Allahı məhkəməyə verən adamlar

Allahı məhkəməyə verən adamlar
12 iyun 2020
# 11:21

Zaman-zaman "ədalət”, "həqiqət” anlayışları tarixin süzgəcindən keçir. Hərənin öz ədaləti, həqiqəti var. Amma ədalət və həqiqət birdir, dəyişməz olaraq qalır. Ədalət doğru qərar çıxarmaqdır. Yəni həqiqəti tapmaq. Bu anlayışlar klassik ədəbiyyatdan üzü bəri dartışılır və həmişə aktual olaraq qalır.

Məsələn, bizə ən yaxın, doğma olan əhvalatı götürək. Nizami Gəncəvinin "Sirlər xəzinəsi”ndəki "Sultan Səncər və qarı” hekayəsini... Sultan Səncər Səlcuqlular sülaləsindən olan, Nizamidən bir neçə il əvvəl vəfat etmiş, eyş-işrətə başı qarışdığından ölkənin idarəsini öz yaxın adamlarına tapşırmış zülmkar şahdır. Ona vergi verən bir tayfaya ədalətsizlik edib, onlardan alınan vergini artırdığı üçün həmin tayfa tərəfindən əsir edilir, bunun nəticəsində şahlıq əlindən çıxır, əsirlikdən qaçdıqdan sonra isə ölkəsinin qarət və talan edildiyini görərək, çox yaşaya bilməyib ölür. Nizami bu tarixi hadisələrdən istifadə edib, Sultan Səncəri öz "ədalət” süzgəcindən keçirir.

Sənətkar deyir ki, əgər zülm edib xalqı incitsən, xalq da sənə qarşı olar. Əksinə, xalqın dərdlərinə can yandırsan, onlar da bunun əvəzində sənə can-başla rəiyyətlik edib, hörmətini gözlərlər. Sultana bütün bu həqiqətləri qarı deyir.

Başqa bir əhvalata qulaq asaq:

Alman kralı ll Frederick, 1750-ci ildə Postdamdan keçərkən oranı çox bəyənir və "mənə burada bir saray tikin" əmrini verir. Ertəsi gün kralın adamları ora gedərkən, həmin yerdə köhnə bir dəyirman görürlər. Adamlar qapını döyürlər və yaşlı bir dəyirmançı qapını açır:

- Buyurun?

- Bizi kral göndərdi. Buranı görüb çox bəyəndi. Satın alacaq, qiyməti nə qədərdir?

- Satmıram ki, nə qiymət?

- Axmaqsan? Kral istədi deyirik.

- Mənə nə?! Mən satmadıqdan sonra kimsə ala bilməz.

Adamları gəlib krala deyirlər ki, zati-aliləri, bəyəndiyiniz yerdəki dəyirmançı dəlidir, ərazini satmır.

- Çağırın görüm mənə bu adamı.

Dəyirmançı gəlib kralın qarşısında dayanır. ll Frederick:

- Səhv başa düşmüsünüz deyəsən, bəy əfəndi, mən oranı satın almaq istəyirəm. Nə qədərdir qiyməti?

- Xeyr səhv bilmirəm, adamların da dünən bunu dedilər. Satmıram!

- Bəy əfəndi, inad etməyin, pulunuzu artıqlamasıyla verəcəyəm.

- Sən bir kralsan və pulun çoxdur. Get Almaniyanın hər yerində saray tikdir. Buranı məndən əvvəl atam işlədirdi. Ona da atasından qalıb. Mən də övladıma verəcəyəm. Satmıram!

ll Frederick ayağa qalxır:

- Unutma ki, mən kralam!

Dəyirmançı baxır və halını pozmadan:

- Sən də unutma ki, Berlində hakimlər var!

Heç bir güc, heç bir siyasət, heç bir iqtidar, kral belə olsa ədalətdən üstün deyildir. Heç kimsə ədalətin üstünə çıxa bilməz, orada taxt qura bilməz.

Bu gün bütün inkişaf etmiş ölkələr hüquq fakültələrində bu hadisəni danışırlar. "Berlində hakimlər var!"

İllərdir Postdamda Sansosi sarayı və Dəyirman yan-yanadır. Kral və dəyirmançı ədalətlə qonşuluq edib. Səhərlər ll Frederick arxa bağçaya çıxdığı zaman dəyirmançı ona səslənərmiş:

- Eyy, Frederick, çörək bişirdim, göndərimmi?

Bu haqda ll Frederick danışarkən deyirmiş ki:

- Ədalət hər səhər mənə isti bir çörək qoxusuyla gəlirdi...

Maraqlı ifadədir: "Ədalət isti bir çörək qoxusuyla gəlir”

Dünya mədəniyyəti bu sual ətrafında baş sındırır: "Ədalət və həqiqət hardadır?” Din buna sadə cavab tapıb: "Allah”. Bəs Allahın ədaləti hara qədərdir? Və yaxud Allah ədaləti gec-tez bərqərar edə bilirmi?

Məşhur bir alman filmi var: "Allahın məhkəməsi”. Osvensim düşərgəsində işgəncələr görən və yandırılmaqda olan adamlar Allahı məhkəməyə verirlər. Ondan ədalət istəyirlər.

Ədalət və həqiqət axtarışları hər kəsin içində var. Amma… Hər kəs ədalətli deyil, həqiqətin yanında deyil.

Zaman isə ədalət anlayışını tamam dəyişib. İndi çəkilən filmlər, yazılan əsərlər bu anlayışa tamam ayrı bir rakursdan baxır. "Pis və yaxşı adam” söhbəti yoxdur artıq. Pis adamın da ədaləti və həqiqəti ola bilər. Olmalıdır da.

Deməli, əslində, hər şey insanın içində baş verir. Situasiyaya görə dəyişir: ya ədalətli olursan, ya ədalətsiz. Heç kimi bu cür sorğulamaq, ittiham eləmək olmur. Hər kəsin öz tərəzisi var. Və o tərəzi tez-tez dəyişir...

# 2964 dəfə oxunub

Müəllifin son yazıları

# # #