Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
Apollon yatdıqdan sonra Kassandranın ağzına tüpürdü, bununla da ona verdiyi uzaqgörənlik bəsirətini etibarsızlaşdırdı.
Bundan sonra Kassandra gələcəkdən xəbər verə biləcəkdi, amma bu xəbərə kimsəni inandıra bilməyəcəkdi. Kassandra troyalılara "Taxta at"ın fəlakət gətirəcəyini xəbər verdi, amma kimsə ona inanmadı və o fəlakət Troyanı məhv etdi.
Milli düşüncə sahiblərinin neoliberal dəyərsizliyin tüpürcək yağışına tutulması "mədəni irqçiliyin" onların milli uzaqgörənliyini etibarsızlaşdırmaq taktikasıdır.
Nədir mədəni irqçilik?
1960-cı illərdə alman filosofu Teodor Adorno yazırdı ki, mədəniyyətdən danışmaq, istər-istəməz siyasi iqtidardan danışmaqdır. Mədəniyyət XX əsrin ikinci yarısından sonra Qərbdə siyasi hakimiyyətin alternativi kimi qəbul olunur. Daha doğrusu, Qərb siyasəti özünü mədəniyyətlə kamuflyajlayır.
Müasir qloballaşma bazar ellinizmidir və mədəniyyətlərin ortaqlığına deyil, bir üstün mədəniyyətin peyklərinə çevrilməsinə hesablanıb.
Çoxmədəniyyətlilik anlayışının Avropaya bir o qədər dəxli də yoxdur. Bu anlayış ilk dəfə Avropadan köçənlərin yaratdıqları Amerika, Avstraliya, Kanada kimi ölkələrdə siyasətin mövzusu olub. Avropa çoxmədəniyyətlilik siyasətini daha çox ucuz işçi qüvvəllərini cəlb etmək üçün ortaya atmışdı. Hətta İkinci Dünya müharibəsindən sonra ucuz işçi qüvvəsinə böyük ehtiyac duyan dağıdılmış Almaniyanın yazarı Maks Friş dünyaca məşhur olan belə bir söz demişdi: "Biz işçi istəyirdik, insanlar gəldilər”. Bu sözlər həm də almanların miqrant işçini insan gözündə görmədiklərinə bir işarədir. Demək ki, avropalılar ucuz işçi qüvvəsini mədəni ortaqları hesab etmir(di)lər.
Hətta bu gün də məsələn, Almaniya və Fransa kimi çoxmədəniyyətliliyə qucaq açan ölkələrdə vətəndaşlıq almağın şərtlərindən ən vacib olanı qəti şəkildə köçkünlərin öz vətənləri və dinləriylə münasibətlərindən imtina etmələridir. Avropanın çoxmədəniyyətliliyinə daxil olmaq istəyirsənsə, öz mədəniyyətini, dilini və dinini rədd etməlisən.
Artıq Avropada çoxmədəniyyətliliyin yalnız "mədəni irqçilik” kimi gerçəkləşə biləcəyi söylənilir. Yəni digər mədəniyyətlərin Avropa mədəniyyətinin peykləri olması şəklində.
Çoxmədəniyyətlilik post-kolonial mədəniyyətlərə "yumşaq güc” tətbiqidir, orientalizmin yeni formasıdır. Bu, elə çoxmədəniyyətlilik adı altında aparılan bir postmodern irqçilik siyasətidir. Postmodern iqrçilk insanları dərilərinin rənginə görə ayırmır, onların geyimlərinə, həyat tərzlərinə, yaratdıqları sənət əsərlərinə və s. görə fərqləndirir.
Məsələn, Avropanın ən liberal ölkələrində geyimə, ibadət formasına, danışıq dilinə çox diqqət göstərirlər. Sənin şəxsi azadlıq kimi gördüyün şey onlar üçün bir təhdid məsələsidir. Postmodern irqçilik mədəni irqçilikdir. İnsanın deyil, mədəniyyətin dərisinin rəngini əsas alan iqrçilikdir. Bunun da kökündə Qərbin öz yaratdığı modern dəyərləri dünyanın yerdə qalanına qısqanması amili dayanır.
Qərb, xüsusilə müsəlman Şərqinin modern sifətini sevmir. Sən onun üçün muğam oxuyan, yallı gedən, nə bilim, tütəklə ilan oynadan ekzotik mədəniyyət mənsubsan və onun iradəsini qəbul etmədiyin müddətdə belə də qalmalısan. Bu "mədəni irqçilik” düşüncəsinə görə, müsəlman modern mədəniyyət yarada bilməz, onun geridəqalmışlığını təbliğ və təsvir edənlər isə ən nüfuzlu mükafatlara layiqdir.
Məsələn, Qərbi qıcıqlandıran Türkiyə onun iradəsini qəbul etmək bir yana, onun iradəsinə qarşı özbaşına modern osmanizmə can atan Türkiyədir. Klassik osmanizm bu gün Qərbin tarixi düşmənində "heyran olduğu” qürub gözəlliyidir. Qərb istəyir ki, osmanizm artıq dəbdən düşmüş tarixi libasından çıxmasın, ona kostyumlu taliban lazım deyil, Qərbin hegemon düşüncəsinə görə, islam VII-VIII əsrlərdəki yarımbarbar sifətini olduğu kimi qoruyub saxlamalıdır.
Ona görə də pakistanlı intellektual Rəşid Arain hesab edir ki, post-modern uzaqgörənlik kolonial cəhalətin şiddətləndirilməsi ideyası üzərində qurulub. Digərlərinin də modernləşməsinin qarşısını almaq üçün onları yenidən ayrılmaq istədikləri keçmişlərinə bağlamaq. Post-modernizm, bir növ, Qərb modernizminin kamuflyajıdır. Post-kolonial ölkələri premodern dövrə qaytarmaq cəhdidir.
"Rəhmətlik” Merkel çıxışlarının birində açıq şəkildə belə deyirdi: "… Miqrantların alman dəyərlərini və alman mədəniyyətini mənimsəmələri vacibdir”. 2011-ci ildə Fransanın keçmiş prezidenti Sarkozi və İngiltərənin Baş naziri Kemeron da öz çıxışılarında çoxmədəniyyətliyin çökdüyünü və bundan sonra dövlət siyasəti olmaqdan çıxarıldığını elan etmişdilər. 2006-cı ildən etibarən Avstraliyaya köçən 18-60 yaş arası hər kəs bu ölkədə ingilis dili və "vətəndaşlıq imtahanı” verməlidir.
Qərbin yaratdığı bu çoxmədəniyyətli dünyaya biz tərəfdən əsas dörd giriş qapısı var:
1. Öz xalqının, ölkənin keçmiş eybəcərliklərini ekzotika adı altında bütün dünyaya car çəkməlisən.
2. Dilindən, dinindən, milli kimliyindən imtina edib "vətəndaşlıq imtahanı" verməlisən.
3. Bilik və bacarıqlarını pulu məlum ciblərə axan neoliberal bazarın çiçəklənməsinə xərcləməlisən.
4. Gey olub göylə getməlisən.
Simvolik Babəkimizə "mən geyəm" deyən bığıburma qardaşımız bu bir kəlmə ilə xeyli quş vurdu; əvvəla, milli bir fiqurun ağzına "tüpürüb" onu etibarsızlaşdırdı, ikincisi, Azərbaycanda geylərin namusunun qorunmadığına işarə edib öz ölkəsinin modern dəyərlərdən uzaq bir ölkə görüntüsünü yaratdı, üçüncüsü, gey olub göylə getməyin örnəyini sərgilədi, dördüncüsü, "Azərbaycanda yüz minlərlə gey var" deyib güc nümayiş etdirdi.
Həm də Qərbin bəşəri dəyərlərinin idxal üçün nəzərdə tutulmadığını, bizə verəcəyi azadlığın qarşılığında isə bizdən nə istədiyini göstərən bir cahilliklə...