Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elcan Elşənoğlunun “Xudayar təsnifi” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Xudayar Yusifzadənin timsalında Qarabağı
azad edən, könülləri fəth edən 44 günlük
Vətən müharibəsi iştirakçılarına ithaf olunur.
Doğma Qarabağ məkrli düşmən tərəfindən işğal olunmuşdu. İllər idi ki, Vətən göylərində Günəş sevinclə işıq saçmırdı, təbiət də al-əlvan rəngdən imtina etmişdi. Yurd yağı əlinə düşdüyü gündən bütün canlılar matəm içində idi. Yaşayanların da, dünyasını dəyişənlərin də ruhları yasa batmışdı. Göylərdən qəm, qüssə, kədər yağırdı.
Vətənini tərk etməyən, yadellilər, yaddillilər əhatəsində əsir qalmış, sirdaşına, yarına həsrət qalmış
Bülbülün niskildən səsi tutulmuş, qəm dəryasına qərq olmuşdu. Yurd itkisi Bülbülün köksünü göynədir, canını yandırıb-yaxırdı. Onun gün-gündən rəngi saralır, məcbur didərgin düşmüş əzizləri üçün Qarabağ yollarına dikilən gözlərinin ağlamaqdan nuru sönürdü. Bülbülün musiqilərindəki notlar da qan ağlayırdı. Təkcə özü kimi bu yurdu tərk etməyən, başqa yerdə bitməyən, bir zamanlar qız-gəlinlərin öpüb, yaxasına qoyduğu üçün həsəd apardığı Xarı Bülbül idi təsəllisi.
Düşmən əli ilə qəfəsə salınmış, əsir Bülbül hər xaman başına pərvanə kimi dolandığı, sinəsi parçalanıb qan olmuş Xarı Bülbülə baxıb için-için ağlaya-ağlaya pıçıldayırdı:
Xarıbülbül, bu nə gündü, zamandı?
Sağın həsrət, solun ahdı, amandı
Mənim dərdim səninkindən yamandı
Yağı düşmən dağ çəkibdir bağrıma,
Yerlər, göylər dözə bilmir ağrıma.
Gecə-gündüz həmvətənlərini düşünən çarəsiz Bülbül yuxularında toy-bayramlı yamacları, yaylaqları, çölləri görərdi.
Könülləri rövnəqə gətirən Bülbülun mahnılarının yaşı bu diyarda ulu babaların yaşı ilə eyni idi. Bir zamanlar Bülbül Qarabağın gözəllərindən, əvəzolunmaz təbiətindən, Cıdır düzündə qürurla dördnala çapan köhlən atlarından, səs-səsə vermiş Torağaylardan, gur axan çayların, şaqraq bulaqların nəğməsindən ilham alaraq ötərdi. O, sübh tezdən durar İllər uzunu Vətənin dörd bir yanına yayılan, ecazkar səsi ilə hər kəsi yuxudan oyadar, onları doğma dilində gün boyu ruhu oxşayan musiqilərlə feyziyab edər, yatanlara layla çalardi. Bülbülün bulaq suyu kimi saf, təmiz səsini eşitməyən narahat olardı. Ana təbiət, insanlar, güllər-çiçəklər Bülbülü sevər, ondan ilham alar, dərd-qəm içində olanlar dərdini unudardı. Onun şəninə şeirlər, nəğmələr qoşulardı.
İndisə Bülbül dərddən ürəyi dolsa da düşmən onun səsini, eşitməsin deyə cəh-cəh vurmurdu. Xarı bülbül də onun səsinə həsrət idi.
Bir sabah Günəş də sanki bərq vururdu. Doğma yurda yeni həyat, yeni nəfəs gəlmişdi.
Uzaqdan doğma ana dilində musiqi səsi eşidən Bülbül bunun yuxu olduğunu guman etdi.
Bu yurdun igid ərənlərinin səsi idi. Bu səsi eşidən Xarıbülbül də dikəldi, ləçəklərinə qonmuş şeh sanki bərq vururdu. Səsə qulaq kəsilən Bülbül “Xudayar təsnifi” ni eşitdi.
Vətənini işğaldan azad olunduğu şad müjdənin təsirindən xoş ovqatdan ruhu şadlanan Bülbül ana dilində məlahətli səslə oxumağa başladı.
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar vətən yaxşıdır,
Vahid sormavətən nədən yaxşıdır?
Adı gəlcək könlüm xəndan görünür.
Şəki, Aprel 2021