İnsanın təbiətdə yox, tarixdə yaşadığını bilmək lazımdır - Nigar Safura

İnsanın təbiətdə yox, tarixdə yaşadığını bilmək lazımdır - Nigar Safura
1 fevral 2025
# 14:55

Kulis.az Nigar Safuranın Natəvan Dəmirçioğlunun “Açar” romanı haqqında yazısını təqdim edir.

“Xoşbəxtliyə qapı həmişə bayırdan açılır” (Kyerkoqor)

İkinci Qarabağ müharibəsi mövzusu Azərbaycan ədəbiyyatında yeni bir mərhələ açaraq bir çox əsərlərdə öz əksini tapıb. Bu mövzu həm poeziya, həm nəsr, həm də dramaturgiya janrlarında geniş işıqlandırılaraq, tarixi və emosional tərəfləri ilə müharibənin real təsvirini oxuculara çatdırmağa çalışır.

Bu mövzuda yazılmış əsərlər, əsasən, vətənpərvərlik, azadlıq uğrunda mübarizə və xalqın birlik ruhunu əks etdirir. Yazıçı və şairlər müharibənin insanların həyatına necə təsir etdiyini, şəhid ailələrinin iztirablarını, döyüşçülərin qəhrəmanlıqlarını və qalibiyyət ruhunu təsvir edir.

Natəvan Dəmirçioğlu da yazdığı “Açar” romanını bu mövzuya həsr edərək həm vətən sevgisini, həm də tarixə qarşı olan məsuliyyəti vurğulayıb. N.Dəmirçioğlu bu əsərlə yalnız müharibəni bir fakt olaraq təqdim etmir, eyni zamanda xalqın qəlbində dərin iz buraxmış bu döyüşün psixoloji və sosial təsirlərini işıqlandırmağa çalışır. Ümumilikdə ikinci Qarabağ müharibəsi mövzusundakı əsərlər, tarix dərsləri kimi gələcək nəsillərə həqiqəti söyləyərək, həm qürur, həm də kədər mənbəyi olaraq ötürüləcək bir irs kimi qəbul edilir.

“Həsən vardı. Uzun kirpikləri vardı. Adama baxanda kirpiklərini tez-tez çalırdı. Soruşmuşdum ki, niyə gözünü çox qırpırsan, gözündə problemmi var? Demişdi, “Yox, komandir, kirpiklərim hərdən dolaşır”. Uşaqlar gülüşdü. Mərmi partlamışdı yanında. Gödəkçəsinin cibində gəzdirdiyi bir cüt körpə ayaqqabısının hərəsi bir yana düşmüşdü. Dedilər, təzəcə övladı dünyaya gəlib. Məzuniyyətdən qayıdanda ayaq geyimini özü ilə götürüb, hər gün qoxlayırmış. Başı bədənindən ayrı düşmüşdü. Gözlərini sığadım. Kirpikləri örtülmədi. Gözləri açıq qaldı…” Polkovnikin dilindən danışılan bu gerçək tale romanın mənə görə ən yaddaqalan hissələrindən biridir…

Roman barədə resenziya yazmaq mənə görə intellektual vicdanın tələbidir. Əsər barədə duyğularım aydın, emosiyalarım intensivdir. Əsərin bəzi hissələrində baxışlarım tutqunlaşır, N.Dəmirçioğlunun sözü ilə desəm, “toranlaşırdı”. Beynimə rahatlıq verməyən “fikirlər burulğanı”nı sakitləşdirə bilmirdim. Özüm də hiss edirdim ki, oxuyanda hamar, dəyirmi, farfor kimi üzümün ifadəsi fərqli olurdu. Müəllif sanki bu dəqiqə hansısa sirri açıb deməyə hazırlaşırdı. “Açar”a doğru yaxınlaşdıqca ruhumun “üfiqləri” işıqlanırdı sanki. Əsəri oxuduqca əsrarəngiz və möcüzəli hislər keçirirdim. Oxucuların da bənzər hislərə qərq olacağını bilirəm.

N.Dəmirçioğlu əsərin hər bir cümləsinə qəlbinin cövhərini qoyub, bunu dərindən duyur, dərk edirəm. O, obrazları başqa psixoloji vəziyyətlər daxilində, yeni ruhda səsləndirir. Müəllifin bədii təfəkkürünün kamilliyi, idrakının parlaqlığı və həqiqəti müdafiə cəsarəti, oxucu ilə ünsiyyətin emosional tonlarını duyması heyrətamizdir. Onun nə dediyindən çox nə hiss etdiyini anlayıram.

“Dayanın, oğlumun poqonlarını taxım, onu poqonsuz görməyin – dedi və tez baş leytenant rütbəsinin poqonlarını canlı insana taxırmış kimi, cansız hərbi geyimin çiyinlərinə taxdı”. Əsərin bu hissəsi mənə mərmi dalğası kimi təsir etmişdi. Aydın düşünə bilmirdim. Xəyalımda qurduğum dünya gözlərim qarşısında od tutub yanır, zəbun olurdu. Oxuduqca hiss edirdim ki, şəhid anası Yaqutun oğlunun ölümündən sonra dünya gözlərində öz rəngini, qoxusunu, səsini itirib. Hadisə gözümün önündə canlanır. Yaqut ananın səsi çox kədərlidir; daş kimi ağırdır. Gözlərində bir soyuqluq, boşluq hiss edirdim. Bunların təsvirini müəllif mükəmməl verib.

Təsvir gerçəkliyinin mükəmməlliyindən bəhs etmişkən; “Mahmud, onun qarın nahiyəsini qəlpə dağıtmışdı, bağırsaqları yerə tökülürdü. Bir əli ilə bağırsaqlarını qarnına yığıb, o biri əlilə onları tutub saxlamağa çalışır, dayanmadan deyirdi: “Komandir, qoyma məni ölməyə, qoyma məni ölməyə, mən ölümdən qorxmuram, bircə anam dözməz deyə ölmək istəmirəm”. Qışın soyuğunda onun qarnından bir buğ qalxırdı, hələ də dəhşətə gəlirəm ki, insanın bədəni necə isti olur. O gündən bu yana çay da buğlananda Mahmud yadıma düşür”. Oxuduqca anlayırsan ki, sən də bu yazılanların, yaşanılanların bir parçası olmusan. Ruhun və beynin donub; nə hiss edə, nə də düşünə bilirsən. Üzərinə kədər dolu sükut çöküb və bu sükut ilə bağrına əmanət edilmiş şəhidlərə yas tutursan.

Səsimi gizlətmədən, hönkür-hönkür ağladığım hissəni bölüşürəm: “… Hər kəs nəfəsini çəkmədən gözləyirdi. Bölük komandiri güllə yağışının altından Məhəmmədin yaralı vücudunu götürdü, geri, səngərə doğru süründü. Birlikdə səngərin nəm torpağına yuvarlandılar. Polkovnik cəld qan içindəki Məhəmmədin vəziyyətini yoxladı və məyus halda onun üçün həyatını riskə atan zabitə dedi:

- Dedim axı! Gördün? Bu artıq şəhadətə qovuşub. Onsuz da sonra – atəş səngiyəndə götürəcəkdik, həyatını təhlükəyə atmağa dəyərdimi?!

Tapdıq yaşla dolub, toranlaşmış gözlərini yana çevirdi:

- Dəydi, polkovnik, dəydi – dedi.

- Necə yəni “dəydi”, görmürsən qurtarıb adam?

- Yenə də dəydi, polkovnik… Çünki onun yanına çatanda hələ sağ idi. Onun son sözləri bir ömrə dəydi.

- Nə dedi? Vəsiyyət etdi?

- Yox, vəsiyyət etmədi, təkcə onu dedi ki, bilirdim… Bilirdim ki, gələcəksən”.

Obyektiv müşahidələr və fikirlər, subyektiv hislər... Ümidvaram ki, oxucu mənəvi ucalığı təmsil edən bu əsəri anlayar, dərindən duyar, yaxınlıq hiss edər. Əsəri oxuduqca anlayıram ki, müəllif ilə oxucu arasında bir növ unikal ruhi bağlantı yaranıb. Müəllif sanki qəhrəmanının bədənindədir, onun gözləri ilə görür, emosiyalarını yaşayır. Yalnız bundan sonra anlayırsan ki, qəhrəman bütün həyatını təkcə öz nəzərləri ilə deyil, başqalarının nəzəri ilə də görür. Əsərin gözəlliyini görmək, duymaq üçün təxəyyülün paklığı, elementar qavrayış olmalıdır. N.Dəmirçioğlu əsərdə demokratik yanaşma tərzi, tolerantlıq ruhunun cücərtilərini nümayiş etdirib.

İnsanın təbiətdə yox, tarixdə yaşadığını bilmək lazımdır. Biz artıq bir dəfə qələbə iksirindən dadmışıq. Xoşbəxt, firavan gələcəyimizin işıqları haradasa yanırdı. Kim bilir, bəlkə də bu işıqları şəhidlərimizin ruhları yandırmışdı. Yalnız onların özünə məlum olan, gizli bir yerdə. Vücudları torpağa qovuşsa da, onların mübarək ruhları hələ də Qarabağda dolaşır. Biz isə onların ruhlarının kölgəsiylə gəzirik. Fədakarlıqlarının yaşayan dastanını ruhumuzun havası ilə zümzümə edirik.

# 217 dəfə oxunub

Oxşar xəbərlər

Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif

Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif

14:00 1 fevral 2025
“Türk dünyası” - Sərgi

“Türk dünyası” - Sərgi

10:09 1 fevral 2025
Romanlarımız belə başlayır və belə bitir - Siyahı

Romanlarımız belə başlayır və belə bitir - Siyahı

09:00 1 fevral 2025
Heydər Hüseynov və Tarix qarşısında məsuliyyətimiz - Arzu Əşrəf Hacıyeva

Heydər Hüseynov və Tarix qarşısında məsuliyyətimiz - Arzu Əşrəf Hacıyeva

13:36 31 yanvar 2025
İşıq və qaranlığın rəqsi:  Kamal Abdullanın "Bir-iki bizimki" pyesinin sirri

İşıq və qaranlığın rəqsi: Kamal Abdullanın "Bir-iki bizimki" pyesinin sirri

17:30 30 yanvar 2025
"Belə eləyirsiz ki, heç kim cəhənnəmə gəlmək istəmir də!" - Babək Məmmədli

"Belə eləyirsiz ki, heç kim cəhənnəmə gəlmək istəmir də!" - Babək Məmmədli

15:20 30 yanvar 2025
#
#
# # #