Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

Ölsəm, bağışla - Anar Şamilin hekayəsi
6 yanvar 2026
# 11:30

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Anar Şamilin "Ölsəm, bağışla" hekayəsini təqdim edir.

Qapı açıldıqda Nübar bir əlində ərzaq torbası, digər əlində isə gül dəstəsi ilə mənzilə daxil oldu.

- Bax, bu dəfə gülü mən aldım.

Otağa daxil olduğu anda güllər döşəməyə səpələndi. Bədəni və düşüncələri donub qaldı. Beyni qəbul etdiyi görüntünü emosiyaya çevirərək səslə ifadə etməyə çalışırdı. Sonda fiziki və emosional gərginliyin daha az ziyan vurması üçün beyin göz yaşlarını ifraz etdi. Nübar ağlayaraq ayaqlarımdan yapışıb məni qaldırmağa çalışdı. Mən isə pəncərənin önündə əyləşərək çilçıraqdan asılmış şəkildə sallanan bədənimə baxırdım. Eyni səhnəni pəncərənin önündəki göyərçin də izləyirdi. Pəncərədən enərək Nübarın saçlarını sığalladım. Nübar ruhumun toxunuşunu hiss etdikdə sakitləşdi. Başını döndərərək ətrafa baxdı. Sonra ayaqlarıma söykənib, naməlum nöqtəyə baxaraq sükuta təslim oldu.

İşdən evə gec gəlmişdim, Nübar masaya yeməkləri düzüb məni səslədi. O məni həmişə gülərüz qarşılayırdı, bu dəfə üzündə sevinc də vardı. Özünə çay süzüb qarşımda əyləşdi:

- Sabah həkimə gedəcəm.

- Niyə? Fasilə vermişdik axı. Bilirsən də, o qədər dərman sənə ziyandır.

- Özümdə fərqli bir şeylər hiss edirəm.

- Yəni?

- Hiss edirəm ki, yaxşı olacaq. Son müalicənin xeyirli olacağına çox inanırdım. Bəlkə, elə Tanrı ümidlərimi qəbul edib.

- Bədənindəki fərqli hallar bir dəfə də olmuşdu və boşuna həvəslənmişdik.

- Yox, bu dəfə fərqli olacaq, inan mənə.

- İnanıram...

- Sabah sənə zəng edərək ata olduğunu xəbər verəcəm.

Bu vaxt yuxarı qonşudan səslər gəldi. Uşaqları yatmaq əvəzinə yenə səs salırdılar. Bu dəfə gülümsəyərək reaksiya verdim:

-Köpək uşaqları dayanmaq istəmirlər.

Pəncərənin önündən dayanacaqda avtobus gözləyən iki uşağı izləyirdim. Yaxında 13 saylı məktəb vardı. İş yerimə yaxın olduğuna görə Nübarın əksinə olaraq uşağımın bu məktəbdə oxumasını istəyirdim. Mübahisəmiz üç ildən artıq idi ki, davam edirdi. Alt mərtəbədən gələn səs-küy əməliyyat otağına getməli olduğumu xatırlatdı. Digər xəstəxanalarda həkimlər tərəfindən həyatına zəmanət verilməyən xəstələrdən biri idi. Əməliyyatın riskli olmasına baxmayaraq məsuliyyəti üzərimə götürmüşdüm. Saat səkkizi göstərirdi. Gecə saat üçdə bitən əməliyyatdan sonra bu gün ikinci əməliyyat idi. Axşam da qonşuların səsindən yata bilmədiyimi nəzərə alıb necə yorğun olduğumu təsəvvür edin.

Əməliyyat otağına gedərkən dəhlizdə xəstənin yaxınlarını gördüm. Qadınların əksəriyyəti hicablı idi. Bu an uzun saqqallı, mənimlə yaşıd olan biri burnundan gələn nəfəsini üzümə vuraraq, böyük əlləri ilə boğazımdan möhkəm yapışdı.

- Mənim yoldaşımı kişi əməliyyat edə bilməz.

- Mən həkiməm.

Kişi diqqətlə qadınlara baxdı.

- Mənə demişdilər qadın həkim olacaq.

Bu an oğlanın anası və bacıları yaxınlaşaraq onu uzaqlaşdırdılar. Qapının önündə bir müddət dayanıb dərin nəfəs aldım. Özümü bərpa etdikdən sonra əməliyyat otağına keçdim.

- Hər şey hazırdı. Xanım həyəcanlıdır.

- Hər şey yaxşı olacaq, birazdan yuxuya gedəcəksiniz.

Qadın gülümsədi

- Oğlandı, yoxsa qız? Ya da deməyin, qoy, sürpriz olsun.

Əməliyyat anında əllərim əsməyə başladı. Bir anlıq yataqda uzanan xəstənin Nübar olduğunu düşündüm. Görəsən onun doğum prosesini bir həkim kimi mən həyata keçirə biləcəyəm? Əllərimin əsməsi sualın cavabını verirdi. Bu səbəbdən qərara aldım ki, hər şey yaxşı olarsa doğuşu tanıdığım həkimlərdən birinə həvalə edərəm. Amma o zamana hələ çox vardı. Elə bu an telefonuma zəng gəldi. Ekranın üzərinə Nübar yazılmışdı. Səssizcə telefona baxdım, hərəkətsiz qalmışdım. Bunu görən tibb bacılarından biri telefonu gətirmək üçün masaya yaxınlaşdı.

- Sənə kim icazə verdi ki, əməliyyat masasını tərk edirsən?

- Yoldaşınız zəng edir.

- Yerinə qayıt. Uyğun olsaydı, mən götürərdim telefonu.

Tibb bacısını acılasam da, daxilən onun etiraz edib telefonu götürməsini istəyirdim. Anidən reallığa, icra etdiyim vəzifəmə qayıtdım. Bir müddət sonra səssiz doğulan oğlan uşağının yanından şillə vuraraq ağlatdım. Anası hələ oyanmamışdı. Diqqətlə uşağa baxdım. Nübarın yanında fərq etmədiyini desəm də, oğlumuzun olmasını istəyirdim. Uşağı tibb bacısına təhvil verib, əlimi yuyandan sonra telefonu götürdüm. Nübar dörd dəfə zəng etmişdi. Geri dönüş etdim. “Sən ata oldun” cümləsini səssizcə bir neçə dəfə təkrar etdim.

Əməliyyat otağından çıxarkən şad xəbəri yaxınlarına verdim. Amma kədərli olduğumu gizlətməkdə çətinlik çəkirdim. Əri yenidən yaxınlaşıb qarşımda dayandı. Təəssüf ki, iş saatımın bitməsinə hələ vardı. Sakitcə otağıma qalxdım. Telefonu qoyub masamın üzərindəki ailə şəklimə baxdım. Şükr etməyi bacaran biri olmağıma rəğmən, ginekoloq kimi reallığımdan məyus idim. Otağın qapısını bərk bağladım. Künclərdən birində əyləşərək dizlərimi qucaqladım və nəzərimi bir nöqtəyə yönəltdim. Yalnız bu formada mən özümlə razılığa gələ bilirdim. Beynimdə eybəcər ssenarilər qurulurdu. Qarşısını almalı idim. Nübarla telefonda danışdıqdan sonra anladım ki, müasir tibb bizə yardım edə bilmirdi. Nübar hamilə deyildi, bədəni yanlış reaksiya vermişdi. Bundan sonra nə etməli olduğumu bilmirdim. Özümlə dialoq ərəfəsindən xəbərim olmadan divara söykənərək yuxuya getdim.

