Kulis.az-ın əməkdaşı, şair Oğuz Ayvazın “Adını pıçıldadığım küçə” adlı ilk kitabından seçmə şeirləri təqdim edirik.
Tanrının uşaq üzü
payızda yağışla yuyunur saçların,
yayda günəşlə quruyur,
qışda ağarır...
çox dərdlisən bu aralar,
sənə yaraşmır, imicini dəyişdir.
uşaqlardan çılğınlıq götür,
anasının qucağına qaçmağını götür,
fəhlələrdən ümid götür,
evə bir tikə çörək aparan adamın
xoşbəxtliyini götür...
Tanrıdan çox şey istəmə
o da səninlə bərabər böyüyür,
o da acizdir,
o da dərdlidir,
sadəcə böyük olmağı
narahat edir onu...
uşaq görüntüsü ilə çıxır qarşımıza...
adamların arasında deyil, sığışa bilmir,
bir az Tanrıya yer elə yanında
gülməyi öyrən,
qaçmağı öyrən,
bayramlarda qanad çalıb göylərə
uçan uşaqlara qoşul...
Yaşamağın səsi
kədərli gözlərini üzündən çıxartmalıyıq dostum,
gözyaşları süzülən yanaqlarını da....
hərdən ay çıxanda, qaranlıq güllə tək göy üzünə sancılanda,
aramsız yağış kimi başından döyən xatirələri,
bir də, bir də, dostum
şəkillərə baxıb köks ötürməyini çıxarmalıyıq həyatından,
birdəfəlik...
heç bir əşyanın üstünə kədər qondurma, dostum,
yalan söhbətdi, əşyalar insanları xatırlatmır,
əşyalar da insandır....
yanında boş bir bardaq varsa,
ya da bir stul, yaxud bir bıçaq,
üzülmə, üzülmə...
elə bil ki, ən doğma adamın oturub yanında...
fikir çəkməyin də başını burax,
düşüncələrini qəfəsdən uçurt,
qoy otaq boyu uçsunlar,
sevdiyin qız üçün
özünü öldürməyi də yaraşdırmıram sənə...
ondansa bir ətirşah gülünü sev,
yaxşı qulluq eləsən
heç vaxt ayrılmaz yanından...
Tanrıya da üsyan eləmə,
həyatı tanımaq üçün, anlamaq üçün,
həyata sarılmaq üçün göndərir faciələri, dərdləri...
gəl səninlə oyun oynayaq dostum,
əzabları, ağrıları sevgiyə çevirək...
necə deyə soruşma
əlimizdə bir boşluq var, yəni heç nə,
o boşluq yaşamağın lap elə özüdür...
ölümünə yaşayacaqsan, dostum,
bütü əzalarını itirsən də,
ayaqlarını, əllərini, gözlərini,
nə bilim daha da dəhşətli,
daha da çıxılmaz halqanın içinə düşə bilərsən,
ağrıdan nəfəsin tıncıxa da bilər,
bütün insanları ləkə kimi də görə bilərsən gözlərində,
bütün ağaclar asılacağın ip kimi gələ bilər sənə...
amma dayan...
dayan, bir anlıq dinlə,
həyatın özü-özünə bəstələdiyi musiqini,
maşınların uğultusunu,
gəmilərin fit səsini,
qab-qacaqların,
dənizin, dalğaların,
itlərin, pişiklərin, qağayıların...
yəni bütün səslərin bir səs kimi gəldiyini eşit...
yaşamağın səsidir o,
yaşamığın səsi...
sən olmasan bu bəstə yarımçıq qalacaq dostum,
küsmə həyata,
küsmə insanlara,
öldürmə özünü...
bəstəmiz yarımçıq qalmasın
səslər kəsilməsin...
hamımız təsəlli üçün yaşayırıq, dostum,
gəl sənə yaşamağın sirrini deyim,
elə bir şey deyim ki,
yaşamaq sevdiyin adamın portreti kimi
asılsın başının üstündən...
dostum, qulaqlarında sırğa elə, heç vaxt unutma:
ölmək istəsən uşaqların gözlərində qaçışan
həyata bax...
Anamın xatirəsinə...
sən tərk edəndən məni,
bütün qadınlara
yalan danışmaq yoluxdu,
"səni sevirəm"lər, "yanındayam"lar,
əllərimdən tutmalar bulaşdı...
onlar mənə ana oldular,
başımın üstündə əsdilər,
sənin gözlərinlə baxdılar mənə, ana
hissə-hissə tapırdım qalıqlarını
çətin olurdu səni birləşdirmək ana...
yuxularda da bütöv deyildin,
özünü asdığın şalın,
saçların,
gözlərin...
xilas olmağa çalışan əllərin,
yuxularımdakı qadını gəzirdim həyatda
saçlarını metroda tapırdım,
gözlərini avtobusda,
əllərini küçədə...
ad günün də yadıma düşmür
nə vaxt doğuldun,
yadıma düşmür
qarşı-qarşıya tort yediyimiz ,
xatırlaya bilmirəm,
hədiyyələrə sevindiyini,
bütün qadınlar
doğum günün kimi gəlirdi mənə
tanış olduğumuz tarixdə sən doğulurdun
neçə vaxtdı ad gününü keçirtmirik,
sənə bənzəyib
tort yemək istəmir bütün qadınlar...
mən səni, mən səni...
boş qalmış yelləncək kimi, yelləncək kimi...
ayaqqabıları qucaqlayıb
yatan uşaqların
sevinci kimi xatırlayıram...
Səni sevmək sənəti
səni sevmək güllələnən uşaqların
qabağına keçmək,
bütün insanlara gül paylamaq,
qarşından keçənlərə gülümsəmək,
limon satan qadına salam vermək...
səni sevmək böyük şəhərlərin
kiçik insanlarını bağrına basmaq,
qocaları baxşınla cavanlaşdırmaq,
bütün insanları uşaqlaşdırmaq,
rəngli şarlarla böyük bir meydançaya
toplamaq bütün insanları,
və səni sevmək təkcə dənizi,
günəşi, dağları, ağacları,
quşları, buludları deyil
bataqlıqları, xarabalıqları,
üfunət iyi gələn
gölməçələri sevməkdir
uşaq simasına çevirmək onları gözlərinlə...
səni sevmək görmədiyimiz şəhərlərin küçələrinə
evinizin eyvanından baxmaq kimi…
səni sevmək Tanrıya əlini toxundurmaq kimi,
yəni sevgilim, səni sevmək
bütün savaşlara,
bütün güllələrə yox əmri!
Metro-fraqment
qarışqalara ithaf...
1.
Bələdçinin əlindəki yolgöstərən
və tüneldə görünməyən işıq.
Hay-küy düşmüş relslərin üstünə
Sevgisini axtarmaq üçün qaranlığa gedən oğlan...
2.
Eskalator qoca yerişiylə dartınır yuxarı.
Üzlərdə qorxu və bir də nəsə var...
Tələsmək səsini eşitdi gənc adam,
qulağı sonrakı mənzərəni çəkdi:
Yaşlı qadın eskalatorun ayaqlarına səcdə edirdi.
3.
Ayaqların hərəkəti çoxaldı
Dolaşdı bir-birinə
Maşıntoqquşdurma oyununa çevrildi.
Bir qadın çırpıldı bir kişiyə,
Amma filmə düşmədi bu an
Kamera çəkirdi yuxarı başda.
Baxışdılar bir azacıq.
Böyük təbəssümü üzlərinə sığışdırmaq istəyi ilə
Qatarın qapıları bağlanmadan yetişməliydilər sevgiyə...
4.
Qatarı dartıb aparan adam
Üzü sirli adam
Qaranlıq tuneldə ömrü keçən adam
Qatarla evli adam...
5.
Platformada gəzişən uşaq gülüşü
Qeybət və bir də pıçıldaşan bəbəklər.
Təsbeh şıqqıltısı.
Qatar qapılarının ağzını cıran sütül cavanlar.
Maşinistin aparat səsi
Qaqqıldaşan adam hörgüsü
Qaranlığa tələsən yorğun qatarın köks ötüşləri...
6.
Səs.
Səs.
Baxışlar.
Qaranlığa sığal çəkən işıqlar.
Laylay oxunan gözlər.
Qayıq tək yellənən yorğunluq...
7.
Qışqırıqlar.
"İmkan ver keçək”
"Ay kişi, əlini çək”
"Adamlar, uşağıma kömək”
Döyüş səhnəsi
Bir səs
Sonra qalaya hücum
Silkələnən kölgələr...
8.
Pırtlaşıq boz saçlar,
Burunları tutan əllər,
Boş şüşələri boşaldan adam,
Vaqonun vətəndaşı adam...
9.
Şütüyən stansiyalar,
Dəyişən üz cizgiləri,
Ürküdücü gözlər,
Qatarın öskürək dolu səsi...
10.
Qapılar bağlanır...
Növbəti stansiya: əlləri qoynunda pəncərə qadın.
Anti-kədər
bu gün dərdlərə
ara vemək lazımdı,
gəzmək dəniz sahillərini,
qulaq asmaq suyun
daşlara dəyən səsinə,
baxmaq dənizin üzərində
uçuşan qağayılara
unutmaq bütün sevdiklərini...
bu gün dərdlərə ara vemək lazımdı.
bu gün hər şey istədiyin kimi olmalıdı,
gəmilər kədərləri uzaqlara aparmalıdı,
kədərlər duman şəklində çıxmaldı borulardan
sonra kiçik qayıqlar sevinc gətirməlidi,
sevgilər limana çıxmalıdı səssizcə...
bu gün hər şey istədiyin kimi olmalıdı.