Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mülayim Hümmətovanın “Titi” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
O məktəbimizə biz yuxarı siniflərdə oxuyarkən gəlmişdi. Adı Tutu idi. Qızlar isə Titi deyə çagırırdılar. Çünki bir romanda oxumuşdular ki, hansısa ölkədə on beş yaşınadək qızlara ad verilmir, hamısını “Titi” deyə səsləyirlər. Yalnız bu yaş həddini ötdükdən sonra onların varlığı hiss olunur və ad qoyulur. Titi çox sakit təbiətli, hətta bir az adamayovuşmaz, zəif, astenik bədən quruluşlu, solğun çöhrəli bir qız idi.
Tənəffüslərdə belə dəhlizə çıxmaz, mütaliə edərdi. Bəzi qızlar hətta ona ağız büzərək ”nevrastenik” adlandırar, içi mən qarışıq, bütün oğlanlar görməzdən gələrdik.
Sonralar öyrəndik ki,Titi yaxınlarda ciddi ürək qüsuru ilə əlaqədar əməliyyat olunacaq.
Bir gün Azərbaycan dili müəlliməmiz ev tapşırığı olaraq dilimizin zənginliyini və ifadə imkanlarının genişliyini əks etdirən hekayə yazmağı tapşırdı. Ən müvəffəqiyyətli yazılmış yazını qalib seçərək elan olunmuş müsabiqəyə göndərəcəyini bildirdi.
Növbəti həftə səbirsizliklə nəticələri gözləyirdik. Titinin yazısının qalib olacağı heç kimin ağlına gəlməzdi. Müəllimə əvvəl hekayəni aramla oxumaga başladı;
- Tələbə kimi auditoriyaya daxil olduğu ilk dərs günü həyəcanla tənəffüsün vaxtını gözləyirdi.Orta məktəbin son sinfində oxuduğu zamanda bəlkə də hər dəqiqə o anın - universitet dəhlizində qarşılaşacaqları anın gələcəyi xəyalı ilə yaşamış, ali məktəb və fakültə seçimində də bu niyyəti əsas götürmüşdü.
Məktəbdə bir sinif fərqi ilə təhsil alsalar da əksər tədbirlərdə qarşılaşdıqlarından salamlaşardılar da.
Artıq onu sevdiyini anlamışdı.
Lakin bu hissi daxilində gizli saxlamağa çalışır, pünhan duyğularının əsirinə çevrilsə də qüruru hər şeydən uca tuturdu. Axı mütləq şəkildə inandığı bir həqiqəti vardı - ilk sevgi etirafını oğlan qıza etməlidir və bunu qazanacağına da əmin idi. Ona görə ki, rəfiqələri həmişə ona qəşəng, yaraşıqlı,xoşagələn bir qız olduğunu söyləyirdilər.
Budur, tənəffüsün vaxtıdır. Auditoriyadan çıxıb pilləkənlərlə aşağı enməyə başladı. Qarşılaşdılar. Ürəyinin döyüntüsünü qulaqlarında eşidirdi. Əlini üzünə toxundurdu. Sifəti sanki od tutub yanırdı.
Gülümsəyərək salam vermək istədi. Lakin o heç bir hiss ifadə etməyən laqeyd baxışlarla ötəri bir nəzər salaraq keçdi.
“Tanımadı, deyəsən harasa tələsirdi” Aşağı mərtəbəyə çatıb “sanitar qovşağı” lövhəli otağa girdi. Güzgüyə baxdığında bənizini solğun gördü. O isə çöhrəsinə siraət edəcək bu hərarətin simasını daha da cazibədar edəcəyini düşünmüşdü. Aynadakı əksi isə bunu demirdi. Yox, bu istilik qızdırma deyildi, eşqin könlünə düşən atəşi, məhəbbətin ürəyini yaxan alovu, sevginin qəlbini bürüyən yanğısı idi.
“Niyə buradayam? Geri qayıdım, onu tapım və özümü yada salım” deyə bir daha pilləkənlərlə yuxarı mərtəbəyə qalxdı. Tənəffüsə çıxan tələbə adətən bufetə gedər” deyə düşünərək dəhlizin sonuna doğru yönəldi. Yanılmamışdı. Masa arxasında qrup yoldaşlarının əhatəsində oturmuşdu. Stolun üstündə şamları yenicə söndürüldüyündən hələ də tüstülənən tort və çaylar vardı.
Bir qız ayaq üstdə duraraq sevinc və həyəcan içərisində tortu kəsirdi. Digər gənclər də səs-səsə verərək ona xoş arzularını bildirirdilər.
Yavaşca masaya yaxınlaşdığı kimsənin diqqətini çəkmədi. Birdən onun tortu kəsən qıza heyranlıqla baxan baxışlarını gördü. Bu baxışlarda hər şey vardı - məftunluq, istək, sevgi. Bunu anlamaq üçün sadəcə o gözlərə nəzər yetirmək kifayət idi.
Bu xoşbəxtliyin ünvanlandığı qıza tərəf çevrilib onu başdan ayağa süzdü. Zəif, cılız, cüzsəsiz qaməti, xüsusi bir gözəllik ifadə etməyən üz cizgiləri vardı.
Gözlərinin altı da kölgəli görünürdü.
Qəfil anladığı bir həqiqətdən sanki yer ayağının altında titrəyib lərzəyə gəldi, bədənini soyuq tər basdı .Bir anda qəm ,qüssə, kədər bütün ruhuna hakim kəsildi. Sanki kənardan bir səs artıq o ürəkdə başqa birisinin məskən saldığını , özgəsinə yer olmadığını söylədi. Geri çəkilib oradan uzaqlaşdı. Dəhlizdə divara söykənib uzaqlara - məchul bir nöqtəyə baxmağa başladı.
Elə bil zaman durmuş, həyat sönmüşdü.
Qarşısında kim isə durub əlini tutdu. Gözləri sevincdən parıldayırdı. Təlaş dolu bir səslə:
- Bildim ki, auditoriyanın yerini səhv salmısan. Gedək. Bayaqdan gözüm hər yerdə səni axtarır.Hətta tapmayacağımdan qorxdum da:-dedi.
Bu ilk dərsdə yeni tanış olduqları qrup yoldaşı olan oğlan idi.
- Qorxdunmu?
- Yəni tapmayacağını düşünüb...
Oğlanın səsi titrədi.
Xəfifcə gülümsədi. Kiminsə onu itirəcəyindən qorxması xoşuna gəlmişdi.
Müəllimə dilimizin sinonimlərlə zəngin olmasından və bu yazıda ondan bol-bol istifadə edilməsindən danışdı. Məsələn: ”üz, bəniz, sima, sifət, çöhrə “deyə birini bizə misal gətirdi və yazının surəti çıxarılmış vərəqləri paylayaraq digərlərini də tapmağı tapşırıq kimi verdi.
Mən isə qələmi əlimə alsam da Titinin indiyədək tanımadığımız, bəlkə də tanıtmağa heç fürsət vermədiyimiz daxili aləmi barədə fikirləşməyə başlamışdım. Zənn edirdim ki, hekayədə epizodik rol alan “tortu kəsən qız”əslində Titinin öz obrazı idi- zəif cılız, cüssəsiz zahiri görünüşü, amma hamı kimi qəlbi olan gənc bir qız. Və sanki o, ətrafındakılar tərəfindən kənarlaşdırılmaq deyil, sevilmək istəyirdi. Xüsusilə də tezliklə keçirəcəyi ağır ürək əməliyyatı öncəsi bu sevgiyə, dostluğa, mənəvi dəstəyə böyük ehtiyacı vardı.
Tənəffüsdə onun partasına yaxınlaşaraq razı olacağına tərəddüd etsəm də inamla əlimi uzadıb:
- Tutu, hekayən çox xoşuma gəldi. Doğrusunu deyim ki, heç gözləmirdim, bağışla... Mənimlə dost olmağa razısanmı?
O, çaşqın halda ürkək baxışlarla üzümə baxdı, sonra üzünə xəfif bir təbəssüm qondu və mənə elə gəldi ki, buludların arxasından günəş göründü.