Kulis.az Şəmil Sadiqin "Qara tut ağacı" hekayəsini təqdim edir.
– Salam. Siz niyə köçürsünüz?
– Nə bilim, deyəsən, belə lazımdır.
– Axı prezident dəfələrlə deyib ki, Azərbaycan vətəndaşları olan ermənilər üçün lazımı şərait yaradılacaq...
– Artıq mümkün deyil, – Qarabağdan Ermənistana gedən Aşot kədərli-kədərli uzaqlara baxdı...
– Sizin gedişinizə şərait yaradılıbmı, nədənsə şikayətçi deyilsiniz?
– Yox, hər şey qaydasındadır. Özüm könüllü gedirəm; bizi mehribanlıqla yola salırlar.
– Çoxdan burda yaşayırsınız?
– Bəli, xeyli azərbaycanlı dostum da vardı.
– Onda azərbaycanlıların başına gətirələnləri xatırlayarsınız. İndi siz belə rahat, deyə-gülə gedirsiniz, amma yəqin, azərbaycanlıların Qarabağdan necə çıxarıldığını unutmamısınız.
– Nə deyim, düz deyirsiniz. Bir oyunu idi, başımıza açdılar. Heç xatırlamaq istəmirəm.
– Vicdan əzabı çəkirsiniz heç?
Bayaqdan kədər və üzgün dolu baxışlarla kameradan gözlərini yayındıran Aşot qəfil coşdu:
– Biz insan deyilik, niyə çəkmirəm? Elə ona görə də gedirəm. Bura qayıdan azərbaycanlıların üzünə necə baxaram? Heç nə eləməsəniz, o işgəncələrin qisasını almasanız belə, o qonşularım, dostlarım olmuş türklər deməzlər ki, adam kişi olar? Mən onlarla çörək kəsmişəm. Amma indi qala bilmərəm! Yox!..
– 90-cı illərdə azərbaycanlılara qarşı döyüşmüsünüz?
– Yox, döyüşməmişəm. Heç döyüşənlərə də kömək etməmişəm, – Aşot söhbətdən maksimum şəkildə qaçmaq istəsə də, jurnalist bu fürsəti əldən vermək istəmir, daha çox danışdırmağa, daha çox fikir almağa çalışırdı.
– Onda niyə vicdan əzabı çəkirsiniz? Qalın, yenidən dostlaşın, mehriban olun.
Aşot:
– Burada yaşamağa haqqımız yoxdur! Danışmaq istəmirəm! – deyib əşya dolu maşının şüşəsini qaldırdı.
Yovşan bu videonu Xocalı qaçqını olan babasına göstərdi:
– Baba, gözün aydın! Xocalı qayıtdı, ermənilər Xankəndini boşaltdılar. Daha Azərbaycanda erməni yaşamayacaq; Qarabağdan gedirlər.
2023-cü il… Unudulmaz tarix. 30 ildən çoxdur, düşmən tapdağı altında qalan Qarabağ tam nəzarətə götürülüb. Bunu anlayan ermənilər də Azərbaycanı könüllü tərk edirdilər. Bu görüntülər bütün sosial şəbəkələrdə yayılır, telekanallarda nümayiş olunurdu.
Birinci Qarabağ savaşında qardaşlarını, oğlanlarını şəhid vermiş Əlif kişi də uzun illərdir, bu həsrətlə yaşayırdı..
Yetmiş dörd yaşlı Əlif kişi gözünün yaşını silib nəvəsinə:
– Şükür xudaya, şükür! – dedi, – Qızım, bir də qoy baxım, bu adam mənə tanış gəldi, – Əlif kişi bu dəfə baxmadı, sadəcə dinlədi. Qəfil, – Tanıdım, tanıdım, bu yuxarı məhəllədə olan Aşotdur. Şəklini böyüt görüm. Hə-ə odur, bir gözü yoxdur, amma özüdür. Qızım, bu indi hardadır?
– Xocalıdan Laçın postuna gedirlər. Yollar tıxacdır deyə, qalıblar yolda.
Baba tez durub pencəyini götürdü:
– Onu görməliyəm, hökmən görməliyəm! – Dalınca ha səslədilər, gözləmədi. Amma çıxandan sonra bir də qayıtdı, – Qızım, telefonunu mənə ver, lazım olacaq, – deyib nəvəsinin cavabını gözləmədən telefonu əlindən aldı.
On səkkiz yaşlı Yovşan:
– Baba, hara gedirsən? Tək getmə, – deyib onunla bərabər çıxdı.
Baba və nəvə birbaşa üz tutdular rayon icra hakimiyyətinə. Rayonun ağsaqqalı olduğundan hamı onun hörmətini saxlayırdı. Elə gedən kimi: “Başçı ilə görüşəcəyəm”, – deyib içəri girdi.
– Cənab başçı, bu ermənini görməliyəm.
Başçı söhbətin nədən getdiyini bilmədiyi üçün:
– Ay Əlif dayı, bir dayan görək. Kimi görməlisən, niyə görməlisən, ətraflı danış görüm?..
– Oğlum, deməli, bu videoda gördüyün Aşotdur, yuxarı məhəllədən qonşumuz. Biz qaçqın düşəndə oğlum Tuqay yaralanmışdı. Onların evində gizlətdik, amma özümüzlə gətirə bilmədik. Aşot bizə erməni döyüşçülərdən qaçmaq üçün kömək etdi. Amma sonra oğlumdan heç bir xəbər tuta bilmədim. Onun evində qoyub gəldim, sonra... Sonra bütün əlaqələr kəsildi, hara yazdım, əlac olmadı. Xəbər-ətər çıxmadı, – Əlif kişi elə hönkür-hönkür ağladı, otaq silkələndi. Qırışmış dəsmalı ilə yol çəkməkdən sozalan gözlərini sildi. Dodaqları əsə-əsə, – Mən onu görməliyəm e-e, görməliyəm. O bilir oğlumun taleyini, ölübsə də, heç olmasa, qəbrinin yerini deyər. Qurban olum sənə, başçı, kömək elə. O getsə, bir də məlumat ala bilməyəcəyəm, – dedi.
Başçı sarsılmışdı. Nə deyəcəyini, necə edəcəyini bilmirdi. Həm Əlif dayının halına acıyır, həm də kişini Aşotla necə görüşdürəcəyini düşünürdü. Axı çox çətin məsələ idi. Kimə desin, kimdən kömək istəsin, bilmirdi. Amma Əlif kişi qan ağlayan gözlərlə: “Yalvarıram sənə, anası: “Oğlum!” – deyə-deyə köçdü bu dünyadan, heç olmasa, mən sümüklərinə sarıla bilim, o körpə sümüklərinə... Əlləri babbalaca idi. On üç yaşı olsa da, körpə idi oğlum. Bığ yeri təzəcə tərləmişdi. Otuz ildir, o son baxışları unuda bilməmişəm. Dili ilə: “Siz gedin”, – desə də, gözləri, “Məni buraxma, ata!” – deyirdi, başçı. Bilirsən, qızlarımdan, namusumuzdan qorxdum. Dedim: “Dalınca qayıdacağam!” Qayıda bilmədim...” – deyirdi.
Başçı nəmlənmiş gözlərini silib kiməsə zəng vurdu. Vəziyyəti izah etdi. Telefonun o tərəfindən: “Həmin videonu mənə göndər!” – səsi eşidildi. Bir saat keçməmiş gəlib, Əlif kişini götürüb üzü Qarabağa yola çıxdılar.
Əlif kişi o dağınıq yollarda bir dəfə də olsun, gözünü qırpırmır, uzanıb gedən kələ-kötür yollara baxırdı. Yol kənarlarında qalan tək-tük tut ağacları sanki necə var idisə, eləcə yerlərində qurumuşdu. Başına illərdir, daraq dəyməyən, dünyadan uzaq düşən divanə kimi görünürdü ağaclar. Bəzi yerlərdə isə üzüm kolları necə simə vurulmuşdu, elə də qalmışdı; baxımsızlıqdan qurumuşdular. Əlif kişiyə elə gəlirdi, bu yerləri heç vaxt görməyib. Çünki tanınacaq bina, yol, nişanə yox idi. Nə kəndlər, nə qəsəbələr qalmışdı; heç nə yox idi. Bəzən uzaqdan sökülmüş evlərin yeri görünürdü.
“Bəlkə, yaşayır...” – deyə qeyri-ixtiyarı dodaqlarından qopdu. Tez-tələsik əlləri ilə ağzını qapayıb hönkürdü. Çünki özü də inanmırdı. Amma yenə də ölməyən ümidin, həsrətin, dəhşətin səsi idi, – çıxmışdı ağzından: “Bəlkə, yaşayır...”
Heç vaxt siqaret çəkməyən Əlif kişi gözləmə zalının qarşısında əsgərdən aldığı siqareti elə sümürürdü, az qalırdı, ovurdları bir-birinə dəysin. Amma oğlundan gəlməyən xəbər kimi ağzından da tüstü çıxmırdı. Sanki tüstü göz yaşı olub içinə axırdı.
Nəhayət…
Əlif kişi heç nə demədən vicdan əzabından tir-tir əsən erməninin gözlərinə baxırdı. Bu dəqiqə onu boğa bilərdi, amma birinci oğlundan xəbər almalı idi. Düz gözünün içə baxır, nəsə soruşmağa isə cəsarəti çatmırdı. Aşot da bir müddət ona baxdı. Sonra başını aşağı salıb:
– Bağışla, Əlif, bağışla! Bacarmadım. Əmanətinə sahib çıxa bilmədim.
Əlif onun yaxasından tutub silkələdi:
– Necə yəni bacarmadım? necə yəni?.. Haram olsun sənə etdiklərim! Səni mən adam etdim! Qızının müalicəsi üçün o boyda var-dövlətimdən keçdim.
Amma sən, sən, alçaq çıxdın. Onu sənə tapşırmışdım! İnanırdım ki, nə olur-olsun, qoruyacaqsan! Oğluma nə etdin? Öldürmüsən, heç olmasa, yerini de... – Bayaqdan qisas hissi ilə alovlanan Əlif kişi birdən-birə günahkar adamlar kimi yalvarmağa başladı, – Xahiş edirəm, de, yerini de...
Aşotun deyəcək sözü olmasa da, dik durmuşdu. İçindən Əlifi qucaqlamaq, ayaqlarına düşüb yalvarmaq, üzr istəmək keçsə də, bacarmırdı. Qaçmağa yer olmadığı kimi üzrxahlığa da üz yox idi. Günahkar idi. Kişiliyi çatsa, elə ordaca özünü öldürərdi, amma onu da bacarmazdı.
– Mən çarəsiz əclafam, Əlif! Mən vidansız, ruhsuzam, Əlif! Məni bağışla, oğlunu mən öldürdüm! Həm də gözünün içinə baxa-baxa. O qürurlu, mərd gözlərdə səni görə-görə öldürdüm. “Əmi” dediyi adam öldürdü oğlunu. Bilirsən niyə? Çünki mən də ata idim. Sizdən sonra Vitali dəstəsi ilə evimə gəldi. Oğlunu gizlətdiyimi bildilər. Bax bu gözüm də sənin oğlunla öldü. Qurban oldu sənin oğluna bu gözüm. Ondan sonra bu dünyaya tay gözlə baxdım. Vitali məni döydü, gözümü çıxardılar. Sonra da onu öldürməyimi istədilər. Etməsəm, gözümün qabağında qızımı, arvadımı zorlayacaqdılar. Tək idim, Əlif, tək idim... Mən də ata idim. Mənim yerimə sən olsan, nə edərdin, deyə bilərsən? Çarəsiz idim... Gücüm çatmazdı onlara...
Əlif kişi bildiyi həqiqəti indi ucadan eşitdi... Oğlu elə indicə öübmüş kimi hayqırdı. Xırıltılı səslə:
– Qəbri haradadır? Haradadır? – bağıra bildi sadəcə…
– Sizin həyətdəki qara tut ağacının yanında dəfn etdim. Bilirsən, Əlif, bütün ağaclar qurudu getdi, bircə o qara tut ağacı hələ də qalıb. Amma o ildən sonra bir də bar vermədi. Eləcə yaşadı qara tut. Bu otuz ildə həmişə qulluq elədim, baxdım, suladım, budadım. Amma bir daha bəhər vermədi. Hər il tut yetişən vədə onu ziyarətə gedirdim, görüm, bu il necədir? Nəfəs almadı, amma yaşadı tut ağacı, – deyib Əlif kişiyə sarıldı. Sonra da onun dizlərini qucaqlayıb ağladı, – Məni bağışla! Bütün millətim adına səndən üzr istəyirəm! Mən erməni olduğum üçün utanıram, Əlif, utanıram!