Xalq yazıçısı: “Bizə Anar lazımdır, Yazıçılar Birliyi yox” – Müsahibə

Mövlud Süleymanlı, Xalq yazıçısı

Mövlud Süleymanlı, Xalq yazıçısı

5 aprel 2022
# 15:00

Kulis.az Xalq yazıçısı Mövlud Süleymanlının APA-ya müsahibəsini təqdim edir.

Adətən, müsahibəyə mən başlayıram, amma bu dəfə fərqli oldu. Müsahibim ilk sualı verməkdə məni qabaqladı:

– İcazənlə bir sual vermək istəyirəm, – dedi. Amma mən bu suala əvvəldən hazır idim, ona görə də müsahibimin ürəyindən keçən sualı dilinə gətirmədən onu cavabladım:

– Mövlud müəllim, mən sizi oxumuşam.

– Onda başla, – dedi...

– Bir az mətbuatdan və adamlardan qaçırsınız sanki. Məsələn, Rüstəm İbrahimbəyovla vida mərasimində gözüm elə hey sizi axtardı...

– Hə, o xəbərə çox dərin təəssüf hissi keçirdim. Mən Rüstəmi çox oxumuşam, hətta, bəlkə də, ondan müəyyən məsələlərdə bəhrələnmişəm də. Maraqlı, istedadlı və milli kimliyini sevən adam idi. Vidaya və dəfnə getməməyim isə gözümdəki problemlə bağlıdır. Haradasa, bir ilə yaxındır ki, yazmağı belə dayandırmışam.

– Bir il... Kifayət qədər böyük zamandır.

– Əlbəttə! Amma əldən nə gəlir ki?! Müalicə alıram, düzdür, amma görməyim və mətn üzərində işləməyimdə, hələ ki, problem yaşayıram. Və bu da məni bir az dəyişib, kədərləndirib. Yazıçı üçün gözlə sınağa çəkilmək ağırdır, gözlənilməzdir və kədərlidir. Yazıçı gözdən asılıdır. Ümumiyyətlə, yatmazdan əvvəl daima mütaliə eləyən adam olmuşam. Amma indi bir az fərqlidir. Yaş özünü göstərir, yəqin.

– Rüstəm İbrahimbəyovla yaxın münasibətiniz olub?

– Müəyyən münasibətimiz olub, belə sən deyən, dost olmamışıq. Məsələn, Anarla Rüstəm möhkəm dost olublar.

– Mövlud müəllim, sizin nəsillərin ədəbi mühitə gəldiyi vaxtda iki cəbhə var idi: kənd mühiti yazarları və şəhər mühiti yazarları. Və “şəhərlilər” sanki sizləri bəyənmirdi, sıxışdırırdı.

– Hə, doğrudur. Yaxşı da sualdır. İki cəbhənin olması düzdür. Az qala, problemə çevrilmişdi. Sadəcə burada əsas məsələ mətnin dərinliyinə vara bilmək və onu qiymətləndirməkdir. İstər şəhər mətni olsun, istər kənd, fərqi yoxdur, birinci növbədə əsas götürüləsi məqam mətn və onun mahiyyətidir.

– Mühit mətnə sirayət eləmir ki?

– Əlbəttə, eləyir, mən bunu danmıram. Gəl belə danışaq da, mən şəxsən özüm kənd mühitindən çıxmışam, amma şəhər ədəbiyyatı yazmağa cəhd də eləmişəm.

– Sizcə, eyni dərəcədə effektli olub?

– Tərbiyədən və böyüməkdən asılıdır. Daha çox gördüyünü yazırsan axı. Amma ədəbiyyat həm də görmədiyini yazmaq deməkdir. Fantaziyadan, düşüncədən də asılıdır. Amma, dediyim kimi, o cəhdi mən eləmişəm, publisistik yazım da var – kənd və şəhər ədəbiyyatı haqqında düşüncələr.

– Gözünüzə görə fasilə vermisiniz. Bəs ən son nə yazmısınız?

– “Tanrı oturacaqları” romanı “Ədəbiyyat” qəzetində hissə-hissə yayımlanırdı, amma sonrası qaldı. Bilirsən, mən boş dayanmamışam. Həmişə yazmışam. Mənim ömrüm ədəbiyyatla bağlıdır, mənim vəzifəm, sənətim ancaq yazmaqdır. Amma indi, təəssüf ki, gözümlə bağlı məsələ məni bir az narahat edir.

– Kənd mühitinin yaxşı təsvirinə görə mükafat almısınız. Yaxşı bəs, sizə görə, bu nominasiyada şəhər mühitini ən yaxşı təsvir edən kim ola bilər?

– Vallah, elə Rüstəm özü. Kifayət qədər ciddi yazıçıdır. Onun qardaşı həmçinin – Maqsud İbrahimbəyov. Sonra Çingiz Hüseynovu deyə bilərəm. Anar, Elçin. Yəni siyahıda adam çoxdur. Onu da deyim ki, Elçinin kənd həyatı təsvirləri də gözəldir.

– Elçində daha çox Abşeron kəndləridir.

– Hə, ay sağ ol. Bilirsən, Elçin sanki kənd mühiti anlayışını açıb düzür masaya. Sanki həqiqətə rast gəlir və onu yazır.

– Ədəbiyyatda təsirlənmələr necə, normaldır?

– Markes deyir ki, mənə həmişə irad tuturlar ki, sən Folknerdən götürürsən. Mən uzun illər bu haqda düşündüm ki, bu necə ola bilər? Axırda tapdım: bizim dağlarımız birdir. Biz eyni dağları, eyni mənzərəni görmüşük və o dağlardan qidalanmışıq. Bu ifadə mənə çox təsir eləmişdi.

Bilirsən, bizdə aran adamı, dağ adamı anlayışı var. Bu boş yerə yaranmayıb. Məsələn, mən dağ adamıyam. Dağla qidalanmışam. Ümumiyyətlə, adam yaşadığı yeri mənimsəyir, xasiyyətinə təsir edir. Bu baxımdan, mətnin də aranı, dağı olur.

– Yəni yazı həm də xasiyyətdir, hə?

– Tamamilə. Və insana nə təsir edirsə, o mətnə də o şəkildə təsir edir. Bu yaşıma qədər mənə ən çox təsir edən şey bizim 44 günlük müharibə və qələbəmiz olub. Mən o qələbədən sonra hansı məclisdə oluramsa, söhbətimə, sözümə oradan başlayıram. Ümumiyyətlə, mənim əsərlərimdə həmişə qələbə ruhu, havası olub. Bu da məni ayrıca sevindirir ki, mən o qələbəni əvvəldən duymuşam. Bu qanlı-qadalı tarixdən biz sərkərdəmiz – cənab Prezidentimiz başda olmaqla, onun təşəbbüsü ilə qurtulduq.

Bilirsən, bizim üçün Vətən anlayışı tamam başqadır. Mən azdan-çoxdan ermənicə də bilirəm. Onlarda bir məsəl var ki, harada çörək var, Vətənin oradır. Bu bilirsən nə deməkdir? Bu təsəvvürə sığmaz dərəcədə fərqli düşüncədir. Biz Vətən üçün canımızdan keçirik, erməni isə harada çörək tapsa, ora Vətən deyir. Bizim əsas fərqimiz budur.

Amma mən sənə onu da deyim ki, mən əsərlərimdə erməniyə nifrətlə, nə bilim, söyüşlə yanaşmamışam.

– Əslində, yazıçının o şəkildə yanaşması normaldır.

– Məndən asılı olmayıb. Bir də baxıram ki, o cür alınıb. Bilirsən, mən 17 yaşıma qədər onlarla bir yerdə yaşamışam, bir yerdə oxumuşam. Bir-birimizlə əlaqələr var idi, nə bilim, dostluq var idi. Bir ayaqqabı ustası var idi, hər il mənə bir ayaqqabı tikirdi. Qardaşımla yaxın idi. Bir dəfə mənə dedi ki, bilirsənmi, sənin qardaşınla mənim fərqim nədir? Mən millətçiyəm, amma qardaşın yox. Deyirdi ki, mən erməni təşkilatına hər ay pul ödəyirəm. Niyə? Millətim üçün, onun gələcəyi üçün.

– Qələbəmizi əhatə edən nəsə yazdınız?

– Yaza bilmədim, gözüm imkan vermədi, amma bayaq da dediyim kimi, mənim elə əvvəldən mətnlərimdə o ruh olub, qələbə havası olub.

