Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ceyhun Zərbəliyevin “Sozalan arzular” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Tutalım əsrimizin Həzrəti İsası mənəm,
Bu soxa-soxda nə möcüzə icad eliyim?
Əliağa Vahid
Heç kimi inandıra bilmədiyi hadisənin bir gün öncəsi martın son günü idi. Obaşdan yatağından qalxıb hazırlıqlara başlamış, qarğı və bambuk ağaclarından düzəltdiyi tilovların tarazlıqlarını nizamlamış, kəndin qurtaracağına yollanmışdı. Çirkab suların axıdıldığı ərazidən bir qədər kənarda torpaq daha nəmli olardı—bunu kənddəki bütün balıq həvəskarları yaxşı bilirdilər—burada yoğun və uzun soxulcanları qısa zamanda toplamaq asan idi.
...Var gücü ilə sol ayaq pəncəsini belə dirəyib torpaqdan qopardığı iri parçaları hər dəfə tərsinə çevirdikcə, böyük parçalar yaş olduğundan dağılmır, iki, uzağı üç hissəyə ayrılır, soxulcanlar bəzən dartılıb ikiyə bölünürdü. Dizləri üstə çömbəlib, üfunət iyinə birtəhər dözə-dözə, kəsik-kəsik nəfəs alaraq digər parçaları da əlləri ilə iki-üç yerə bölür, torpağa sığınmağa çalışanları ehtiyatla dartışdırıb, stul əvəzi kimi də istifadə etdiyi paslanmaqda olan yağ qabına yığmışdı. Onların yumaq kimi bir-birinə dolaşmasını izləyərək saylarını gözəyarı hesablamış, “bəs edər” düşüncəsi ilə üzərinə torpaq tökmüşdü.
Ertəsi gün tilovları çiyninə atıb, gün doğmadan yola çıxmış, salamsız-kəlamsız, söhbətə sualla başlayan, istənilən mövzu barədə danışmağa həvəsli Ağaismayılla qarşılaşmış, qonşuluq xətrinə onun suallarını cavablandırmalı olmuşdu.
- Balığa gedirsən, a Qaraş?
- Hə, Ağaismayıl dayı. Sabahınız xeyir.
- Abatun xeyir. İndi göldə necədir vəziyyət, heç dəyir? O gün də deyəsən balıqdan gəlirdin...
Qonşusu “Aqibətin xeyir”i özünəməxsus şəkildə bu cür ifadə edərdi. Kobudluğuna görə bir o qədər sevilməsə də, o da hamı kimi kəndin yazılmamış “qanunlarına” uyar, kimdənsə nə qədər balıq tutduğunu birbaşa soruşmazdı.
- Belə də, pis olmadı --söhbəti uzatmamağa çalışaraq, - görək bu gün neynirik?
- Qurd yığa bildin? –Soxulcanları nəzərdə tuturdu.
- Bir az yığdım, –növbəti sualın nə olacağını təxmin edərək: - hər ehtimala qarşı xəmir də götürmüşəm, birdən çatmaz.
- Hə? Elə onu deyəcəkdim. Lap yaxşı, balıq olsun.
- Olsun dayı, olsun.
- Martı da yola verdik şükür. Mart çıxdı, dərd çıxdı.
- Hə, hə, şükür, şükür.
Çox danışsa da, insafən onun ayağı başqalarına baxanda düşərli idi. Bunu dəfələrlə sınamışdı. Balığa gedəndə nə vaxt qarşısına ilk o çıxsa, bilirdi ki, heç olmasa evə əliboş qayıtmayacaq.
* * *
- Deyirsən, balıq danışırdı?
- Hə vallah...
- Nə deyirdi?
- Bayaqdan danışıram da, a Dadaş doxtur. Yoruldum vallah. Görürəm e, inanmırsan. Elə bilirsən mən inana bilirdim belə bir şey yaşadığıma? Madam ki, inanmırsan, elə bil, heç olmayıb, özümdən uydurmuşam –deyib, həkimi ondan xəbərsiz evə çağıran həyat yoldaşını tərs-tərs süzdü.
- Mən səni ciddi adam kimi tanıyıram Qaraş. Həm, adam niyə özündən belə şeylər uydursun ki?! Sən danış, maraqlı gəlir.
Danışdıqlarını bir də başdan danışmağa başladı. Dedi ki, əvvəlcə tutduğu balıq yarısınacan su ilə dolu vedrədə çabalayır, sonra vedrədən səs gəlir, baxıb görür ki, balıq danışır.
- Demək, sənə dedi üç arzunu söylə, gerçəkləşdirim, sən də məni suya at?
O, qəsdən söhbətin məzmununa məşhur nağıldan əlavələr edib, özü üçün nəyi isə müəyyənləşdirməyə çalışırdı.
- Bayaq dedim axı, üç arzu yox, ən böyük arzumu soruşdu.
- Aha, sonra nə oldu? Bu cür möcüzəli hadisələr çox adamın başına gəlib—deyə, onu fikirlərini daha rahat ifadə etmək üçün cəsarətləndirməyə çalışdı.
Dadaş həkim ilk dəfə idi ki, bu cür olayla qarşılaşırdı. Qaraşın danışdıqları ona nəvəsinə oxuduğu nağılları xatırlatdı. Dinləyə-dinləyə qeydlərini etdi, sonra qələməoxşar əşyanın işığını Qaraşın gözlərinin içinə salıb baxdı, diz qapaqlarını çəkicəoxşar şeylə bir neçə dəfə döyəclədi.
- Yox, bəs sən demə, saydıqlarımın heç biri mənim əsl arzum deyilmiş.
- Hardadı o balıq? Suya geri atdın?
- Ta niyə atım ki?! Sonra susdu, evə gətirəndə ölmüşdü, elə bil danışan heç o deyildi. Axşam qızardıb yedik.
- Əvvəllər də belə səslər gəlib qulağına?
- ...
Dadaş həkim ona cavab vermədən otağı pərt halda tərk edən Qaraşı arxadan süzə-süzə:--demək belə,--qadına tərəf çevrilib,--barmağı ilə reseptin aşağısındakı ünvanı göstərdi--şəhərə gedəndə bu xəstəxanaya mütləq baş çəkin. Əslində, açığı bu, mənim sahəm deyil. Hələlik isə yazdığım dərmanları gecə yatmazdan qabaq ora gedənəcən qəbul eləsin. Qorxmayın, sakitləşdiricilərdir.
***
İri soxulcanı nisbətən yoğun tərəfindən ehtiyatla qarmağın iti ucluğuna keçirdi. Dayanmadan qıvrılıb açılan soxulcan xilas olmağa çalışsa da, sonda təslim oldu. Dırnaqları ilə soxulcanı iki yerə ayırdı—qana bənzər yapışqan maye barmaqlarının uclarına yayıldı-- digər yarısını o biri ucluğa yerləşdirdi.
“Ya seyidlərin cəddi”.
İki-üç dəqiqə keçməmişdi ki, tilov suya tərəf dartıldı. Ürəyi möhkəm döyünməyə başladı. “Ya siftə” deyib, tilova ilişmiş balığı sahilə atdı.
“Obbaaa”—adə, iki-üç kilo çəkin ola-olmaya, məni suya çəkirsən?! -balıqla danışırmış kimi, qarmağın iti icluğunu onun ağzından ehtiyatla çıxarmağa çalışdı—hərçənd ki, balığın ağzını zədələmədən bu mümkün olmayacaqdı--qalib ədasıyla onu su ilə yarımçıq doldurulmuş vedrəyə tulladı.
Gözünü yenidən tilovlara dikdi. Hərdən boynunu sol çiyni üstə çevirib, çırpınmaqdan yorulmuş balığa baxırdı.
- Məni gölə qaytararsan?
Əvvəl elə bildi yaxınlıqda kimsə var, ondan nəsə soruşur. Ətrafa baxdı, heç kim yox idi. Boğuq səs vedrədən gəlirdi:
- Səninləyəm, məni suya geri qaytararsan?
Gözləri bərələ qalmışdı. Yanılmırdı, səs vedrədən, daha doğrusu balıqdan gəlirdi. Yançağını çimdiklədi, gözlərini ovuşdurdu ki, yuxudadırsa ayılsın.
-Öldürmə məni, ən böyük arzunu de, geçəkləşsin. Sonra da məni suya at. Ancaq tez ol!
Yox, bu yuxu deyildi, səs həqiqətən ondan gəlirdi. Bir az da əmin olmaq üçün baş barmağını onun aralanmış ağzına axıracan soxdu. Belə edəndə səs kəsilirdi...
***
Çiçək reseptin sonundakı “Psixoloji dispanserdə müayinə edilsin!” sözlərini oxuyanda doluxsunmuşdu. Kənddə hamı kimi o da bilirdi, Dadaş həkim kimi paytaxta göndərirdisə, demək bu, xeyrə əlamət deyil. Qaraş kağızı cırmaq istəsə də, “Mən ölüm!” deyib, buna imkan verməmişdi.
“Bu balıq da haradan çıxdı? Kaş həmin gün Qaraşı qoymazdım balığa gedə. Allah bilir, bəlkə də gün vurub? Günvurma başqa cür olur axı... Həm obaşdan nə günəş?! Bəlkə, nəsə travma alıb, xəbərim olmayıb? Amma, elə əvvəlki Qaraşdır, danışığı da, hərəkətləri də... Bircə bu balıq söhbəti olmayaydı”—ürəyində özü ilə danışır, nə baş verdiyini anlamağa çalışırdı.
- Çiçək, mənə inanmırsan?
- İnanıram Qaraş, amma... - qəlbinə dəymək istəmədi.
- Amma onlar danışmaz, hə?
- Hə Qaraş, sənsə deyirsən ki...
- Mən balıqların danışa bildiyini deyirəm? Neçə ildir evliyik? Birdən-ikiyə mən heç belə şeylər danışmışam?
- Bax, indi də belə deyirsən. Çiçək ağlamsındı. –Qorxudursan məni. Gah deyirsən danışmaz, ga..
- Mən dedim ki, --onun sözünü ağzında qoydu--bu sonuncu tutduğumdan səs gəlirdi və ondan suya geri qayıtmaq istəyini və mənim ən böyük arzum barədə səs eşitdim.
- Bax görürsən, səs eşitmisən. Bəlkə də yuxu görmüsən, qarışdırırsan. Qaraş, belə şeylər nağıllarda olur e... Bəlkə yadında qalan nağılları beynində canlandırıb danışırsan?
- Nağıllardakı balıqlar üç arzu soruşur. Bu, birini soruşdu, həm də ən böyüyünü—dedi və güldü.
- Elə gülmə, vallah qorxudursan məni...
Qaraş Çiçəyi çox sevirdi. Ailəsinin, xüsusilə sözünün üstünə söz deyilməyən atasının narazılığına baxmayaraq iyirmi iki il öncə ona güvənərək qoşulub qaçmışdı. Üzgünlüyünün daha da artdığını görüb bu barədə danışmamağı qərara aldı.
- Düz deyirsən. Bəlkə də hansısa cizgi filminin, ya nağılın təsiri altında yuxu görmüşəm, onu danışıram. Söhbəti ta birdəfəlik bağlayaq, gedək yataq.
Qaraş bu həyatda ona ən çox güvənən insanı—Çiçəyi inandıra bilmədi ki, o, gördüklərini danışır. Amma yenidən özündən şübhələnməyə başlamışdı:
“Doğrudan, bəlkə bu, mənə elə gəlib? Bəlkə yuxu görmüşəm? Ya başım xarab olur? Bəs bu, ən böyük arzu barədə danışdıqlarım nə idi? Onu da kitablardan oxumuşam? Ya özümdən uydururam? Bir də, mən nə vaxt arzularım barədə düşünmüşəm ki, hələ bu barədə düzüb-qoşub nəsə danışam?”
Soruşsaydılar, axırıncı dəfə əlinə nə vaxt kitab aldığını xatırlamazdı.
***
Qaraş yaşadıqlarına tam olaraq inana bilməsə də, möcüzələrə inanırdı. İki dəfə həyata keçməsinin mümkünsüz olduğuna qəti əmin olduğu arzuları təəccüblü şəkildə gerçəkləşmişdi. Onlardan birinin toxumunu qəlbinə məktəbli ikən itirdiyi anası əkmişdi: “Bala, neynirsən elə, oxu, təhsil al, adam ol. Ən böyük arzum instituta girməyindir”.
Qaraş bilirdi ki, savadı yoxdur oxumağa---heç məktəbə də düz-əməlli getmirdi. Deyirdi ki, dərslər “başıma girmir”. Hər dəfə anasını xatırlayanda, onunla böyüyən arzusunu da xatırlayırdı. Hərdən məscidə gedəndə qoluna qara iplik bağlayıb əvvəlcə niyyət, sonra bir kənara çəkilib dua edərdi. Deyilənə görə, bu ipliklər müqəddəs torpaqlardan gətirilirdi--böyük qara parçaların çox kiçik məbləğə satılan hissələrinin qoldan nazilib süzülərək öz-özünə düşməsi hansısa bir arzunun gerçəkləşəcəyinə işarə kimi qəbul olunardı.
Bir iplik heç bir qolda əbədi qalmazdı, qala da bilməzdi. Hamı kimi o da anlayırdı ki, deyildiyi kimi olsaydı, məntiqlə bütün arzular reallaşmalı idi. Bütün bunları bilə-bilə o, eyni arzuların həyata keçməsini niyyət etməkdən və onları qoluna bağlamaqdan heç bir zaman vaz keçməmişdi.
Dua edəndə əllərini açmazdı—ona elə gələrdi ki, əllərini açanda hamı ona baxır və bu, Allahın onun ürəyindəkilərini eşitməyinə mane ola bilər. Çoxlarından fərqli olaraq dualarını sona saxlamazdı, azan verilib qurtaranadək onu həyəcanlandıran bu sirli səsin fonunda bütün istəklərini təkrar-təkrar ürəyindən keçirib pıçıltı ilə dilə gətirər, xəyalında diploma, daha sonra Çiçəyə qovuşduğunu gözünün önündə dəfələrlə canlandırardı.
“Ya Allah, bir möcüzə elə, instituta girim”...
Kəndə xəbər yayılanda ki, Qaraş instituta girib, heç kim inanmamışdı. Ən çox o, özü buna inanmamışdı. Hamı bilirdi ki, nə onun özünün savadı var, nə də müəllimlərin birtəhər “üç” yazıb sinifdən-sinfə keçirdikləri yeniyetməni instituta “qoyacaq” imkanlı qohumu. İmtahan günü çox bilikli abitruyentlə yanaşı oturmasının fərqinə varanda, kömək üçün xahiş etmiş, ağıllı tərpənib, nəzarətçi xanımın da “mərhəmətindən” geninə-boluna yararlanmışdı. Gözünədöndüyüm oğlan da özünün imtahan suallarını qısa vaxtda bitirib, 50-ə yaxın sualın düzgün cavabını onun əvəzinə işarələmişdi. “Xəbərlər”də ən uğurlu nəticə göstərənlər arasında həmin oğlanı görəndə, dərhal tanımış, amma bu barədə heç kimin yanında söhbət açmamışdı ki, kimsə onun gözlənilməz “qələbə”sinə kölgə salmasın. Elə balıq tutub sata-sata, müəllimlərə “görüm-baxım” edə-edə, qiyabi təhsilini birtəhər başa vurmuşdu.
Qaraş ali təhsili ona görə arzulamamışdı ki, anasının dediyi kimi “oxuyub adam olsun”, “əli rahat çörəyə çatsın” və ya onun ruhunu şad eləsin, ona görə arzulayırdı ki, çox sevdiyi Çiçəyi ailəsi bəlkə buna görə ona verməyə razı olalar. Necə olsa, ali təhsilli oğlan başqadır da. Çiçəyə olan sevgisi, anasının ən böyük arzusunu hər gün bir az da içində böyütmüşdü.
Balıq ona deyəndə ki, ən böyük arzular—sən həqiqətən onları arzulayırsansa, bir gün mütləq gerçək olur--razılaşaraq xatırlamışdı ki, o, ən böyük iki arzusunu içində günbəgün böyüdə bilməsi nəticəsində yaşamışdı.
Bəli, o, sevdiyinə qovuşa bilmişdi. Ona görə yox ki, qızın ailəsi ali təhsilli oğlana “yox” demədilər. Onsuz da Çiçəyə atasının “yüz qızım olsa, birini ona vermərəm. Nə olsun diplomu var?!” sözləri anasının dilindən ona eşitdirilmişdi. Sadəcə hisslərinə biganə qala bilmədiyi gəncin institut bitirməsi, kimsənin fikrini nəzərə almadan ona—kəndin “yetim Qaraş” kimi tanıdıqları gəncə qoşulub qaçma cəsarəti vermişdi.
İllər öncə kimsə ona desə idi ki, balıqlar danışa bilər və sən Çiçəklə evlənəcəksən, bəlkə də o balıqların dil açıb danışa biləcəyinə inanardı, amma Çiçəklə qovuşacağına yox.
***
“Arzularım çoxdur!”, - demişdi balığa.
Məsələn, çoxlu pulunun olmasını istəmişdi. Lakin istədiyi böyük məbləğləri dilinə gətirərkən ani tərəddüdlərindən anlaşılmışdı onun ən böyük arzusu olmadığı.
- Mmm..., ən böyük arzum...
Əvvəl istəmişdi desin ki, Çiçəyin neçə vaxtdır müalicəyə ehtiyacı olan qabaq dişlərini düzəltdirsin. Sonra vaz keçib, həyat yoldaşının gənc ikən ona bəhs etdiyi və gerçəkləşdirə bilmədiyi daha böyük arzularını xatırlamağa çalışmışdı.
Dilə gətirdiyi onu həyəcanlandırmalı imiş... Düşünüb, tapmışdı:
- Aha, çoxlu otaqları olan böyük sarayımız olsun!
Bəlkə də həyat hər insana ona yaşatdıqları dildə arzulatdırır. Çətinliklər təfərrüatları qeyri-müəyyən rənglərə bürüyürmüş... Bugünədək özü üçün böyük ev belə arzulamamışdı. Yaşadığı köhnə ata ocağının təmiri barədə hərdən düşünmüş, onu da ildən-ilə ertələmişdi.
- Yox, bəs, bu da mənim arzum deyilmiş. Ən böyük arzum, hələ heç deyilmiş! İlahi qanunlara zidd olmadığı halda qəbul edilməyəcək arzu yoxmuş filan...—yadına salmağa çalışaraq, deyinirmiş kimi arvadına danışırdı.
Qaraş o qədər ürəkdən anladırdı ki, Çiçək az qalırdı inansın.
- Bir vaxt desəydilər ki, mənə qoşulub qaçacaqsan, kim inanardı buna? Sən özün buna inanardın? Amma düzünü de.
- Heç vaxt! Səninlə gör neçə ildir evliyik, bu gün də hər şey mənə yuxu kimi gəlir...
O, buna peşmanmıydı? Bu barədə uşaqları olmamışdan qabaq bir neçə dəfə düşünmüşdü. Bircə şeyə özlüyündə əmin idi ki,--bəlkə də özünü buna inandırmışdı - kimsə onu Qaraş qədər sevə bilməz.
Ona demişdi ki, ən böyük arzuların gerçəkləşə biləcəyinə özünün belə inanmaqda çətinlik çəkdiyin arzulardır. Onların reallaşması həm də güvənməklə əlaqəlidir.
- Balığa güvənməklə?
- Yəqin elə olar da. Mən nə bilim axı?!
- Onda, qurtar bu söhbəti, xahiş edirəm.
Çiçək ərinin incidiyini hiss edib, söhbəti zarafata çevirməyə cəhd etdi:
- Doğrudan, bir şey istəməyə nəsə tapmadın? Ən azından həyata keçərdi, biz də əmin olardıq ki, Qaraş bəyə Süleyman peyğəmbər kimi vergi verilib - biricik ərim heyvanların dilini bilir.
- Sən lağ elə. Amma mənə daha dəhşətli və qəribə gələn bilirsən nədir? --Çiçəyin cavabını eşitmədən: - Arzularım yox imiş! Bax, lap elə başıma hava, qulağıma səs gəlib, amma o hadisədən sonra anlayıram ki, səni istədiyim qədər başqa şeylərin də xəyalını qura, onları gerçəkləşdirə bilərdim axı...
“İnsan ailəsini qoruduğu kimi xəyallarını, arzularını da qorumalı imiş”. Bax, Çiçək,—onu diqqətlə dinləyib nə dediklərini anlamağa çalışan ömür-gün yoldaşının düz gözlərinin içinə baxdı-- sənə dediklərimi oturub düşünsəm belə, tapıb düzüb-qoşa bilmərəm. Başa düşürsən? Nə olsun ki, institut bitirmişəm? Özün bilirsən də məni...
Qaraş evləndikdən bir müddət sonra hər şeyi ona danışmışdı.
- “Bilirəm”-deyə, qadın köks ötürdü.
- Sən olsan nə arzulayardın?
Onlar arasında heç vaxt bu cür söhbət olmamışdı.
- Bir fikirləşim.
- Fikirləşirsənsə, deməli heç sənin də böyük arzun yoxdur. Elə sən də mənim kimisən, biz də buradakıların çoxu kimi. Bir tikə çörəyimiz olsun, başımızın üstünü örtən tavan olsun, pendir-çörək, uşaq...
Çiçək sanki gecikirmiş kimi: - Niyə elə düşünürsən? Mən qızlarımızın xoşbəxt olmasını istəyərdim. Doğrudan, bu sənin niyə ağlına gəlmədi? Cehiz də istəmək olardı, onlar üçün var-dövlət də...
- Özü ilə bağlı diləyi olmayanların, başqaları üçün böyük şeylər arzulaması nə qədər səmimi görünür? Həm, mən onları düşünməmişəm axı. Amma ona dedim ki, Çiçəyi əvvəlkitək sevmək istəyərəm--ilk illərdə olduğu kimi.
- Gicləmə! - Əli ilə onun çiynindən yavaşca itələdi. - Yox bir, əvvəlki kimi sevmək istəyərmiş...
- Vallah, billah belə dedim. Amma dedi ki, bu sənin arzun ola bilməz, çünki sən bu gün də onu əvvəlkitək sevirsən.
Çiçək gülümsündü: --Qaraş, yaxşı da, bayaq az qala o dediklərinə inanmağa başlamışdım. Amma burada korladın. Axırıncı dəfə evə nə vaxt əlində çiçəklə gəlmisən? Ya bir hədiyyə... Hə?
- Bax hələ, demək məni aldadıb. Elə buna görə də, yaxşı ki, onu qızardıb yemişik.
Gülüşdülər.
Başını sinəsinə söykəyib, saçlarından öpdü: --Sən özün elə çiçəksən də...Adın da Çiçək, özü...
Qaraşın sözünü kəsərək:--Bütün laqeyd ərlərin işlətdikləri məşhur kəlimə. Alışmışam ta.
Başını onun sinəsindən aralayıb, yalvarırcasına xahiş etdi: - Qaraş, mən ölüm, bu barədə ta kimsəyə danışma, yaxşı?! Bu gün-sabah ərə gedəcək qızlarımız var. Deyərlər atalarının başı pozulub.
- Yenə inanmadın, hə?
- Özünü mənim yerimə qoy da. Desəm ki, inəyin südünü sağanda mənə “arzular-istəklər proqramı”ndan danışırdı, sən inanarsan?
- Nə isə e, nə isə...
- Nə nə isə? Qoy görüm hələ, bu məsələni neyləyək?
- Hansı məsələni?
Ondan aralanaraq divardan asılan təqvimə yaxınlaşıb, diqqətlə baxa-baxa soruşdu:
- Sən balığa ayın biri getmişdin də, hə?
***
Alo, doxtur salam. Mənəm Çiçək. Yaxşıdır, yaxşıdır. Hə? Yox, içmədi. Bakıya getmək? Yoox, heç lazım olmadı. Necə? Qaraşla ciddi danışdım, zarafat edirmiş. Həmin gün gülüş günü imiş axı. Gərək sizi özünə demədən çağırmazdım. Hə, hə...Siz Allah bağışlayın...