Əlimdə külüng, Əli ilə birlikdə qəbiristanlıqda dayanmışdım. Adının Əli olduğunu haradan bildiyimi xatırlamırdım, amma əmin idim. Gözəl bir payız havası var idi. Dağların üzərindəki ağaclar təbiətin verdiyi bütün rənglərdən istifadə edərək bəzənmişdi. Sanki yarpaqlar özlərini günəşin rənginə bənzədib onu növbəti yaz üçün yola salırdılar. Duman dərələrə çökmüşdü, çünki insanların bu gözəlliyi izləməsinə maneə olmaq istəmirdi. Amma yavaş-yavaş qəbir daşlarının üzərini örtməyə çalışırdı. Sanki hiss edirdi ki, daşların üzərindən boylanan şəkillər bu dünya üçün darıxa bilərdilər. Daşlar isə sakitcə tərpənmədən dayanmışdılar, yenidən qayıdacaqları həmin günü gözləyirdilər. Bütün ümidlərini yaradanın yanında olacaq o böyük haqq-ədalət məclisinə bağlamışdılar. Həmin vaxt bütün şikayətlərini tanrıya bildirəcəkdilər. Amma Tanrı bilmirdi ki, şikayətlərin əksəriyyəti elə Tanrının özündən olacaq. Deyildiyi kimi, hər kəs öz əməli ilə üzləşəcək. Külüngüm nəm və yaş torpağa söykənmişdi. Sapından tutan barmaqlarımın üzərində su damcıları vardı. Torpaqda bir metr uzunluğunda (enini təxmin edə bilmədim) düzbucaq cızılmışdı. Əlində bel olan Əli sakitcə boşluğa baxırdı. Ayaqqabımın üzərindəki palçıq uzun yol gəldiyimə işarə edirdi. Bura valideynlərimin dəfn edildiyi qəbiristanlıq deyildi, oranın belə gözəl mənzərəsi yoxdur. Müsəlman qəbiristanlığı idi. Əlimi sinəmə atdım yeddi il əvvəl taxdığım xaç yerində deyildi. Xaç barədə soruşmaq istədim, amma məkan uyğun deyildi

- Əli, niyə buradayıq?

Əli mənə doğru baxdı, demək ki, adını düz tapmışdım.

- Məzələnirsən !? Səkkiz ildir bu kəndin qəbir qazanı sənsən, üç ildir ki, mən sənə fəhləlik edirəm.

Səkkiz il, qəbiristanlıqda, bu necə ola bilər axı?

- Fuad, dünən səninlə rayon teatrının aktrisası üçün qəbir qazmışdıq. Yadından çıxıb yoxsa?

Adımı düz dedi, mənim psixologiyamda hər şey qaydasında olub axı. Heç vaxt ikili həyat yaşamamışam. Əli ağzını ayıraraq diqqətlə mənə baxırdı. Həmin an mən cızılmış düzbucağa baxaraq öz fikirlərimi təhlil edirdim.

Deməli, mən kəndin 8 il stajı olan qəbir qazanı, Əli isə mənim fəhləmdir. Pis hekayə deyil. Bəs zarafat hissəsi hanı?

- Nə qədər pul vermişdilər bizə?

- Bunu unutmağın normaldır. Yaxşı pul vermişdilər. Hamısını içkiyə verdin. Maneə olmağa çalışdım, amma bacarmadım. Evə mən apardım, sən Nübar bacının gözlərindəki çarəsizliyi görə bilsəydin bu qədər içməzdin.

Yoldaşımın adını da bilir. Əlimlə iki dəfə sifətimə vurdum. Məqsədim özümü ayıltmaq idi. Lakin mənzərə dəyişmədi, Əli məni qucaqladı.

- Dünəndə belə edirdin, sakitləş. Sən bəzən problemləri ürəyinə çox yaxın tutursan. Hər kəsin problemi var.

Mən hansı problemimi bununla bölüşmüşəm axı?

- Bax, qonşun Ənvər dayının iki oğlu var, ikisidə narkomandı. Özü isə bu gün qocalar evindədir.
Nəsə demək istədim, lakin qəbiristanlığın aşağı hissəsində açılan darvazanın səsi gəldi. Filmlərdəki kimi dəmir bir-birinə dəyərək cingildəyirdi.

- Bu yer uşaq üçündür?

- Bilmirəm, bəlkə, balacaboy böyük üçün.

Cavan oğlan yaxınlaşaraq salamlaşdı. Cibindən iki yüzlük çıxarıb bizə uzatdı. Üzündə gülüşlə bərabər sevinc vardı.

- Bu sizin olsun. Möcüzə baş verdi, oğlum ayıldı.

Cümləsini bitirib cavab gözləmədən uzaqlaşdı. Sanki ruhu baş verən xoşbəxt hadisənin yanında idi. Nədənsə həmin cavan oğlana paxıllığım tutdu, içimdən onun da uşağının ölməsini arzuladım.

- Pulumuzu aldıq. Amma gəlmişkən qəbir yeri qazıb elə gedək.

- Zarafat edirsən?

- Sənin ölçündə bir şey qazaq. Sabah birdə əziyyət çəkməyək.

Bu an bir göyərçin uçaraq bizə yaxınlaşdı. Düzbucaq cızılmış yerə qondu. Qovmaq istədim.

Həmin vaxt kiminsə çiyinimə toxunduğunu hiss etdim.

- Fuad həkim, xəstəniz gəlib.

Gözlərimi açıb, başımın üzərində köməkçim Aliyə xanımın dayandığını gördüm. Dərhal əlimlə sinəmdəki xaçı yoxladım, yerində idi. Mən xeyli müddət olar ki, dinimi dəyişmişəm. Doğulandan müsəlman olsam da sonra xristianlığı qəbul etmişəm. Niyəsini bilmirəm, sanki daxildən nə isə məni həmin dinə yönəltdi.

- Üzürlü sayın, döydüm cavab vermədiniz. Ehtiyat açardan istifadə etdim. Xəstələriniz qapının önündədir. Qəbul edək, yoxsa sabah gəlsinlər?

- Neçə nəfər?

- Üç.

- Qəbul edim, növbətiləri sabaha yazın.

Əhvalımı düzəltdim, çünki xəstələrimə həmişə müsbət enerji ötürməyə çalışıram.

Qapı döyüldü və içəri bir cütlük daxil oldu. Qulamovlarla iki ildir ki, əziyyətli yol keçirik. Uşaqları olmur və bununla yanaşı maddi sıxıntıları da var idi. İmkanım olduğu qədər müalicə zamanı maddi məsələləri nəzərə alırdım. Otağa daxil olanda hər ikisinin əhvalı yox idi. Əhvallarını yüksəltmək üçün analizin nəticələrini dedim. Üzümdə süni gülüş vardı. Artıq neçə saatdır özümü gizlətməyə çalışırdım, çünki aldığım xəbər içimdəki məni qəddarlaşdırmışdı. Qəndab başını aşağı saldı. Elxan anidən canlanmış kimi.

- Mən uşaq sahibi ola biləcəyəm?

Sonra səssizləşdi və sualı öz beynində təhlil edib yenidən verdi.

- Yoldaşım hamilə qala biləcək?

- Əlbəttə

Elxan sevindi, lakin Qəndab səssizcə ona baxırdı.

Sonuncu xəstə otağa daxil olanda özümdə olan bütün gücü toplayıb yenidən gülümsədim. Birinci dəfə idi ki, qəbuluma yazılmışdılar. Son ümid yeri olaraq məni seçdiklərini dedilər.

- Süni mayalanma ilə övlad sahibi olmaq üçün müraciət edirdik və təsadüfən sizin haqqınızda eşitdik.

Anidən düşüncələr məni reallıqdan aldı. Yanıma gələn insanlar bilsəydi ki, mən özüm övlad sahibi ola bilmirəm.

- Məsləhət görmürəm, baxamayaraq ki, hər kəsin öz seçim hüququ var. Belə etməzdim.

Bu cümlədən sonra beynimə ani sükut gəldi. Telefona baxdım. Bir yerdə oxumuşdum ki, hər hüceyrənin öz beyni olur və onlar ümumi mərkəzi beyindən qaça bilirlər. Bədənimdə başqa bütün orqanlar son cümləni işlətmək üçün tələsdiyimi dedilər.

Analizlərin siyahısını yazıb, xəstə kitabçasını tutdum. Onları yola saldıqdan sonra paltarımı dəyişib qulaqcıqları taxdım. İş bitmişdi. Telefonu alıb pleylistdəki musiqini qoşdum. Dəhlizdən keçərkən səhərki xəstənin əri ilə yenidən rastlaşdım. Xanımlar yox idi. Yanından keçdim, lakin bir neçə addımdan sonra geri döndüm. Sinəsi dizlərimin altında olan adamın boğazından yapışaraq qəzəblə gözlərinin içinə baxdım.

