Toyuq günü - Oljas Süleymenovun hekayəsi

Toyuq günü - Oljas Süleymenovun hekayəsi
18 may 2024
# 17:00

Bu gün məşhur qazax yazıçı Oljas Süleymenovun doğum günüdür.

Kulis.az onun "Toyuq günü" hekayəsini təqdim edir.

Yadımdadı: Xan-Tenqriyə şığıdım.

Zirvələri bir-birinin ardınca fəth eləməyə başladım. Daşlardan, Tyan-Şan küknarlarından yapışa-yapışa yuxarı dırmaşırdım, daşlar günlərlə aşağı yuvarlanır, lənətə gəlmiş zirvəsə görünmürdü. Əvvəllər özümdə hiss eləmədiyim inadkarlıq məni irəli qovur, sallanmış, dostumun gildən olan əli kimi yoğun kökdən yapışmaq üçün get-gedə daha da yuxarı şığıyırdım. Yapışdığım çürümüş kök sınanda isə inadkarlığım köməyimə çatmadı.

Məni meşəbəyi Arqun tapdı, elə bildi, iri, qara ilan çalıb.

Arqun ilanla əlbəyaxa döyüşə girdi, albanlara məxsus döyüş bağırtısı çıxarıb “yalın əllə ilanın boğazından yapışdı”.

Məni uzaqdakı gözətçi daxmasına aparmağın faydası yox idi. Xoşbəxtlikdən çox ucqar yerdə yıxılmamışdım. Yaxınlıqda heyvandarların tibb məntəqəsi yerləşirdi. Çobanlar qışlamaq üçün aşağıdakı qışlaqlara enirdilər, ziyalı ailəsindən çıxmış, diplomunu alandan sonra şəhərdən ən uzaq otlaqlara üz tutmuş aul həkimi Ker də axırıncı sürüylə növbəti yayadək onlarla gedirdi. O, miniyi olmayan turistlə bütün qışı ayıbalasından tikilmiş pansionatda qalmalı olmuşdu.

Göksay müalicəxanasını “Böyük torpaq”la birləşdirən yeganə cığırı qar basmışdı, yalnız acından ölməməyimiz üçün bütün qayğıları öz üzərinə götürmüş Arqun iki həftədən bir yarıkor, “Skalolaz” ləqəbli atının belində uçurum üzərindəki buz bağlamış cığırla aula gedib-gəlməyə cəsarət eləyirdi. O, üç sutkadan sonra mumiyalanan adam kimi, bərkimiş halda gəlir, kərpic üstündəki çayda qar əridib qaynatdığımız çaydan acgözlüklə içirdi. Bir-iki saat söhbət eləyib yenidən atına süvar olur, onu irəli, dağara doğru qovurdu, iyirmi verst uzaqdakı küknar meşəsində yerləşən daxmasında onu qarısı Raziyə apay, inəyi Slu, hiyləgər iti Azərbay, lənətə gəlmiş safsarı çoxdan qovmalı olduğu hini gözləyirdi.

...İndi otaq tamamilə Xan-Tenqrinin diklərinin əks etdirdiyi qızılı işıqla dolmuşdu. Kobud ayıbalasından hörülmüş divarlar həmin işıqda rahat görünür.

Kimsə deyib, işıq hər şeyi aydınladır. Yalan deyir. Günəş aləmə bəraət qazandırır.

Ker gümrah halda, əynində qırış-qırış olmuş trusu, əllərində emallı vedrələr işıq axınında romantik görünür. O, dəlikdən çıxıb tavandakı dirəyə baxır.
- Xəstə, tənəkə kimisən? - Aydın səslə soruşur.
- Dəmir kimiyəm, - həmişəkitək cavab verirəm.

O, yatağımın ətrafına dolanır, dirəyin yanından xatasız-bəlasız ötür, qapını çiyniylə sonsuz aləmə açır. Bununla da səhər yoxlaması başa çatır, həyat başlayır.

Donmuş torpağın üstündə onun addım səslərini eşidirəm. Bax, uçuruma yaxınlaşır, vedrələrin içindəkini qırx metr hündürlükdən aşağı əndərir. Vedrələri cingiltiylə yerə qoyur, kiçik meydançadakı ağır daşlar bir-birinin ardınca dərəyə uçur.

Qışda o, qar yapışmış daşlarla məşq eləyib. Aşağı düşən daşların səsi gəlmir, yalnız zövq dolu kəhilti və əyləncəli nəfəs verməsi eşidilir. Azı on dəqiqə ciyərlərindəki durğun havanı çıxarmaqla məşğul olur. Duyuram ki, saf aprel havası Kerin gecə ərzində ölgünləşmiş bədənini cana gətirir. O, qarla sinəsini və sifətini sürtür, bədəni də üzərinə gün düşən buz kimi qırmızımtıl rəngə çalır. Dərisinin altında artıq kumıstək turşumuş yox, şərab sayaq yetişmiş qan axır. Sərxoş olub, qaçır, güman ki, bir metr hündürə tullanır. Onun tappıltıları üç dəfə divarların ətrafına fırlanır, sonra yanmış küknar ağacına doğru uzaqlaşır.

Nəhayət, xoşbəxt görkəmlə, xırıltılıyla nəfəs ala-ala geri qayıdır. Addımlarını yavaşıdıb yaxınlıqdakı uzun şam tirinin ətrafına fırlanır.

Nəhayət, baltanın metronom sayaq boğuq tappıltısı eşidilir.

O:

- Siz sünnət olunmuş donuzsunuz...

Mən:

- Bu, artıq qışda baş verib, hər şeyi qeyd eləmişəm, üstəlik də, söyüşdü...

