Kulis.az "Hekayə müzakirəsi"ndə İlham Əzizin "Elvira" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.
Fəxri Uğurlu
İham Əzizin hekayəsinin havası mənə bir az böyük rus yazıçısı, Nobel mükafatı laureatı İvan Buninin mühacirətdə yazdığı sevgi hekayələrinin aurasını xatırlatdı. Bir zaman o hekayələri oxuyanda Buninin yerinə olmağı arzuladığım kimi indi də İlhamın gözəl səfər təəssüratını həsədlə oxudum. Fəqət sona çatanda həsədim mərhəmətlə, daha doğrusu, paxıllıqdan törəyən, mərhəmət cildinə bürünmüş gizli bir sevinclə əvəzləndi: nə yaxşı onun yerində mən olmamışam, bu travmanı mən almamışam. Başa düşürəm ki, qız oğlanı qurtarmaq üçün ona boz üz göstərir, bəlkə də, o, narkotik-filan üstə tutulub. Ancaq hekayədə bu boyda sevgini, bu fədakarlığı əsaslandıra bilən bir detal belə yoxdur. Əvəzində situasiyanı dəqiq izah eləyən sərrast detallar, yaxşı təsvirlər var.
Novellistik sonluğa gəlincə, şübhə yoxdur ki, belə hallar həyatda baş verə bilər, amma gərək həyat faktını ədəbiyyat faktına çevirə biləsən. Yazıda diqqətimi ən çox çəkən məqam bu oldu: "Ağ saçlı kişi bu qara oğlanların atasıymış, Surqutdan qayıdırdılar. Bazarda o qədər yanbayan işləyiblər ki, ata-balalıq yaddan çıxıb, dost, yoldaş olmuşdular". Bax, əsl hekayə materialı bu cümlələrin altında yatır. Bəlkə də, o kişi oğlanlarıyla birgə arvadbazlığa da gedib. Bu materialı yaxşı cilalayan olsa, şedevr yaranar.
Qardaşıma uğurlar...
Elnarə Akimova
İlham Əzizin “Elvira” hekayəsində müəyyən bir təsadüf nəticəsində reallaşan qısamüddətli eşq macərasından bəhs edilir. Yad şəhərdən doğma yurduna qayıdan İlqarın qatarda gördüyü qadına marağı, ona qarşısıalınmaz bir ehtirasla yanaşması hələ vaqona minməzdən öncə beynində planladığı macəra həvəsindən, həyatına rəng qatmaq istəyindən qaynaqlanır. Onun bu münasibətdən gözləntiləri də, istəkləri də minimumdur: kiçik bir sevinc, ani xoşbəxtlik. Müəllif kişinin iç yaşantılarını, vizual görüntü və duyğu təsvirlərini iri planda, son dərəcə estetik, həssas rakurslarla işləyir, zərif mimikalar, jestlər vasitəsilə qəhrəmanının emosiyalarını onun xarakteri ilə orqanik şəkildə uzlaşdırmağa nail olur.
Hekayə adi məişət mətni kimi qələmə alınsa da, submövzusu – alt qatı da özünü görünməz etmir. Bəzi sınma məqamlarında məişət əhvalatı insan dramına keçir, öz talelərinə məhkum olan insanların həyat faciələrinə işarələr yer alır:
“Öləziyən işıqların altında kişilər, qadınlar, uşaqlar kədərli görünürdülər. Bir anlıq mənə elə gəldi ki, o vaxt repressiya olunan adamlar geri dönür. 60 il əvvəl yük vaqonlarına doldurulub ac-susuz Sibirə ölümə gedənlər indi ailə-ailə yarıyuxulu qayıdırdılar”.
Yaxud “Qatar sürətlə gedir, Rusiya torpaqları pəncərədən vərəqlənirdi. Elə bil hansısa ali varlıq Rusiyanı kitab kimi vərəqləyib, bizim kimi insanların xoşbəxt taleləri yazılmış sətirləri axtarır, amma heç cür tapa bilmirdi, bizsə vərəqlərdəki şəkillərə baxıb həvəslənir, qədərimizi bu qırmızı-göy ölkəyə bağlayıb, aldanıb bədbəxt olurduq”.
Repressiya, Sibir, Rusiya torpaqları, qırmızı-göy ölkə, hətta rəmzi mənada hekayədə qəhrəmana daim maneə ovqatında görünən qan rəngli qırmızını hər tərəfdən göy zolaqlarla bölən top və s. Müəllif rəmzlərlə işləyir. Bəlkə bu da düşündürücü məqamdır ki, qəhrəman hər dəfə şirin xəyala dalıb nələrsə arzu edəndə İslam adlı uşağın atdığı top onun üzünə dəyib fikirlərini pərən-pərən edir.
Müəllifin istifadə etdiyi maraqlı vizual fəndlərdən biri elə bu top obrazıdır. Yazıçı ona, sadəcə, predmet, obyekt kimi yanaşmır. Əksinə, onu subyektləşdirir, qəhrəmanların münasibətindən, situasiyalardan asılı olaraq topun rolu, obrazı dəyişir, fərqli ovqata keçir, əsasən də, maneə, müqavimət aktının metaforu kimi mənalanır. Uşağın adının İslam olması da simvolikasına varmağı, diqqətli olmağı labüdləşdirir. Hekayədə buna işarə edilməsə də, daim mühafizəkar statusda görünən obraz olaraq, bu ad - rəmzin semantikasını açan mətləblər sayəsində öz içindəki mənaya çatır.
İslam obrazı mətndə, əsasən, top detalı ilə xarakterizə olunur. Müəllif topu qəhrəmanın istəyinə addım-addım yaxınlaşdığı məqamlarda alətə çevirməklə həm mətni çoxplanlı edərək ona geniş miqyas verir, həm də simvolik tutum qazandırır. Top obrazının bütün mətn boyu peyda olaraq, zəruri situasiyalarda qəhrəmanın xəyallarına, duyğularına, vəziyyətə müdaxiləsi ilə sanki emosiyalarını tənzimləməsi baş verir və bu hal refren kimi hekayədə bir neçə dəfə təkrarlanır. Bu anlar oxucuda xəfif yumor yaratsa da, hər halda ona vəziyyəti analiz etmək, maneənin dərkinə yetmək üçün üçün imkan da qazandırır:
“Amma qatar gedirdi, mən də bu vaqonun ən gözəl qadınıyla üzbəüz oturub, xoşbəxtliyimin və bəxtimin açılmasının verdiyi rahatlıqla gülümsəyirdim ki, sifətimə dəyən rezin topun zərbəsilə gözüm hər yeri qırmızı-göy gördü, gözümün qabağında xırda-xırda toplar keçdi”;
“Bu dəmdə İslam topu necə vurdusa, balaca masanın üstündəki hər şey yerlə bir oldu”;
“Bədənimin hərarətindən qum tərləyirdi, su salırdı. Bu ilıq auranı İslamın üstümdən vıyıldayıb keçən nəm topu dağıtdı”.
Müəllif bu fəndlərdən bir neçə epizodda istifadə edir. Yəni, personajlar reallıqda bir mizandadırlarsa, topun vəziyyətə müdaxiləsi ilə mizan dəyişir.
İlham Əzizin yazıçı kimi müşahidəçilik qabiliyyəti yüksəkdir. Bu səriştə vizual mətnin plastik ifadəliliyində önəmli rol oynayır. Müəllif cazibədar qadın fakturasının kompozisiyasından yaranan mükəmməl təsvirə uyaraq mizanın digər ölçülərini unutmur. Məsələn, qəhrəmanın daxili vəziyyətini ifadə edən tərləmə detalı onun həyəcanının, sıxılmasının, narahatlığının, utancaqlığının xüsusi vurğusuna çevrilir. Mətndə hər nüans estetik bir dalğanın içindədir, hər hərəkət yalnız fiziki deyil, həm də emosional aktdır:
“Elviranın bir gözü mənə ehtirasla baxır, bir gözü İslamı göstərib üzr istəyirdi”;
“Xəzər bizi sakit qarşıladı, göz atıb üzünü o yana çevirdi. Elviranın gözəlliyi bir anda Xəzərə qarışdı, sular parıldadı”.
Diqqət etsək, qəhrəmanın qadınla sevişmə məqamları da axıcı, yayğın, hissolunmaz yumşaqlıqla, sətiraltı estetik rakurslarla təqdim olunur:
“O gecə Elvira səhərə kimi qulağıma tatar mahnıları mızıldadı, qarmaqarışıq sözlər pıçıldadı, səbəbsiz güldü, durmadan dərindən nəfəs aldı, saçlarımı qatdı-qarışdırdı. O gecə hər yer yumşalmışdı, hara toxunsam axırdı, istədiyim formaya, şəklə düşürdü”.
Hekayədə, demək olar ki, dialoqdan az istifadə edilib. Qəhrəmanın yaşantıları özünün daxili emosiyalarının davranışında, hərəkətlərində, intonasiyasında, təmkinli təhkiyəsində ifadə olunur. Müəllif kişi-qadın yaxınlığını da bədən dili ilə deyil, qapalı, korrekt təsvir edir. Hətta dəniz, hamam, yataq səhnələrinin təsvirində yazıçı hisslərin vizual təsvirinə fokuslanmır, iti, qısa montajla kifayətlənir və bu, manevrlə – yəni mətn boyu davam edən təhkiyənin formasına sadiq qalmaqla kompozisiyanın bədii-estetik keyfiyyətini yüksəldir.
Yazıçı qəhrəmanlarını psixologizmlə yükləmir, onların daxili aləmini, düşüncələrini dərindən açmağa cəhd eləmir. Adi kişi-qadın münasibətini nəsr məkanında obrazlaşdırır. Vəziyyəti romantik situasiyalardan keçirərək sonda dramatikləşdirir və bununla bununla sadə məişət hekayəsinin sərhədlərini genişləndirir. Epizodlar bir-birini əsaslandırır və toxunulan məqamlar zəncirvarı, riyazi dəqiqliklə sıralanır. Məsələn, hekayədə əvvəldə verilən həbslə bağlı işarə və sonda qadının həbs edilməsi haqda məlumat uğurlu detal olaraq biri digərini tamamlayır. Amma qadın niyə həbs olunur? Bu suala hekayədə aydın işarə edilməsə də, ağır çantalar, sərhəd zastavasına yaxınlaşan qadının sanki onu qorumaq məqsədilə bilərəkdən kobud danışması kimi vəziyyətlərdən səbəbi təxmin eləmək çətin olmur.
Sonluq topun hekayədəki statusunu da dəyişir. Bura qədər daim maneə - sərhəd obrazında çıxış edən topun qoruyucu, xilasedici statusu önə keçir və sanki öz missiyasını başa vurubmuş kimi axıb çayın sularına qarışır:
“Baxmağa yer tapmadım, Samura zilləndim. İslamın bulanıq suya yaraşmayan göy-qırmızı topu atılıb-düşə, sevinə-sevinə bizim ellərə axırdı”.
Rasim Qaraca
Maraqlı hekayədir. Düşünürəm ki tələsik yazılıb, əslində yazıçı materialı korlayıb: təfərrüatlardan qaçıb, usta olduğu dil materialını hadisənin arxa fonundakı mənzərəyə yönəltməkdən əsirgəyib. Qadının nə üçün həbs olunduğu havada asılı qalıb, məncə hekayənin əvvəlində oxucunun sonradan başa düşəcəyi işarətlər olmalıydı... Xoşuma gələn cümlələrdən biri:
"Qatar sürətlə gedir, Rusiya torpaqları pəncərədən vərəqlənirdi. Elə bil hansısa ali varlıq Rusiyanı kitab kimi vərəqləyib, bizim kimi insanların xoşbəxt taleləri yazılmış sətirləri axtarır, amma heç cür tapa bilmirdi, bizsə vərəqlərdəki şəkillərə baxıb həvəslənirdik".
Lakin gözəl dediyi bir qadını təsvir edərkən onu ata bənzətmək məncə uğurlu deyildi:
"Elvira vaqonda artıq yüyəni sahibində olan at rahatlığıyla yorğa gəzir, nazik sarafandan boylanan bədənini əsdirir, məni özümdən çıxarırdı".
Aqşin Yenisey
İlham Əzizin bu hekayəsini oxuyanda gözümün önündə Nobel ödüllü Çin yazıçısı Qao Xinjanın "Ruh Dağı" romanının qəhrəmanı canlanır. Özünü Liqşan adlı əyaləti axtaran yola həsr etmiş adam. Yol, adətən, nəsrdə hadisə bolluğu yaradan təbii bir süjet kimi götürülür. Koroğlu, Don Kixot və s. yola çıxmasalar çox darıxdırıcı olarlar. Seirdə isə yolu cazibədar edən onun mistik, ezoterik yönüdür. İlham Əzizlə Qao Xinjanın məndəki oxşarlığı da şeirdəki mistik yolu nəsrə gətirə bilmə cəhdləridir. İ. Əziz öz yolunu və yolçuluğunu hər nə qədər real ölçülərlə təsvir etməyə çalışsa da hekayənin ümumi ruhunda soyuq bir mistika var. Bax, bu soyuq mistik fon bizim hekayə janrı üçün ənənəvi deyil.
Bircə xanım
Hekayənin süjeti mənə maraqlı göründü. O baxımdan ki, burada cəlay-vətən olmuş, milyonlarla yurddaşımın, o cümlədən tanışlarımın, qohum-əqrəbamın çörək marşrutunu gördüm. Amma mən bu səfər hekayəyə təhkiyəçi qardaşımın yox ,onun tərəf müqabilinin, məhz qadının - Elviranın prizmasından baxmaq istərdim.
Mən təhkiyəçi olsaydım, qadının üstündə fokusalanardım. Bu hekayətdə İlham Əzizin təsvir eləməyə çalışdığı ,amma portretini yarada bilmədiyi qadının problemlərini mən təxminən anlayıram. Bu qadın, təhkiyəçi bunu duysa da, duymasa da, son dərəcə talesiz, gərgin, hətta deyərdim ki, qorxulu qadındı. Onun İslam (məncə, bu ad da təsadüfi deyil) adlı oğlunun dəqiqədəbir hekayənin episentrinə sıçrayan rəngbərəng topu da elə bil həmin qorxunun simvoludu. Müəllif Elviranın çantalarının ağırlığını xüsusi qabardır. Bu məqamda mənə elə gəldi ki, o, kişi qatilidi, ərini öldürüb çantalara yığıb. Bu ağır cinayətdən sonra Elvira oğlunu da götürüb sonu bilinməz bir yola çıxıb.
Bu yolun sonsuzluğunu bilsə də, onun bir həyana, həmdəmə ehtiyacı var.
Ona görə də son dəfə əlinə keçən cavan oğlanla ömrünün yekun fəslini yaşamaq istəyir. Bu səbəbdən
qadın hərdən harada olduğunu da yaddan çıxarır, o dərəcədə ki, yenicə tanış olduğu oğlanla duş altına girəndə övladının yanında olduğunu belə unudur.
Bir sözlə, ilk dəfə gördüyü birindən son kamını almağa çalışır .
Çünki irəlidə onu nə gözlədiyini yaxşı bilir.
Amma təhkiyəçi çox da kədərlənməsin. Elviranın oğlunun atdığı top Samur çayı boyunca Xəzər dənizinə axır...
Ömər Xəyyam
"...müəllif özünü sıxıb. obrazların hisslərinə diktə edib. daha doğrusu, gedişata mental-mühafizakar etiketlərin təsiri var.
taleyin qəribliyə atdığı obrazlar bu mətnə pənah gətirib ki, qatarda, oteldə, - heç olmasa, yolüstü xoşbəxt olsunlar, müəllif də zamanı qatara mindirib təzədən qəribliyə sürür; utancaqlıq hiss olunur.
düşünürəm ki, belənçi qərib milli obrazları ən azı, mətnlərdə klişelərdən, əxlaq etiketlərindən xilas etmək lazımdı. nə olacaq, qoy hekayədə çərçivələri qırsınlar, öpüşsünlər, sevişsinlər.
əlbəttə, kimisə məcbur öpüşdürmək, sevişdirmək də düz/əməlli bədii həll deyil, fəqət gərək proses müəllifin diktəsilə getməsin. yoxsa nə işimə, özləri bilər. istəmir, öpməsin.
deyirəm, yəni məhz bu mətndə qəriblərin hissələri ötüşdürülüb, qaçaq taleyə yolüstü, - qatarda ikinci dəfə ehkam kəsilib.
...xeyli eşələnmək olardı.
tələskənlik, tələskənlik... sona çatmaq həvəsi...
belə hekayələrdə sondansa, prosesin özü maraqladır.
aura, atmosfer maraqlıdır.
mən məmnuniyyətlə qatarın relsini uzadardım, oteldəki, qumluqdakı birgəliyi, uzaqlığı, - göyümtül intəhasızlığa, qırmızımtıl yaxınlığa bürüyərdim.
hiss olunur ki, obrazlar danışmaq istəyir, onların sözü var, fəqət müəllif öz abırına qısılıb onları ayırmağa çalışır.
özü də bu mətndə müəllif elə uşağın özüdür; əxlaqını - topunu alıb əlinə, imkan vermir.
heç vaxt Rusiyada olmamışam. bu hekayə məni atamın danışdığı rus nağıllarındakı çöllüklərə apardı; takkatak, takkatak - haman mübarək ənginliyin bağrından keçən qatarların səsini eşitdim.
qərib adamların yolüstü, növbəti dayanacağaqədərki birgəliyi... - məndən ötrü mətn aldatmalı, reallıqla gerçəyin sərhədini itirməli, kobud desəm, səni özündən çıxarmalıdır.
aldandım, sərhədləri də aşdım. və özümdən çıxıb peşəkar oxucu, ali mətn bilicisi kimi deyirəm: faydalı intihar müəllifin özünü, faydalı qətl oxucunun müəllifi öldürməyidir.
İlham Əziz növbəti mətndə müəllif kimi özünü öldürməsə, mən oxucu kimi onun qanını içəcəm. (gülür)
qəşəng hekayədi. uğurlu mətndi. bütövdür. yəni hissə-hissə qurulmayıb, əvvəlcədən, bütöv şəkildə "gəlib".
belə mətnlərə barmaq eləmək günahdı".
Təvəkkül Boysunar
Hekayənin ilk cümlələrini oxuyanda təəccübləndim. Çünki İlham Əzizin indiyəcən oxuduğum və sovet nəsrinin təsiriylə yazılmış hekayələrindən fərqli olaraq bu hekayənin başlanğıcı müstəqil bir ilhamın, (həm də İlhamın) qələmindən xəbər verirdi. Bu ilk cümlələrdə nasirin təbi hiss edilirdi. Lakin o da var ki, hekayəni oxumağa davam etdikcə mətnin dilində bir xeyli səliqəsizliklər, kələ-kötürlüklər, oxucunu yoran, əslindəysə müəllifin diqqətiylə asanca aradan qaldırıla biləsi redaktə qüsurları gözə dəyirdi və bu qüsurlar mətndəki poetik əhvali-ruhiyyənin gücünü azaldırdı.
Məsələn, belə bir cümlə:
"O da oğlanlarına baxıb başını bulayır, arada da "dükanı da belə bankrot elədiz" deyirdi."
Müəllif, görəsən, nə əcəb, bu cümləni səliqəyə salmaq ehtiyacı duymayıb? Məsələn, ən azından "da"lardan birini azaltmaqçün "arada da"-nı, "arabir" etmək, məncə, daha gözəl olardı.
Hekayədəki poetik əhvali-ruhiyyənin gücünü azaldan şey həm də, mətnin qarma-qarışıq, sujetin çox dolaşıq və çaşdırıcı görsənməyi idi. Sonluq isə zənnimcə bu cür aydın, dəqiq və gözəçarpan şəkildə bitməsə, daha maraqlı və sirli olardı. Zənnimcə, Elviranın soyuq davranışının səbəbini müəllif bir qədər "gizəmli" saxlasa, daha yaxşı görsənərdi.
Uğurlar arzu edirəm.