Mən sənə dəqiq bir şey deyim ki, ermənini daha çox özü məhv edir. Düşüncə baxımından, baxış bucağı baxımından... Çox dar düşünürlər, zədəli düşüncəyə sahibdirlər.

Bilirsən, “Böyük Ermənistan” xülyası onların beyninə, şüuruna elə diktə olunub ki, özləri artıq ona inanıblar.

Mən ssenari şöbəsində işləyəndə orada bizimlə bir erməni qadın da işləyirdi. O qadın Aşıq Ələsgər haqqında elə bir məqalə yazmışdı ki, mən təəccüb elədim. “Qobustan”ın ilk nömrələrində çap olunmuşdu. Biz onunla tez-tez mübahisə edirdik. Qarabağ ermənisi idi. Savadlı qadın idi. Bizim mübahisələrimiz də savadlı olurdu. Mənə dedi ki, böyük-böyük danışırsan, amma keçmişə baxsaq, mən filosoflara gedib varacam, sən isə çobana. Bu həqiqətdir.

– Həqiqətdir ki?

– Qismən düz deyir də. Cavabını verdim e, düzdür. Amma mən həm də ona dedim ki, çoban tarixi mərhələdir. Sizin probleminiz odur ki, gedib çobana çıxa bilmirsiniz. Bütün dövrlərdə ancaq elə torpaq, yer axtarmısınız. İşiniz, dərdiniz ancaq bu olub.

– O hansı filosofları nəzərdə tuturdu ki?

– Kilsə filosoflarını deyirdi. Məsələn, Vars Buzant. Əslən yunan olub, amma erməni tarixini yazıb. Ona əsəri kilsə pul verib yazdırıb. Ondan sonra da erməni filosoflar yetişdirilib.

– Kinostudiyada da işləmisiniz. Daha çox “Bəyin oğurlanması” filmindən danışmaq istəyirəm. Deyirlər ki, filmi uğurlu edən Vaqif Mustafayev olub.

– O ssenaridə mənə aid nəsə yoxdur. Hər şeyi dəyişib çıxarıblar. Orda direktor dəyişikliyi oldu, ssenari əldən-ələ keçdi və nəticədə o hala düşdü. Özü də komediya ssenariləri baha olur, mən o ssenaridən 180 min pul almışdım. Xeyli mübahisələrimiz oldu. Hətta bir dəfə Vaqiflə mübahisədən sonra əsəbdən maşınımı divara da vurdum, qəza elədim. O qədər əsəb-stress, gərginlik. Yekunda isə, ssenari, tamamilə, dəyişildi. Məsələn, Miriş zad əlavə olundu. Və film çox uğursuz alındı.

– Bəs deyirlər, o obraz yox imiş. Arif Quliyev həmin vaxt kənddə imiş, onu da filmə salsınlar deyə, o obrazı əlavə ediblər.

– Əşi, o qədər dəyişiklik oldu, bu da onlardan biri. O pul məni, açığı, dirçəltdi.

Bir dəfə Ramiz Rövşənə demişdim ki, kirvə, sənin şeirlərin səndən yaxşı oğlandır. Ramiz oğlumun kirvəsidir. Əsərlərim də eynilə mənim özümdən yaxşı oğlandır. Cavan vaxtı heç vaxt belə danışmazdım, amma bu gün danışa bilirəm, haqqım var.

Mən xalqa görə bir az təəssüf edirəm, bu xalq sanki geridə qaldı. Kökümüz, milli kimliyimiz məsələləri xalqa maraqlı gəlmir. Bu xalq elə məsəllər, misallar yaradıb ki, adam təəccüb edir. Məsələn, deyir ki, oğluna elə bir qız al ki, papaq kimi başında açılsın. Sən bilirsən bu məsəlin mənasını?

– Yox.

– Bax mən də bunu deyirəm. Sən də bu xalqın bir oğlusan, amma sənin üçün xalqın yaratdığı bu misallar maraqlı gəlmir.

– Mən maraqlı gəlmir demədim axı, mənasını bilmirəm dedim.

– Bilmək lazımdır da, oğul. Məsələn, deyir, Koroğlu elə gəlirdi ki, elə bil bir dağ idi, buludunu başına almışdı. Bunu xalq yaradıb e. Min il yazsan, min il oxusan, belə bir təsvir yarada bilməzsən.

– Sizin mətniniz folklora söykənir. Məncə, bir növ, öz mətninizi müdafiə edirsiniz.

– Bayaq dedim axı, artıq elə bir yaşdayam ki, bunu edə bilərəm, haqqım var. Bu xalq dərslik səviyyəsində yaradıb hər şeyi. Mən də əsərlərimdə xalqın yaratdıqlarını götürmüşəm. “Yer üzünə məktub”da da yazmışam. Bax, bayaq məsəl çəkdim, oğluna elə bir qız al ki, papaq kimi başında açılsın. Bu papaqçılıqla bağlıdır. Papaqçılıqda dərini seçmək hər adamın işi deyil. Əsl papaq hələ doğulmamış quzunun dərisindən olur. Dərinin rəngini isə quzu hələ doğulmamış bilirdilər. Bilirsən, necə? Qardaşım deyir ki, qoyun doğmağına az qalmış mələyəndə dilinə bax, dili nə rəngdədirsə, quzunun dərisi də o rəngdə olacaq. Qoyunu kəsirlər, o quzunun dərisindən də papağı düzəldirlər. O dəri gün görməməlidir, düzgün soyub düzgün qurutsan, o dəri illərlə yaşayacaq. Gecə yatırsan, səhər görürsən ki, papaqda quzunun qıvrımları açılıb. Xalq bunu deyir də. Bu boyda fakt adamı yazıçı eləməsin, neyləsin? Yetər ki, oxusunlar. Ümumiyyətlə, məni oxumayan adamın mənimlə söhbəti alınmaz. Bir dəfə biri müsahibəyə gəlmişdi, deyirəm, a kişi, sən gəlmisən mənimlə müsahibəyə, amma bilmirsən ki, mən nə yazıram, necə yazıram. Olmaz axı.

Mən dayanmadan yazmışam, lazım olandan da çox işləmişəm. Ssenarilərim var: “Noxtalı adam”, “Dağlarda şeytan”. Pyeslərim var, romanlarım, hekayələrim. İşim yazmaqdır, oxumursan, heç oxuma. Məcbur eləmirəm.

– Xalq yazıçısı adını almısınız. Yaradıcılığınız qazandırıb, düzdür. Bəs sizi kim tövsiyə edib?

– Yox, yoxdur elə bir adam. Seçilmiş, heç bir təmənna güdməyən dostlarım olub. Amma mən o adı yazdıqlarıma görə almışam. Ən yaxşı dostlarımdan biri də həyat yoldaşım olub. Mən onu yuxuda görmüşəm. Sənəd verəndə növbədə onu gördüm, baxıram ki, mən bu adamı tanıyıram. Saçlarını arxadan sancaqlamışdı. Eynən yuxudakı kimi.

– Zəlimxan Yaqub demiş, mən bu qızı yuxularımda görmüşəm.

– Ay sağ ol. Mən, vallah, şoka düşmüşdüm ki, bu necə ola bilər? Küllü çərşənbə deyilən gündə olub. Ənənəyə görə, qız uşaqlarına bu gündə duzlu kömbə verirlər. Yuxuda susayanda ona kim su verirsə, o sənin qismətindir. Bayaq da dediyim kimi, bunlar hamısı xalqın adət-ənənəsidir. Amma mən onu necə olmuşdu ki, yuxuda görmüşəm, bilmirəm.

– Folklorla bağlı o vaxt verilişiniz var idi.

– “Bulaq” verilişini aparmışam. Əvvəl bir neçə ad oldu, imkan vermədilər. Universiteti bitirəndə dolanmaqdan ötrü veriliş ssenariləri yazırdım. Sonra radioda işə düzəldim. Orada şöbənin müdiri – redaktor mənim yazdığım yeni ifadələri, sözləri götürmürdü. Hər dəfə dava-qırğın, Allah haqqı. Neçə illər keçdi, Cəmil Əlibəyov sədr müavini gəldi. Ondan sonra mən 20 il işlədim. Cəmil müəllimə ərizəmi təqdim elədim ki, mən işdən çıxıram. Çünki artıq yorulmuşdum. Mənim yadıma gəlir, rayona nənəmin yanına gedəndə nənəm deyirdi ki, a bala, bu radioda hamı danışır, amma başa düşmürəm, bunlar nə deyir, nə danışır? Mən də onlara onu başa salmaq istəyirdim ki, xalqın danışıq dilini qorumaq, bərpa eləmək lazımdır. Cəmil müəllim mənə dedi ki, Mirzə İbrahimbovdan radio-oçerk yaz, özüm sənə şərait yaradacam. Yazdım, bəyəndi. Mirzə İbrahimovun evində də bülbüllər var idi. Elə alındı ki, söhbətimiz əsnasında bülbüllər oxuyurdu. Bu səs də səsyazana düşüb. Veriliş də sabah efirə getməlidir. Bu şəkildə qoymazdılar axı. Heç nə edə bilmədim, məcbur dedim ki, özüm bilərəkdən belə etmişəm. Ssenarini də bir az dəyişdim. Baş redaktor bəyənmədi. Apardım Cəmil müəllimə, baxdı, çox bəyəndi. Təriflədi məni və dedi ki, gözəl düşünmüsən, get özünə bir veriliş aç. “Ocaq başı”, “Yurd yeri” kimi adları Mərkəzi Komitə qəbul eləmədi. Yekunda “Bulaq” qəbul olundu. O veriliş mənim dərindən tanınmağıma kömək oldu. O verilişə görə “Qızıl qələm” mükafatını aldım, xalqı daha yaxından tanıdım, qalaq-qalaq təriflər gəlirdi.

– Mövlud müəllim, Yazıçılar Birliyinin fəaliyyəti ilə necə, razısınızmı?

– Mən Yazıçılar Birliyini vəzifə kimi heç vaxt düşünməmişəm. Ora ancaq dostumu görməyə getmişəm. Bir də ki, zamanla özüm orada işləmişəm – Əkrəm nəsr şöbəsində redaktor olanda.

– İndi heç gedib-gəlmirsiniz?

– Arabir Anarı görməyə gedirdim. Son vaxtlar isə yox, gözümə görə getmirəm heç yerə.

– Bu yaxınlarda qurultay olacaq. Səsinizi kimə verəcəksiniz? Anara?

– Nihat bəy, Anar mənim dostumdur, dedim axı.

– Mövlud müəllim, dostluq öz yerində, bunu başa düşürəm. Mənim sualım başqadır axı.

– Mənə dostluq daha maraqlıdır.

– Onda səsinizi dostsunuz deyə, Anara verəcəksizniz, hə?

Mövlud müəllim bir az duruxdu, gülümsünüb cavab verdi:

– Anarı əvəz edəcək adam görmürəm, bu dəqiqdir. Anarın Yazıçılar Birliyində olması çox şeyin qarşısını alır. Onun yerinə başqası olsaydı, Allah bilir, nələr olardı.

– Çox maraqlıdır, Məmməd Orucla da müsahibə eləmişdim, o da eynilə siz verən cavabı vermişdi. Maraqlıdır, Anar nələrin qarşısını alır?

– Yazıçılar Birliyi dağılardı, alt-üst olardı. Anar yaxşı düşünə bilir, nəyin necə olacağını dəqiq bilir. Amma onu da deyim ki, dünyada belə bir birlik anlayışı yoxdur. Bilirsən, bizə və xalqa Anar daha çox lazımdır, nəinki o birlik. Amma, istənilən halda, ora var, çalışırlar, adamlar maaş alır.

– Sizcə, Azərbaycanda təkcə yazmaqla dolanmaq mümkündür?

– Deyil. Bu açıq-aşkar ortadadır. Amma, Nihat, onu da deyim ki, mən o yazdıqlarıma görə həm prezident təqaüdü alıram, həm də yüksək səviyyədə iş stajım var.

– Amma elə müəlliflər var ki, dediyiniz qayğını görmür. Və bu da onlarda özlərindən asılı olmadan qıcıq yaradır. Məsələn, bu yaxınlarda Əlisa Nicat Ramiz Rövşən haqqında çox kəskin ifadələr işlətmişdi.

– Sən gəncsən, bəlkə də, bilmirsən. Amma biləsən ki, Əlisa Nicat böyük dəyərdir. Onunla mən bir yerdə də işləmişəm. O çox-çox dəyərli ziyalıdır. O adam yaltaq adam olmayıb. Düzünü edib, düzünü danışıb. Bir də söz var e, yarınmaq sözü, yəni incitmədən nəyəsə yol tapmaq. Onu etməyib heç. Kitab sərgisində yadındadırsa, mən Əlisa Nicatı müdafiə də elədim.

– Sizə ən çox oxucu qazandıran “Dəyirman” olub.

– Doğrudur. “Dəyirman” povestini tərcüməçim oxuyandan sonra dedi ki, buna mütləq ikinci hissəni də yaz, yoxsa sənə mane olacaqlar. Yazdım, tərcüməçim Tamara Kalyagina oxudu, qayıtdı ki, a kişi, bunu gizlət, sən birincidən də betər yazmısan. Çap olunmadı. Bu yaxınlarda isə “Qobustan” jurnalının redaktoru ikinci hissənin əlyazmasını köçürməyə başladı. Bütün yayı onun üzərində işlədi və jurnalda çap olundu. Maddi vəziyyətim pis deyil, pulunu verib çap etdirərəm, gözüm bir az düzəlsin, etdirəcəm.

– Gəncləri oxuyursunuz?

– Cavidan var, lənkəranlı. Onu mənə çox tərifləyiblər. Anar da tərifləmişdi, bax elə bu evdə onunla söhbətləşmişik də. O da mənim yaxşı oxucularımdan olub. Bir məni, bir də İsa Hüseynovu bəyəndiyini deyirdi. Romanı var məndə, amma oxuya bilmədim. Lupa aldım hətta, amma olmadı, oxuya bilmədim, gözüm imkan vermədi.

Çox istedadlı gənclər var. Rastıma çıxırlar. Yazıçın içi təmiz və milli olmalıdır. Mütləq. Sən özün olmalısan. Məsələn, Şəhiyar Del Gerani var, yaxşı düşüncələri var, amma, vallah, mən onu qəbul edə bilmirəm. Sonra bir şair var, adını unutdum, onun buna oxşar bir misrası var: üzündə Allahı qocaldan.

– Aqşin Yeniseyi deyirsiniz siz. Aqşin gənc deyil axı, ay Mövlud müəllim.

– Hə, hə. Mənə baxanda gəncdir axı. Amma ondan incimişdim. Gedib müsahibə vermişdi ki, Mövlud Süleymanlı mənə dedi ki, gəl güləşək. İndi ona demiş ola bilərəm e, amma bunu bu şəkildə demək doğru deyil axı.

– Vaqif Poeziya Günlərində hamı rəsmi geyimdə idi, təkcə siz sadə geyinmişdiniz.

– Vallah, onu hamı deyib mənə. Oğlum da təəccüb içində idi. İnan, özüm də bilmirəm ki, necə oldu ki, o geyimdə getdim. Amma oldu. Bu sualı yaxşı verdin, amma deyim ki, bir də elə şey olsa, yenə də elə geyinəcəyəm (gülür). Yəni məndən asılı olmur.

– Mövlud müəllim, biz gənclər öz aramızda arabir söhbətləşirik, fikirlər belə olur ki, sizin dil və ifadələriniz oxucuya sanki qaranlıq qalır.

– Sən məni oxuyanda başa düşmürsən?

– Mən sualı tam şəxsləndirmək istəmirəm axı. Ümumi fikri deyirəm.

– Biz bu millətin, bu xalqın uşağıyıq, ay Nihat və biz bu xalqın dilində yazmalıyıq. Xalqın dilini bilsəniz, məni də oxuyacaqsınız. Millətini, xalqını tanımaq lazımdır, millətdən, xalqdan götürmək, bəhrələnmək lazımdır. Məsələn, bax Aqşinin istedadı var, amma o mənim kimi millətdən götürsəydi, bəhrələnsəydi, gör nə boyda olardı? Amma etmədi. Məni də başa düşməyənlər millətin, xalqın dilini başa düşməyənlərdir. Bir dəfə Ramiz Rövşənə demişdim ki, sənin bazar tərəfin artıb. Yəni sadə dilə qaçmısan, bir növ, bazara işləmisən. Amma mən elə etmədim. Ona görə də çətin oxunuram. Kitablarımın birində Nəcibə Bağırzadə yazıb ki, bu millət nə vaxt Mövlud Süleymanlını rahat oxuyacaq, bax elə onda da bizim heç bir dərdimiz olmayacaq.

Foto İlkin Nəbiyev © APA Group

# 4753 dəfə oxunub

Müəllifin son yazıları

# # #