- Mədəni görünüşümə görə məni zəif hesab edirdin?

Təəccüblü halda mənə baxırdı.Belə qarşılıq verəcəyimi zənn etmirdi. Düşünürdü ki, tutduğum ən ağır şey qələm olub. Amma indi nəfəs almaqda çətinlik çəkirdi. Boğazından bərk sıxdım. İçimdəki MƏN həzz damarını açmışdı. Sifəti qızarıb gözlərini yumana qədər boğmaq istəyirdim. Anidən özümə qayıtdım, əlimi yumşaltdım və dərhal xəstəxanadan çıxdım. Maşına əyləşib yola düzəldim. Yağışlı havada göydən düşən damcılar yerdən qovulduqlarına görə asfaltdan qisas alaraq zərbələr endirirdilər. Bəzi damlalar sürətlə maşının ön şüşəsinə düşür, diqqətlə mənə baxır, sonra isə kefsiz şəkildə aşağı süzülürdülər. Bütün gücü ilə onları qovmağa çalışan maşının siləcəkləri uzun yay məzuniyyətindən işə qayıtmışdılar. Şəhərin mərkəzində yerləşən, tünd yaşıl rənglə dizayn edilmiş “coffesat”lardan birinin yanından keçərkən maşını saxladım. Kofeni çox sevdiyimə görə şəhərin əksər yerlərində olmuşam. Amma bura mənim üçün yeni idi. Kofenin şirin və komfort ətri yumşaq rəngli divarlarla xoş abu-hava yaratmışdılar. Bir kofe sifariş verib pəncərənin önündə əyləşdim. İsti və işıqlı məkanda əyləşərək soyuq və qaranlıq yerə baxmaq insanı xoşbəxt edirdi. Xoşbəxtlik səndə olanın digərində olmadığını görəndə baş verir. “Coffesat”ların üstün tərəfi də məhz budur. Pəncərədən kənarda hər şey xaos şəklində hərəkətdə idi. Amma sən zamanı yanına almısan və heçnə düşünmədən Afrikanın sarı torpağının molekullarını, günəşin işıq zərrəciyini, beynindəki aclıq kimi problemləri düşünərək dənələri ağacdan dərən kəndlinin əziyyətini bir fincanda toplayaraq içirsən. Zalda şabalıdı stollar tünd yaşıl rənglə ahəng təşkil edirdi. Mənimlə, MƏNdən fərqli olaraq. Kofeni yarımçıq qoyub uzaqlaşdım. Maşını dalanda olan barların birinin qarşısında saxladım. Hava qaralmaq üzrə idi. Barın işıqları “heç nəyi düşünmə, hər şey yaxşı olacaq deyirdi”

Cavan biri dirsəyini masaya sökəmişdi, sanki çoxdan tanış bir yerə gəlmişdi. Barmen isə ara-sıra şüşələri silə-silə ona baxır, zarafatın ən uyğun yerində qaşlarını qaldırıb gülümsəyirdi. Kənardan baxan üçün bu, sadəcə adi bir axşam söhbəti idi, amma hər ikisinin səsində gizli bir səmimiyyət, ötəri də olsa, həyatın ağırlığını unudan iki insanın anlaşması hiss olunurdu. İçəridə olan digər insanlar masa arxasında söhbət edərək içki qəbul edirdilər. Təkcə küncdə olan masada əyləşən yaşlı kişi tək idi. Qarşısındakı qədəhə baxaraq nələri isə düşünürdü. Mən barmenin masasında əyləşdim. Əyləşdiyim anda o son qədəhi içib hesabı istədi və gülümsəyərək mənimlə salamlaşdı. Hesab gətiriləndə hesabı ödəyib barmenə də əlavə 50 azn pul verdi. Yenə mənə baxıb barmenə dedi.

- Bir qədəh də dostuma süz.

Əlini çiyinimə qoyaraq.

- Bu gün mənim xoşbəxt günümdür.

O getdikdən sonra qədəhi boşaldıb barmendən soruşdum.

- Niyə belə sevinir?

- Balaca uşağı ölümdən qayıdıb, komada idi.

Növbəti iki qədəhdən sonra ətrafıma baxdım, boş yer yox idi. Qədəhlə masada tək əyləşən yaşlı adamın yanına yaxınlaşdım. İçki öz təsirini göstərirdi. Gülüş və kədər birlikdə rəqs edirdilər, halım saniyə ərzində dəyişirdi.

- Əyləşə bilərəm ağsaqqal?

Kişi üzümə baxaraq gülümsədi.

- Barda araq içən ağsaqqal olar, əyləş.

Əlini barmenə uzadaraq.

- Əli bayaqkındən iki dənə də ver.

Başımı qaldırıb barmenə baxdım. Beynimdə nələrsə canlanmağa çalışırdı. Əlimdəki qədəhi qaldırıb başıma çəkdim.

- Bu rəngli içkilərin başını burax, yaxşısı araqdı birini də sənə dedim.

Qədəhi yerə qoydum, diqqətlə kişiyə baxdım.

- Niyə tək oturmusan?

- Təklik bəzən yaxşı olur. Amma sən maneə olmadın.

Ağsaqqalla xeyli araq içdik. O cavanlığından, mən tələbəliyimdən danışdım. Sonra isə sakitləşdi, diqqətlə üzümə baxdı, yavaş və kövrək səslə iki oğlunun olduğunu və hər ikisinin narkotik qəbul etdiyini dedi.

- Keçmiş polis məmuruyam, amma onların öhdəsindən gələ bilmirəm. Gözümün qarşısında məhv olurlar.

Cümləsini bitirib ayağa qalxdı. Əlini uzadaraq mənimlə sağollaşdı.

- Xeyli danışdıq, amma adını bilmirəm.

- Fuad.

- Ənvər dayını unutmayasan.

Bardan çıxana qədər onu izlədim. Araq və bu təsadüflər düşüncələrimi tamamilə dumanlaşdırmışdı. Bardan çıxıb maşına əyləşdim, sürmək istədim, lakin anidən qərarımı dəyişərək dostuma zəng etdim.
Dəniz kənarındakı oturacaqlardan birində Aminlə birlikdə dondurma yeyərək sakitcə dənizə baxırdım. Təmiz hava məni içkinin təsirindən azca da olsa xilas etmişdi. Amin genetik xəstəliklər üzrə şəhərin ən məşhur həkimi idi.

- Bütün analizlərdən keçmisən, uyğunluq testi verək. Bəlkə siz birlikdə olduğunuza görə övlad sahibi ola bilmirsiniz?

- Nəticə elə olsa, nə dəyişəcək Nübardan ayrıla bilmərəm.

- Onda sən Nübarın ana olmaq haqqını da əlindən alırsan.

Səhər yuxudan oyanıb uzun müddət maşını axtardıqdan sonra onu harda saxladığımı xatırladım. Aminin dediyi analizləri verəndən sonra xəstəxanaya getdim. Təcili yardımla xəstə gətirmişdilər. Əməliyyata mən girdim. Lakin əməliyyatın ortasında əlim əsməyə başladı. Qorxudan deyildi. Beynimə gələn fikrin təsiri idi. “Hər kəsin uşaq sahibi olmasına səbəb sənsən, amma buna rəğmən tanrı səni bu nemətdən məhrum edir. Digərlərini məhrum etmək isə sənin əlindədir. Qoy onlarda sənin nələr çəkdiyini anlasınlar” Yanımdakı tibb bacısı alnımdakı tərlə yanaşı göz yaşlarımı da sildi. Xəstənin bədənindən qan axırdı nə qanı dayandırmağa nə də uşağı çölə çəkməyə enerjim yox idi. İçimdəki pis tərəf sadəcə dayanıb baxmağı əmr edirdi. Yanımdakı köməkçi Aynur həkim yardım edərək əməliyyatın son mərhələsində hər şeyi öz üzərinə götürdü və uşaq sağ-salamat dünyaya gəldi. Valideynlərinə şad xəbəri verməyi utandım. Üzümdəki kədərin və məyusluğun hiss ediləcəyindən qorxurdum. O gündən analizin cavabı bilinənə qədər əməliyyatlarda iştirak etməyi dayandırdım. Zamanımı Nübarla keçirmək qərarına gəldim. Bu dövrlərdə Nübar daha çox qayğıma qalır, mənimlə uşaq kimi davranırdı. Bir gün Nübarla restoranlardan birində əyləşmişdik. Restoranda yerlər dolu idi. Hər kəs ailəsi ilə yeməyə gəlmişdi. Ailələrdən birinin yanında uşaq da vardı. Uşağın anası onu nəzarətdə saxlayırdı. Lakin yoldaşı ilə söhbət əsnasında uşaq gözündən yayındı və məkanda dəcəllik etməyə başladı. Masalara yaxınlaşanda insanlar onu oxşayırdı. Bir neçə stol sonra bizə yaxınlaşdı. Əvvəl ciddi sifətlə mənə baxdı, sonra Nübara baxıb gülümsədi. Nübar masanın üzərindəkilərdən nə isə vermək istədi, lakin fikrini dəyişdi. Çünki masada çaxır və steyk vardı. Uşaq anidən ciddiləşdi:

- Sənin də balaca uşağın var?, oynamaq istəyirəm.

Nübar gözü dolu halda mənə baxdı. Amini xatırladım, bu vaxta qədər cavablar çıxmalı idi. Analizlər niyə gecikir?

- Fuad, gedək.

- Balaca yaramaza görə əhvalın pozuldu?

- Uşaqlar haqqında bir də elə demə .

- Haqlısan. gedək.

Növəti gün Aminlə əlaqə saxladım. O isə cavabların gecikdiyini və daha dərindən araşdırmaq istədiyini dedi. “Heç bilmirəm analizin cavabını niyə gözləyirəm, onsuz biz uşaq sahibi ola bilmirik. Ayrı- ayrılıqda bunun mümkün olması nəyi dəyişəcək ki?” Otaqda oturaraq köhnə ailə şəkillərimizə baxarkən özümlə sual - cavab edirdim. Valideynlərimin şəkillərinə rast gəldim. Nə mənim, nə Nübarın valideynləri yaşamırdı. Biz ikimiz- ikimizə qalmışdıq. Saat günorta üçü göstərirdi. Anidən zəng gəldi. Qarşı tərəfdəki Aynur idi.

- Həkim, təcili gəlməlisiniz.

- Salam-falan yoxdur?

- Yoldaşı dəhlizdə qışqırır ki, Fuad həkim gəlməlidir.

- Həkimdən çox həkim var.

- Heç kim cəsarət etmir.

- Sən keçən dəfə mənim vəziyyətimi gördün. Və sənə demişdim məni çağırma.

- Amma siz gəlməsəniz o uşaq öləcək. Bəlkə bir şansı var. Siz belə deyildiz axı.

- Yox, mən peşəmi emosiyama qurban vermək istəmirəm.

- Sizin yoldaşınız bu vəziyyətdə olsa idi....

Dəhlizdən otağa keçərkən əməliyyat otağındakı qadının əri ilə göz-gözə gəldik. O mənə inandığını bildirdi. Mən isə “əmin ol, hər şey yaxşı olacaq” deyə bilmədim. Uzun sürən əməliyyat uğursuz oldu. Uşaq öldü.

Otaqda küncdə əyləşərək dizlərimi qucaqlayıb ağladım. İlk dəfə idi ki, bir uşağın ölümünə səbəb olmuşdum.

- Günahınız yoxdur. Sağ qalma şansı çox az idi.

Aynurun sözləri mənim üçün təsəlli deyildi. Dəhlizdə gözləyən həmin adamla göz-gözə gəlmədən otaqdan necə çıxacağımı bilmirdim.

Həmin gözləri heç vaxt unutmayacağam. İçində nifrət vardı, amma qəzəb yox idi. Sən qatilsən, amma mən səni buna görə cəzalandırmayacağam ifadəsi mənə ruhsal anlamda böyük zərbə vurdu.

Hadisədən iki həftə keçmişdi. Mən artıq kofeni tamamilə arağa dəyişmişdim. Növbəti qədəhi içərkən zəng gəldi. Amin nəhayət, cavabların çıxdığını dedi.

