Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Maya Ağamirzəqızının “Yuxulara köçən ömür” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
.... O, yuxularında çox balacaydı. Tam səkkiz yaşı vardı iri eyvanlı, arxasından şırhaşırla dağ çayının axdığı, iki mərtəbəli evdə, özünün taxta çarpayısında yatanda.... “Oğlum, arzum Muradım, atan oturub süfrə başında bizi gözləyir dur, qadan alım”-deyən o mehriban səsli qadın,üzündən gözündən öpür,saçlarını qarışdırırdı. Murad üçün dünyanın ən zəngin süfrəsi açılmışdı. Hələ şirin səhər yeməyi zamanı qonşudan gələn İldırımın kamanın səsi özgə dad qatırdı bu yeməyə.
...Belə nağıl edirdilərki, hamının dəli bildiyi İldırım müharibəyə getməzdən öncə kənddə musiqi məktəbində həvəsi olan uşaqlara kaman çalmaq öyrədərdi. Onun bir istəklisi varmış. Qız da İldırımı sevərmiş. Atası öz varlı qohumuna ərə verdikdən sonra elə toy günü qız canına qəsd edir. İldırım da bu hadisədən sonra ömürlük susur kimsə onun səsini eşitmir. Təkcə öz kamanı ilə dərdləşərdi İldırım. Onlar daima “Qaragilədən” danışardılar. Murad da bu mahnının adını o zaman atasından duymuşdu: “ İldırım başladı “Qaragiləni”, bəh-bəh zalım oğlu çalır da”.
Bu yuxular qısa çəkirdi, o tez oyanırdı.Ya da Murada belə gəlirdi. Onu səsləyən mehriban səsli qadın da, zəngin süfrə də,kaman səsi də yox olmuşdu. Bütün bunları köhnə çarpayının cırıltısı, gecikmiş xoruzların banlaması, qurbağa qurultusu əvəz edirdi.
- Ay Murad, ay bala evdəsən?
Muradın cavabını gözləmədən Novruz kişi dedi:
- İnək yamanca xəstələnib.
Murad yarıaçıq pəncərədən ona cavab verdi:
- Yaxşı, Novruz dayı, get mən bu saat çantamı alıb gəlirəm.
O, Aqrar Universiteti bitirdikdən sonra özü könüllü maldarlığın inkişaf etdiyi bu ucqar kəndə işləməyə gəlmişdi. Şəhərdə yaşadığı ümumi yataqxana binasındakı darısqal mənzildən sonra meşənin içində yerləşən bu ev ona çox rahat gəlmişdi.
Muradın bircə atından başqa heç kimi yox idi. Qarayalı ona hələ balaca, arıq, xəstə day olanda bir xəsis ferma sahibi mal-qarasını xəstəlikdən qurtardığı üçün bağışlamışdı.
Mal-qarasını müalicə etdiyi insanlardan başqa heç kimlə ünsiyyət saxlamayan, öz dünyasına qısılıb yuxularda yaşayan Murad gecələri çox sevirdi. Gecələri ona sevdirən yuxularıydı. Bircə o yuxunu kaş heç vaxt görməyəydi. Torpaq, qan və barıt qoxuyan bu yuxu lap gerçəyin özü idi.
...Budur həmin axşamçağı: Soyuq...Dəhşətli qaranlıq... Elə bil şər də tez qovuşmuşdu bu gün... qapqara buludlar qucaqlamışdı səmanı... Əli silahlı çoxlu adamlar həyətlərinə doluşmuşdu. Atasının əlləri, ayaqları, gözləri bağlı dizi üstə çökdürmüşdülər. Anasının mehirli, nəvazişli səsindən əsər qalmamışdı elə hey qışqırırdı: “Ay Allah bu necə müsibətdir, niyə götürürsən bunu?!
Onlardan biri anasına yaxınlaşdı. Qadın təzəcə qaynamış samovarı qucağına götürdü ona tərəf gəlmək istəyənin üzərinə tökmək istədi, ancaq gücü qalmamışdı, qolları samovarı saxlamadı. Ağzı açılmış samovardan tökülən su onun bədənini sinədən aşağı yandırdı.O inilti ilə yerə çökdü, əlinə keçən maşanı onun üzərinə gələnin başına endirdi.Onlar dan biri qadını tutub, sürüyə-sürüyə aparıb uzun saçlarından ağacdan asdı. Başqa biri anasının asılı qalmış yellənən ayaqlarını qucaqlamağa çalışan üç yaşlı qız uşağını öldürdü. Murada sarılmış qardaşı elə hey ana deyə qışqırırdı... Yekəpər bir zabit qışqıran uşağın əllərini bağlayıb çirkli ayaqqabısını ayağından çıxartdı, palçıqlı-palçıqlı ağzına soxdu. Dəhşətdən don atmış Murad yalnız qardaşının səsi kəsildikdə özünə gəldi. Onları səkkiz yaşlı uşaq kimi söyür, hədələyirdi. Bu dəm atəş açıldı Murad üzü üstə düşüb qalmış beş yaşlı Sənanın ağ jaketinin sol tərəfdən qıpqırmızı rəngə boyandığını gördü. Deyəsən ağzındakı ayaqqabı tayı da yerə düşmüşdü... Atası: “Buraxın məni alçaqlar kimə qıydınız yenə?! Gözlərini çiyni ilə açmağa çalışsa da heç nə görə bilmədi... Murad kimə doğru qaçsın, hara baxsın bilmirdi.
Atası Muradın səsin eşidib ayağa durmaq istədi, amma yanındakı adamlardan biri ona çiynindən atəş açdı.
- Qorxma Murad, qorxma oğlum, anan hanı, onun yanına get! Heç vaxt sizin istədiyiniz olmayacaq, murdarlar!
...Murad silah səsinə dönəndə artıq atası yerdə hərəkətsiz qalmışdı. Murad indi əlindəki butulkanı atasının üzərinə boşaldan adama tərəf atasını çağıra-çağıra qaçırdı. Arxadan gələn başqa biri onun sürüyüb yanan cəsəddən xeyli uzağa tulladı.
Murad aldığı zərbədən özünə gələn kimi Bənəyi gördü, son sığnaq yeri kimi itə tərəf qaçıb, onu zəncirdən açmaq istədi. Elə zənciri titrəyən əlləri ilə açmağa çalışırdı ki, boynunun arxasında şiddətli ağrı hiss etdi. Artıq burnunda buz kimi torpaq qoxusu, qulağında qarışıq fəryad səsləri, yaralı itin zingiltisi, bir də qələbəsindən həzz alan kimsənin anlaşılmayan dildə ifa etdiyi mahnı səsi qalmışdı...
Hər zaman belə olurdu, bu yuxu bitib tükənmir, Murad sanki, bir ömürdü yuxu görürdü. Oyananda isə dırnaqları ovucularına batmış, yumruğu sıxılmaqdan ağrıyırdı. Murad üçün yuxulardakı həyatından real həyatına dönüş etmək heç də asan olmurdu. İllərin verdiyi yorğunluqla yuxulara bürünmüş dəhşətli həqiqəti dərk edir, özündən yaşadığı hər günün hesabını soruşurdu. Bütün cəhdlərinin boşa çıxdığı və sağ qaldığı üçün özünü lənətləyirdi .
...Murad masanın üstündəki şüşəsi çatlamış balaca zəngli saata baxanda gecənin üçü olmuşdu. Durub asqıdakı boyun hissəsinin dərisi yeyilmiş qəhvəyi gödəkcəsini geyindi. Evdən çıxdı. Həmişə evin ətrafındakı ağacları seyrək bitmiş bu meşədə gəzəndə rahatlıq tapırdı. Qulağındakı o qarmaşıq səsləri yalnız gecənin və meşənin sükutu dindirirdi.
...Qəfil bir qadın qışqırtısı onu öz qarmaşıq dünyasından ayırdı. Bir az kənarda qaranlıqdan üzləri seçilməyən iki nəfər süpürləşirdi. Murad ağacın arxasına keçib onları izlədi. O anda adam aldığı bir zərbədən yerə yıxıldı. Murad onun sinəsinə çökmüşdü. Adam artıq xırıldayırdı. Birdən zəif bir səs Muradı özünə gətirdi:
- Burax onu dəyməz belə biri üçün qatil olmağa. Dur qaçmalıyıq burdan!
Murad artıq özü də bilmədən əllərini çəkmişdi adamın boğazından.
İndi Murad ayın gecənin qaranlığını qovduğu bu anda tamam başqa bir mənzərə görürdü. Qızın uzun, şabalıdı saçları buludların günəşi gizlədiyi tək üzünə dağılmışdı. Meh əsdikcə görünən, ağlamaqdan ya təbiətən böyük olan tünd şabalıdı gözləri arıq, uzunsov, solğun üzünə xüsusi bir parıltı verirdi. Balaca sivri burnu üzünü daha da incə göstərirdi. Azca irəli çıxmış dodaqları o qədər də qüsursuz olmayan dişlərini məharətlə örtürdü. Muradın beynini tamam oyandırmış bu mənzərə ona bu günün bu anın olduğundan danışır və onu buna inandırırdı. Sonra Murad həm bu mənzərədən həm də sübh mehinin yaydığı yasəmən qoxusunun təsirindən birtəhər qurtulub, tələsik yanında dayanan qıza heç nə demədən həyətə keçmişdi.
- Nə kobud adamdı, heç təşəkkür də edə bilmədim. Mən necə gedəcəm evə?! Harada olduğumu belə bilmirəm-qız öz-özünə danışa-danışa gəlib evdən aralı bir ağacın altında oturdu.
...Səhər çoxdan açılmışdı. Bu ucqar kənddə hər kəs öz işində idi. Bu ağacın yanından ötənlər, bu yad qıza qəribə baxırdılar. Onun haqqında yaxşı düşünənlər az-az olardı. Murad isə onun haqqında heç nə düşünmürdü. Birdən həyət qapısı döyüldü. Gələn Muradın yaxşı qonşularından biri Təzəgül xala idi. Muraddan fərqli olaraq onun danışmaqla arası yaxşı idi. Sözdə tələsən bu arvad əlüstü Muradın evinin yaxınlığında gördüyü qızı da soruşdu.
Murad gecə olanları xatırladı:
- Yox görməmişəm, apar bu məlhəmi gündə üç dəfə çək heyvanın yarasının üzərinə.
Murad Təzəgül arvadı yola saldı. Qeyri-ixtiyari meşə tərəfə boylanıb evə keçdi, çarpayıda uzandı. Pəncərədən çölə baxdıqca narahatlığı daha da artdı. Yağış çisələyirdi.
Murad artıq həyət qapısından çıxırdı.
- Yoxdu... Görünür, kiminsə yazığı gəlib evə aparıb... Bəlkə Təzəgül xalagildədi... Bəs getməsə kimsə yenə incitsə onu...
Birdən Murad çox aralıda-körpə palıd ağaclarının sıx bitdiyi yerdə qaraltı gördü və addımlarını tezləşdirdi. Qız burda yağışın altında oturmuşdu.
- Dur, getməliyik! Burda qala bilməzsən, bax yağış güclənir.
- Yox, gedə bilmərəm, nə düşünərlər axı, lap sizin özünüz Allah bilir nələr düşünürsüz ! Mən xeyli getdim bir maşın taparam deyə,ancaq... Siz məni əsas yola çıxara bilərsiniz?
Murad onun sözünü kəsdi:
- İndi gecdir. Getməliyik!
İti yerişli Muraddan fərqli, qız könülsüz addımlayırdı.
- Tələs, yağış bərkidir.
Qız elə bil nə yağışı nə də onu tələsdirən Muradın səsini duymurdu. Sonra Murad yavaşladı. Onlar indi yanaşı yeriyirdilər. Qız ayağını sürüyürdü. Qəfildən onun əlini qüvvətli bir əl kobudca tutdu bu əlin istiliyi, onun soyuqdan tir-tir əsən vücuduna hərarət gətirdi, addımlarını qətiləşdirdi. Onlar artıq əl-ələ qaçırdılar.
Evin qapısına çatanda qız əlini çəkdi. Qızın əynindəki toz-torpaq olmuş, yaxası da sökülmüş qara don tamam islanmışdı. Murad ona paltar gətirdi. Qız paltarını dəyişmədən çarpayıda oturub ağlayırdı. Əlində yemək otağa qayıdan Murad qıza əhəmiyyət vermədən stol arxasına keçdi, yeməyini yedi. Otaqdan çıxanda:
- Gəl yemək ye!
Qız yeməyə əl vurmadan isti örtüyün altına girdi tezliklə yuxuya keçdi.
...Paltar yuyan qadının yanında iki azyaşlı qız palçıqdan düzəldilmiş evciklə oynayırdı... Qəfil açılan silah zərbəsi hər tərəfi toz-dumana qatdı, qızlardan ən balaca olanı tanınmaz hala düşdü, digəri isə xeyli uzağa atılıb hərəkətsiz qalmışdı...
- Günəş, Günəş, qorxma qızım - deyən anası sürünə-sürünə ona tərəf gəlirdi.
-Ana, atam hanı?! Bacım hanı? Gəl qayıdaq evimizə... bura çox soyuqdu, ana!
Beş yaşında gözlərinə indi isə yuxularına köçmüş o anlar neçə illərdir Günəşin də rahatlığını əlindən almışdı. Muraddan fərqli olaraq Günəş bu yuxuları adətən narahat yatdığı gecələr görərdi. Yuxudan çətinliklə oyandı. Harda olduğunu unutdu. Durub tələsik çölə qaçdı. Bu vaxt çardağın altında taxta oturacaqda gödəkcəsinə bürünüb yatmış adamı görəndə harda olduğunu xatırladı.
...Yarıqırıq hamam qapısından zorlanan 15 yaşlı qızın iniltisi Muradın anlamadığı dildə oxunan iyrənc mahnı səsinə qarışmışdı. Sonra Murad bir neçə həmyerlisi ilə birlikdə dəhşətli aclıq hissi ilə kürəyinə, boynuna dəyən zərbələri hiss etmədən palçıqda ayaqlanmış quru çörəkləri axtarıb tapırdılar. Murad yuxunun dəhşətindən boğulurdu.
- Oyanın, yuxu görürsünüz!
Murad acıqlı səslə:
- Yox heç nə istəmirəm, niyə burdasan?
Günəş cavab vermədən uzaqlaşdı ordan. Murad durub əl-üzünü yudu həyətdən çıxmaq istəyirdi ki, arxadan qızın səsinə döndü.
- Harda olsa gəlib məni tapacaq. Mən polis bölməsinə getməliyəm,siz apara bilərsiz məni ora?”
Murad indi xatırladı ki,o gecə meşədəki adam hələ də bu qız üçün təhlükəli ola bilər.
O, cavab vermədən Qarayalı mahmızlayıb həyətdən çıxdı.
...Günəş evi səliqəyə sala-sala bu anidən peyda olmuş qəribə oğlan haqqında düşündükcə üzünə onu daha da gözəlləşdirən təbəssüm yayılırdı.
- Burda ancaq bunu tapa bildim gedin yoxlayın, - , pəncərədən səsələnən Murad sən demə bayaqdan bu gözəl təbbəssümlü qızı izləyirmiş.
- Bu nədir ki?
- Gedin geyinin baxın, tələsməliyik günorta maşın olmur rayona getməyə.
...
Onlar tozlu kənd yollu ilə xeyli piyada getdilər. Birdən Murad tanış olan VAZ 21 06 maşını gördü:
- Asif, bizi rayon mərkəzinə apara bilərsən? Maşın sazdırmı? Keçən dəfəki kimi olmasın a!- , deyib gülümsədi.
Murada baxıb kaş həmişə belə gülərüz olsa deyə düşünən Günəş yanaqlarının qızardığını hiss etdi.
Qonşu Asif həmişə tək görməyə adət etdiyi qarayayovuşmaz Muradı qızla görüb çox təəccübləndi bu hissi gizləmək üçün tez sözə başladı:
- Lap əla vəziyyətdədir. Hara istəsəz gedə bilərik!
Maşın polis bölməsinin qarşısında dayandı. Murad qızı içəri ötürüb qayıtmaq istədisə də tez fikrindən daşındı. Onu tək qoyub getmək istəmədi “axı mənim də ifadəm lazım olacaq” düşünüb qızın keçdiyi otağın pəncərəsi yanında gözləmək qərarına gəldi.
- Mənim adım Günəşdir. Əmim oğlu Rəşiddən şikayətçiyəm. Anamla mən əvəllər onlarla birlikdə yaşayırdıq. Əmim İsmayıl atamla doğma qardaş olmasa da heç vaxt ögeyliyini hiss etdirmədi. Yurd-yuvamız dağıdıldıqdan sonra bizə sahib çıxdı. Ancaq özümü dərk etdiyim gündən bəri anladım ki, Rəşidin mənə münasibəti başqadır. O, məndən 10 yaş böyükdü. Əmim mənə olan münasibətini hiss etdiyindən onu əsgərdən qayıdan kimi rəfiqəm Zeynəblə məcbur evləndirdi. İki övladı var. Ancaq Zeynəb də ondan bir ailəlik görmədi. Əmim şəhid oğlanlarının dərdinə dözməyib öldükdən sonra, mənim istəyimlə əmimin evindən çıxdıq. Başqa bir qəsəbədə bizə verilən evimizə yerləşdik. Mən burda tibb bacısı işləyirəm. Ayaqdan əlil anamdan başqa bu həyatda heç kimim yoxdur.
Bənövşədir anamın adı.
- Bu qədər təsadüf olmaz... Anasının adı Bənövşə... Günəş... Bəlkə doğurdan da bu odur! Murad artıq Günəşin dediklərini duymurdu özünün anladığı həqiqətin arxasınca düşmüşdü.
Günəş həyəcanla o gecəni danışırdı:
- O gecə anamın dərmanların içirib yerimə təzəcə uzanmışdım qapı döyüldü. Rəşidi qapıda görəndə çox təəccübləndim.
- Zeynəb yaxşı deyil. Əl çəkmədi ki, get Günəşi gətir. Səni çox görmək istəyir. Tələs! Günəş tələs! mən evdən çıxanda Zeynəbin halı çox pis idi.
Anamın da hardan ağlına gəlsin ki, Rəşid hiylə işlədir:
- Cəld ol! Günəş, get bir iki gün Zeynəbə qulluq et! Atasız-anasız xəstə qızdı. Məndən nigaran qalma, Zəminə yaxındadı bir dəfə çağıran kimi gələcək.
Tələsik geyinib maşına oturdum.Mən fikirli və narahat olduğumdan onun yaşına yaraşmayan yüngüllüklə dediyi bu sözlərin birdən fərqinə vardım:
- Əmin bizim xoşbəxtliyimizə imkan vermədi. Mən bir xəstə ilə günümü keçirdim. İllər keçsə də sən mənim üçün həminki Günəşsən. İndi mən səni hər ikimizin xoşbəxt olacağı bir yerə aparacam. Bu illər ərzində bütün pullarımı bu gün üçün toplamışam. Səhər burdan çox uzaqlarda olacağıq. Ananı da saxlatdıracam. Zeynəblə uşaqlara da xeyli pul qoymuşam. Qəti nigaran qalma!
Mən eşitdiklərimə inanmırdım. Bu qədər illəri bu günü gözləyirmiş. Ona çox yalvardım. O isə heç nəyə məhəl qoymurdu. Sonra mən əl atıb maşının rulunu çevirdim. Onun gözlərini əlimlə bağladım ki sürə bilməsin. Maşın ağaca çırpıldı. Mən maşından düşüb qaçmağa başladım, qorxudan taqətim qalmamışdı. O, mənə çatdı və məni maşına doğru sürüyürdü. Hər tərəf tanımadığım qaranlıq meşəydi. Mən səsimi kimsənin eşitməyəcəyini bilsəm də hey kömək çağırırdım.
Günəşin səsi gəlmirdi artıq. Polisin səsi eşidildi.
- Yaxşısınız?!
Buyurun, su için, narahat olmayın biz tezliklə axtarış başladarıq.
- Gərək o əclafı elə ordaca öldürərdim, axı niyə imkan vermədin?! - Murad öz-özünə danışırdı.
- Sonra, nə yaxşıki o, oğlan hardansa peyda oldu. Həyatımı ona borcluyam. Mən artıq özümü necə öldürəcəyimi düşünürdüm.
- Hə, Muradı deyirsiz yaxşı oğlandı, ona etibar etmək olar. Budur baxın hələ də oturub sizi gözləyir, - deyən Polis nəfəri ilə Günəş Muradın yanına gəldilər.
- Hə mən getmədim ki ifadəm lazım olar.
Murad ifadə verib otaqdan çıxanda Günəş ona yaxınlaşdı:
- Sizə nə qədər təşəkkür etsəm azdır, həyatımı qurtardınız! Hər şeyə görə çox sağ olun!
Onlar bir-birinə gülümsəyib, sağollaşdılar.
...
Radioda çalınan mahnını nə vaxt eşitsə Muradın yuxularındakı o gözəl yerlər, doğma insanlar xəyalına gələr, içində ölmək üzrə olan ümidlərə yenidən can verilərdi. Atası da çox sevirdi bu mahnını: “Sən mənimsən Qarabağ...”
Hələ bir dəfə İldırımı bu mahnını kamanda ifa etməyə məcbur etmişdi.
- Əhsən sənə, İldırım! Əhsən əla çalırsan!
- Doğurdan da əhsən İldırıma axı o, olmasa mən də yox idim indi.
Həmin gecə İldırım çəpərin o tayından Muradın sağ olduğunu bilib, onu qucağında öz kürkünə bürüyüb, meşəyə tərəf qaçan həmkəndlilərinə qoşulmuşdu. O soyuq, qarlı meşədə Murad da İldırım da hansı səbəbdənsə sağ qalmışdılar. Onları gətirdikləri hərbi hissədə onu nə qədər döyüb qorxutsalar da kamanını əlindən yerə qoymamışdı. Ta ki, o günlərdə gözləri önündə zorlanan qadınları görənə kimi. Onu nə kamanın isti nəğmələri, nə də insan qəlbini son anadək tərk etməyən sonsuz yaşamaq arzusu xilas edə bilməmişdi. Səhər qanın axıb qaraltdığı qarın üzərində qucağına kaman sıxılmış bir kişi meyidi tapmışdılar. Hardansa tapdığı lezva parçası ilə axşam zorlama əməliyyatını yerinə yetirənlərdən birini yatdığı yerdə boyun damarını kəsmiş sonra da öz biləklərini doğramışdı.
..Murad qəribə duyğular içindəydi. Günəşi yola salıb evə döndüyündən bəri evinə yayılmış yasəmən qoxusu onu rahat buraxmırdı. Murad bir gün bu narahatlıqla polis şöbəsinin qarşısına gəldi. O, gün Günəşin ifadəsin alan polis məmuru onu ayaqüstə salamladı.
- Xoş gördük Murad! Sən hara bura hara? Yoxsa bir şikayətin var?
- Yox, o gün ifadə verdiyim məsələ haqqında maraqlanırdım.
- Xeyr, Günəş xanımdan xəbərim yoxdu. Rəşid isə tutuldu. İfadə verdiyiniz gündən üç gün keçmiş rayonda kafelərin birində sərxoş halda yaxalandı.
Murad sağollaşıb-sağollaşmadığını bilmədən otaqdan çıxdı.
Niyə Günəşdən ünvan ya telefon almadım deyə düşünüb özünü qınayan Muradı polisin səsi diksindirdi:
- Görürəm narahatsız onun üçün, buyurun burda Günəş xanımın telefonu və ünvanı yazılıb.
Murad kağız parçasını alıb uzaqlaşdı.
- Bəlkə gedib öz gözlərimlə görüm onları. Yox, getmək fikri Muradı yüz bəhanə ilə tərk etdi.
Murad evə çatanda qaranlıq qovuşurdu. İndi Muradın həsrət çəkdiyi qoxulara biri daha əlavə olunmuşdur.
- Günəş, hardasan əlini ver!
Çox qaçır, Günəşi çox axtarır tapa bilmirdi.
Bu həyəcanla yuxudan oyandı. İlk dəfə idi ki, keçmişdən yox, bu gündən kimsə onun yuxusuna gəlmişdi və bu adam üçün Murad çox narahat idi. Artıq özü də bilmədən nömrəni tapıb yığmışdı.
- Salam mən Murad. Gecdi bilirəm narahat etdim amma çox nigarandım.
İlk dəfə idi ki, Murad bu qədər həssas cümlə qurmuşdu.
- Necəsən, Günəş? - illərin tanışı kimi səslənmişdi qıza.
- Sağ ol, Murad!
- Anan necədi, yaxşıdırmı, Bənövşə xala?!
- O yoxdur, artıq. Dörd gündü mənim anam yoxdu.
İkisi də xeyli susmuşdu.
Nə edəcəyini bilməyən Murad təkcə, “Allah rəhmət eləsin!” deyə bildi.
Bu səhər o biri səhərlər kimi tez gəlmədi. Saat 6-nı vuran kimi Murad geyinib çıxdı.
- Asif, ay Asif!
- Asif necə tapacağıq biz 111 nömrəli evi burda evlər hamısı bir-birinə bənzəyir. Hündürlüyü, rəngləri, hətta darvazaları da eynidir.
Asif öz aləmindəydi:
– Hə, nə yalan deyim ay Murad, doxdur, səni o gün evə gətirəndə bildim ki bu qıza biganə deyilsən. Hərçənd biz sənin susqunluğuna, dalğınlığına çoxdan alışmışıq ama bu bir başqa dalğınlıqdı. Bilirsən qardaşın belə işlərdə saç ağardıb.
- Qızın bir anası vardı, o da dörd gün əvvəl rəhmətə gedib.
- Bax Murad taleyin işidi. Onda səni Allah göndərib ki, ona sahib çıxasan.
- Burda saxla maqazindən soruşum yəqin bilərlər.
- Günəşgilə gəlmisiz? Cavab gözləmədən sözünə davam etdi qoca satıcı:
- Hə, zavallı qız tək qaldı. A bala, qarşıdan sola dönüb düz gedərsiz üçüncü evdi.
Balaca darvazanı orta yaşlı qara çalmalı kök bir qadın açdı.
- Kimi istəyirsiz?
- Evdədir Günəş?
- Sən Muradsan? Mən bilirdim ki, gələcəksən. Gəlin! Günəş evdədir.
- Günəş!
- Gəldim Zəminə!
Muradı görəndə özünü itirmişdi.
Zəminə Çayları gətirib həyətdə alçaq tənək çardağının altında qoyulmuş uzun dəmir masanın üzərinə düzdü.
Heç kim bir kəlmə də demirdi. Birdən Asif sükutu pozdu.
- Allah rəhmət eləsin bacı, xəstəydi ananız?
- İnfarkt. - Günəşin susqunluğunu görən Zəminə danışmağa başladı:
- Bir ürəyə nə qədər ağrı yerləşsin axı! O qədər itkilər azmış kimi yazıq illərdir yer dustağı idi. Artıq ürəyi tab gətirmədi. Bunlarınkı tək ana bala sevgisi deyildi. O dəfəki hadisədən sonra heç özünü düzəldə bilmədi. Elə bildi Günəşi bir də görməyəcək. Sizin sayənizdə ana bala son günlərini birlikdə keçirdilər. Amma mən demişdim o oğlan nə vaxtsa gəlib Günəşi tapacaq.
Günəş Zəminəyə acıqlı baxdı. Murad gözlərini yerə dikmişdi. Danışmaqla arası saz olan bu iki şəxs - Asiflə Zəminə gah gündəlik problemlərdən, gah da özü keçmiş ağrıları hələ də keçməyən hadisələrdən danışırdılar. Zəminə o illərdə itirdiyi həyat yoldaşından, qohumlarından, əsir düşən bacı, qardaşından - xəbərdar olduqları hər şeydən danışdılar.
Murad birdən ayağa qalxdı:
- Yaxşı, biz gedək.
- Sağlıqla qalın!
...
Murad Günəşgildən gəldiyi iki ay ərzində hər gün Günəşi görməyi arzulasa da ona cəmi iki dəfə zəng edə bilmişdi. Birinci zəngdə hal-əhval tutub sağollaşmışdılar. İkinci zəngdə gecə səhərəcən danışmışdılar. Daha doğrusu Günəş susmuş, Murad isə içindən gələn hər şeyi söyləmişdi.
...
Muraddakı dəyişikliyi onu tanıyan hər kəs sezirdi.
Murad indi daha çox yaxşı qoxulu yuxular görürdü. Sanki, o yaşamağa başlamışdı. Ancaq qonşu Tamam xala ilə Təzəgül xalanın onun yerinə verdiyi qərar Muradın heç ağlına da gəlməzdi. Bir səhər Asif, anası, bir də Təzəgül arvad Muradın həyətinə gəldilər.
- Savabdı valla onun da heç kimi yoxdu, sənin də az yaşın yoxdu, qadan alım! Hamımız sənin xoş gününü arzulayırıq.
- Uzun sözün qısası biz səhər sənin üçün elçi gedirik, Allah versin xeyir-duanızı!
Murad həyəcanını birtəhər gizlədərək:
- Yox çox sağ olun, ancaq mən belə bir şey fikirləşmirəm. Mən heç kimi xoşbəxt edə bilmərəm.
...
Lakin bu günü ilə bağlı heç bir planı olmayan Murad üçün onun əzab çəkdiyini görən yaxşı qonşuları artıq çoxdan plan qurmuşdular. Ancaq çox çalışsalar da, Murada toy çaldıra bilmədi bu yaxşı qonşular. Günəşgilin evində Zəminənin bişirdiyi şirniyyatlı bir çay süfrəsində onların kəbinləri kəsildi.
Həmin gün bir az bəzənmiş bu balaca otaqda gecə səhərədək illər öncə çox yaxın qonşu olan, hələ uşaq dünyalarında bir-birinə məhəbbət bəsləyən bu oğlanla qız itirdikləri hər şeydən - o günlərdən, o yerlərdən, hər şeydən danışdılar.
...Murad yasəmən qoxusunu içinə çəkdikcə sanki yenidən canlanır, yaşadığını xatırlayırdı. Günəş isə onun güclü qolları arasında kimsəsizliyini unudur, bir qadının necə xoşbəxt ola biləcəyini indi tam mənası ilə analayırdı. Bu xoşbəxt gecə, bu xoşbəxt günlər bir il sonra onlara bir ərməğan da gətirdi.
...İllər keçdi Murad çoxdan gözlədiyi xəbəri aldı. O, canından çox sevdiyi Günəşi, dörd yaşı yenicə tamam olmuş Mübarizi uzaqdan izləyib onları tək qoyacağını düşünəndə gözləri dolmuşdu. Ancaq Murad üçün bütün arzulardan ən güclüsü reallaşa bilərdi.
...Hərbi hissələrin birində bədəncə cüssəli, artıq saçları çallanmış, hündürboylu, qoldan çox qüvvətli görünən, bu sevincli adamın adını rayon mərkəzində hamıdan öncə yazmışdılar siyahıya.
...
Günlər sonra bir axşam Asiflə qulağı tamam zəifləmiş anası Tamam xala səsi yüksək həddə qoyulmuş Tv-nin xəbərlər proqramında aparıcıdan belə bir məlumat almışdı:
- Cəbhə bölgələrindən birində N saylı hərbi hissədə könüllü xidmətə başlayan əsgərimiz gecə saatlarında təkbaşına iki ordu arasındakı ərazini ustalıqla keçmişdi. Bir düşmən postunu dağıtsa da, ələ keçmiş, özü də daxil olmaqla üzərində gizlədiyi sonuncu yandırıcı silahla 20 dən artıq düşmən nəfərini məhv etmişdir.
...
Mübariz bu səhər çox tezdən oyanmışdı:
- Ana, yuxuda gördüm atam boynuna üçrəngli şərfini bağlamışdı. Əynində mənim ən çox sevdiyim paltardan vardı - əsgər paltarı. Məni səsləyirdi. Sonra şərfini açdı mənim boynuma doladı. “Ananı da götür gəl! – dedi -bilirsən buralar çox gözəldir! ....Günəş oğlunun başını sığallayıb, yanağına süzülən yaşı məktub sıxdığı əli ilə silirdi. Bu zaman pəncərədən süzülən səhər Günəşinin şəfəqləri onların balaca otağına yayılırdı....
Epiloq əvəzi
....Murad gecənin qaranlığında xeyli yol getdi. Arzuladığı o yerlərə çatmışdı. Muradın yuxularındakı kimi qalmasa da həmin o yerlərdi:
Ağrıdan cadar tutub bərkimiş torpaq... Həsrətdən lil tutmuş bulaqlar... Nisgildən dumanı da qaralmış dağlar... Muradı görəndə sevinmişdi, ya da çox sevincək olmuş Murada belə gəlmişdi.
Murad üzü üstə düşdüyü torpağı öpdükcə həm onun, həm də ana yurdunun illərdir sızıldayan yaraları ağrısını unutmuşdu bir az...
...Bu ən böyük həqiqətdirki, uğrunda can verən yaralı şəhidin öpüşü qədər heç nə dindirə bilməz yaralı bir torpağın ağrı-acısını! Taleyinə müharibə yazılmış ölkənin qadını yalnız əsgər-şəhid doğacaqdır!