Kulis.az Xalq şairi Nəriman Həsənzadə ilə karantinlə bağlı qısa müsahibəni təqdim edir.
- Karantin günlərini necə keçirirsiz?
- Necə göstəriş veriblər, elə də keçirdirəm.
- Özünüzü necə qoruyursunuz? Əllərinizi yuyursuz?
- Təbii ki, tez-tez əllərimi yuyuram. Ayrı cür yaşamaq mümkün deyil.
- Küçəyə çıxırsız?
- Xeyr.
- Spirtdən istifadə edirsiz?
- Əlbəttə.
- Qohumlarla görüşürsüz? Qonaq qəbul edirsiz?
- Heç kim gəlmir. Heç yerə də getmirəm. Qaydalara əməl edirəm. Bu gün Azərbaycanda çox yaxşı tədbirlər görülür. Xaricdən dostlarım zəng edir mənə. Deyirlər, heç Avropa Azərbaycanın gördüyü işləri edə bilmir.
- Evdə hansı kitabları oxuyursunuz?
- Kitablarsız yaşaya bilərikmi?!
- Karantin günləri yaradıcı adamlar üçün fürsət oldu...
- Ağır xəbərlər olan yerdə fürsət deyə bilmərik. Bir var rahatlıq ola, bir də var fürsət ola işləyəsən. Televizyadan, ordan-burdan ölüm xəbərləri gələndə şairə pis təsir edir. Hamımıza, eləcə də mənə.
- Sizcə bu nə bəladır?
- Mən də sizin kimi, bilmirəm. Allah köməyimiz olsun. Görək vəziyyət hara gedir.
- Yaradıcılıqla məşğul olursunuz?
- Bəli, oluram.
- Nələr yazırsız?
- Əsərlər üzərində işləyirəm. Şeirlərim var, onları yazıram. Başqaları fərqində olmaya bilər, yaradıcı adam necədi? İmkan olanda işləyəcək, mütaliə edəcək. Mən yaşlı nəslin nümayəndəsiyəm. Çalışmalıyam küçəyə çıxmayım.
- Bəs ehtiyaclarınızı necə ödəyirsiniz? Mağaza, aptek və s.
- Kömək edənlər var.
- Sizcə, bu məsələlər nə vaxt bitəcək? Proqnozunuz var?
- Hər şeyin sonu var. Elə şey yoxdu ki, onun axırı olmasın. Amma konkret proqnozu verə bilmirəm. Gərək, bu proqnozu mütəxəssislər versin.