O:

- Niyə?

Mən:

- Donuzdu axı! Qadın cinsindəndi.
- Hə, bu, artıq həddini aşmaqdı. Siz axı, yadımdadı, qışda vətənimi incidib yüksək bal aldınız.
- Vətəninizi yox, ata yurdunuzu.
- Yaxşı yadımdadı: vətənimi!
- Dedim ki, ata yurdunuzu.
- Yerinizdə uzanıb qalmayın, ağzınıza bal alın!
- Çox yaxşı, - həmin məqamda kömbəyə yağ sürtürdüm.
Hiddətindən rəngi qaçmış Ker dərhal qızardı.
- Pis deyil, hə? Bir kəlmə söyüş belə yoxdu, amma həmin intonasiya qalır. Dahiyanədi, hə?
- Dedim axı, yaxşıdı.
- Yox, dahiyanədi. Ağzınıza bal qoyun.
- Təkrardı. Bir xal silinir. Hesab əvvəlkidi - 700:900, mənim xeyrimədi.

Kerin rəngi yenə qaçdı, amma dinib-danışmadı. Yastığın üstündə yerimi rahatladım, çaydan bir qurtum alıb piyaləni yerə qoydum.

Həyatımız dəqiq rejim tələb eləyirdi. Yataqdan qalxmaq, səhər yeməyi yemək, sakitləşmək üçün təmrinlər yerinə yetirmək lazım gəlirdi.

Həyəcanlanmamalı, lazımsız şeyləri xatırlamamalı, ümumiyyətlə, düşünməməliydim. Ker əsl həkim kimi, əvvəlcə bu vasitəni öz üzərində sınaqdan keçirdi. Heç nə baş vermədi, sağ-salamatdı. (Artıq aradan uzun illər keçib, həmin gün ağlıma gələn fikri heç cür xatırlaya bilmirəm... Bütün həyatım üçün çox vacib olan, insana ömründə bir dəfə, həm də bütün nəsildən bir nəfərə qismət olan fikir idi...)
- At belinə, - Ker dilləndi.

O, masanın üstündən süfrəni yığışdırdı, üzəngili stulumu pəncərənin qabağına çəkdi. Tarixdə hündür konik ayaqlı iki yəhərşəkilli stul olub. Biri Hötenin imiş, digəri də mənimdi. Amma yəhərimin üzəngisi var. Bu cür yəhər insanı formaya salır. Onun üstündə adam özünü gümrah hiss eləyir. Üzənginin bir tərəfi yaralı ayağıma görə döşəməyəcən sallanır.

Stulu eskizim əsasında Arqun və Ker taxtadan, bir də köhnə yəhərdən düzəldib, üzərinə pambıq adyal çəkiblər.

Ker hər səhər məni pəncərənin qabağında oturdub vəcddən qıpqırmızı qızarmış halda danışır:
- Səni hələlik ayaq üstə qaldırmasam da, hər halda, yəhərə qaldırmışam.

İndi barmaqlıq arxasındakı təbiəti müşahidə eləyə bilirəm. Ətraf dağlardı, sol tərəfdə uçurum var, kiçik meydançada yastı damlı, ayıbalasından tikilmiş daxmamız yerləşir.

İndi komanın pəncərəsini də, bir hissəsini də görürəm. Öz aramızda eyniadlı, kiçik, mazğal kimi dördkünc, içində dəmir barmaqlığın nazik milləri görünən pəncərəsinə görə, Qarıgözü də adlandırılır. Görünür, orda heyvanları və kölələri saxlayırlarmış. Kələ-kötür suvağın altından daşların dik yerləri görünür. Pəncərənin düz altında isə daş əməlli-başlı dikəlib, sanki dinmiş sümük dərini yırtıb üzə çıxıb.

Bir vaxtlar külək quzeydən, iki qayanın arasındakı keçiddən əsirmiş. Dahiyanə memarlıq həyəti qar basmasına imkan vermir.

Amma indi küləklər gündoğandan əsir, müalicə məntəqəmizin yerləşdiyi məkan sayəsində yüngül meh əsəndə belə dağlardan qar gətirir. Arqun arabir qarı təmizləyib bizi çıxarır.

Buranın dağları eyni xarakterlidi. Hamısı trapesiyaşəkilli kötük forması alıb, qocalıqdan üzərlərini mamır basıb. Bir vaxtlar geologiyanı öyrənmişəm, kötüklərin yaşını milyon ilədək dəqiqliklə müəyyənləşdirə bilərəm.

Barmaqlığım həm şəkil çəkmək üçün tor, həm də not vərəqidi. Onun əsasında həm peyzajın nisbətini, həm hündürlüyünü, həm də səs düzümünü müəyyənləşdirirəm.

Güneyə, Xan-Tenqriya doğru uzanan kötüklər, müxtəlif rəngdə və ölçüdədi. Tutqun, torpaq dərilərindən məhrum olan çürük daşlar görünür. Düz üzbəüz tərəfimdə, bir kilometr aralıda Yasəmənli kötük (bir dəfə qışda o dağın üstündə yasəmən rəngində kötük görmüşdüm, adı da ordan qalmışdı) var. Onu ötənilki yanğına görə, Yanıq dağ adlandırmamışdım (üstündə bir neçə şiş uclu ağac kötüyü görünürdü). Mart ayında Günəş qarı əritdi, indi o kötük qapqara görünür, orda-burdakı çökəklərində qalan qar da əriyir. O ləkələr yasəmən rənginə çalır. Qışda da elə bunu demişdim.

Kötük pəncərə barmaqlığının altı gözünə yerləşir: iki şaquli, üç də üfqi göz var.

Dərhal da Xan-Tenqrinin zirvəsi o gözlərin arxasında peyda olur, bütün kvadratlarımı tutur, projektor şüası kimi dama qalxır. Bu nəhəng kötüklər ansamblında yeganə kötük, gil, daş olmayan, yanmamış, kol-kos basmamış, çılpaq, vahid kimi bərq vuran zirvədi. Ucadı, bənzərsizdi, ağlasığmaz elektron səs, ciddi necə deyərlər, lya majordu.

Kötüyü sevməmək olar, hətta adamı hiddətləndirə bilər, elə hiddətləndirir də; onu yaramaz, iyrənc, kötük adlandırmaq mümkündü, amma bu, halına təfavüt eləməyəcək. Daş şumunun içindən dikəlmiş işıq sütunudu. Səhərlər çəhrayı rəngdə olan mərmər qatıdı. “Hər bir normal adam rəsm çəkməyi bacarmalıdı”, - bir ağıldankəm rəssam deyirdi. Müqayisəni davam etdirək.

Təbiətin ölümdən sonrakı qorxunc sərgisi. Qar tozu silinib; çılpaq rənglər şəffaf, tər-təmiz havada bərq vurur. Zirvə şişuclu, vərəm xəstələri üçün tikilmiş otellər kimi göyümsov-boz rəngdədi. Kötüklərin tünd rəngi üzərində ağımsov alatoranlıq görünür. Yanıq kötük Xan-Tenqrinin yamacında elə gözə dəyir, sanki ekranda əks etdirilir. Ağ ciyərin qapqara, tüstülənən parçasını xatırladır. Nəfəs alır, buğlana-buğlana titrəyir. Bir obrazda birləşdirilmiş, statistikanın qorxunc rəqəmləri kimi, laqeydcəsinə üzbəüz qoyulmuş iki obraz. Bərq vuran fantaziya və yanıq gerçəklik.

...Ker pəncərənin yanından ötə-ötə nəsə danışır. Onun səsi quyunun dərinliyindən gəlir. Dərədən asta simfoniyatək qalxan meh kənar səslərin üzərini düz, keçilməz qatla örtür. Söz öz xırdalığını görür, lal olur, daşın və işığın nəhəng obrazları qarşısında özünü itirir. Muzeydəki kimi sakitlikdi. Neolit də, süqut da, intibah da hiss olunur. XX əsr ayıbalasından tikilmiş daxmanın miskin karandaş rəsmitək təqdim olunub. Adam bütün bunları izah eləmək istəyir, kəm-kəsirini düzəltməyə can atır. Amma bax, o küknar ağacını necə düzəldəsən? Ancaq doğrayıb oduna çevirmək olar.

Alp dağlarında bu cür daxmalardan idman və sevgi üçün istifadə eləyirlər. Müasir memarlar daxmaların çertyojları üzərində sehir göstərirlər. Qədimliyin çalarlarını saman çöpünə, suvağın altından nümayişkaranə tərzdə dikilmiş daşınadək bərpa eləməyə çalışırlar. Üslublaşdırmadı. İncəsənətdə başlıcası təbiilikdi. Memarlıq Akademiyasını bitirməmiş aul çobanı bu bənzərsiz tikilini bir həftəyə inşa eləyib. Avropa mənimlə cüzi əlaqəsini itirib, itirilmiş sadəliyi yenidən yaratmağa can atır. Məni köklərim xilas eləyir. İnək quyruğutək havada yellənən köklərim. Məkanda səmtlənmə yerini dəyişib. Biz kürənin içindəki əşya kimi, qütbləri qarışdırmağa bəs eləyən sürətlə fırlanırıq. Yıxılan zirvələr, qalxan köklər sistemi mövcuddu. Həyat ağacına cürbəcür baxış duyulur.

Orda da, burda da müalicə olunub-olunmamaq heç vecimə də deyildi, cismim məndən ayrıca, sərbəst qərar qəbul eləyir.
Amma ildə bir dəfə, qışda, o kötüklər bərq vururlar. Buludlar aşağı enir, onları ardıc ağacının bihuşedici ağ tüstüsünə bürüyür. Onda da o kötüklər xəstə idilər, qayğı umurdular. Onlar işıqla oynayır, başqasının üstünlüyünü hiss eləmirdilər. O kötüklər Xan-Tenqri kimi şaxta və səma qoxusu verirlər.

Ker qayıdıb işığın qarşısını kəsdi.
- Üzəngidə dik qalx, Arqun gəlir.
- Yalan deyirsən, hələ tezdi. Aprelin biridi?..
- Yerimdən tərpənməməyimi istəyirsən?
- Tərpən. Bayır görünmür.

Arqun əynində kürk, başında tüklü papaq, əlcəkli əlində qara toyuq hinin arxasından çıxır. Toyuq berkut kimi qanadlarını çırpır. Arqun onu itələyir, toyuq ancaq ipin imkan verdiyi qədər gedə bilir. Arqun ilişmiş ayağını üzəngidən çıxarır. İçəri girir, aşılanmamış qoyun dərisindən tikilən, soyuqdan paya kimi duran kürkünü tappıltıyla döşəməyə atır, papağı götürüb üstündən asır, uzunboğaz çəkmələrini soyunur, ovuclarını irəli uzadıb yaşıl yun corablı ayaqlarını ata-ata yaxınlaşır, mənə əl verir, çarpayının yanındakı keçənin üstündə oturur.

- İşlərin necədi? Yaxşıdı?
- Allaha şükür, - minnətdarlıqla dillənir.

Onun ovucları iri, yumşaq qısqacı xatırladır. Əlimi, elə bil, bataqlıqdan çəkib çıxarıram.
- Evdəkilər necədi?
- Tanrıya şükür olsun, - o, adəti üzrə cavab verir.

Hələ uşağı yoxdu, amma ümid bəsləyir. Cəmi səksən yaşı var. Dağlarda bu, elə Ker yaşda olmağa bərabərdi. O da hələ ümidini itirmir.

Ker toyuğun ipini tirə bağlayır. Soyuqdan donmuş pipiyini yoxlayır.

Allah Arquna iri sifət verib ki, sanballı hisslərini ifadə eləsin. Amma o sifət elə ağırdı ki, ən güclü hisslər də hərəkətə gətirmək iqtidarında deyil.

Qaşlarını dartsın, yoxsa qaşqabağını sallasın? Ən azı, qulaqlarını tərpətsin. Hər bir cənduqəyə bəzək olacaq daş balbaldı... Sifəti quzğun rəngindədi.

Gözlərinin ətrafındakı, daim qıymaqdan qırışmış dərisi tərpənir. Elə bil, Labradorun bərq vuran hissəsindəki cızıqları xatırladır. Onu əməlli-başlı şənləndirəndə qırışlar yox olur, mavi gözləri (sifəti balaca olsaydı, o gözlər iri görünərdi) qalın qapaqlar altında gizlənir, ağzı tüklərin içində yox olur, sifəti nüfuzedilməz bütövə çevrilir.

Saç-saqqalında bircə ağ tük belə yoxdu. Alnına qapqara saçla ölmək yazılıb. Yekəpərdi, görkəmi zəhmlidi, amma kirpi kimi mehriban adamdı. İştirak elədiyi bütün hərbi əməliyyatlardan öskürək (Moskva altında soyuqlayıb) və bir neçə medalla qayıdıb.

Qəribə tərzdə, yırğalana-yırğalana axsayır. “Doxtur”ları görən gözü yoxdu. Budundan yaralanıb, belə hesab eləyir ki, yaralı halda yıxılıb qaldığı müddətdə qıçını dəyişiblər. İndi iki sol ayağı var. Amma Keri sevir, çünki onu “doxtur” saymır. Mənəsə axsaq adam kimi hörmət göstərir.

O, həm təsərrüfat müdirimiz, həm poçtalyonumuz, həm meşəbəyimiz, həm buyruqçumuz, həm də dostumuzdu - bütün bunların hamısı bir böyük, mehriban simada birləşib. Onun saf, təmənnasız hərəkətləriylə yanaşı, bacarığı da var. Hələ bir dəfə poçtla birgə uçuruma yıxılmayıb. Səxavətli, gözünə ağ gəldiyinə görə kor olan “Skalolaz” cığırı hər bir daşınadək mükəmməl öyrənib, o çox mürəkkəb yolu gözləri bağlı gedib-gələ bilər.
Meşəbəyi neandertallar dövründən Xan-Tenqrinin ətrafında yaşayan alban tayfalarındandı. Qədim dövrlərdə o tayfanın böyük bir hissəsi qərbə, Qafqaz dağlarına köçüb, oralara qorxu saçıb, sonra da həmişəlik məskən salıb. Arqunun bundan heç xəbəri belə yoxdu. O, sadəcə həmin albanların dilində danışır, qədim türk terminlərinə də latın dilinin havası dəyməyib. Xalq kimi obrazlı danışır. Həm də cismən iri olsa belə, uzanmış adama yuxarıdan-aşağı baxmamağı bacarır. Axır ki, alban folkloru üzrə mütəxəssisə çevrildim.

Onun nağıllarının qəhrəmanları eyni məxluqlardı: inək Slu, onun südüylə böyümüş it Azərbay, bir də axta at Poma.

“Hələ ilxıda olanda Pomanın dişi tayı vardı. Atı dağlara aparıb axtalatdım ki, qızışmasın. Poma bu illər ərzində dişi tayını, heç olmasa, gözucu görmək istəyirdi. Çalışır, başlıq haqqı yığırdı. Atların başlıq haqqı böyük olur. Gözlərinə ağ gəldi, indi ancaq gözucu görür. Ötən dəfə aulda bir dişiyə meyil saldı. Kəhəri də, madyanı da arabaya qoşub aulda tarlaya peyin daşıyırdıq. Atım ağladı. Ona dedim: “Ağılsız olma, toxta, sən axı axtasan!..” Arqunun sirrini o, auldan qayıdıb gələnəcən çözdük. Səbəbi Ker söylədi: “Yeni, daha cavan at almalıdı. Amma axta atla pul yığa bilmir”. Əlbəttə, nağılı başqa cür də yozmaq olar.

Amma yayda pul qoyub Arquna at almaq fikrinə düşdük.

“Dünən gecə şeytanlar Azərbayın yanına gəlib deyiblər: Alban, Alban, get hür”.

“Azərbay itsayağı danışmağı tamam yadırğayıb. Onun nitqində çoxlu inək və alban sözləri var. Aulda ağzını açmağa cəsarət eləsə, itlər onu daşa basarlar.

“Azərbay dağlarda ölü sərçə tapdı. Yazıq sərçə bu cür həyatdan yorulub, çox çətinliklə ölüb, Azərbaysa onu dirildib”.
“Azərbay əsl ev sahibidi, tapdığı hər şeyi evə gətirir. Bir dəfə ölü ilan da gətirmişdi. Yəqin, elə bilib kəndirdi, təsərrüfatda lazım olar”.

Yenə çay içirik. Gündüz saat on bir radələridi. Günəş işığı iri xanalı sarı örtük kimi keçənin üzərinə düşüb. Süfrədə Raziyə apanın göndərdiyi təzə bağırsaqlar, içiboş, quru balqabaq dolu qaymaq, qara üzüm, qurut var. Ker süfrənin yanında yastığa dirsəklənib çay içir. Piyalə sifətinin yarısını örtüb, görən elə bilər, o, çayı burnuyla hortuldadır. Arqun dodaqlarını piyalədən aralaya-aralaya fışıltıyla sorur, gözəgörünməz fırtlığını bərkdən çəkir.
Belə səhərləri, kərpicin üstündə qaynamış tünd çayla qaymağın ətrini, samovarın coşqun, qızılı rəngli nəğməsini sevirəm.
Tərləmiş Ker boş piyaləni Arquna verib soruşur:

- Hə, Slu və Azərbayın səhhəti necədi? Bu, qonq səsidi.

Arqun dolu piyaləni Kerə qaytarır, girdə gözlərini mənə dikib öz piyaləsini qabırğasının üstünə qoyur.
- Azərbay dünən yenə anasıyla çəkişib, - o, xəbər verir.
- Hə?
- Azərbay tövlədə sümük basdırıbmış. Yaxşı, dümağ sümük imiş. Həyətdə gəzə-gəzə onu xatırlayırmış. Sümüyün isti peyinin içində uzanıb yatdığını, yuxusunda, guya, yenə qoyunun bədənində, dərisinin altındakı isti ətin içində olduğunu görür. Azərbay sümüyə baxmaq istəyib. Sümük onun doğma qızına çevrilibmiş. Onunla oynayır, dişləriylə götürüb dağlara aparır, gülləri göstərirmiş (Arqun barmağını stəkandakı bənövşələrə doğru qaldırır), indi də yenə onu dağlara aparmaq istəyirmiş. Tövləyə girib nəzakətlə dillənir: “Salam-əleyküm, apa”. Slu hətta başını belə çevirməyib, nəsə gövşəyirmiş. Qəzəbindən Azərbayın beyni xəmir kimi axıb qulağını tutur, eşitmə qabiliyyətini itirir. Ağlının səsini eşitmir, inəyə gözaltı nəzər salır, sanki bic məxluq görür. Canını qaşınma tutur. Elə bilir, Slu onun sümüyünü qazıb çıxarıb, gövşəyir. “Ey, mal əti, - qışqırır, - nədi, otdan doymamısan?” Slu isə ağzından selik axa-axa gövşəyir. “Görərsən, qancıq, atama deyəcəyəm”. Mənə ata deyir.

...Bu dağların arxasında, iyirmi kilometr uzaqda ir samanlıqda uzanıb özünü günə verir. Ağ yelini olan qırmızın inək saqqız çeynəyir, ucu tüklü, nazik, ağır quyruğunu yellədir.

Bəzən sözə baxmayan Azərbayı vurur. Azərbay yaldan şişmiş halda, başını sümüyün üstünə qoyub uzanıb, sağılan süd anasına həsədlə göz qoyur.

O hardasa haqqında danışıldığını duyub başını qaldırır, utana-utana qulaqlarını başına sıxır, tüklü quyruğunu narazı Slunun burnunun ucunda samanlığa çırpır.

Arqunun hekayətləri heç vaxt əxlaq dərsi vermək məqsədi güdmür. İt həyatının görməli parçasından başqa bir şey deyil.

Kerin qaqqıltısı ona ilham verir.
- Azərbay axşam özünü Allah hesab eləyib Slunun yanına gəlir. “Bala, - deyir, sən daha dua eləməyə bilərsən. Mən səni cənnətə göndərəcəyəm. Tanış itlərin söylədiyi kimi, namuslu inəksən, indi cənnət gözəlləri hurilərin arasında layiqincə dincələ bilərsən. Başlıqsız-filansız qırx arvadın olacaq. Mən sənə belə bir xeyirxahlıq eləmək qərarına gəldim. Bu böyük lütf müqabilində Arqun meşədən qayıdanacan öz allahınla günaha bata bilərsən. Dərhal da cənnətə gedəcəksən!”

“Sözlərinin yalan olmadığını nəylə sübut eləyə bilərsən?” - Slu soruşur.

“Gəl, sınaqdan keçirək, onda Allahın yalan söyləmədiyinə əmin olacaqsan”.

“Onda sən Allah yox, itsən”, - Slu dillənib onu quyruğuyla vurdu, Azərbay da incidi.

“Bəs, it olsam, onda necə? - Azərbay dilləndi, sonra qışqırdı. - Ay qancıq!..”

Ker itsayağı hürə-hürə güldü. Mən böyürdüm. Arqunun sifəti donuq ifadə aldı. Döymə və titə göyümtül qaranlıqda əriyib yox oldu.
Arqun məktublarımızı kaftanının altında gizlədib ağır kürkünü asanlıqla çiyninə saldı, barmaqlığın arasından əlimi sıxıb Kerlə birgə bayıra çıxdı, axta atının belinə qalxdı. At ağırlığın altında çökdü, beləcə də evin arxasında gözdən itdi.

Ker onları döngəyəcən ötürdü. Qoca üç gündən sonra gecə əbədi buzlaq kimi tutqun halda qayıdacaq, ağır kürkünü gurultuyla yerə atacaq, bir samovar çay içəcək. Biz məktubları oxuyanacan o, mürgüləyə-mürgüləyə donunu açacaq. Bir saatdan sonra dincəlmiş axta atını minib hərarətli Raziyə apayın, hərarətli, yarıağ Slu inəyin, çox hərarətli Azərbayın gözlədiyi, lənətə gəlmiş safsarı çoxdan qovmalı hini olan komasına sarı yola düşəcək.
Özü heç kəsə məktub yazmır, heç kəsdən açıqca, teleqram-filan almır. Fikirləri kağız üzərində əks olunmağı tələb eləmir. O fikirlər gələcək nəsillərə epos şəklində yetişəcək.

Arvadı da onunla “Böyük torpağa” məktub göndərmir.

Arquna bir vaxtlar öz adını yazmağı öyrədiblər. Amma o imza heç kəsə gərək deyil, üstəlik də ərəb hərfləri ilədi.

...Üzümü dəmirlərinə söykəsəm, pəncərəmdən cığırın bir hissəsini görə bilərəm. At artıq görünmür, cığır aşağı meyillənir. Arqunun kürəyi, cürbəcür dərilərdən tikilmiş kürkü hələ bir müddət yırğalanır. Kürkün tikişlərindən əlçim-əlçim ağ və qara yun çıxıb.
Axır ki, yalnız alov rəngli tülkü dərisindən olan papağı görünür. Papaq bir anlığa donub qalır, nəhayət, Günəş kimi batır. Cığır boşalır. Sonra o cığır çayın üzərindəki, hündürlüyü iyirmi metr olan, iri buz lülələri sallanan sıldırım qayanın dibi ilə uzanır. Cığırda suyun səsi eşidilmir. Yalnız dikə dırmaşan Pomanın ehtiyatla atdığı ayaqlarının tappıltısı, Arqunun çuqun beynində daim qaynaşan düşüncələrinin uğultusu duyulur.
Mümkün qədər yana baxsam, sifətimi barmaqlığa söykəsəm, dərənin üzbəüzdəki sıldırımını görə bilərəm. Torpaq sürüşüb, köndələn və şaquli yarıqlarla hissələrə ayrılmış tutqun daşlar çılpaq qalıb. Yarıqlardan çəhrayı, ağ rəngli yun əlçimləri çıxıb - yabanı əriklər çiçək açıb. Yuxarıdan donmayan, qayanın aşılanmış çiyinlərindən yapışan şəlalə tökülür.

Gözəgörünməz Arqunu uzun müddət ötürürəm. Çığırın buzunun əriməsini arzulayıram. Yolun uzaqlığını-yaxınlığını yolçu bilər. Yeməyin şirinliyini-acılığını qayıdan fərqləndirər. Hələ üç uzun gün sifətimi barmaqlıqla eybəcər hala salacaq, cığırda Arqunun papağının peyda olmasını gözləyəcəyəm.

...Yanıq kötüklərin arxasından sığırçın çıxdı. Külək kül topasını havaya qaldırdı. Kül tozu Günəşin üzünü örtdü. Sığırçın uzaqlaşıb Yasəmənli kötüyün kölgəsində yoxa çıxdı. Bu gün quşlar günüdü. Sığırçının böyük nüfuzu var. Yəqin ki, qurdlar ona hörmətləri ucbatından təslim olurlar. Ola bilsin, qurdlar günü də gəlib yetişəcək.

Şeytan sığırçın hələ də gözə görünmür. Onun taleyi barədə düşünməyə başladım. Dəmir mil dodaqlarmı sərinlədir. Dodaqlarım sanki öpüşdən od tutub yanır.

Ker fikirli halda toyuğa baxır.
- Ker, ay Ker.

Susur.
- Ker?
- Nə banlayırsan?
- Bu gün quşlar günüdü.
- Nə olsun ki?

Həyətdə ayaqlı qazan var. Onu küləkdən üç metr hündürlüyü olan daş divar qoruyur. Ker ocaq qalayıb çeşmədən su gətirir. Su qızır. O, qazanı isti suyla, əlini sabunla tərtəmiz yuyur. Qazana yenə su tökür. Küknar odunu çırtaçırt yanır. Alov görünmür, tüstü çıxmır. Qazanın altında köz düşür. Ker evə girir.

- Xeyir-dua verib başlayaq.

Cərrah papağını qoyur, tənzif maskasını taxır. Xalatının iplərini kürəyində bağlayıram.
- Doktor, ümid var? - Astadan soruşuram.
- Mümkün olan hər şeyi eləyəcəyik, - Ker rezin əlcəklərini çəkə-çəkə cavab verir, sonra bayıra çıxır.

O, toyuğu açır, tirin üstünə uzadır, don vurmuş pipiyinidiqqətlə nəzərdən keçirir.
- Baltanı ver! - O, üzünü çevirmədən əmr eləyir, yerdən baltanı götürür.

Gəyirib qəssab kimi qara toyuğun ağ pipikli başını bədənindən ayırır. Nə baş verdiyini anlamayan toyuğun qıçlarından tutub irəli uzadır ki, xalatına qan sıçramasın.

Pasiyenti sakitləşəndə onu tirin üstünə qoyur, ayağıyla pipikli başını yaxına çəkib barmağıyla göz qapağını qaldırır, gilələrin reaksiyasını yoxlayır. Sonra yorğun halda dikəlib maskasını aşağı salır, papağını götürür, alnının tərini silir. Pəncərənin altlığına dirsəklənib Xan-Tenqriyə baxır, əlcəklərini çıxarır.
- Yaşayacaq...

...Xalatsız, canlıqda tirin üstündə oturub toyuğu yolur.

Tükdən təzə xəstəxana yastığı düzəltmək üçün istifadə eləyəcək.

Yayda vadiyə çobanlar və turistlər ayaq açacaqlar. Onlar qayalardan yıxılacaq, başlarını həmin yastıqların üstünə qoyub dözülməz qüssədən öləcəklər. O, tükü yolunmuş toyuğu qazanasalır, qapağını ehtiyatla örtür, ucadan şaman ovsunu oxuyur:

- Üç il biş və acı ol!..

Sığırçına sarı boylandım. Yəqin, uçub gedib. Quş günündə qanadlı varlıq edam olunub. Toyuğun quş olmamasıyla təskinlik tapırıq. Yəqin, bu müdrik kəlamı qartal söyləyib. Sığırçın belə şeylərə qarışmır. Güman ki, yuvasına girib yatır.

Ker əllərini arxasında birləşdirib dayanıb. Uzun, şüvül kimi düz saçlarını külək yellədir.

...Toyuq suyun tutqun, qaynar bətnində bişir. Taxtadan düzəldilmiş yağlı qapağın altından gözəgörünməz buğ qalxır. Buğ ocağın ətrafındakı kiçik məkanı titrək, şəffaf haləylə bürüyür. Daşların seyrək divarısa yaşayır və nəfəs alır.

Eramızdan əvvəl üçüncü əsrə aid adi skif qazanıdı. Herodotun kitabında həmin qazanın təsviri var. Tuncdandı, gödəkayaqlıdı, arxar formasındadı.

Dırnaqları da var. Almatı muzeyinin fəxri olan qazanlar kolleksiyasını zənginləşdirə bilərdi. O muzey skif qazanlarına görə dünyada mükafatalayiq yer tutur.

Tarix birinci başlamağa adət eləməyib. O suallarımızı gözləyir, həm də bütün suallara cavab vermir. Amma bizə indi lazım olan şey həmişə gərəkdi.

Qazan lazım oldu, Arqun da anbarını açdı.

İki min il bundan əvvəl. Ocağın üstündə neçə milyon qazan olub! Hətta əməlli-başlı his tutmayıb. O qazanların içində nə qədər su qaynayıb! Bütöv bir gölün suyu qədər. Hamısı da bir acmış alban ailəsini yedirib-içirmək üçün qaynayıb, o albanların zirvəsi də yekəpər, sıfır rəqəmi kimi girdə olan hislə batmış Arqundu. Bütün cismi - sifəti, əzələləri, gövdəsi, qıçları, qolları, gözlərinin kiçik ağ giləsi iri sıfırlardan yaranıb. Təbiətin bir rəqəmi kimi arıq Kerə rəhmi gəlməyib. Elə mənə də.

İndi eramızdan əvvəlki qazanlar dəstindən yalnız biri işə yarayır. O da toyuq ətinə qismət olub. Ker Arqunun bu qazanını təzə bir çuqun qazanla dəyişmək istəyir. Amma o, nəslinin yadigarı kimi qazana böyük dəyər verir, daim onun içində bişən ətin daha dadlı olduğunu təkrarlayır. Mən də belə düşünürəm.

Adam özündə Çin səltənətinə basqın eləmiş alban cəngavərinin iştahını hiss eləyir. Altımızdakı keçədə də onların kilimlərindəki naxışlar var. Qarşımızda da həmin ən gözəl küknarlar görünür, mən də həmin küknarların arasında yıxılmışam. Onların kökləri inək quyruğu kimi uçuruma sallanır. Köklər havanın şirəsini sormağa öyrəşiblər. Köklər də, budaqlar da mavi boşluda qalıblar. Ən qədim dinin ən qədim möminləridi. Zirvə onların özünə oxşar - mavi, yaraşıqlı, şişucludu.

Yarıçılpaq Ker tirin üstündə “12 stul” əsərini oxuyur – o, əsəri, demək olar, əzbər bilirdi - Arqun ona göz qoyurdu. “Niyə belə gülür?” O, Keri İlfə bir qədər qısqanırdı. “Nə haqda oxuyursan?” - “Stullar barədə!” - Ker cavab verdi. “Hə, - Arqun yerdə otura-otura gülümsədi. - Stullar gülməlidi, - o, stuluma baxdı, - amma xəstələrə stul lazımdı”.

Toyuq düz saat üçdə bişdi. İlk dəfə mavi vadidə bulyon qoxusu hiss edildi. Ker kitabı örtüb qazana yaxınlaşdı. Onun illə bağlı ovsunu çin oldu. İndi ovsunun ikinci hissəsini yoxlamaq qalırdı.

Ker buğu iyləyir. Məmnun halda üzünü mənə çevirir. Pəncərəyə yaxınlaşır.
- Özünü necə hiss eləyirsən?
- Pis deyiləm.
- At çapmaqdan gündəyməzin ağrımır?

O, içəridən adyalı götürür, büküb tirin üstünə qoyur, yaralı ayağımı ovuşdurur.
- “A” de!
- Oy!
- Bəs, bura?
- Ora o qədər də ağrımır.
- Çox yaxşı. Bir ay sonra artıq sənin belinə minmək mümkün olacaq. Hələliksə sən mənim belimə min.

Çiyinlərindən yapışıb belinə minirəm, ehtiyatla qapıya yaxınlaşırıq. Bununla dördüncü dəfədi ki, gəzintiyə çıxıram.

Adyalın üstündə oturub, uclarıyla araqlarımı bürüyürəm. Tir yəhərdən bərkdi, amma bu, adama, az qala, xoşbəxtlik bəxş eləyir.

Köynəyimi soyunub başıma çalmatək bağlayıram.

Ker mənimlə müqayisədə afrikalıları xatırladır. Kürəyi vazelin sürtülmüş kimi tərdən işıldayır.
- Ker, qaralmaq nəyinə lazımdı? Onsuz da qarasan.
- Bəlkə, tamam yandım, - Ker qazanın yanından cavab verir.

O, ağ toyuq ətini çıxarıb budlarını qoparır.

Günəş şüalarıyla birgə cismimə gümrahlıq gəldiyini duyuram. Sifətim zoqquldayır. Ayaqlarımı açıb tirin üstünə uzadıram. Qoy əziz ayaqlarım gündən qaralsın.
- Ker, sən doxtursan?
- Doxturam.
- Hörmətli doxtur, de görüm, niyə əsgi günün altında solur, insan isə solmur?
- Çünki insan əsgi deyil. Başa düşdün?
- Bir xal qazandın.

O, böyümdə, daşın üstündə oturur, taxta sinini dizlərimin üstünə qoyur.
- Nahar duası oxuyaq. Amin - bütün dua bundan ibarətdi.
- Amin, - salavat çəkirəm.

Toyuğun ətini yeyir, sümüklərini çiynimizin üstündən geri atırıq. Sümüklər səssiz-səmirsiz daşların üstünə düşür.

Bu, dağların xeyirxah ruhlarına verdiyimiz qurbandı. Ruhlar toyuq ətini sevirlər. Cinlərdən biri safsar cildinə girib cins xoruzu yeyib. Lənətə gəlmiş boğulmayıb. Qoy indi sümüklər boğazında qalsın.

Ker:
- İttifaqda milyonlarla adam qripə yoluxub. Qorxulu deyil, mən heç vaxt epidemiyaların iştirakçısı olmamışam. Tibb işçilərimiz əlli yeddinci ildə Paxta-

Araldan sonra sarılıq xəstəliyinə tutuldular. Mən salamat qurtardım. Sonra Üstyurtda təcrübə keçdim. Heç olmasa, tifə yoluxaydım. Yatalağı müalicə eləyirdim. Malyariyanı sağaldırdım. Hamısından sağ-salamat qurtuldum. Xəstələnəndə də başqa mərəzlərə tutulurdum, yolxucular yaxın düşmürdü. V

iruslar məndən kənar qaçırlar! Onlarla aram yoxdu!

-...Görkəmli adamların həyatı, - Ker düşüncəli halda dilləndi. - Arqun niyə görkəmli adam olmasın? - Fikrə getdi. - Görkəmli adamdı. Oxuya da bilir.

Səsi xırıltılıdı, amma ruhən dahiyanədi. Hər bir itdə də insani cəhət tapır. Bizsə hər bir insanda it cəhəti tapmağa çalışırıq. Hər kəs də həyatda özünün normal adam olduğunu sübut eləməyə çalışır, ağlını itirməmək üçün var gücüylə özünə fikir verir. Biz gülünc görünməkdən qorxuruq. Ötən il on altı yaşlıbir qız özünü qatarın altına atdı. Başını relsin üstünə qoydu. (Hələ gülməli deyil.) Başı bədənindən ayrıldı. O, əvvəlcə tumanının ətəyini dizindən aşağıda bağlamışdı. Gündəliyində yazdıqları üzə çıxdı. Sən demə, ömrü boyu oğlan olmağı arzulayırmış. Valideynləri söz veriblərmiş ki, böyüyəndə oğlan olacaq. Qız böyüyüb, bunun mümkünsüzlüyünü başa düşüb. Gülməlidi?

Günəşin şüalarını canıma çəkirəm. Yumulu göz qapaqlarımın arasından aləm qırmızı görünür.
- Hamı da özünün normal adam olduğunu sübut eləməyə çalışır, - Ker təkrar eləyir.

O qalxdı, ayaqlarını götürüb-qoymağa başladı.

- Bizsə bu qoruq üçün darıxacağıq, tez-tez xatırlayacağıq. Heç olmasa, bir şir peyda olub nərildəyəydi.

O, ev tərəfə getdi.
- Bax, deyəsən, sığırçındı!..

Deməli, sığırçınım yoxa çıxmayıb. Gözlərimi açmadan sevindim. Təsəvvürümdə o qəribə, rəngbərəng aləmdə sığırçının Yasəmənli kötüyün arxasından çıxıb Xan-Tenqrinin boş mərmər tablosuna kömürlə cız çəkməsini canlandırdım. Sonra izsiz-tozsuz yoxa çıxdı. Həmin məqamda da beynimə bir fikir gəldi:
-Yox!

Ker atəş açmağa başladı.
- Xəstə, “a-a” de görüm!

Uzaq uçurumlarda onqatlı əks-səda verən atəş səsləri eşidildi.
- A-a-a!

Dağların yamaclarında əks olunan haraylar geri qayıdırdı. Zərbələrin izi qalırdı, amma bunda bir məna görmürdüm.

..Bundan sonra xəbər tutacaqdıq - kor axta at Poma məhz Ker toyuğun başını bədənindən ayırdığı məqamda uçurumdan aşağı yuvarlanmışdı. Toyuğun kəsilməsinin yolverilməz olduğunu hiss eləyirdim. Onda Kerə dedim:

- Ker, quş günündə toyuğu kəsmək günahdı. Xoşagəlməz hadisə baş verəcək.

O, gülmüşdü.

Sonrasa yerdə yumbalanır, başını daşlara çırpırdı. Meşəbəyinin arvadı Raziyə deyirdi, Azərbay bütün günü ulamış, yala dilini də vurmamışdı.

İnək Slu az sonra bağırsaqqurdundan gəbərdi. Azərbay da yoxa çıxdı.

Bir həftədən sonra aşağıdakı aulda, Xan-Tenqridən uzaqlarda yatırdım. Səhər tezdən yurtaya bir quzu girib cod diliylə göz yaşından islanmış sifətimi yalamağa başladı. Bu, həyatımın ən xoşbəxt duyğusuydu, hələ də yaddaşımdan silinməyib.

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #