Kulis.az Adil Muradın "Tabuta qoyulmuş məktub" hekayəsini təqdim edir.
Tikinti gedən binanın həndəvərində gündən-günə artan və ətrafı bürüyən üfunət iyi getdikcə polislərin diqqətini daha çox cəlb etməyə başlamışdı. Binada təmir iç işləri gedirdi. Polisdə əsaslı şübhələr olduğundan qərar üzrə axtarış başlamalı idi.
Polis işçiləri iki nəfər kinoloqla birgə binanın pilləkanları ilə qalxaraq bütün mərtəbələri gəzməyə, künc-bucağı ələk-vələk eləməyə başladılar. Doqquzuncu mərtəbədə iydən baş çatlayırdı. Yeri özünəməxsus ritmlə qoxulayan, kinoloqların əlindən arakəsmə divarının arxasına doğru dartınan axtarış itinin izə düşdüyü artıq sezilirdi. Nəhayət, it düşdüyü iyin izi ilə polisləri hələlik divarları qoyulmuş vanna otağının önünə gətirir və içəri doğru dartınaraq onlara işarə edir. Vanna otağının qapısı ağzında adam boyundan hündür üst-üstə qırmızı kərpiclər düzülmüşdü. Amma üfunətdən orada dayanmaq mümkün olmadığından polislər və kinoloqlar bir qədər kənara çəkildilər, öz aralarında nələrsə danışandan sonra dalbadal haralarasa zəng etməyə başladılar. Bir polis işçisi telefonla binanın həyətində gözləyən digər polis zabiti ilə mütəmadi olaraq danışır, mənzərəni məruzə edirdi. Bir azdan binanın qabağında iki polis maşını və bir mülki avtomobil dayandı. Mülki şəxslər özləri ilə ustaları da gətirmişdilər. İri rütbəli polis zabiti gətirdiyi şəxslərə hansısa tapşırıqlar verməyə başladı. Mülki şəxslər, görünür, bina tikintisinə nəzarət edən şəxslər idilər, maşından düşüb polislərlə salamlaşdılar, onlardan razılıq alan kimi ustalarla birlikdə sürətlə doqquzuncu mərtəbəyə qalxmağa başladılar.
Binaya məsul olan mülki şəxslər çox həyəcanlı görünürdülər, nələrsə baş verəcəyindən dolayı təlaş keçirirdilər. Polislərlə söhbət zamanı onlar bildirdilər ki, bəlkə də burada it, pişik ilişib qalıb, çıxa bilmədiyindən ölüb, iylənib. Bu zaman polis nəfəri onlara bildirdi ki, tez ustalara tapşırın, kərpicləri vanna otağının önündən kənara doğru daşısınlar, həmin yerə təcili baxış keçirilməlidir. Əvvəlcə, polislər kərpic olan yerin fotosunu götürdülər, sonra ustalara göstəriş verildi. Ustalar ağız burunlarını tuta-tuta kərpicləri bir qədər aralıya daşımağa başladılar. Kərpiclər azaldıqca iy daha da kəskinləşirdi. Birdən ustalardan biri qışqırıb kənara çəkildi. Bina sahibləri və polislər yaylıqları ilə burunlarını tuta-tuta yarıya qədər boşaldılmış kərpic divarın önünə yaxınlaşdılar. Dəhşətli mənzərə idi. Yerdə tanınmaz halda, şişmiş, çürüməkdə olan bir qadın cəsədi sərilmişdi. Polislər vəziyyəti görüb ustalara bir qədər cəld olmağı tapşırdılar. Digər polis işçisi isə dayanmadan aşağıdakı polis zabitinə rasiya ilə məlumatlar verir, o isə öz növbəsində kimlərləsə danışırdı. Ustalar vanna otağının girəcəyini kərpiclərdən tam təmizlədikdən sonra kənara çəkildilər. Bir neçə dəqiqə çəkmədi ki, iki nəfər kriminalist, məhkəmə tibbi eksperti, müstəntiq və bir neçə prokuratura işçisi hadisə yerinə qalxdılar. Onlar gələndə özləri ilə xeyli maska da gətirmişdilər. Hamıya maska paylandı, ustaların ad-soyadını qeyd etdikdən sonra onlara göstəriş verdilər ki, binanı tərk etsinlər və istintaq getdiyindən heç bir məlumat yaymasınlar.
Cəsədin foroları çəkildi, ölçüləri götürüldü, lazımi qeydlər aparıldı, nümunələr alındı. Meyidin hədəqəsindən çıxmış, formasını itirmiş gözləri, şişmiş, göyərmiş sifəti, əl izlərinin yeri qaralmış boğazı, dartılıb cırılmış döşlüyündən boylanan girdə döşləri, onu ilk görən polis işçilərini bərk sarsıtmışdı. Bu yazıq qızcığaza kim qıya bilərdi və niyə, - hadisə yerinə gələn kriminalistlərin verdiyi ilk sual bu idi. Əlcəklə işləyən tədqiqatçılar meyidin bədənindəki hər detalı incələyirdilər. Meyidin üstündə olan bahalı «Tiffany» brendli boyunbağına, barmağındakı «Cartier» brendli üzüyünə toxunmamışdılar. Görəsən belə səxavətli qatil kim ola bilərdi?
Meyidin dartılıb cırılmış döşlüyünü görən müstəntiqlər, onun bədənini müayinə etmək üçün qısa ətəyini qaldırıb baxdılar. Onun incə materialdan tikilmiş bahalı altlığı bir tərəfə doğru dartılıb qoparılmış, altlıq özü çirkə bulaşmışdı. Bütün bədənində meyid ləkələrindən fərqli göylər, əziklər var idi, qançırlar əsasən ayaqlarında və qollarında hiss olunurdu. İlk baxışdan qatilin qızı zorlaması və qızın da ona ciddi müqavimət göstərməsi təsəvvürü yaranırdı.
Lakin buna dərhal inanmaq olmazdı, çünki cinayətin ilkin mənzərə əsasında yaradılan ssenarisi, sujeti bəzən istintaqı yanlış istiqamətə yönəldə bilərdi.
Məlumdur ki, qatı cinayətkarlar çox ustalıqla iz azdırmağı bacarır, bəzən bir cinayəti digərinin imitasiyası ilə ört-basdır etməyə çalışırlar, bəzən buna nail də olurlar.
Meyidin məhşur brendlərdən olan geyimi, göbəyindəki bahalı pirsinqi, bədənindəki rəngli tatuları, çox bahalı boyunbağı, üzüyü, ayaqqabısı, döşlüyü və altlığı onun çox imkanlı həyat tərzi sürdüyünün göstəricisi idi. Bəs, belə bir qız bura necə gəlib düşə bilərdi?..
Meyidin üzərində heç bir sənəd tapılmadı. Müayinə və baxış başa çatan kimi prosesə rəhbərlik edən yüksək rütbəli zabit telefonda kiminləsə məsləhətləşdikdən sonra meyidi məhkəmə-tibbi ekspertiza müayinəsinə göndərməyi tapşırdı. İki nəfər xüsusi geyimli meyidxana işçisi cəsədi xüsusi selofana büküb xərəyə qoydu və üstünü örtdü. Xərəyi polis işçilərinin müşayiəti ilə aşağı düşürdülər və meyid maşınına qoyub apardılar.
Müayinə meyidxanada davam etdirildi. Sadizmdən əziyyət çəkən seksual manyakların öz qurbanları üzərində apardığı işgəncə xarakterli vəhşiliklər meyid üzərində görünmürdü. Çünki hər bir ölüm halını araşdıran tədqiqatçılar, ilk növbədə, qurban üzərində səciyyəvi əlamətlərə görə, qatilin psixi durumunu müəyyən etməyə çalışırlar. Meyid üzərində nəzərə çarpan psixi təcavüz (təhqir, alçaltma) və fiziki işgəncə əlamətləri gözə dəymirdi. Çünki seksual manyaklar təcavüzdən aldığı həzzlə adətən, öz cinsi ehtiraslarını söndürür, bununla da müvəqqəti sakitlik tapırlar. Bu psixi perverziyaların, deviant davranışın qatilin həm genetikasına, həm də formalaşdığı sosial mühitə bağlılığı var və istintaq da axtarış zamanı bu faktlardan istifadə edir.
Təhqiqatçıların qarşısında duran əsas vəzifələrdən biri mümkün olan sübutları toplamaq, qatilin fiziki və psixoloji portretini yaartmaqdan ibarət idi. İlk baxışdan görünən o idi ki, qatil qızla onun iradəsinin əleyhinə olaraq cinsi yaxınlıq etməyə cəhd etmiş, qızın müqaviməti ilə üzləşmiş, lakin zorla buna nail olmuşdur. Bəs onda qızı niyə öldürmüşdür, qorxudanmı, izi itirmək üçünmü, yaxud müqavimət zamanı ehtiyatsızlıq üzündən?.. İlk ağla gələn ehtimallar və suallar bunlar idi.
Meyidin hadisə yerindən çəkilən şəkli polisdə itkin düşənlər siyahısında olanlarla müqayisə edilir və onun bir oxşarı tapılır. Dəqiqləşdirmə üçün həmin şəxsin valideynləri polis idarəsinə dəvət edilir. Valideynlərdən ata azərbaycanlı, ana ukraynalı olur. Onlar çox sakit və mədəni adam təsəvvürü bağışlayırlar. Söhbət zamanı, valideynlər iki həftə əvvəl qızları Səmranın itkin düşməsi ilə bağlı faktı təsdiqləyirlər. Əvvəlcə, travma olmasın deyə, müstəntiq meyidin şəklinin onlara göstərməyə tələsmir. O, valideynlərə qızlarını təsvir etməsini və həmin gün onun əyin başının necə olduğunu tam yadlarına salmalarını xahiş edir. Anası onun həmin gün bir rəfiqəsi ilə sonuncu dəfə kafedən zəng vurduğunu bildirir və həmin gün onu təsvir edir: qızın boyu 160 sm, çəkisi 48-50 kg-dır, iri qəhvəyi gözləri var, heç bir linza istifadə etməyib, qalın dodaqları var, həmin gün qırmızı pomada vurmuşdu, saçının sarımtıl boya ilə rifle edilmişdi, itkin düşən gün əynində bənövşəyi rəngli qırçınlı orta darlıqda qısa ətəyi, boynunda boyunbağı və üzüyü, göbəyində pirsinqi var idi. Bu əlamətlərin hər biri cəsəddəki sübutlarla tam üst-üstə düşür. Lakin ana altlığı və döşlüyün hansı olduğunu deyə bilmir, bildirir ki, onun yetərincə paltarları var, bəzən əynini gündə iki dəfə dəyişir. Bununla yanaşı, anası Səmranın xarici görünüşünün təsviri zamanı sağrıları üzərində bir-birinə boylanan, bir-birinə əl uzadan iki pərinin (mələyin) rəngli tatusu olduğundan da xəbərsiz olur. Sonradan istintaq müəyyən edir ki, Səmra bu tatuları bir-neçə gün əvvəl döydürmüş və anasına bildirməyə macal tapmamışdı. Zatən onun anasından gizlin heç bir sirri yox idi...
Anası itkin düşən gün qızının telefonuna bütün gecə boyu zəng etmiş, hər dəfə «bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir», mesajı eşitmişdir. Gecə yarısı ər-arvad Səmranı axtarmaq məqsədilə həyətə çıxanda onun avtomobilini binanın yanındakı həmişəki yerində tapmış, ona yaxınlaşmış, qapısını yoxladıqda açıq olduğunu görmüşlər. Avtomobilin qapısını açdıqda onun açarının və qızın çantasının arxa oturacaqların üstündə olduğunu görmüşlər. İlk baxışda çantadan oğurluq baş verməmişdir. Avtomobildə oğurluq, axtarış işləri, zədə, əzik gözə dəyməyib. Maraqlı fakt ondan ibarətdir ki, arxa oturacağın ayaq qoyulan döşəməsində qablaşdırılmış və streçi cırıldığından bir hissəsi kənara dağılmış balıq kababı tapılır. Anası dərhal qızın telefonunu açmış, bu zaman rəfiqəsinin zəngi daxil olmuşdur. Müstəntiq qızın hansı markadan telefonu olmasını anasından soruşub qeyd edir və nömrəsini götürür. Aparılan dialoq müstəntiqdə axtarılan qızın artıq qətlə yetirilməsi təəssüratını yaradır. Lakin o qızın valideynlərinə hadisə barədə hələlik heç nə bildirmir, deyir ki, qızınızın axtarışı davam etdirilir, səhər yenə şöbəyə gəlməyiniz xahiş olunur. Zavallı valideynlər bir qədər ümidlənib evlərinə yollanırlar. Anası evə çatanda qızın alt paltarlarını yenidən yoxlayır ki, müstəntiqin növbəti sualına düzgün cavab verə bilsin. O, tezliklə qızına qovuşacağına ümidi xeyli artır. Lakin ümid sonda ölür, - deyirlər, yazıq ana hardan bilərdi ki, yeganə ciyərparası olan Səmranın paltarı artıq çoxdan boğçalanıb.
İtkin düşmüş Səmranın qan qrupu, rezus faktoru meyidinki ilə tam üst-üstə düşür. Meyidin cinsiyyət yolunda yetərli miqdarda sperma aşkar edilir. Ekspertlər bilirlər ki, əlverişli iqlim şəraitində, (yəni normal nəmişlikdə və aşağı temperatur rejimində) meyidin cinsi yollarında tapılan spermatozoidlər morfoloji strukturunu iki aya qədər saxlaya bilir. Bu mənada bəzən eksqumasiya edilmiş cəsəd belə əvəzsiz və çox qiymətli sübut rolunu oynya bilər.
Müayinə nəticəsində şok nəticə hasil olur. Qızın uşaqlıq yolunda iki müxtəlif şəxsə malik sperma tapılır. Burdan belə nəticə hasil olur ki, qız iki nəfər tərəfindən zorlanıb və onun ölümü haqda ən azı iki nəfər məlumatlıdır...
Cinayətin motivi tam aydın olmasa da, alınan sübutlar deməyə imkan verir ki, əvvəlcə qatillər qızla cinsi əlaqəyə girməyə təşəbbüs göstəriblər, o buna etiraz etdikdə və müqavimət göstərdikdə, ona zor tətbiq edərək öz məkrli niyyətlərini həyata keçiriblər, - bu artıq müəyyən edilmiş faktdır.
Müstəntiqlər tərəfindən cinayətin üç ssenarisi qurulur:
- Qızın qatilləri özlərini cəmiyyətin sanitarları adlandıran hansısa miskin uğursuz seksual manyaklardır, dini anlamda, yaxud da hansısa təsir altına düşdüyü fikirlərin formalaşdırdığı deviant davranış fonunda bu qətli törədiblər.
- Qatillər sadəcə öz ehtirasını söndürmək istəyib, lakin qızın müqavimətindən və şikayətindən qorxaraq onu qətlə yetirib.
- Qətl hansısa qisasın seksual qətl imitasiyası ilə ört-basdır edilməsidir.
Əvvəlcə rəssam çağrılır və qatillərin ehtimal olunan ilkin portreti çəkilir. Qızın valideynləri hadisə barədə tam məlumatlandırılır. İbtidai istintaq başlayır. Qızla təması olanlar, potensial şahidlər, qonşular, rəfiqələr bir-bir dindirilir. Tezliklə məhkəmə tibbi ekspertizasının rəyi də hazır olur: Kəskin asfiksiya. Ağ ciyərlərin ödemi. Boyun toxumalarının sıxılması və qırtlağın ödemi. Bədənin çox saylı qançırları və yumşaq toxumaların əzilməsi. Qızlıq pərdəsinin tamlığının pozulması (üç həftədən az müddətə uyğun gəlir). Uşaqlıq yolunda spermanın olması.
Beləliklə, ölümün birbaşa səbəbi kimi də ağız boşluğunun qapanması və boynun sıxılmasından yaranan asfiksiya göstərilir. Təşrih göstərir ki, daxili orqanlarda ölümlə bağlı xəstəlik və morfoloji dəyişiklik, zədə yoxdur. Qızlıq pərdəsinin tamlığının pozulması göstərir ki, cinsi yaxınlıq ciddi zorakılıq əsasında baş tutmuş, qatillər qızın səsini batırmağa çalışmış və bu zorakılıqda o boğulub və dünyasını dəyişmişdir.
İfadə almaq üçün qızın sonuncu dəfə kafedə əyləşdiyi rəfiqəsi istintaqa çağırılır. Lakin o bildirir ki, Səmranın məclis boyu hər hansı həyəcanının olduğunu müşahidə etməyib, kiminləsə telefonla hədə-qorxu ilə danışdığını eşitməyib, heç kimlə mübahisə etdiyini görməyib. O kafedən birinci çıxanlardan olub, bizimlə bir-bir sağollaşıb, təkcə çıxıb, onu öz maşınına oturan ana qədər ötürmüşük, maşınına oturub, evlərinə yollanıb. Sonra mən onun evə çatıb-çatmadığını yoxlamaq üçün zəng vurmuşam, telefon əvvəlcə açıq olub, cavab verən olmayıb, sonra dərhal söndürülüb. Sonrakı zənglərimə isə söndürülüb kimi mesaj gəlib.
Qızın mobil telefonu maşınının içindən söndürülmüş halda tapıldığından telefon üzərindən əl izlərini götürdükdən sonra müstəntiqlər onu yoxlamağa verirlər. Telefonda da heç bir kənar və cinayətə aidiyyəti olan zəng, mesaj tapılmır. Telefonun göstəriciləri Azərcelin göstəriciləri ilə birin-birə üst-üstə düşür. Rəfiqəsinin bildirdiyinə görə qızın cinsi orientasiyasında kənaraçıxma yoxdur, o heteroseksualdır.
Qız tikilən binanın lap yaxınlığında yaşayırdı. Maşınını da adətən ora yaxın saxlayırdı. İki həftə öncə oktyabr ayının 14-də axşamüstü, binanın birinci mərtəbəsində otaqların pəncərələri qoyulur və müəyyən iç işləri gedir. Hava küləksiz, lakin bir qədər soyuq idi. Bir-birilə yaxın münasibətləri olan Ədalət və Elşən adlı iki nəfər usta birinci mərtəbədə divarlara suvaq vururdular. Saat 18.30 radələrində onlar işlərini qurtarır və əyinlərini dəyişib keşikçinin otağına keçirlər. Keşikçi həmin anda yemək stolu arxasında olduğundan onları birgə şam etməyə dəvət edir. Uşaqlar razılaşır və keçib hərəsi bir stulda əyləşirlər. Belə olduqda Elşən təklif edir ki, gedim bir şey alıb gətirim, boğazımızı yaşlayaq. O yaxınlıqdakı mağazadan araq alıb gətirir, keşikçi də özü ilə saxladığı azuqələri stola düzür. Bir qədər yeyib içdikdən sonra keşikçini yuxu tutur, o yaxınlıqda yaşadığından uşaqlardan xahiş edir ki, gecə yarısına kimi onu əvəz etsinlər, gedib bir qədər yatsın. Uşaqlar razılaşırlar. Keçikçi gedəndən sonra ustalar içib xeyli dəmlənirlər, məclis qızışır, müxtəlif səpgili söhbətlər edirlər, söz gəlib axırda seksə çıxır. Ehtiraslanmış ustalar sərxoş halda elanlar üzrə massaj adı ilə evdə intim xidmət göstərən ünvanlara zənglər edirlər. Lakin üstlərində tələb olunan miqdar pul olmadığından məyus şəkildə söhbətlərinə davam edirlər. Həmin radələrdə (təxminən 22.30) 20 yaşlı Səmra Rəhimli özünün Porshe markalı avtomobili ilə rəfiqəsinin ad günündən evə qayıdırmış. O maşını binanın yanında, həmişəki yerdə saxlayıb düşəndə ətrafda kimsə gözə dəymədiyindən bir az qorxu keçirir. Lakin binada keşikçinin otağının işığının hələ də yandığını görüb bir qədər ürəklənir, toxtayır. Səmranı binada çalışan ustaların çoxu tanıyırdı, onu görən kimi hər biri işini dayandırıb, ağızları sulana-sulana zövqlə geyinən bu yaraşıqlı qıza tamaşa edirdilər. O, məhlədə çoxlarının diqqət mərkəzində idi. Qızın maşınını görən kimi ustalar tez bayıra çıxır və gəzişərək qızın maşınına doğru yaxınlaşırlar. Ustalardan biri – Ədalət qızla dialoq qurmağa çalışır, ona rabitəsiz suallar verir, öz köməklərini təklif edir və s. Qız da onlara gülə-gülə qarşılıq verir, təşəkkür edir, suallarına təmkinlə cavab verir, lakin ağlına pis heç nə gəlmir. Sonra Səmra avtomobilin arxa qapısını açıb oturacağın üzərində qoyulan çantasını, selofan torbasını və üst paltarını götürmək istəyərkən bir qədər əyildiyindən onun yuxarı qalxan ətəyindən görünən ehtiraslı əzaları oğlanları başdan çıxarır. Onlar ətrafa baxırlar, heç kimin görmədiyinə əmin olduqdan sonra bir-birinə gözlə işarə edirlər. Qız selofan torbada qurdalanıb oradan bir qab çıxarıb kənara qoyur, selofan torbanı düyünləyib götürmək istəyəndə ustalardan biri olan Ədalət arxadan yaxınlaşıb güclü əlləri ilə qızın ağzını tutur, Elşən isə onun ayaqlarından tutub tez otağa aparırlar. Qız çabalasa da tez huşunu itirir. Onlar qızı keçikçinin divanı üstünə uzadıb, işığı söndürürlər, özləri isə şalvarlarını çıxarıb qızla intim əlaqəyə girməyə hazırlaşırlar. Qızın ətəyini qaldırıb ayaqlarını aralayanda o ayılır, oğlanlara yalvarmağa başlayır, onlardan xahiş edir ki, nə istəsəniz sizə hədiyyə edərəm, pul verərəm, lakin mənə dəyməyin. Lakin quduzlaşmış sərxoş ustaların ehtiras gözlərini tutduğundan qızı qorxuzurlar ki, əgər səsini çıxarsan, səni öldürəcəyik. Qız əvvəl qorxub için-için ağlamağa başlayır. Ədalət birinci olaraq qızı zorlamağa başlayır, qız ağrıdan var gücü ilə qışqırmağa başlayır. Bu zaman Elşən bir əli onun ağzını qapayır, o biri əli ilə əllərini tutur. Ayaqlarını isə onu zorlayan Elşən saxlayır. Qız özündən gedir və oğlanlar bir neçə dəfə növbə ilə onun döşlərini oynatmağa, öpməyə və zorlamağa davam edirlər. Bu zaman qızın telefonuna zəng gəlir. Ustalar tez telefonu söndürürlər. Ehtirasları sönəndən sonra baxırlar ki, qız artıq nəfəs almır. Onun sifətinə bir neçə sillə vururlar ki, ayılsın, lakin qız həyat nişanələri göstərmir. Hər iksi bərk qorxuya düşürlər. Qərara gəlirlər ki, qızı yuxarı mərtəbələrə aparıb atsınlar. Elə də edirlər, cəsədin üst başındakı heç nəyinə toxunmadan qaldırıb 9-cu mərtəbəyə, vanna otağına atırlar, qapısına kərpic düzürlər ki, bir müddət iz itsin. Sonra aşağı enib keçikçinin otağını qaydaya salırlar, qızın telefonunu, açarını aparıb avtomobilin oturacağının üstündəki çantasının yanına qoyanda ayaqaltına dağılan balıq kababı onların diqqətini cəlb edir. Diqqətlə baxanda aydın olur ki, Səmra selofan torbadan qablaşdırılmış bir neçə porsiya kababın birini çıxarıb ki, evə aparsın, selofanın torbanın da ağzını bağlayıb ki, bütünlükdə ustalara versin. Aydın olur ki, həmin anda bu vəhşilər qızın səxavətinə onun həyatına qəsd etməklə qarşılıq veriblər. Həqiqəti başa düşən kimi ustalar gördüyü mənzərədən tam ayılır, özlərini lənətləmyə başlayırlar. Bu zaman Ədalət Elşənə bildirir ki, burada çox qalmaq olmaz, bizi görən olar. Onlar avtomobilin qapısını onu kilidləmədən örtüb tez keşikçi otağına keçirlər, divanda yayxanıb səssiz və məyus otururlar, ordaca onları yuxu aparır. Səhərə yaxın gələn keşikçi onları durğuzur, evlərinə yola salır, qab-qaşığı yuyur, yığışdırır, otağı qaydaya salır. O heç nədən şübhələnmir və obaşdan, dan yeri sökülən kimi binanın ətrafını gəzişməyə başlayır.
İstintaqın dindirdiyi ilk şəxslərdən biri keşikçi olur. Əvvəlcə onun otağı yoxlanılır. Divanın üstündəki örtük parçadan tüklər və qurumuş qan izləri tapılır. Həmin bioloji materialların qətlə yetirilən qıza məxsus olması müəyyən edilir. Məlum olur ki, qız bu otaqda olub, bu divanda uzadılıb, çox güman ki, hadisə də burada baş verib. Keşikçi məlumatsız olduğundan hər şeyi inkar edir. O qorxur ki, əgər iş zamanı ustalarla spirtli içki qəbul etməsi və postunu bir müddət başsız qoymasını bilsələr onu dərhal işdən bayıra atacaqlar. İndiki dövrdə ona iş tapmaq elə də asan olmayacaq. Əslində keşikçi pis adam deyildi, önun övladı da yox idi, yaxınlıqda öz arvadı ilə təkcə qalırdılar. Bu iş yeri ona hər tərəfdən əl verirdi. Buradan aldığı maaş onun yeganə yaşayış vasitəsi idi. Lakin qətlə yetirilən qızın tükünün və qan izlərinin onun otağındakı divanda tapılması faktı üzrə sübutlar ona təqdim edildikdən sonra o bildiyi həqiqətləri açıb söyləməyə məcbur olur. Cinayətin üstünə işıq salınır.
Sonra bütün tikinti ustalarını da dindirməyə başlayırlar. Ədalət və Elşənin kürkünə birə düşür. Onlar dindirmə zamanı özlərini çox soyuqqanlı aparmağa çalışsalar da, keçikçinin ifadələri, onun otağından tapılan qızın saçları, qızın çantasında, açarda olan əl izləri həmin gün onun otağında sərxoşluq edib öz heyvani hisslərinin badına gedən qatil ustaları ələ verir. Ustalar həbs edilir.
Səmranın meyidini anasının təkidi ilə ağ gəlinlik libasında, ata nənəsinin qəbrinin yanında torpağa tapşırmaq qərara alınır. Başına qara şal geyinmiş, ağlamaqdan üz-gözü şişmiş, müvazinətini saxlaya bilmədiyindən iki nəfər qadının köməyi mafənin arxasınca gedən qızın anası da camaatla birgə məzarlığa gəlir. Dəfn zamanı, Səmranın tabutu məzara endirilən anda, onun anası tərəfindən gəlinlik libasının cibinə qoyulmuş konvert qəbrin içərisinə düşür. Dəfn iştirakçıları gözlənilməz hadisədən donub qalırlar. Dəfni aparan molla məktubun açılmasını məsləhət bilsə də, anası buna qətiyyən izn vermir. Məktub qızla bərabər dəfn edilir... Məktubda ümid çırağı birdəfəlik sönən ananın ürək dağlayan fəryadı həkk olunmuşdu: "Həyatımıza mələk tək qondun, günəş tək saçdın, çənnət quşu tək uçub getdin. Sənin məzarın kimi bizim də həyatımız qaranlığa qərq oldu, əziz balam. Həyat amansızmış! Tezliklə görüşənədək"...
Məhkəmə araşdırmaları zamanı Səmranın valideynləri özlərini son dərəcə təmkinli aparır, qatillərə qarşı heç bir kobud ifadə işlətmir, onlara ağır cəza verilməsini lüzum bilmirlər. Onlar məhkəmə çıxışlarında bildirirlər ki, onsuz da bizə olan olub, hər iki təqsirləndirilən şəxsin gənc ailəsi və körpə uşaqları var, bunlar həbs olunsa, bu zavallı ailələr neyləyəcək, axı onların bu işdə heç bir günahı yoxdur. Yeganə övladı vəhşicəsinə qətlə yetirilən valideynlərin misilsiz mərhəmət nümayişi qatillər üçün mənəvi ölüm hökmü olur. Onlar başlarını aşağı salaraq olub keçənlərə görə valideynlərdən onların bağışlanmasını istəyirlər.
Hakim sonda bildirir ki, mərhumun valideynlərinin münasibətinə səcdə ilə yanaşır və sayğı duyuruq. Bu bir yüksək insanlıq davranışıdır. Lakin nəzərə almalıyıq ki, səxsiyyətə qarşı törədilən hər bir qəsddə idarəolunmaz təcavüz motivləri dayanır. Zorlama hadisəsi isə ilk növbədə qadının mənliyinə təcavüzdür. Zorlanan qadının taleyi affektiv durumda olan qatilin əlində oyuncaq kimidir. Bu cür şəxslərə qarşı yumşaq davranış cəmiyyətdə cəzasızlıq mühüti yarada və daha dəhşətli əməllərə yol aça bilər...
Sonda məhkəmə hökmü elan edilir və qatillərə ağır cəza verilir.