Başımı dizinin üstünə qoyub divara baxırdım. Nübar divanda əyləşmişdi. Bir-birimizin xəbəri olmadan divarda eyni nöqtəni izləyirdik. Divara çırpılmış telefon kağızda dəlik açmışdı. Telefon heç kimin fərqinə varmadığı yaralı əsir kimi döşəmədə uzanmışdı. Nəticə məlum idi. Biz ikimiz heç vaxt övlad sahibi ola bilməzdik. Ayrı-ayrılıqda bəlkə də bu, mümkün idi. İndi hər ikimiz digərimizin xoşbəxtliyi üçün ayrılmağı düşünürdük. Ailəmin dağılması və onun ana olmaq haqqı iki döyüşçü kimi qarşı-qarşıya dayanmışdır. Sevişən ilanlar kimi problemlər, nəticələr və səbəblər bir-birinə sarılmışdı. Balaca oğlan uşağının qaçaraq qarşımdan keçməsini xəyal etdim, bir müddət sonra isə ona qız uşağı da qoşuldu. Sonradan qoşulan Nübarın xəyalı idi. Onlar otaqda qaçışır, amma bir-birini görmürdülər. Nübar əli ilə saçlarımı sığallayırdı. Bir anlıq istədim ki, dırnaqlarını üzümə sancıb, dərimi sifətimdən soyub çıxartsın. Sonra əzələ qatını eyni sərtliklə dartaraq kəllə sümüyümə çatsın. Orada bir dəlik açaraq beynimə sərin su səpsin. Barmaqlarını dodaqlarıma sürtdü. Sakitliyin içində gizlətməyə çalışdığım bədbəxtlik üzündən vəhşilik hissi məni əsir götürmək istəyirdi. Barmağını dişlərimlə sıxdım. O sakit idi, sanki hiss etmirdi. Anladığım o oldu ki, insan ruhsal problemlərini unudub, fiziki ağrılarını düşünsün deyə, bədəninə əzab vermək istəyir. Aminin telefonda dedikləri isə beynimi daha da narahat edirdi. STR analizi verməli idik. Nə olduğunu bilirdim. Niyə verməli olduğumuzu anlamırdım.

Sonuncu dəfə görüşəndə Aminin verdiyi informasiya mənim həyatımı dəyişdi. Birinci analizin cavabının tez çıxmasına rəğmən Amin şübhələndiyi üçün mənim və Nübarın valideynlərinin xəstəlik tarixçələrini də araşdırmışdır. Şübhələr qismən aradan qalxdıqdan sonra tam əmin olmaq üçün bizdən STR analizini tələb etdi. Aminin araşdırmasına əsasən həm mənim, həm də Nübarın mənəvi atasının reproduktiv baxımdan övlad sahibi olmağa imkan verən funksional spermatogenez mövcud olmamışdır. Analarımız fərqli xəstəxanalarda süni mayalanma vasitəsilə hamilə olmuşdular. Lakin bioloji atamız eyni idi.

Həmin gün səhər Nübar bazarlıq etmək üçün şəhərə çıxdı, telefona Amindən mesaj gəldi. Amin sonuncu analizin cavabını və rəyini göndərmişdi. Cavab bizim bacı-qardaş olduğumuzu sübut edirdi, mesajı oxuyub telefonu bir daha özünə gəlməyəcək şəkildə divara çırpdım. Bir müddət sonra pəncərənin önünə göyərçin qondu. O, sakitcə çilçıraqdan sallanmağa çalışan məni izləyirdi.

# 1167 dəfə oxunub

Oxşar xəbərlər

Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

16:00 6 yanvar 2026
Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

12:40 6 yanvar 2026
Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

10:20 6 yanvar 2026
Sərçənin səyahəti - Andrey Platonovun  hekayəsi

Sərçənin səyahəti - Andrey Platonovun hekayəsi

13:50 5 yanvar 2026
Qatilin axtarılması - Yaroslav Haşekin hekayəsi

Qatilin axtarılması - Yaroslav Haşekin hekayəsi

14:20 3 yanvar 2026
Soyuq  busə - Yusif Vəzir Çəmənzəminlinin hekayəsi

Soyuq busə - Yusif Vəzir Çəmənzəminlinin hekayəsi

10:00 3 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər