Kulis.az “Hekayə günü” layihəsindən Qəşəm Nəcəfzadənin "Qərib atdan yıxılan yer" hekayəsini təqdim edir.
Əlli ilin çobanı atam say bilmirdi. Gündə iki dəfə, gözünün birini qıyıb, sürüyə diqqətlə baxırdı: tezdən örüşə aparanda, şər vaxtı örüşdən gətirəndə. Bəs niyə sürüdən bir qoyun kəm olan kimi bilirdi? Bunu hər adam bacarmazdı. Qoyunları sürünün içərisində ailə-ailə (deyək ki, ev-ev) tanıyırdı.
Məsələn, bilirdi ki, sarıkürə qoyun və onun "dostları" bu saat sürünün hansı tərəfində olar. Atam deyirdi ki, elə qoyun var, həmişə sürünün sağ və sol, arxa və qabaq, ya da orta hissəsində otlayır, nadir hallarda bir qoyun yerini dəyişə bilər, bu zaman həmin qoyun təzmiş, yəni azmış hesab olunur.
Atam qoyunları axşam arxaca gətirəndə belə sayırdı; sarıkürə qoyunu gördüm, tayını görmək gərək, yaxud ağkürə qoyunu gördüm, tayını tapmaq görək. Beləliklə, qoyunları cütləməklə, hətta üç-üç, dörd-dörd qruplaşdırmaqla azanını-təzənini tapıb üzə çıxarırdı.
Yadıma bir hadisə düşdü. Deməsəm olmaz. Qonşu kənddən Məhəmmədəlini bizim kəndə kolkoz sədri qoyurlar. Sən demə qoyun yarıya qədər kəm imiş. Məhəmmədəli kişi qoyunları saydıqca hər yüz qoyuna cibinə bir qoyun qığı atırmış. Köhnə ferma müdiri, erkəklərin kökünə daş atan, dost-doğmaca babamın dayısı oğlu Zakir kişi də Məhmmədəlinin arxasında dayanıbmış. Məhəmmədəli cibinə bir qığ atanda birini də Zakir əlavə edirmiş. Sonda görürlər ki, sürüdə hələ yüz qoyun artıqdır. Bir il kecməmiş Məhəmmədəlini tutub basırlar dama, on dörd il iş verirlər. Son sözdə Məhəmmədəli nə desə yaxşıdır: - "Mən bir də Əliqulular kəndinə kolxoz sədri olmaram".
Gələk atamın yanına.
Mən 6-da oxuyanda qardaşım Qərib 3-cü sinfə gedirdi. Sirrimiz, sözümüz bir idi. Atam Çalbayır yaylağında sürünü otarmağı bizə etibar edirdi. Bu da o zaman olurdu ki, çoban yoldaşları ilə Cermuxa (Quşçuplək qəsəbəsi) bazarlıq eləməyə gedərdi. Onda atam xrom çəkməsini geyər, dimdikli, dördkünc kepkasını qoyar, atımızın belinə bəzəkli yəhəri atıb tapqırını çəkərdi... Mən çox sonralar bildim ki, atam niyə xrom çəkmə, qəlifey şalvar, dördkünc kepka qoyurmuş? Sən dəmə çobanlar və bir də aşıqlar özlərini Stalinə oxşadırlarmış. Bu ənənə şəklində gəlib atamgilə qədər çatıbmış...
Atam Cermuxdan bizə pomidor alıb gətirirdi. Ət-zad yeməzdik, hamımızın əlində pomidor laləyə bənzəyərdi.
Sürümüzün içində iri bir qoç vardı. Qoyunları otardığımız vaxt Qəriblə qoçu tərkləşib minirdik. O qədər minirdik ki, qoç bikefləyirdi. Axşam arxaca gələn kimi atam heyvana baxıb deyirdi bu qoç niyə burtaxlayıb (xəstələnib)?! Biz də heç nə demirdik. Guya heç nədən xəbərimiz yoxdu. Qoç bizi görən kimi ilim-ilim itirdi, elə bilirdi yenə minəcəyik.
Qəribi bir-iki dəfə döymüşdüm, xırda səhlənkarlığına və xəbərçiliyinə görə. Biri buna görə olmuşdu ki, Qərib mənim ilk sevgi məktubumu itirmişdi...
Qonşumuzdakı bir qıza guya vurulmuşdum, sinif yoldaşım idi. Şanlı bir məktub yazdım verdim Qəribə, dedim, apar ver o qıza. Qızın da bizə bir az qohumluğu çatırdı. Üç-dörd gün keçdi, gördüm qızın hərəkətlərində pisə-yaxşıya doğru heç bir dəyişiklik yoxdur. Bir gün məktubu çəpərimizin yol tərəfindən tapdım... Sən demə Qərib məktubu itiribmiş... Gəldim Qəribin yanına, nə yemisən turşulu toyuq əti!
İkinci döyməyim də o vaxt oldu ki, fermamıza şəhərli oğlan gəlmişdi, uzaq qohum idi, indi bərkgedən rayonların birinin prokurorudur. O, mənə bir vazelin qutusu verdi, qoçumuzu iyirmi dəqiqəliyə mindi, bu da oldu Qaranlıq dərənin başından, Söyün bulağına kimi... Mən "başı" yox, vazelindən Qəribin üzünə bir barmaq olsa da vurmadım, Qərib də gələn kimi məsələni atama dedi, atam məni döydü, mən də Qəribi.
Atam Qəribi məndən çox istəyirdi... Bu da ən çox anamdan gəlirdi. Anam ona həm Aşıq Qərib deyirdi, həm də "Qara moç". "Qara" o demək idi ki, Qərib qarayanız idi, "moç" da onu öpməyə işarəydi.
Atamla anamın Qərib haqqında bir hekayəsi vardı. Sevgi hekayəsi də demək olar ona. Hər gün həmin hadisəni bir - birilərinə danışırdılar.
Qərib balaca imiş, yəni qundaqda olan vaxt... Köç dağa üz tutubmuş. Anam at belində, Qərib də qucağında, atam bir az ondan irəli Mıxtökən yollarını ağır-ağır qalxırlarmış. Necə olursa, atın qabaq ayağı büdrəyir, Qərib anamın qucağından düşür iri bir daşın üstünə.
Atam sonralar atın büdrəməyinin səbəbini dırnaqlarının uzanması ilə izah edirdi. Atın dırnaqları uzananda kiçik balta ilə kəsirlər.
Nə isə... Qərib daşın üstə yıxılır, zalım oğlu heç yuxudan ayılmır da! Atam tez yüyürür uşağı götürür və tez anama deyir:
- Əmiqızı, qorxma, Qəribə heç nə olmayıb.
(Atam və anam qohum olmasalar da bir-birinə "əmioğli", "əmiqızı" deyirdilər).
Anam da deyir:
- Əmioğlu, bəlkə, məni aldadırsan, Qəribə nəsə olub?
O da and içir ki, Qəşəmin canı üçün heç nə olmayıb...
Atam o saat iri bir qoç qurban deyir, hətta elə o saat anamın gözünün qabağında ağacla qoçun belinə vurub manşırlayır.
O gündən Qəribi daha çox istəyiblər. Hətta o vaxtdan o yerin adı qalır: "Qərib atdan yıxılan yer". Məsələn, kənddə soruşulanda ki, köç hardadır, deyirdlər "Qərib atdan yıxılan yer"də. Beləliklə, evimizdə Qəribin reytinqi o vaxtan qalxır.
Sonralar atamla anam Qəribin sağ qalmağının səbəbini müxtəlif amillərlə bağlayırdılar. Guya atam çox fərasətli tərpənib, uşağı elə göydə tutub! Əslində bu, atamın şöhrətinin qalxması üçün anamın uydurması idi. Atam da təvazökarlıq edib anamın könlü xoş olsun deyə belə deyirdi:
- Vallah, əmiqızı, məndə heç bir fərasət-zad olmadı. Sən uşağı əlindən çox asta buraxdın.
Guya bu da anamın fərasəti imiş.
- Əmioğlu, azca mürgüləmişdim.
- Əmiqızı, səndə günah yox idi, mən də olsam, elə olardı.
Atam bütün gücü ilə anamın günahsızlığını sübut etmək istəyirdi. Anam da var gücü ilə atamın sıçrayıb uşağı göydə tutmağından danışırdı.
Sonralar atam anamın uydurmasına inanıb həmin hadisəni həqiqət kimi danışırdı. Guya uşağı göydə tutub. Çünki həmişə köç gedəndə "Qərib atdan yıxılan yer"ə çatanda bu məsələ beş-on dəqiqəlik müzakirə olunurdu. Müzakirələrdə mən də iştirak edirdim. İkisi də - atam da, anam da bir-birlərini inandırmaq üçün mənim canıma and içirdilər! Ona görə də mən öz işimi əvvəldən bilib o saat gedib dayanırdım, hər ikisinin arasanda, gah atamın, gah da anamın üzünə baxırdım, canıma and içilməsinin böyük səbirsizliklə gözləyirdim. Mən də bir işin qulpundan yapışmış adam kimi kişilənirdim. Hətta bu müzakirələrin son iki ilində artıq Qərib Əfqanıstanda hərbi xidmətdə idi...
Yenə köç dayandı, atamla anam həmin daşın üstünə gəldi. Mən də canıma and içilməsi üçün özümü lap qabağa verdim.
Anam dedi:
- Qəşəmin canı üçün beyqəfil uşaq qucağımdan sıçradı daşın üstünə. Allah uzaq eləsin, ölsəydi, indi bizdən ayrı düşməyi on doqquz il olardı.
- Əmiqızı, Qəşəmin canı üçün uşaq o boyda hündürlükdən yıxılsaydı ölərdi. Görünür, Qərib əlindən sürüşəndə sən çox aşağı əyilmisən və sonra əlindən buraxmısan.
- Düz deyirsən, əmioğlu, mən əyilmişdim, amma sən özünü çatdırdıb uşağı göydəcə tutdun.
- Hə, mən tez şığıdım, uşağı yerə düşməyə qoymadım.
- Əmiöğlu, uşaq yıxılanda mən əyilməsəydim, sən uşağı tuta bilməyəcəkdin.
Əslində, bu məsələdə nə anamın, nə də atamın qəhrəmanlığı olmuşdu. At büdrəmişdi, uşaq daşın üstə düşmüşdü, bələk qalın olduğundan, uşağa heç nə olmamışdı.
Atam-anam bu məsələdə öz qəhrəmanlıqlarını çox şişirdirdilər. Son vaxtlar elə danışırdılar ki, heç elə bil uşaq yıxılmayıbmış, anam uşağı atıbmış, atam da göydə tutubmuş...
Hər dəfə köç həmin yerdə dayanırdı.
- Hə, əmiqızı, burda, bax burda, bu daşın üstə...
- Hə, əmioğlu, mən bu tərəfdən gəlirdim, sən o tərəfdən.
- Əmiqızı, sən çox cəld tərpəndin, yaxşı ki, özün yıxılmadın.
- Əmioğlu, sən çox fərasətli adamsan ki, bir anın içində...
- Burda bu daşın üstə...
- Yox, bir az o tərəfə idi...
- Əmiqızı, gör sənin yadında necə dəqiq qalıb?!
- Qəşəmin canı üçün, elə bil bu gün olub.
Qərib evimizin ən əziz övladı idi. Çünki o, atamla anama bir sevgi, bir diqqət, bir qəhrəmanlıq ömrü yaşatmışdı.
Qərib sürətlə böyüdü. Əsgərliyini Əfqanistanda keçirdi. 1980 - 82-ci illərdə. İki il yarım Əfqanıstanda ölümlə üz-üzə qaldı. Gələndə atam onu gətirən maşının təkərlərindən öpdü. Anam Qəribdən ötrü o qədər ağlamışdı ki, gözləri tutulmuşdu.
O, Qəribə tərəf yox, əks istiqamətə qaçırdı. Atam Qəribin ayağının altında on iki qoyun qurbanı kəsdi, bir baş da ala cöngə.
Atam onun əsgərlik günlərini saya-saya say öyrəndi, indi qoyunları özü sayır.
Bu günlərdə kənddə idim, Qəribin əlli yaşı tamam olurdu. Məktubu itirməyindən, qoç minməyimizdən danışdıq. Qəribin uşaqları gülüşdülər. Dedim, ay qırışmallar, bəlkə siz də...
Çox qəribsədim... Elə Qərib də....
Atam, anam həyatda yox... Canıma and içən də yox... "Qərib atdan yıxılan yer" də lap uzaqda...
Deyəsən, çöldə bərk külək əsir...