Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi
3 noyabr 2026
# 10:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüqar Vanın "Riyazi mənzərələr" hekayəsini təqdim edir.

Qızğın mübahisədən sonra sevgilisi çıxıb getdi və şair yenə tək qaldı. Pəncərəyə yaxınlaşıb qarşıdakı binanın adda-budda, nizamsız yanan işıqlarına baxa-baxa aralarındakı söhbəti düşündü. Ömrü boyu tanıdığı hər kəsdən eşitdiyi danlaqları bu dəfə də sevgilisindən eşitmişdi. İçki problemi, həyatını çərçivəyə sala bilməməyi, tək qalmaq xəstəliyi, yalançılığı, pulsuzluğu, məsuliyyətsizliyi, soyuqluğu... eyni ittihamlar, eyni söz-söhbət, eyni danlaqlar... Qadın danışdıqca şair başa düşürdü ki, bu, onların sonuncu görüşü, sonuncu mübahisəsidir. Ədəbiyyat, içki, şöhrət, istedad, çətin xarakter, pərakəndə və dağınıq həyat, hər şeyə qarşı etinasızlıq – qadınlar bütün bunlara görə əvvəlcə şairə vurulur, bir müddət sonra onu dəyişdirməyə çalışırdılar. Sonluq isə həmişə eyni olurdu.

Qəfildən qarşı binadakı mənzillərin işıqları bir cərgəylə ard-arda yandı və şair bir az qorxulu, bir az darıxdırıcı və bir az da boğucu gecədə belə bir mənzərəyə şahidlik etdiyi üçün xoşhallandı. Bu nizam, bu cərgə, bu simmetrik düzülüş uzaq keçmişindən sinif yoldaşlarıyla çəkdirdikləri kollektiv şəkli yadına saldı. Neçənci sinifdəydilər, yadında deyildi, amma ibtidai sinifdə oxuyurdu. Sabah kollektiv şəkil çəkdirəcəkləri xəbərini müəllim elan etmişdi və ona görə səhərisi hamı ən yaxşı paltarını geyinib gəlmişdi. Dərs vaxtı çıxıb fotostudiyaya getmişdilər. Müəllim və bütün siniflə birgə, özü də dərs saatında çölə çıxıb harasa getmək onu sevindirmiş, günün erkən saatlarında məktəbdə yox, küçədə olmaq, həmişə sinifdə gördüyü adamları bu dəfə çöldə görmək onu həyəcanlandırmışdı. Fotostudiyada qızlar arxada ayaq üstə, oğlanlar isə qabaqda oturaraq iki nizamlı cərgə düzəltmişdilər. Boyu bir az hündür olduğu üçün o, bilə-bilə qızların cərgəsində dayanmışdı. Şəkil indi sanki gözünün qabağındaydı: fonda yamyaşıl çəmənlik, şəlalə və qayğısız otlayan atlar... O, qızların cərgəsində soldan birinci dayanıb. Hamı ağ-qara geyinib, onun əynində isə cins pencək və cins şalvar var. Şəkildə iki nəfər gülən yerdə düşüb. Özü və yanındakı qız. Həmin qızın adını isə indi xatırlamaq mənasız işdir, onsuz da yadına düşməyəcək.

Şair gözlərini binanın işıqlarından çəkib otağına baxdı. Bu mənzil iki ayın içində dəyişdirdiyi üçüncü darısqal kirayə mənzil idi. Gəlib divanda oturdu və nə edəcəyini götür-qoy edə-edə beş-on dəqiqə səssiz-səmirsiz dayandı. Yenə sevgilisiylə bayaqkı mübahisələrini xatırladı. Qadın hikkəsindən alışıb-yanan gözlərlə iki saata yaxın danışmışdı, əsəbiləşmişdi, yumşalmışdı, təzədən əsəbiləşmişdi, şərtlər qoymuşdu, onun üçün elədiyi fədakarlıqları təkrar-təkrar xatırlatmışdı və nəhayət, çıxıb getmişdi. Şairin cavabları isə kasad turist lüğətlərindəki cavablar kimi qısa, qeyri-müəyyən və mənasız cavablar olmuşdu: hə, yox, istəmirəm, düzdü, bilmirəm, bəlkə.

Başa düşdü ki, indi bu dəqiqə içməsə, ona çətin olacaq. Durub mətbəxə keçdi, soyuducuda bir litr arağı vardı, başından yüz-yüz əlli qram içmişdi. Araqla içməyə mineral su, heyva götürdü, elə mətbəxdəcə xudmani süfrə açdı.

Gecə xeyli keçmişdi, bir neçə saatdan sonra sübh açılacaqdı. Şair içməyə başlamışdı və görünür, bu içmək fasiləsiz şəkildə bir neçə gün davam edəcəkdi. O, asanlıqla sərxoş olanlardan deyildi və sərxoş olması üçün gərək içməyə günortadan başlayaydı. Günortadan başlayan içki məclisi isə axşamüstüyə, axşamüstüdən bütün gecəyə, gecədən isə növbəti günə, hətta bütün həftəyə yayılırdı. Həzz almaq üçün yox, bu asılılıqdan xilas ola bilmədiyi üçün içirdi. Bir dəfə başladısa, dayandırmaq olmur, geri dönüşü mümkünsüz bir yola girir və günlərlə o yoldan çıxa bilmir, nəhayət, xəstələnirdi. İçki onu keçmişin qorxularından, gələcəyin qayğılarından, məişətin təzyiqindən və çətinliklərindən xilas edirdi. İçki yoxsulluğunu və uğursuzluğunu yaddan çıxarırdı. İçki hirsini boğub sakitləşdirirdi, özünə inam gətirirdi. İçki dörd ildən çoxdur, şeir yaza bilməməyin narahatlığını unutdururdu.

Amma elə ki çöldə sərxoş oldu, başqa insanlara qarşı əsəbi, inadcıl, qəddar və amansız olurdu. Uzunmüddətli içkili günlər başa çatdıqdan sonra isə ayılıb elədiklərini xatırlayaraq xəcalət çəkir, utanır, yadına düşən adamlara zəng vurub üzr istəyirdi. Təbiətcə ədəbli, həyalı, utancaq adam idi. Acılayıb xətrinə dəydiyi dostları da ayıq vaxtı yaxşı insan olduğunu bilirdilər, ona görə incimirdilər, kin saxlamırdılar. Amma kin saxlayan, ürəyində ondan xəbərsiz ona qarşı nifrət gəzdirənlər də çox idi: həm şeirlərinə, həm istedadına, həm də içki məclislərində yol verdiyi bağışlanmaz səhvlərinə görə.

Hər dəfə ayılıb olanları xatırlayanda özünə söz verirdi ki, daha içməyəcək. İçki həm sağlamlığına ziyan vururdu, həm hamıyla düşmən edirdi onu, həm də yaradıcılığa, yazıb-oxumağa vaxt, enerji saxlamırdı canında. Amma bu sözvermələrin ömrü uzun çəkmirdi, bir neçə gündən sonra yenə hər şey əvvəlki vəziyyətinə qayıdırdı.

Həmin kollektiv şəkil yenə yadına düşdü. Şəkildəki cins pencək geyinən və gülən uşağı bütün var-qüvvəsiylə gözünün qabağına gətirdi. Onda həyatdan qorxmurdu, həyatı öyrənirdi, qadınları tanımırdı, içmirdi və şeir yazmırdı. Günləri heyvanlar kimi asudə, qayğısız və rahat keçirdi. Bütün uşaqlar necə yaşayırdılarsa, o da elə yaşayırdı. Yeyirdi, yatırdı, məktəbə gedirdi, məktəbdən gəlirdi, oynayırdı. Birdən böyüdü və uşaqlığı, günəş göy üzündən çəkilən kimi, bir anın içində yox olub getdi. İndi həmin uşaqla aralarında yalnızca bir oxşarlıq qalmışdı: hər şeyə təəccüb və maraqla baxan saf baxışlar.

Yaddaşının yaradacağı ağır təsirlərə qarşı içkidən çəkdiyi qalın, hündür sədd indi birdən-birə uçulub-dağılmışdı. Keçmiş, uşaqlıq xatirələri, həyatına girib onu ya pisə, ya yaxşıya doğru dəyişdirməyə çalışan insanlar, sevdiyi qadınlar, ailəsi, dostları, oxuyub təsirləndiyi şair-yazıçılar – hər şeyi xatırlayırdı.

İlk dəfə şeir yazmağa necə qərar verdiyini düşündü. Hər şey təsadüf nəticəsindəmi olmuşdu, yoxsa həyatda elə bir mərhələyə çatmışdı ki, yazmaqdan başqa yolu qalmamışdı? Uşaqlıqdan hiss edirdi, böyüklərin dünyasında yolunda getməyən şeylər var. Ona elə gəlirdi, heç kəsin bilmədiyi, yalnız ona məlum olan həqiqətləri bilir. İstedadlıydı, insanları yamsılamağı da yaxşı bacarırdı. Uşaqlıqdan ətrafındakıları istədiyi vaxt asanlıqla güldürə bilirdi, bəlkə də, başqalarını yamsılamağı sayəsində şeir yazmağa başlamışdı.

Dəqiq cavab isə yox idi, nə qədər yaddaşının dərinliklərinə enirdisə, ordan ancaq daha çox sual çıxırdı. Nə fərqi var, ilk dəfə necə şeir yazmağa qərar verib? Təsadüfən olub, yoxsa taleyin diktəsinə boyun əyib? Əsas bu idi ki, hər şeydən əvvəl, o, özünü şair kimi görürdü. Şair kimi yaşamışdı və yaşayırdı. Həyatını bildiyi, oxuduğu bütün şairlər də onun kimi davranmışdılar, onun kimi yoxsul olmuşdular və içmişdilər, onun kimi qadınlarla münasibətləri alınmamışdı, bir müddətdən sonra şeiri sevməmişdilər, şeirə nifrət etmişdilər, amma həm də yazmaqdan başqa çıxış yolları qalmamışdı. Sevdiyi bütün həqiqi şairlərin də həyatını şeir məhv etmişdi, onları uçurumun kənarına qədər gətirib ölümün bir addımlığında, ölümlə üzbəüz qoymuş və çıxıb getmişdi.

İlk dəfə haçan şeir yazmağa qərar verdiyini xatırlamasa da, ilk dəfə özünü şair kimi hiss etməyi yaxşı yadındaydı.

Bir müddət əvvəl, otuz altı yaşı tamam olandan sonra, içkili günlərin həftələrə yayıldığı vaxtlarda onun xətrini çox istəyən, bu dünyaya ancaq şeir yazmaq üçün gəldiyini başa düşən həqiqi dostlarından biri şairi dilə tutub Lənkərana aparmışdı ki, həm içkidən bir az uzaqlaşsın, həm şəhərin basabasından, tıxacından, boğanağından xilas olsun, həm də özünə, yaradıcılığına bir az vaxt ayırsın. Əyalət, dəniz havası, sakitlik, ayıq on beş-iyirmi gün, dadlı yeməklər onu sağaldacaqdı. Həkimlə də danışıb razılığa gəlmişdilər: rayonda qaldığı günlər ərzində hərdən-birdən gedib həkimə görünsün, yuxusuzluğu, baş və mədə ağrısı, iştahasızlığı, fasiləsiz içkinin yaratdığı onlarla başqa fəsad da yüngül müalicəylə bir az qaydasına düşsün.

Həkim də şairi yaxşı tanıyırdı, şeirlərini sevirdi. Söz vermişdi, onu sağaldacaq. Şairlərlə həkimlər bir-birlərini yaxşı başa düşürlər. Tarixin bütün dövrlərində yazıb-yaratmış həqiqi şairlərin əksəriyyətinin həyatında onların sağlamlığının məsuliyyətini öz üzərinə götürən bir həkim olur.

Dostu Lənkəranda yaşayırdı və ona da öz evlərinin yaxınlığında ev kirayələmişdi. Qırmızı kərpicdən, ikimərtəbəli, geniş həyəti və bağçası olan, bir tərəfindən dəniz görünən bir ev idi. Həyətdə üç-beş toyuq-cücə də vardı. Şair fikirləşirdi: doğrudan, on beş-iyirmi günlük istirahət ona yaxşı təsir edəcək. Həm özünə, həm dostuna, həm də həkiminə söz vermişdi, burda qaldığı günlərdə dilinə araq vurmayacaq. Onsuz da, dostlarının əksəriyyətini, onu həqiqətən sevən insanları kifayət qədər məyus etmişdi. Bu dəfə etməyəcəkdi.

Yay ayları olsa da, rayonda dəhşətli istilər hiss edilmir, axşamlarsa boğanaq və nəmli hava sərinləyirdi. İki-üç gündən sonra şair həm evə, həm rayon həyatına öyrəşdi. Yavaş-yavaş yuxusu düzəldi, səhhəti yaxşılaşdı, zehni açıldı, əsəbləri qaydasına düşdü. Belə bir rejimlə yaşayırdı: səhər tezdən oyanır, həyətdəki ağaclara qulluq edir, su verir, toyuq-cücəni, küçə pişiklərini yemləyirdi. Çay dəmləyib həyətdə oturur, dənizə, ağaclara, toyuq-cücəyə baxa-baxa iki-üç stəkan tünd çay içir, səhərin səslərini dinləyir, işə tələsən yuxulu insanlara, həsir zənbillə bazara gedən qadınlara tamaşa edirdi. Bir-iki saat beləcə oturur, sonra yenidən yatmağa gedirdi. Günortaya qədər yatır, günorta dostunun gətirdiyi dadlı ev yeməklərini həyətdə oturub birlikdə yeyirdilər. Yeməkdən sonra dostu çıxıb gedirdi, onu narahat etmək istəmirdi. Dostu gedəndən sonra uzanıb özüylə gətirdiyi kitabdan otuz-qırx səhifə oxuyur, oxuya-oxuya yuxu onu aparırdı.

Günorta yuxusundan sonra hava da bir az sərinləyirdi. Axşamsa ya dostu və həkimiylə birlikdə çıxıb dənizkənarı kafelərin birində şam edir, söhbətləşirdilər, ya da tək-tənha gəzişir, tanımadığı yerlərdə məqsədsiz-filansız dolaşırdı. Gəzdikcə həyatı, yaradıcılığı barəsində düşünürdü. Telefonsuz, internetsiz, içkisiz, adamsız asudə günlər beləcə yavaş-yavaş keçirdi və bu günlər, demək olar, şairin həyatının ən xoşbəxt günləriydi.

Elə bu günlərin bir axşamüstüsü, sahildən aralıdakı iri beton blokların üstündə dayanıb dənizə tamaşa edə-edə siqaret çəkirdi. Birdən ağlına belə bir fikir gəldi: çox gözəl təbiət mənzərələri o qədər riyazi dəqiqliklə yaradılıb ki, onları asanlıqla rəsm etmək olur. Dənizi və buludları dalğalı, ağacları düz xətlərlə, günəşi dairəylə, dağları üçbucaqlarla, ulduzları nöqtələrlə, göy qurşağını iç-içə qövslərlə... Yenə düşündü ki, asanlıqla rəsmi çəkilə bilən, riyazi dəqiqliklə yaradılmış füsunkar təbiət mənzərələrinin şeirə, poeziyaya ehtiyacı yoxdur. Bir neçə cizgiylə ortaya çıxan bu mənzərələrdən şeirdə istifadə etmək şeirin təsirini azaldır. Poeziya riyazi dəqiqliyi olmayan şeylərdədir.

Di gəl, öz fikirlərinə qarşı hər zaman şübhəli yanaşdığından, götür-qoy etməyə başladı ki, sentimental ovqatdanmı bu qənaətə gəlib, yoxsa həqiqətən belədir. Bu vaxt üç-beş addım sağında dayanmış, bayaqdan onunla birlikdə dənizə baxan cavan oğlan telefonundan dənizlə bağlı bir mahnı qoydu və nə üçünsə dərindən köks ötürdü. Şair oğlanın köks ötürməyini eşitdi və birdən həmin an hiss etdi ki, o, həqiqətən, şairdir. Bu hiss uzun çəkmədi, amma şair bir neçə dəqiqənin içində həyatında ilk dəfə özünün həqiqi şair olduğunu duydu. Bu, onun həyatının ən xoşbəxt anlarından idi.

İndi isə balaca mətbəxində oturub içirdi və sinif yoldaşlarıyla çəkdirdiyi şəkildəki cins kostyumlu, gülən uşağın ən xoşbəxt, ən sevimli çağlarını yadına salırdı. Rayonda həyət evində böyümüşdü. Uşaqlıqda ən böyük arzusu bina evində yaşamaq idi. Binada, hündür mərtəbələrin birində yaşamaq ona əlçatmaz bir istək kimi görünürdü. Həyət evləriylə bina evlərində yaşayan insanların eyni insanlar olmadığına inandırmışdı özünü. Elə bilirdi, bina evində yaşayan insanlar başqa cür yaşayırlar, başqa cür yeyirlər, başqa cür yatırlar. Bina evində yaşayan uşaqlar da ondan ağıllıdır, güclüdür.

Ən sevdiyi işlərdən biri, fürsət tapan kimi, gedib binaların həyətində gəzmək, binalara, yuxarı mərtəbələrdə yaşayan insanlara, binanın həyətində oturub söhbət edən qadınlara, maşınların əhatəsində futbol oynayan uşaqlara tamaşa etmək idi. Göy üzünə daha yaxın, hündürdə yaşayan həmin insanların həyatına həm dərin maraq, həm də həsədlə baxır, bir gün, haçansa, özünün də bina evində yaşamağını arzulayırdı.

Bir dəfə binaların həyətində gəzişən vaxt yuxarı mərtəbələrin birinin balkonundan yuyulub asılan ağ mələfələr gördü. Uzun, ağappaq mələfələr yuxarıdan sakit-sakit yellənirdilər. Gözəl, günəşli yaz havasıydı. Bir az da havanın təsirindən, yuxarıda yellənən qar kimi ağ mələfələrə baxdıqca içinə qəribə sevinc hissi doldu və gördüyü mənzərə qarşısında heyrətdən donub qaldı. İndiyə qədər gördüyü ən gözəl mənzərə bu mənzərə idi. Heç bir riyazi dəqiqliyi olmayan həmin mənzərəyə təəccüblə tamaşa etdikcə balaca sinəsi genişləndi, uçmaq, qanadlanıb həmin mələfələrin yanına çıxmaq, onlarla bir yerdə yellənmək istədi.

Şair balaca mətbəxində həmin anı yadına saldıqca yenidən ovaxtkı ovqatına qayıtmışdı. Düşünürdü ki, bəlkə də, ilk dəfə şeir yazmağa qərar verdiyi an elə o an idi. Özünü orda – əslində elə də hündür olmayan, amma uşaq gözüylə ona çox böyük görünən binaların arasında, ilıq yaz mehi saçlarını qarışdırarkən, qollarındakı sarımtıl tüklər günəşdən parıldayarkən – yuxarı mərtəbələrin birinin balkonunda yellənən ağ mələfələrə acgözlüklə baxan yerdə görürdü. Hiss edirdi ki, boşalmış ürəyinə yavaş-yavaş nəsə dolur, baxışı kölgələnir, nəzərləri uçur, xəyalı qarışır və astaca yox olmağa, boşluğa, kiminsə xəyalına çevrilməyə başlayır.

# 123 dəfə oxunub

Oxşar xəbərlər

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

İyirmi ildən sonra etmədiklərinizə görə təəssüflənəcəksiniz... - Mark Tven

09:40 3 noyabr 2026
"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

"Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar

15:00 2 noyabr 2026
"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

14:00 1 noyabr 2026
"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

10:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

18:40 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər