Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu - Dilqəm Əhməd

Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu - Dilqəm Əhməd
31 yanvar 2025
# 13:02

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Kulis.az Dilqəm Əhmədin "Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu" adlı yeni yazısını təqdim edir.

1922-ci ilin ikinci yarısında Stalinin ev dustaqlığından qurtularaq əvvəlcə Finlandiyaya, daha sonra Türkiyəyə gələn Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə qısa zamanda Türkiyə rəsmiləri ilə əlaqə qurmağa çalışıb. Daha əvvəl - 1911-1913 və 1918-ci ildə Osmanlıda fəaliyyət göstərdiyi üçün xanədanlıqda mühüm əlaqələri vardı, rəsmi şəxslər tərəfindən tanınırdı. Buna görə də 1922-ci ilin dekabrında Türkiyəyə ayaq basan kimi "Yeni Şərq" qəzetinin 30 dekabr tarixli sayına müsahibə verib. Bu müsahibəsində Azərbaycanın, Qafqazın mövcud vəziyyətindən, Lozannada sülh müzakirələri aparan heyətdən, Fransa və Berlindəki durumdan, Ənvər paşanın aqibətindən, Türkiyə-Rusiya-Azərbaycan münasibətlərindən bəhs edib. Bu müsahibəyə qədər isə o, artıq Türkiyə rəsmiləri ilə ilk görüşünü keçirmişdi.

21 dekabr 1922-ci ildə İstanbuldan Ceyhun bəy Hacıbəyliyə göndərdiyi məktubunda yazıb:

"İstanbula gəlişimdən bir neçə gün sonra Refet paşa ilə görüşdüm. Məni son dərəcədə səmimi və mehribanlıqla qəbul etdi. Onunla bizim üçün çox mühüm məsələlərlə bağlı danışa bildim. Burada qəzet çıxartmaq mümkün olacaq. Ancaq təşkilat yaratmaq rəsmən mümkün olmayacaqdır. Məlum səbəbə görə".

Məlum səbəb o idi ki, TBMM hökuməti ilə bolşevik Rusiyası arasında isti münasibətlər vardı, rus işğalından qaçan Qafqaz mühacirlərinə yüksək səviyyədə dəstək olmaq mümkünsüzdü. Ona görə də bu dövrdə Türkiyə tərəfi daha çox onların ölkədə sərbəst yaşamalarına, fəaliyyətlərinə icazə verib, eləcə də bir sıra maddi yardımlar edib. Çünki Vətəndən bir quruşsuz çıxan bu insanlar bir tərəfdən, öz məişət ehtiyaclarını təmin etməli, digər tərəfdən də, istiqlal mücadiləsi üçün fəaliyyət göstərməli idilər. Mühacirlərin isə vəziyyətləri olduqca acınacaqlı idi.

Məsələn, Mustafa Vəkiloğlu M.Ə.Rəsulzadə ilə İstanbulda yaşadıqları dövrə aid xatirələrində yazıb:

"Mühacirətin qara günləri başlayır. Yenə Əmin bəylə bərabərik, bir arada çalışmaqla yanaşı, didişməkdəyik. Maliyyə vəziyyətimiz pərişandır. Köhnə mühacirlərimizdən İsmayıl Fəyyaz bəyin Çəmbərlitaşdakı kiçik evində Əmin bəy, Abbas bəy və mən bərabər qalırıq. Həmşərimiz İsmayıl bəyə çox minnətdarıq, çünki bizdən ev kirayəsi almır, pulsuz qalırıq. Yeməyimizin əksəriyyəti zeytun yağında qızarmış kartofdu. Dostumuz mərhum Abbas bəyin bəzi günlər bazardan alıb gətirdiyi qızarmış qoyun başı süfrəmizdə bayram havası yaradırdı, bunun üstünə Abbas bəy xarab qarmonunu alaraq "Ay uca dağlar" mahnısını oxuyardı".

Bu faktlar M.Rəsulzadənin Əlimərdan bəy Topçubaşova yazdığı 20 aprel 1924-cü il tarixli məktubda da öz əksini tapıb: "Mustafa Amasiyadan geri dönüb. Mənim yanımda qalır, 4 nəfərlik kiçik koloniya şəklində yaşayırıq".

Ankara hökuməti ilə təmaslar

Rəsulzadə 1923-cü ilin yanvar ayında TBMM hökumətinin İstanbul təmsilçisi Adnan bəyə müraciət edərək Ankaradakı dövlət ricalı ilə görüşmək istədiyini bildirib. Lakin bu görüşün Sovet Azərbaycanı hökuməti ilə olan münasibətlərə mənfi təsir edəcəyini düşünən Adnan bəy Xariciyyə Nəzarətinə yazdığı şifrəli teleqramda bu düşüncəsini ifadə edib. İyun ayında Rəsulzadə yenidən Adnan bəyə müraciət edərək azərbaycanlı mühacirlərin ticarət üçün Anadoluya keçmələrinə icazə vermələrini istəyib.

Türkiyə dövlət arxivlərində açıqlanan yeni sənədlərdən məlum olub ki, TBMM hökuməti Rəsulzadənin müraciətlərinə diqqətli yanaşıb, onun şəxsini də qorumağa çalışıb. Məsələn, Türkiyənin Bakıdakı səfiri Məmduh Şövkət bəyin 25 iyun 1923-cü ildə hökumətinə göndərdiyi teleqramda Bakıdan yüzdən çox müsavatçının həbs edildiyini, İstanbulda Rəsulzadəyə sui-qəsd planının olduğunu bildirib. Bu vəziyyətlə bağlı Rəsulzadənin məlumatlandırılmasını da istəyib.

Bu dövrdə Məhəmməd Əmin bəy təkcə özü və yanına gələ bilmələri üçün bütün yollara əl atdığı ailəsi üçün deyil, digər mühacir azərbaycanlılar üçün də çalışıb. O, 4 sentyabr 1923-cü ildə Adnan bəyi ziyarət edərək Trabzondakı azərbaycanlı mühacirlərin (aralarında hökumət və parlament üzvləri də vardı) məskunlaşmadakı problemlərinin həll edilməsini rica edib.

Təbii ki, bu dövrdə Rəsulzadənin ən mühüm istəyi İstanbuldakı siyasi fəaliyyətini həyata keçirmək üçün hökumətin ən ali rəhbərliyi ilə görüşmək idi. Burada isə kilid nöqtə İsmət paşa idi. Yeni açıqlanan sənədlərə görə, İsmət paşa 6 sentyabr 1924-cü ildə İstanbul təmsilçisi Mehmed Nüsrət bəyə aşağıdakı teleqramı göndərib: "Resulzade Emin Bey'den bir mektub aldım. Muavenet istiyor. Meyus görünüyor. Kendisine yedi yüz lira veriniz ve ayda yüz lira vereceğimizi ilave buyurunuz."

Görünür, bu məktublaşmalar sonrakı dövrlərdə də olub. 22 sentyabr 1925-ci ildə Rəsulzadə İsmət paşaya daha bir məktub göndərərək dəstəyə görə təşəkkürünü ifadə edib, amma məqsədinin müavinət deyil, siyasi məsələləri müzakirə etmək olduğunu bildirib.

M.Ə.Rəsulzadənin İsmət paşaya göndərdiyi məktubun tam mətni bu şəkildədir:

"[22 Eylül 1925]

Pek Muhterem Paşa Hazretleri

İstanbul Mümessili Nüsret Bey vasıtasıyla gönderdiğim maruzaye Bakü Mümessili Memduh Şevket Bey tavsitiyle tebliğ buyurulan cevab, mucib-i ye's bir sebeb mevcud olmadığına teyidat-ı devletlerini muhtevi bulunduğundan maneviyatımızı bittabi takviye eylemiş, aynı zamanda gösterilen maddi muavenet dahi teşekkür ve iftinanımızı mucib olmuştur. İşbu lütf-i alilerine bütün samimiyetle vazife-i şükranı eda etmekle beraber zat-ı devletlerinden beklediğimiz şeyin muavenet-i şahsiye ve maddiyeye inhisar etmeyip her şeyden evvel siyasi direktifler almak ve teşriki-mesai esaslarını bilmek idi. Nitekim bu cihet evvelce vaki olan müracaatlarımızın mahiyetini teşkil ettiği gibi salifü'z-zikr maruzamızda dahi tekraren arz edilmiştir.

Kafkasya'da zuhur eden sonraki hadisat ise bu hususta zat-ı devletleri nezdinde bilhassa tecdid-i muhabbet etmek ihtiyaç u cesaretini telakki eylediğini beyan ile tedid-i hulus ve arz-ı tazimat eylerim efendim.

Resulzade Mehmed Emin

22 Eylül 1341

İstanbul"

M.Ə.Rəsulzadənin TBMM hökuməti ilə münasibətlərini tənzimləyən bir şəxs də var idi: Əhməd bəy Ağaoğlu. Baxmayaraq ki, Cümhuriyyət dövründə ilhaqçı düşüncəsindən dolayı Azərbaycan Milli Şurasının üzvlərində xoş təsir buraxmasa da, Əhməd bəy mühacirlərin dolanışıqlarına böyük köməklik göstərmişdi. Ağaoğlunun sayəsində Türk Ocaqlarının 130-a yaxın şöbəsi Rəsulzadənin çıxardığı "Yeni Kafkasya" jurnalına abunə olmuşdu, təşkilatın mərkəzi komitəsi Məhəmməd Əmin bəyə, Xosrov bəy Sultanzadəyə və Əbdüləli bəy Əmircana ayda 75 lirə maaş vermişdi. Ona görə də keçmişdəki narazılıqlara baxmayaraq Əhməd bəy Rəsulzadənin hökumət rəhbərliyi ilə görüşməsinə cəhd göstərib. 14 mart 1924-cü il tarixli məktubunda Əhməd bəy Rəsulzadəyə yazıb:

"Sizin tebrik mektubunuzu İsmet Paşa'ya sundum. Kendisi yoğun olduğu için bana, size kendi teşekkürlerini iletmemi söyledi. Şu anda Ankara'ya gelişinizin uygun olmayacağını düşündüğünden, bulunduğunuz yerde kalmanızın daha yerinde olacağını belirtti. İstanbul'daki Bolşevik örgütleri hangileridir ve ne tür faaliyetlerde bulunmaktadırlar? Bolşevikler ve sizin çalışmalarınızla ilgili bilgileri 5 nüsha çoğaltarak Dışişleri, İçişleri, Milli İstihbarat, Askeri ve Enformasyon-Yayın bakanlıklarına gönderdim. Yönetimden sizin için 350 lira aldım, aynı zamanda Trabzon'da bulunan Sultanov'a da 350 lira gönderdim".

Göründüyü kimi, mühacirətin ilk illərindən etibarən M.Ə.Rəsulzadə İsmət paşayla məktublaşıb, onunla görüşməyə çalışıb. Bu görüşmə baş tutubmu? Hələlik əlimizdə bununla bağlı başqa məlumat yoxdur. İsmət paşanın Rəsulzadənin ağır vəziyyətini nəzərə alıb ona müavinət göstərməsi olduqca önəmli faktdır, bu dəstək 1930-cu illərdən Avropada fəaliyyət göstərdiyi dövrlərdə də davam etdirilib.

Türkiyə hökuməti Rəsulzadənin 1923-1930-cu illərdə İstanbulda açıq şəkildə Rusiya əleyhinə fəaliyyət göstərməsinə icazə verib. Bu dövrdə Rəsulzadə Azərbaycan Milli Mərkəzini yaradıb, "Yeni Kafkasya", "Azəri Türk", "Odlu yurd" kimi dərgilər nəşr edib. 1930-1947-ci illər arasındakı Avropadakı fəaliyyətinə də müxtəlif şəkildə dəstək verilib, xüsusilə, Buxarest səfirliyi vasitəsilə ona himayə göstərilib. 1947-ci ildə Həmdullah Sübhi Tanrıöver, Kenan Kocatürk kimi şəxslərin dəstəyi ilə Rəsulzadə yenidən Ankaraya gələ bilib. Onunla bağlı verilən 8 iyul 1947-ci il tarixli qərarın altında da İsmət İnönünün imzası vardı...

Qeyd edək ki, 1920-ci illərdə TBMM hökuməti Rəsulzadəyə ailəsini Türkiyəyə gətirmək istəməsinə də köməklik edib. Belə ki, 19 mart 1925-ci il tarixli bir sənəddə Rəsulzadənin də ailəsinin yanlarında olması ehtimal edilən azərbaycanlı türk qaçqınların - Məhəmmədəli Dadaşov və Abbasqulu Vəliyevin Türkiyəyə gəlmələrində bir maneə olmadığı Tehran səfirliyinə bildirilib. Bu sənədlərdən aydın olub ki, Rəsulzadə adıçəkilən şəxslər vasitəsilə ailəsini İstanbula gətirmək istəyib, bununla bağlı hökumətdəki tanışları vasitəsilə Tehrandan viza verilməsinə nail olub. Amma böyük ehtimalla bolşeviklər onun ailəsinin Bakıdan Tehrana getmələrinə icazə verməyib. Rəsulzadənin Ceyhun bəy Hacıbəyliyə yazdığı 19 iyul 1925-ci il tarixli məktubu da bu fikri qüvvətləndirməkdədir:

"Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə əl atıram".

Təəssüf ki, Rəsulzadənin ailəsi İstanbula gələ bilməyib, nəticədə, 1937-ci ilin qanlı pəncəsi onun ailəsinə də ölüm və sürgün gətirib...

Qeyd: M.Ə.Rəsulzadənin İsmət paşaya göndərdiyi məktubu köhnə əlifbadan transliterasiya edərək bizə təqdim etdiyi üçün Dr.Qiyas Şüküroğluna təşəkkür edirik.

# 164 dəfə oxunub

Oxşar xəbərlər

"Bumer"in aktyoru dünyasını dəyişdi

"Bumer"in aktyoru dünyasını dəyişdi

15:24 31 yanvar 2025
Erməni komissarın sürgünə göndərdiyi qadın - Hüseyn Cavid niyə hər gün onlara gəlirdi?

Erməni komissarın sürgünə göndərdiyi qadın - Hüseyn Cavid niyə hər gün onlara gəlirdi?

15:00 31 yanvar 2025
Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır

Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır

14:59 31 yanvar 2025
Bir qrup gəncə Prezident mükafatı verildi - Sərəncam

Bir qrup gəncə Prezident mükafatı verildi - Sərəncam

14:42 31 yanvar 2025
"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır

"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır

12:28 31 yanvar 2025
Məşhur serialın yeni mövsümü başlayır - Tarix

Məşhur serialın yeni mövsümü başlayır - Tarix

11:55 31 yanvar 2025
# # #