Elvira - İlham Əzizin hekayəsi

İlham Əziz

İlham Əziz

14 fevral 2023
# 09:00

Kulis.az "Hekayə günü" layihəsində İlham Əzizin "Elvira" hekayəsini təqdim edir.

Yerlə Günəşin göz-gözə dayanan vaxtlarında - avqustda bir axşam lapdan ildırımlar çaxdı Ufaya, sel getdi. İldırım qorxusuyla taksidən düşüb üçüncü platformada dayanan Nijnevartovsk-Bakı qatarına tələsdim. Qatar vaxtında gəlmişdi.

Bu qatara Sibir qatarı da deyirlər. Dodağı al-qırmızı, döşlərinin böyüklüyündən ağ köynəyinin düymələri hər an qırılıb uçacaq gonbul bələdçinin yanından birtəhər sivişib içəri girən kimi burnuma qadın qoxusu doldu. Plaskart vaqonda məxsusi nizamsızlıq hökm sürürdü. Öləziyən işıqların altında kişilər, qadınlar, uşaqlar kədərli görünürdülər. Bir anlıq mənə elə gəldi ki, o vaxt repressiya olunan adamlar geri dönür. 60 il əvvəl yük vaqonlarına doldurulub ac-susuz Sibirə ölümə gedənlər indi ailə-ailə yarıyuxulu qayıdırdılar. Dünəndən içimdə gəzdirdiyim gözəl qadınla iki günlük qatar səyahəti xəyalım 13-14-15-ci yerlərdə oturmuş ağsaqqal və iki qara gəncin varlığıyla qadın qoxusuna qarışıb əridi, çəkilməz əzaba dönüşdü. Yerbəyer olmuşdum ki, vaqon axmağa başladı.

Yerim aşağı sıradaydı. Yayxanıb dəmir dalğaların üstündə yırğalana-yırğalana gedən gəminin sərnişinlərinə bir də diqqət yetirdim. Bu qara qarmaqarışıqlığın içində gözüm ətrafı qırmızıyla müjdələyən balaca göy zolaqlı, qan rəngli topa sataşdı. Top qırmızını hər tərəfdən bölən göy zolaqları ilə yumurlanıb üstümə gəlirdi. Əyilib tutmaq istəyəndə düz yanımda qəhvəyi saçlı, mavi gözlü, millətini kəsdirə bilmədiyim uşaqla göz-gözə gəldim. Həmən arxadan səs gəldi:

- İslam!

Bu səs vaqondakıları diksindirdi. Çönüb baxanda arxa sırada yaşlı kişiylə pəncərə önündə oturan qadının narahat üzünü gördüm. Topu uşağa verib bir də qadına baxdım. Sarafan geyinmiş vaqon qaranlığında pambıq əllərinin hərəkətilə uşağı çağırırdı. İslam tərs-tərs məni süzəndən sonra pambıq əllərə tərəf getdi.

Oturub toxtayandan sonra yanımdakılarla tanış oldum. Ağ saçlı kişi bu qara oğlanların atasıymış, Surqutdan qayıdırdılar. Bazarda o qədər yanbayan işləyiblər ki, ata-balalıq yaddan çıxıb, dost, yoldaş olmuşdular. Çox keçməmiş məni də zarafatlarına qonaq elədilər. Bunlar da mənim kimi tez-tələsik çıxdıqlarından yola heç nə götürməmişdilər, amma kefləri saz idi. Sonra hardansa kart peyda oldu, başladıq oynamağa. Uduzan növbəti stansiyalarda balıq, pivə, çörək alacaqdı. Samaraya qədər bunların aldığı pivədən içib ağsaqqalı cırnadırdım. O da oğlanlarına baxıb başını bullayır, arada da "dükanı da belə bankrot elədiz" deyirdi. Pəncərədən yamyaşıl Rusiya çöllərinə baxdıqca sinəm genişlənir, Bakını, orda məni dörd gözlə gözləyən ata-anamı düşünürdüm. Bir yandan pivə, bir yandan yamyaşıl çöllər, bir yandan da arxada oturmuş pambıq əllər məni məst eləyirdi, boynumdakı dəsmalla tez-tez üzümü, başımı silir, gözaltı qadına baxırdım. Hər baxdığımda qadının xeyli gözəl olduğunu özümə təkrar isbat edirdim. Qatar sürətlə gedir, Rusiya torpaqları pəncərədən vərəqlənirdi. Elə bil hansısa ali varlıq Rusiyanı kitab kimi vərəqləyib, bizim kimi insanların xoşbəxt taleləri yazılmış sətirləri axtarır, amma heç cür tapa bilmirdi, bizsə vərəqlərdəki şəkillərə baxıb həvəslənir, qədərimizi bu qırmızı-göy ölkəyə bağlayıb, aldanıb bədbəxt olurduq.

Artıq səhər açılmışdı, qatar bələdçisinin çayının ətri aləmə yayılır, əl-üzünü yuyan adamlar vaqondakıları yenidən nəzərdən keçirirdilər. Yavaş-yavaş, bir-bir, iki-iki tanışlıqlar başlayırdı, üzlər gülür, qadınlar üz-gözlərinə əl gəzdirir, bəziləri də çamadanlarını açıb diqqətlə baxır, içindəkilərin yerini dəyişirdilər. Elə bu dəmdə kimsə usulluca kürəyimə toxundu. Çevriləndə gördüm ki, dünənki qadınla pəncərə önündə oturan kişi üzündə qasid nigarançılığı ilə düz gözümə zillənib.

- Salaməleyküm, oğul, o yanımda oturan qız səni çağırır...

Anidən tər basdı məni, çiynimdəki dəsmalla üz-gözümü elə sildim, görən deyər hamamdan indi çıxmışam. Ağlıma min fikir gəldi, bəlkə tanıyır? Bəlkə axşam çox baxdım, onu üzümə vuracaq? Durub səssiz-səmirsiz gedib qadına çatanda, gözüylə qarşısında yer göstərdi. Oturdum. Qadın susurdu.

Qarşımda tərdən mirvari kimi parıldayan boyunbağı taxmış, boynunun ətəyi qara xallı, saçları yol yorğunluğundan tel-tel xumarlanmış, dodaqları misir pambığı kimi açılmış, gözləri lillənmiş göl, sinəsi ayrı ritmlə qalxıb enən qadın oturmuşdu. Qadının yaratdığı vakuum məni yerin cazibəsindən qoparır, qeyri-ixtiyari əl-qol hərəkətləri eləyirdim.

- Bəlka yerini kışıyla deyişesen?

Yarı rus, yarı azərbaycanca yükünün çox olduğunu, kişinin gücü çatmayacağını başa salandan sonra, dərindən nəfəs aldım, ürəyimdə "bu kişini Allah mənə görə belə qocaldıb" fikirləşə-fikirləşə çamadanımı götürürdüm ki, yol yoldaşım olan ağsaqqal əməlli göz vurdu, içində heyifsilənə-heyifsilənə irişdi. Amma qatar gedirdi, mən də bu vaqonun ən gözəl qadınıyla üzbəüz oturub, xoşbəxtliyimin və bəxtimin açılmasının verdiyi rahatlıqla gülümsəyirdim ki, sifətimə dəyən rezin topun zərbəsilə gözüm hər yeri qırmızı-göy gördü, gözümün qabağında xırda-xırda toplar keçdi. Qadın da özünü saxlaya bilmədi, şaqqanaq çəkib güldü. Qırmızılar gözümdən töküldükcə qarşımda gecə görüb, hadisələrin feyzindən unutduğum uşaq əvvəl göyə, sonra da öz rənginə bürünüb peyda oldu. İsnişməyimiz çox çəkmədi, nə də olmasa, xeyli təcrübəm vardı. Rusiyada qadınlarla incə zarafat eləyə bilsən, əlindən qurtara bilməz.

Elə də oldu. Vaxt asta-asta qatarla həmahəng axdıqca Elvira da mənə yastlanırdı. İlk toxunuşlar ilk qar kimi lətif olur.

Əlinə dəyəndə ani sürətlə əlimi tutub sıxırdı, hər sıxanda içimdə hər şey yerindən oynayırdı. O gecəki kimi bəlkə də öləndə susadım. Dodağım hər yerdən çatlamışdı. Elviranın bir gözü mənə ehtirasla baxır, bir gözü İslamı göstərib üzr istəyirdi. Gecə yarını adlayırdı vaqon sakitləşirdi, Elvira məndə yaratdığı halbahallığın sərxoşluğunda daha da gözəlləşir, üzərimdə çaldığı qələbə məmnunluğundan min ilin rahatlığıyla gülümsəyirdi.

Elvira vaqonda artıq yüyəni sahibində olan at rahatlığıyla yorğa gəzir, nazik sarafandan boylanan bədənini əsdirir, məni özümdən çıxarırdı. Baxışlarım qeyri-ixtiyari bədənində axıb tökülürdü. Səhərə kimi yatmadıq, baxışdıq, gülümsədik, razılaşdıq ki, Volqoqradda qatardan düşüb bir gün qalaq, səhər növbəti qatarla gedək.

Qatardan düşəndə Günəş qoca Stalinqrada təzəcə doğurdu. Dəmiryol vağzalında yuxulu adamlar ora-bura qaçır, mürgü vuranlar səsgücləndiricidən gələn qadının məlahətli səsinə bir gözünü açıb yummaqla cavab verirdilər.

Vağzaldakı ayaqüstü kafeyə yaxınlaşıb iki çay sifariş verdim. Sarı saçlı, dodağı al-qırmızı, vağzalda yeməkdən şar kimi köpmüş qadın mənim çay deməyimə xeyli gülüb, bir neçə dəfə "çay, çay, çay" deyib "ç"larıma rişxənd elədi, sonra daş stəkanda çayları uzatdı.

Çayımızı içib kassaya yaxınlaşdıq. Növbəti qatar 3 gün sonra keçəcəkmiş. Bu çox gec idi, qala bilməzdik. Qayıdıb plaskart yerimizə, isti yuvamıza girdik. Birdən Elvira sevincək boynumu qucaqladı. Dərbənddə düşək, sərhədə yaxın, həm də dəniz...

Neçə ildi dənizi də görmürəm lap yerinə düşər, deyib uşaq kimi atılıb- düşdü. Bu dəmdə İslam topu necə vurdusa, balaca masanın üstündəki hər şey yerlə bir oldu.

Axşamçağı Dərbənddə qatardan düşüb vağzaldakı köhnə "Moskviç"ə mindik. Sürücü bizi düz dənizin sahilində "Lokomotiv" mehmanxanasına gətirdi. Hərəmizə ayrı nömrə götürməli olduq. Elviranın otağa gedib-qayıtması 10 dəqiqə çəkmədi. İkisi də çimərlik geyimində məni çağıra-çağıra pilləkənləri endilər. Olandan-olmazdan geyinib düşdüm dallarına. Xəzər bizi sakit qarşıladı, göz atıb üzünü o yana çevirdi. Elviranın gözəlliyi bir anda Xəzərə qarışdı, sular parıldadı.

Sudan çıxanda dəniz də onun dalınca sahilə can atırdı. Eşidirdim, dəniz nəhəng ürək kimi döyünürdü. O gün Xəzər xoşbəxt idi. Qumun üstündə günəşlənəndə parıltı aləmə yayılır, qumlar sərin cənnətinə qovuşurdu. Bir onu bilirdim ki, bu mənzərəni bir də heç vaxt görməyəcəm. Bədənimin hərarətindən qum tərləyirdi, su salırdı. Bu ilıq auranı İslamın üstümdən vıyıldayıb keçən nəm topu dağıtdı. Durub gözü dənizdə qalan mehmanxanaya getdik. Mehmanxananın hamamı birinci mərtəbədəydi. İlk baxışdan qəribə görünən nömrəmizin sirri indi açılırdı - nömrədə hamam yox idi. İçəri keçəndə məlum oldu ki, hamam dördgözlü ümumidir. Su köhnə kafel metlaxlı, amma tərtəmiz hamamın duşlarından Ufada həmin axşam tökən sel kimi axırdı.

Bir duşun altında çimirdik. Elviranın qızılı bədənindən qum su dəydikcə ulduz kimi axıb tökülürdü. Yavaş-yavaş ona sarı meyillənirdim, tam toxunanda hiss etdim ki, aramızda maneə yarandı. İslam düz ortamızda yuxarı elə baxırdı az qala hamamın damı deşiləcəkdi. Keçib o biri gözdə yuyundum.

O gecə Elvira səhərə kimi qulağıma tatar mahnıları mızıldadı, qarmaqarışıq sözlər pıçıldadı, səbəbsiz güldü, durmadan dərindən nəfəs aldı, saçlarımı qatdı-qarışdırdı. O gecə hər yer yumşalmışdı, hara toxunsam axırdı, istədiyim formaya, şəklə düşürdü.

Səhər tezdən "Jiquli"si özü kimi köhnə kişinin köməkliyi ilə çantaları yük yerinə yerləşdirib sərhədə yol aldıq. Yol boyu Elvira dinmədi, İslam da topunu ora atdı, bura atdı, sonda qoca sürücünün başını nişan ala bildi. Hamımız gülüşdük, bircə Elvira gülmədi, uzaqlara baxdı. Sərhəd zastavasının yanında maşından enər-enməz Elviranın üzü döndü. Məni itələyib ağır çantalarını götürdü, heç nə anlamadım. Yaxınlaşmaq istəyəndə acıqlı səslə məndən uzaq durmamı istədi. Donub qalmışdım. Qatarda, mehmanxanada olanlar gözümdə öləzidi. Çantamı götürüb zastavaya girdim. Sənəd işləmləri bitəndən sonra, neytral zonaya keçdim. Amma bizim zastavaya da getməyə həvəsim yox idi. Olanlar məni sarsıtmışdı. Dəmir qolların üstündə oturub fikirli-fikirli Rus sərhəd zastavasına dikilib qalmışdım. Birdən zastavanın balaca pəncərəsindən İslamın qırmızı, göy zolaqlı topu zərblə çölə atıldı, dığırlana-dığırlana Samur çayına düşüb axdı. Lapdan bir kişi qoluma toxunub məni ayıltdı:

- Sən İlqarsan?

- Hə.

- İçəridə Elvira adlı bir gəlin mənə tapşırdı ki, İlqarı görsən, deyərsən məni həbs etdilər, inciməsin, onu sevirəm...

Baxmağa yer tapmadım, Samura zilləndim. İslamın bulanıq suya yaraşmayan göy-qırmızı topu atılıb-düşə, sevinə-sevinə bizim ellərə axırdı.

# 4583 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #