi olsun və Sabir Əhmədli adına nəşr mükafatları start götürsün və bu da olsun bizim öz Bukerimiz!

Pərviz Cəbrayıl

Gallery

- Azərbaycanın o keyfiyyətdə bir yazıçısı var: Varis.

Aqşin Yenisey

Gallery

- Bukerə layiq canfəşanlığı olan hər kəsi. Mükafatlar daha çox onlara sahib olmaq üçün canfəşanlıq edənlərin dəyəridir. Sənəti, ədəbiyyatı rəqabət mühitinin bəhrəsi kimi görən, anlayan hər kəs bu və ya digər mükafata layiqdir.

Mirmehdi Ağaoğlu

Gallery

- Anar müəllimi layiq görərdim. Qoy gedib oraları da korlasın.

Sahilə İbrahimova

Gallery

- İstənilən yazıçımız Buker mükafatına deyil “Nobel” mükafatına qədər gedib çıxa bilər. Bizim yazarlarda bu potensialı görürəm. Bəzən elə təəssürat yaranır ki, Buker alanlar, “Nobel” alanlar ətdən-sümükdən deyillər. Qətiyyən belə bir şey yoxdur. Düşüncə olaraq, təfəkkür olaraq bəzən yazarlarımız tərəfindən çox bəsit yanaşmalar görürəm. Düşünürəm ki, onlar heç bir mükafata layiq deyillər. Bu gün ölkəmizdə yazarın düşüncəsi ilə kompüter arasındakı məsafədə mövcud siyasi durum və oxucuların diktəsi var. Ona görə də onun düşüncəsi kompüterə gəlib çıxana qədər keyfiyyətini itirir. Və normal əsərlər ortaya çıxmır. Üzdə olan yazarları kütlə istədiyi yerə yuvarlaya bilir. Yazar bilərəkdən yaxud bilməyərəkdən çoxluğun diktəsinə uyur və yaradıcı azadlığını itirir. Bu kontekstdə Bukerə gedib çıxacaq mövzu tapmaq, əsərdə özünü ifadə etmək olduqca çətinləşir. Bütün bu əngəllərə rəğmən inanıram ki, Azərbaycanda yaxın 5-10 ildə Bukerə qədər çıxa biləcək əsər yazılacaq. Bir də onu qeyd edim ki, yazarlara yön verən, yazarların öz güvənini artıran redaktorlar çox azdır. Azərbaycanda redaktor və yazıçının əməkdaşlıq problemi var. Yəni yazar peyğəmbər deyil ki, hər şeyi özü bilsin. Ona müəyyən qədər yaradıcı yön verən adamların olması lazımdır. Bizdə bu adamlar stimul vermək əvəzinə yazarları istədikləri yerə dartmaqla məşğuldurlar. Məsələn, bu yaxınlarda bir redaktor mənə dedi ki, sən özünü Anna Axmatova kimi aparırsan, müxtəlif yazıçı adları sadaladı. Bir çox iradlarını bildirdi. Mən bunları ciddiyə almadım. Bizim redaktorlar yazıçıları qaldırmaq əvəzinə aşağı tuturlar.

Sevinc Elsevər

Gallery

- Arzu olunandır ki, bizim ölkədən də kimlərsə nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülsün. Bu elə ümumi Azərbaycan ədəbiyyatına diqqəti artırar. Buker, “Nobel” almayanlarımızı da alanların gözünə qatıb dünyaya çıxarırlar. Ümumiyyətlə, dünya oxucusu dönüb bir Azərbaycan ədəbiyyatına nəzər salmağa maraqlı olar. Ancaq bu yol çox uzaq görünür hələ. O cür nüfuzlu mükafatları çoxlu əcnəbi dillərə tərcümə olunub, uğur qazanan yazıçılar alır. Durub “lappadan” ucqar bir ölkədə hücrəyə çəkilib dərviş kimi yazıb-yaradan, öz ölkəsində belə tanınmayan yazıçılara vermirlər. İngilisdilli romançılar peyda olmalıdır. Bizdə ingilisdilli məktəblər var. O məktəblərdə yetişəcək bəlkə gələcəyin “Nobel” ödülçüsü, Buker ödülçüsü. Ya da mükəmməl tərcüməçilər yetişməlidir. Ancaq ingilis dilindən Azərbaycan dilinə tərcüməni çox vaxt yarıtmırlar. Sadəcə arzu eləməyə qalsa, bütün qələm dostlarıma arzu edirəm o mükafatları. Mənimçün fərqi yoxdur kimə verirlər, versinlər. Dünən Feysbukda gördüm ki, ən çox Ayxan Ayvaz ümidlənib. Bukerin son mükafatçısı Ayxanla yaşıddır. Qoy elə bizim də gənc yazarımız alsın. Ayxan olsun!

# 4748 dəfə oxunub

Müəllifin son yazıları

# # #