Sonuncu barista - Əli Novruzovun yeni hekayəsi

Sonuncu barista - Əli Novruzovun yeni hekayəsi
1 fevral 2025
# 12:00

Kulis.az Əli Novruzovun “Sonuncu barista” adlı yeni hekayəsini təqdim edir.

Elşənlə axşam saat 5-də Nərimanovdakı “Ned’s” kofebarında görüşməli idik. Metrodan kofebara kimi piyada 15 dəqiqəlik yolu ayaqlarım uzun olduğuna görə 10 dəqiqəyə qət edə bilirdim. Bəxtimdən işıqforlar da bu dəfə məni gecikdirmədi. “Herzog” otelinə çatıb Həsənoğlu küçəsinə dönəndə kofebarın qabağında Elşəni gördüm. Çəkib qurtardığı siqaretin kötüyü ilə təzə siqareti yandırmağa çalışırdı.

Elşən görüşə məndən tez gələndə iki dəqiqədən bir vatsapda “hardasan gelirsen” yazıb baş-beynimi xarab edirdi. Amma indi məni görəndə özündən çıxmadı. Nə “adam bu qədər gecikər”, nə “saatını 10 dəqiqə dala çək”, nə “gələn dəfə səni bir saat gözlədəcəm”, heç nə demədi. Təzə siqareti də söndürüb zibil qutusuna tulladı. Əlini atıb kofebarın qapısını açdı:

– Tez gəl, səninlə işim var.

Saatıma baxıb dedim:

– Düz vaxtında gəlmişəm ki! Məndən çıxmayan iş.

– Hə, səndən çıxmayan iş.

İçəri keçəndə Elşən yenə sifətini turşutdu:

– İlahi, necə zəhləm gedir bu yerdən. Hər şey saxtadır. Hamı klip çəkir. Niyə axı bura gəlirsən?!

– Vallah, mənim xoşuma gəlir, – deyib qapını arxamca örtdüm.

– Xoşun gələcək də...

– Yaxşı, yaxşı, başlama. Gəl o pəncərə tərəfə. Asılqanın yanındakı stol.

Kofebarda çox adam yox idi. Təkadamlıq yerlərdə Bakıdakı lüteran icmasının pastoru gözümə sataşdı. Üzümü ona tutub bir az ucadan salam verdim:

– Guten Abend, Doktor Tetmajer!

Doktor başını tərpətdi, əlini ürəyinin üstünə aparıb “добрый вечер” dedi. Elşən kinayəsindən qalmadı:

– Bu da səni görən kimi rus dilini praktika eləyir. Guten abendin yenə sənə qaldı.

– Bəsdir, başlama!

Gözüm ofisiantı axtarırdı. Bu gün növbədə Ağa olmalı idi. Məni özü gördü. Əli ilə iki göstərib soruşdu:

– Long black?

– Yes! – deyib baş barmağımı qaldırdım.

Gödəkçələrimizi asıb oturduq. Qəhvə maşını işə düşdü. Elşən telefonu çıxarıb gözünü ekrana zillədi, sonra nəsə yazmağa başladı. Qəhvə maşını susanda dözmədim:

– Qoy da o telefonu yerə. Mənimlə nə təcili işin var idi?

Elşən telefonu üzü üstə çevirib masaya qoydu. Başını aşağı salıb sakitcə dedi:

– Özümü satıram.

– Doğrudan?

– Hə. Bu gün səhər getmişdim ASAN Xidmətə. Prosedurları keçdim. Portaldan tibbi arayış da aldım. Bir dənə ödümdə qatılaşma var imiş. Belə amma tam sağlamam. Gələn həftənin birinci günü patenti alıb göndərəcəm birjaya.

– Hansı birjaya? İstanbula?

– Yox, mən araşdırdım, İstanbulda qiymətlər çox aşağı düşüb. Ruslarla ukraynalılar basıb oranı. Şanxaya da baxdım, dəhşət növbə var. Bütün Orta Asiya ora gedir, xaricilərə kvota qoyublar. Növbə sənə çatana kimi altı ay keçir. Qalır ancaq Bakı.

– Bakıda kimə, neçəyə satacaqsan özünü? Bakıda guya nə birja var ki?

Elşən heç nə demədi. Ağa bizim qəhvələri gətirmişdi. Yəqin, başqa adamın yanında danışmağa hələlik utanırdı. Doktor Tetmajer ayağa qalxıb tualet tərəfə üz tutdu. Ağa gedəndən sonra Elşən qəhvədən bir qurtum içib dedi:

– Mənim tək variantım Bakıdır.

– Bəs nə bacarırsan? Nə təklif edəcəksən?

– Nə bilim. Maşın sürə bilərəm...

Məni gülmək tutdu:

– İndi sürücü var? Kimə lazımdır sənin maşın sürməyin? Bəlkə, ancaq Naxçıvanda. Orada maşını adam sürməlidir. Elə eşitmişəm. Amma onlar da kənardan adam almırlar. Gərək prosedurlardan əvvəl qeydiyyatın Naxçıvana olsun.

Əlimi uzadıb masadan qəhvəmi götürdüm. Yenə əla alınmışdı. Burada qəhvənin tamı hər dəfə başqa cür olurdu. Demək, məsələ təkcə qəhvənin növündə, qovrulmasında, maşında deyil. Baristalıq idi. Hər dəfə qəhvə hazırlayanda barista improvizasiya edirdi.

Elşən qəhvəsini masaya qoyub dedi:

– Baxma da, alqı-satqı vaxtı məlum olacaq. Alan adam nə istəyir, mən nə verə bilərəm. Uzaqbaşı, cavan oğlanam, özümə görə yaraşığım var. Bəlkə, hansısa qadına lazım ola bilərəm. – Elşən susdu, bir az fikirləşib ardını gətirdi: – Əslində, çox eybəcər olmasa, kişi də istəyə bilər.

İsti qəhvə ağzımdan püskürüb masanın üstünə yayıldı, Elşənin sifətinə, paltarına, telefonuna, qəhvəsinin içinə sıçradı.

– Sən canın, bağışla, səhv başa düşmə. Mən mentallardan deyiləm, amma səndən gözləmirdim.

Ağa əlində kağız salfetlərlə bizim masamıza tərəf gəlirdi. Əl atıb Elşənin qəhvəsini özümə tərəf çəkdim:

– Vallah, bilərəkdən olmadı, üzrlü say. İndi sənə təzə kofe alacam.

Ağa masanı təmizləyib qurtarana kimi ikimiz də susduq. Elşən salfet ilə telefonunu silirdi. Mən də paltarlarıma baxırdım. Sviterim batmamışdı, amma cins şalvarıma bir-iki xırda ləkə düşmüşdü. Ağa təzə qəhvə sifarişini də götürüb masadan aralanandan sonra Elşən həmişəki sakit səsi ilə dedi:

– Səndən dəhşət zəhləm gedir. Nifrət edirəm sənə. Özünü elə aparırsan, guya baş verənlərin sənə dəxli yoxdur. Bakıda sonuncu barista bu kofebarda imiş. Hələ də ofisiantları var imiş. Yarım saat metro ilə, on beş dəqiqə piyada yol gəlirsən ki, illüziyaya qapılasan. Elə bil camaat hələ də işləyib maaş alır. Böyrəyini satmısan. Onun pulu qurtaranda neyləyəcəksən?

Ayağa qalxdım:

– Tualetə dəyim, qayıdıram. Çıxıb siqaret çəkək. Ciyərim yanır.

Tualet boş idi. İçəri keçib qapını bağladım. İşəməyim gəlmirdi. Krantı açıb suyun axmağına baxa-baxa fikirləşirdim. Elşən düz deyirdi. Böyrəyin pulu qurtarandan sonra neyləyəcəm? Onda patent də bir işə yaramayacaq. Birjada baha getmək üçün cavan olmaq lazım idi. Həm də böyrəyinin biri olmayan adamın birjada nə işi var? Amma Elşən həm də düz demirdi. Gələcəyi bilmək olmaz. Bir il əvvəl kim deyərdi ki, ruslar Seçenovu təzədən açmaq fikrinə düşəcək. Yenə həkim yetişdirmək məsələsi müzakirə olunur. Bəlkə, bizdə də onlara baxıb yavaş-yavaş açmağa başlayacaqlar? Gənclikdəki “McDonald’s” kassanın birinə adam qoyub. Düzdür, hələlik korporativ sosial məsuliyyət tədbiri kimi, amma birdən gəlir gətirməyə başlasa? Bir də Mirbağır müəllim var. Öləndə onun yerinə çox da namizəd olmayacaq. Mən, Aida xanım, Teymur, sonra Gulya. Mənim şansım daha çoxdur.

Krantın üstündə qırmızı indikator yanıb sönməyə başladı. Mənə ayrılan su bitirdi. Krantı bağlayıb tualetdən çıxdım. Elşən içəridə gözümə dəymədi. Parlaq sarı gödəkçəsi də asılqanda yox idi. Yəqin, siqareti yadına salmışdım, məni gözləməyib siqaret çəkməyə getmişdi. Bayıra çıxanda ancaq Ağanı gördüm. Telefona baxa-baxa elektron siqaretini sümürürdü.

– Ağa, bu Elşən necə oldu? Görmədin?

– Sizin yanınızda olan bəyi deyirsiz?

– Aha.

– Bəy hesabı verib getdi.

– Hesabı verib getdi?!

– Aha.

# 754 dəfə oxunub

Oxşar xəbərlər

Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

12:09 30 yanvar 2025
Səbinənin Arzusu - Günün hekayəsi

Səbinənin Arzusu - Günün hekayəsi

17:03 29 yanvar 2025
Divardakı yazı - Mahir Rəsuloğlunun hekayəsi

Divardakı yazı - Mahir Rəsuloğlunun hekayəsi

13:26 28 yanvar 2025
Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi

15:00 26 yanvar 2025
Qürub çağı - Mirça Kertereskunun hekayəsi

Qürub çağı - Mirça Kertereskunun hekayəsi

09:00 25 yanvar 2025
Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

Tarix həmişə təkrarlanır - Salidə Şərifovanın hekayəsi

15:36 24 yanvar 2025
# # #