Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nübar Kərimovanın “Zəfərə gedən yol: milli birlik və mənəvi güc” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
26 sentyabr 2020...
Qohumumuz hərbiçi Vaqifin yoldaşı Leyla, qucağında balaca körpəsi Orxan ilə birlikdə qapımızı döyürdü. Qapını açdıqda çantalarına kömək etməyimi istədilər. Hal-əhval tutduq və aydın oldu ki, deyilənə görə Vaqifi hər zamankı uzunmüddətli təlimlərdən birinə aparıblar. Amma üz-üzə baxdıqda və ikimiz də başa düşdük ki, bu gediş o gedişlərə oxşamır. Çünki Vaqif uzunmüddətli təlimlərə getmədən ən azı bir gün öncə Leylanı Naxçıvana-ana, atasının yanına göndərərdi. Ancaq indi onları heç bizim evə belə Vaqif gətirməmişdi.
Vaqif hər səhər olduğu kimi evdən işə getmək üçün sağollaşıb və yola düşüb. Lakin bir neçə saat sonra dostuna zəng vuraraq ailəsini bizə gətirməsini tapşırıb. Leyla gözünü bir nöqtəyə dikərək dərin fikrə getdi. Balaca körpə isə hər şeydən xəbərsiz məsum baxışları ilə ətrafına baxıb, mızıldanırdı. “Səhər olar xeyir olar” - deyib bu axşamı birtəhər başa vurduq.
Səhər gözümüzü açdıqda Leyla sanki, buz kəsmiş halda televizorun qarşısında oturmuşdu. Nə olduğunu soruşduq, boğuq səsi ilə sakitcə: ”Müharibə başladı" - dedi. Bəli, "evdə qal" şüarı deyildiyi pandemiya dövründə biz evimizin bir hissəsi - doğma Qarabağımızı almağa hazırlaşırdıq.
Düzünü desəm, pandemiya, xəstəlik, 1 il boyunca davam edən karantin şəraiti, iqtisadi problemlər, təlim-tədrisin dayanması və.s insanlarda elə bir ruh düşkünlüyü, çarəsizlik, çöküntü yaratmışdı ki, heç vaxt xalqımızın belə canlana biləcəyinə, tək yumruq halında dura biləcəyinə inanmazdım.
Sanki, Allah da bizə həmin vaxt üçün güc, qüvvət verdi. Əvvəl avqust ayının axırlarından etibarən soyuyan hava, sentyabrın əvvəlindən başlayaraq əsən sərin küləklər, yağış, sanki, özünü səngərdə vətənin keşiyində duran əsgərlərimiz üçün sıxıb saxlamışdı.
Ölkədə müharibəyə görə olan internet məhdudiyyəti insanların daha da narahatlığına səbəb oldu. Ancaq bu qərar yaxşı yöndən, yalan informasiyaların qarşısını almaq məqsədilə verilmişdi. İki gün boyunca televizor önündən çəkilməyən xalqımız, nəhayət, müxtəlif proqramlar vasitəsilə sosial şəbəkələrdən xəbər tutmağa başladılar. Bunun bir tərəfdən mənfi cəhəti olsa da, digər tərəfdən arxa cəbhədəki informasiya savaşında gücümüzü göstərmək üçün yaxşı vasitə oldu. Gündəlik brifinqlərdən dinlənilən hər bir məlumatı dəqiqliyi ilə yazan, dünyaya haqq səsimizi çatdırmağa kömək olan, qruplar yaradıb, fotoşəkillərlə xarici dillərdə erməni terrorizminə qarşı mətnlər hazırlayıb paylaşanlar, ruh yüksəkliyi yaratmaq üçün məktəblilərin hazırlayıb, göndərdiyi məktublar və.s arxa cəbhədə əsgərlərimizə dayaq oldular. Hətta, bir vaxtlar xarici ölkədə yaşamağa can atan, ölkədəki şəraitdən şikayətlənən insanlarımız belə ürəklərinin dərinliyindəki vətən sevgisini hiss etdilər. Məgər nə çox sevilirmiş haqsızlıqlarla üzləşib, olduğu vəziyyətindən narazılıq duyulan vətən, necə dərin kök salıb ürəyimizə ki, "bizim xalqda birlik yoxdu" ifadəsini əksinə çevirib, "dəmir yumruq" halında birləşdirdi bizi.
Xalqımızda tamam başqa bir əhval-ruhiyyə hökm sürürdü. Yolda gedən hər kəs bir-birini neçə illərdi tanıyırmış kimi doğmalıqla baxır, övladları əsgər gedən, yaxınları hərbiçi olan ailələr qürurdan başları dik, amma, toxunsalar ağlayarmış kimi doluxsunur, hər şeyə soyuqqanlı yanaşan insanlarda belə həssaslıq müşahidə olunurdu.
Beləliklə, bir günün bir ilə bərabər olduğu günlər başladı. Hər gün gələn şəhid xəbərləri bir gözümüzdən yaş axıdır, azad olan torpaqlar isə bir gözümüzü güldürürdü. Şəhidlərin adı açıqlanmırdı. Saat 9-dan sonra komendant rejimi, qismən səfərbərlik elan olunması da müharibə dövrünün əsas məqamlarından idi. İnsanlarımız özlərinə yer tapmır, televizordan gözlərini ayırmırdılar. Cənab İlham Əliyevin çıxışları maraqla gözlənilir, keçirilən hərbi brifinqlərdə Hikmət Hacıyevin danışıqları ayrıca marağa səbəb olurdu.
Böyük qayıdış Cəbrayıl ilə başladı. Xalqımız daha da ruhlandı, ordusunun gücünə, qüdrətinə inamı artdı. Ancaq işğaldan azad edilən torpaqlar artdıqca, itirilən igid oğulların da sayı artırdı. Rəsmi sayı, adı açıqlanmasa da, yaxınları müharibədə iştirak edən hər bir kəs içindən: “Görəsən mənim yaxınımdırmı?” - deyə düşünüb, köks ötürürdü. Əslinə qalanda isə heç bir fərqi yox idi. Qayıdan torpaqlardan qayıtmayan oğulların hər biri bizlər üçün canından keçirdi.
Vaqif neçə gündən bir zəng edib hal-əhvalını bildirməyə çalışırdı. Leyla isə elə ancaq evlərinə gedəndə birlikdə edəcəkləri şeylərin xəyalını qururdu. "Vaqif sağ-salamat gəlsin, evimizə gedək, bunu edərik, Vaqif sağ-salamat gəlsin onu edərik." - bu cümlələr dilində əzbər olmuşdu. Gözlərinə baxanda bu ümidin ona güc verdiyini, ayaqda saxladığını anlamaq çətin deyildi. Ara-sıra dolmuş gözlərilə körpəsinə baxıb: "Görəsən, atası gələnə qədər danışacaq, yeriyəcək, atası gəlib-görə biləcək?", - deyə öz-özünə sorğu-sual edirdi. Təsəllilər heç qalırdı belə suallar qarşısında.
Şəhid ailələri, qazilər, yaralı halda xəstəxanaya yerləşdirilənlər məlum olduqca insanlar, əksəriyyəti, gənclərimiz olmaqla xeyriyyə qrupları yaradıb onlara köməklik göstərir, hətta Tibb Universitetində oxuyan gənc tələbə xanımlardan könüllü olaraq yaralılarımıza köməklik göstərmək üçün yazılanlar var idi. Bu illərin gəncliyi üçün ətrafdan ən çox: "Siz nə görmüsünüz axı, bizim vaxtımızda başqa cür idi, indi hər şey asanlaşıb, indiki gənclər nə bilir əziyyət çəkmək nədir, vətənin qədrini bilmək nədir?" - kimi ifadələr eşidilirdi. Hansı ki, indi həmin o gənclər idi, dövrlərinin tarixini, vətən müharibəsini qanları ilə yazırdılar.
Ən qəribəsi də odur ki, məktəb vaxtı Qarabağ mövzusundan danışılanda həmin gəncləri yetişdirən yaşlı müəllimlər: "Yəqin ki, biz o vaxta qalmarıq. Amma siz Qarabağın azad olunmasını, Qarabağ torpaqlarını görəcəksiniz. Gedəndə bizim də yerimizə ziyarət edərsiniz" - deyirdilər. Amma əksinə oldu. Qarabağı görmədən, kitablardan öyrənən, eşidən, sevən igidlər canlarından keçərək, orada doğulmuş, böyümüş, Qarabağ həsrətilə yaşayan yaşlı nəslin görməsinə şərait yaratmışdı.
İşğaldan azad olan torpaqların xəbəri gəldikcə həyəcan artırdı. Düşmən isə qisas almaq üçün ordumuzla vuruşmaq yerinə günahsız, dinc əhaliyə əl uzatdı. Xocalını yenidən bizə yaşadan Bərdə və Gəncədə terror hadisələri baş verdi. Televizordan izləsək də, yaralı insanların, günahsız körpələrin, məhv olan ailələrin, ana-atasını itirmiş gənclərin fəryadı, ah-naləsi, sanki, ürəyimizin səsiymiş kimi eşidilirdi.
Ancaq onların bu namərdlikləri belə bizi - ordumuzu yıxa bilmədi. "Vətən sağ olsun" -deyib, uşaqdan böyüyə hər kəs ordumuzun arxasında durdu. Çox gözlənilən, istənilən, Qarabağın göz bəbəyi bir yerimiz var idi: "Şuşa..."
8 noyabr 2020-ci il...
Vaqif səhər tezdən zəng vurub: "Şad xəbərlər göndərmişəm sizə, televizordan qəbul edərsiniz" -dedi. Evdə hamı bir nəfər kimi televizorun qarşısına keçib oturdu. Prezidentin çıxışı verildi: "Əziz Şuşa sən azadsan, biz səni dirçəldəcəyik."
Şuşa mənə o qədər mümkünsüz, o qədər əlçatmaz gəlirdi ki, indi bu xəbər dünyada heç kimin qarşımızda dura bilməyəcəyi kimi hiss etdirir, qürurlandırırdı məni.
Nəhayət, gözlənilən gün - 10 Noyabr zəfər gecəsi gəlib çatdı. Başqa vaxt gecə səhərə qədər yata bilməyən mən, sanki, tərslikdən həmin gün çox erkəndən yatıb qalmışdım. Leylanın ağlayaraq gəlib məni qucaqlaması ilə yuxudan səksəndim. "Oyan, müharibə bitdi" -deyib, ağlayırdı. Əlimi telefona atdım, tez-tez xəbər saytlarına girib məlumatları oxudum. Saytlardan biri yazır: "Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılmasını elan edilmişdir".
Bu xəbərdən sonra ilk ağlıma gələn şəhid ailələri oldu. Bəlkə ürəklərindəki yanğını söndürməyə bəs etməz, amma, birazca təsəlli tapmağa kömək olar deyə düşündüm. Axı onların sayəsində, onların yetişdirdiyi igidlər bu torpaqlar üçün canlarından keçmişdi.
Gecə səhərə qədər susmayan mitinq səsləri, uşaqdan böyüyə insanların əllərində bayraqlarla küçələrə axışması, Qarabağla bağlı şüarların səslənməsi, pankartlar hazırlanması həmin günün unudulmaz mənzərəsi idi. Prezidentimizin Paşinyanla bağlı çıxışları isə geniş rezonans və gülüş yaratdı. Duyğular o qədər bir-birinə qarışmışdı ki, insan nə düşünəcəyini, nə hiss edəcəyini bilmirdi. Bir tərəfdən illərdir gözlənilən, həsrətilə yaşanılan Qarabağın azad olunması kimi tarixi bir ana şahidlik etmək, bir tərəfdən də yaxınları müharibədə itkin düşmüş, şəhid olmuş ailələrin yollarda qalan gözləri...
Müharibə vaxtı şəhid olan əsgərlərlə bağlı heç bir paylaşım etmirdim, eyni zamanda baxmamağa çalışırdım. Çünki müharibə davam edir, cəbhədə mənəvi dəstəyimizə ehtiyacı olan əsgərlərimiz hələ də vuruşurdu. Bacardığım qədər ruhlandırıcı və dəstək yönümlü paylaşımlar edirdim. Eyni zamanda ətrafımda günlərlə öz yaxınlarından xəbər ala bilməyən hərbiçi ailələri var idi. Şəhid xəbərlərinin onlara nə qədər pis təsir etdiyini, onları şübhədə qoyduğunu bilirdim. Amma o gün şəhidləri yad etdikcə gözdən süzülən yaş, sanki, bu günə qədər sıxıb saxladığımız gücümüz kimi axırdı.
Vaqifin sağ-salamat gəlişi Leylanın gözlərindəki kədəri sevinclə əvəzlədi. Kaş ki, gözü yollarda qalan bütün şəhid olmuş hərbiçi, əsgərlərimizin ailələri belə xoşbəxt sonluq ilə qarşılaşardı. Amma onlara daha şərəfli, ali bir məqam-şəhidlik zirvəsi qismət oldu.
“Tarix ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür.” (Həsən Həsənov) Ümid edirəm ki, namərd düşmənin indiki və gələcək nəsilləri arxivlərdə unudulmaz 44 günlük müharibəyə nəzər salaraq, tarixdən ibrət götürəcəklər.