Kor Vayşa - Georgi Qospodinovun hekayəsi

Kor Vayşa - Georgi Qospodinovun hekayəsi
10 noyabr 2025
# 14:40

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Georgi Qospodinovun "Kor Vayşa" hekayəsini təqdim edir.

Bu il Ədəbiyyat üzrə Nobel mükafatının əsas namizədlərindən biri, şair, nasir, ədəbiyyatşünas, tənqidçi Georgi Qospodinov Georgiyev (1968, 7 yanvar) Bolqarıstanın Yambol şəhərində doğulub. Sofiya universityetinin bolqar filologiyası fakültəsini bitirib. 1993-cü ildən “Literaturen vestnik” (“Ədəbiyyat xəbərləri”) qəzetinin əməkdaşı, 1998-2003-cü illərdə baş redaktoru olub. Həm də Oksfordun “Orient Express” ədəbi jurnalı bolqar şöbəsinin redaktoru, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun doktorantıdır.
G.Qospodinov beş poetik toplunun, “Təbii roman” (1999, 2000), “Və başqa əhvalatlar” (2001), “О,Henri: üç nəsil tarixçəsi illüstrasiyalarla” (2007), “Əbədi milçək” (2010), “Kədərin fizikası” (2011), “Görünməz böhranlar” (2012), “Göydən də Ay asılmışdı” (2013), “Bütün cismlərimiz” (2018), “Zaman sığınacağı” (2020) nəsr əsərlərinin və ədəbi monorqrafiyaların müəllifidir.
Bolqarıstanın bir çox ədəbi mükafatlarına, 2023-cü ildə isə “Zaman sığınacağı” romanına görə Beynəlxalq Buker mükafatına layiq görülüb.


(Yarımçıq əhvalat)

O, sol gözüylə geri, keçmişə nəzər salır, sağ gözüyləsə yalnız gələcəkdə baş verəcək hadisələri görürdü. Üstəlik, hər iki gözü bütün sağlam adamların gözləritək açıq olsa da, Vayşa kor idi. Hamı da onu “Kor Vayşa” çağırırdı. Evindən nadir hallarda çıxır, həyətdə də əllərini irəli uzatmış halda gəzir, arabir gilas ağacına dəyir, moruq kolları əl-ayağını cırır, talvarın altından asılmış dibçəklər toxunub yerə salırdı. Onun üçün bu gün mövcud olnmadığı kimi, gilas ağacları, moruq kolları və gül dibçəkləri də mövcud deyildi. Bütün bunlar qadının sol gözü üçün hələ peyda olmamış, sol gözü üçünsə artıq ömrünü başa vurmuş, yaxud toza çevrilmişdi.

O, hələ körpə olanda anası bu qəribə korluğunu sezmişdi. Hardan biləydi ki, Vayşanın sol gözü üzərinə əyilmiş qadını yenicə ayağı yer tutmuş balaca qız yaşında, sol gözüsə qorxunc, qocalıb yumağa dönmüş qarı simasında görür.
Vayşa dil açıb danışmağa, gördüklərini rabitəsiz şəkildə danışmağa başlayanda camaat belə qərara gəldi ki, onun gözlərində sehr-cadu var.

Qarılar çiyinləri üstündən tüpürə-tüpürə, qulaqlarını darta-darta, damaqlarını nırçıldada-nırçıldada Vayşanın evinə axışmağa, məsləhət verməyə başladılar:

“Qırx gün ərzində hər gün dan yeri ağarmamış daşdələn çiçəyi toxumunun cövhərini iç...”

“Qırğının öd kisəsini yandır, külü soyumamış gözlərinin üstünə qoy...”

“Qara toyuğun böyrəyindəki yağı və dərini çıxar, gözlərinin üstünə qoy...”

Yalnız qarılardan biri çəkilib bir kənarda oturmuşdu, balaca, tısbağa başıtək qırış-qırış olmuş başını yırğalayır, dinib danışmırdı. Axırda qalxıb o qarıların ardınca getmək qərarına gəldi, astadan dedi, qızın gözlərini bir yerə yığacaq, onu bu dünyaya qaytaracaq nəsnə tapılmadıqca bütün bunların faydası olmayacaq.

Vayşa böyüdü, yetkinləşdi, gözəl bir gənc qıza çevrildi. Sol gözünün qəhvəyi, sağ gözününsə yaşıl olması onun gözəlliyini artırırdı.

Günlərin bir günü tanımadığı cavan oğlan evlənmək məqsədiylə qapısına gəlib qarşısında dayandı, Vayşa da onu süzüb fərqli şeylər gördü: Sol göz: İlahi, doğrudanmı bu burnufırtlıqlı oğlan mənimlə evlənmək üçün gəlib; əzizim, köynəyinin ətəyi şalvarından çıxıb, dizlərin qana batıb; bir də ki, onun anası yerindəyəm, doğmalarısa mənimlə evlənmək üçün göndəriblər, zarafat eləyirlər, ilahi...

Sağ göz: Əlləri əsir, saçı seyrəlib, dilə gətirmək günah olsa da, artıq bir ayağı gordadı, o dünyaya yollanmaq vaxtı çatıb, amma yatağına girmək üçün cavan arvad almaq istəyir; ona necə yaxın gedə bilərəm, ilahi...
Yanına gələn hər kəs də belə bir hadisənin şahidi olurdu. Qızın gözlərini barışdıracaq br Allah bəndəsi tapılmırdı.

İllər ötdü, gözəl Vayşa hələ də bir gözüylə keçmişə, digər gözüyləsə uzaq gələcəyə baxırdı. Bəzən onun gördüyü hüdudlar o qədər çulğaşırdı ki, az qala, bu gün yaranırdı. Sağ göz Günəşin doğumunu müşahidə elədiyi məqamda sol göz Ayın asta-asta çıxmasını izləyirdi. Bəzən keçmişlə gələcək arasındakı məsafə əməlli-başlı artır, Vayşa da pıçıltıyla sol gözün aləmi bomboş və yaşamağa yararsız yer kimi gördüyünü, zülmətin ənginliyi bürüdüyünü və nəsə hələ də ad verilməmiş bir şeyin suyun üzəriylə şığıdığını təsvir eləyirdi. Eyni zamanda da onun sağ gözü qarşısında uzunluğu eninə bərabər olan dördkünc şəhər peyda olurdu, şəhərin divarlarısa cürbəcür qiymətli daşlarla bəzədilmişdi. Birinci daş - yəşəm, ikincisi - sapfir, üçüncüsu – xalsedon, dordüncüsü – zümrüd, beşincisi – sardoniks və s. idi.

Gözləri gecələr, Vayşa yatanda da rahatlıq tapmırdı. Onun yuxuları ilan dili tək qoşalaşır, bir gözü qızın artıq ona boy verməyən daşdələn çiçəkləri arasında kəpənək qovduğunu, digər gözüsə daşdələnlərin kökündən çıxarıldığını və quruyub qaxac olmuş cismini tamam örtdüyünü, sifəti üzərində də başqa kəpənəklərin uçuşduqlarını müşahidə eləyirdi.

Vayşa yaşamaqdan cana doydu. Günlərin bir günü o, gözlərdən birini çıxarmaq fikrinə düşdü. Yaxşı, bəs, hansı gözü seçməliydi? Sol gözünü çıxarsa, ancaq gələcəkdəki adamların arasında yaşamalı olacaqdı, bu da ona yaxşı heç nə vəd eləmirdi. Bir də ki, qız gələcəkdə kiminlə yaşayacaqdı, orda kimi tanıyacaqdı? Onda sağ gözdən qurtulmaq lazım gəlirdi. Ötən günlər ona daim daha dinc və etibarlı görünürdü. Amma bəs, yanlarında burnufıtlıqlı uşaqlar olan ata-anasını necə görəcək, onları necə çağıracaq, birgə necə yaşayacaqdı? Vayşa nə keçmişdə, nə də gələcəkdə qurtuluş görürdü.

Yazdığım əhvalatın sonu yoxdu – bu aləmdə Vayşanın gözlərini bir-birinə dəng gətirəcək, həm sol, həm də sağ gözünün eyni şeyi görməsini təmin eləyəcək bir nəsnə taplmadı.

Sən də, oxucu, sağ gözünü yumsan, bu əhvalatı təkcə sol gözünlə oxumağa cəhd göstərsən, nə hərfləri, nə əhvalatı görəcəksən, qarşında yalnız əhvalatın yazılacağı ağ kağızı ayırd eləyəcəksən; ya da hətta kağızı belə görməyəcəksən, gözlərin qarşısında həmin kağızın düzəldildiyi ağac canlanacaq, beləcə, əhvalın lap qarışacaq.

Amma sol gözünü yumub olub-keçənləri sağ gözünlə oxumağa cəhd göstərsən, hərfləri yenə görməyəcəksən, çünki onlar artıq solublar, kağız da dümağ toza çevrilib, bu da mənim üçün asan deyil.

Sən olub-keçənləri ya kor Vayşanın gözləriylə oxuyursan, ya da danışdığım əhvalat elə bu kağız parçası və get-gedə qocalan dünya kimi fanidir.


# 201 dəfə oxunub

Oxşar xəbərlər

Tanrının formulu -  Xose Rodriqeş duş Santuşun romanından parça

Tanrının formulu - Xose Rodriqeş duş Santuşun romanından parça

12:00 9 noyabr 2025
Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifin hekayəsi

12:00 8 noyabr 2025
"Savaş üçün doğulanların missiyası bitdi" - Qulu Ağsəs

"Savaş üçün doğulanların missiyası bitdi" - Qulu Ağsəs

16:50 6 noyabr 2025
Qarışqa duası - Əyyub Qiyasın yeni hekayəsi

Qarışqa duası - Əyyub Qiyasın yeni hekayəsi

15:00 6 noyabr 2025
İntiqam - Qılman İlkinin hekayəsi

İntiqam - Qılman İlkinin hekayəsi

11:00 6 noyabr 2025
Doğma şəhərdə - Arifə Hümbətovanın hekayəsi

Doğma şəhərdə - Arifə Hümbətovanın hekayəsi

11:00 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər