Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ülviyyə Əlizadənin “Novruz axşamı” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
1938-ci il. Novruz axşamı. Anam hər il olduğu kimi bu bayram axşamı da öz əlləri ilə bişirdiyi yeməkləri, şəkərbura, paxlavaları, təzəcə dəmlənmiş plovu süfrəyə düzməkdə idi. Bir yandan da bacıma "Ay qız, boşqabları gətir tez ol!",- deyirdi. Evimizdə ailəmiz üçün bahalı hesab olunan tablo var idi, düzü onun üzərindəki təsvirin nə olduğuna dair heç bir fikrim yox idi, heç maraqlanmamışdım da. Atam kilimin üzərində oturmuş və fikirli idi, çox sərt və zəhmli olduğundan yaxınlaşıb "Ay ata, nə olub yenə?" deyə bilmirdik. Həm də nə yalan deyim bir az qorxaq da idi. Gecələri mal-qaraya baxmağa özü yox, məni göndərərdi... Halbuki sonradan öz uşaqlarıma necə də yaxşı ata oldum, sirdaş, dost... Atamı da qınamıram. Yəqin ona da atası belə davranıb deyə, o da uşaqlarına qarşı belə soyuq münasibət göstərirdi. Evimizin sevinci, hər kəsin dərdinə çatan, evdəki hər kəsin ələlxüsus da atamla mənim aramı isti saxlayan yenə də anam idi. Bu gün necə də xoşbəxt görünürdü. Amma nə biləydi ki, yarımca saatdan sonra onu, məni, bütün ailəmizi nələr gözləyir. Balaca bacılarım onları unutdum, onların şən səsi də kiçik otağımıza dolmuşdu. O an... Ailəmizin bütün üzvlərinin taleyini dəyişəcək o an... Qapı bərkdən döyüldü, anam bərk təşvişə düşdü. Atam sakit qapıya baxırdı. Əli silahlı əsgərlər otağa doluşdu, atamı tutdular. Qapının arasında tanış bir göz bizə baxırdı. Hə bu bizim Müzəffər kişi idi, atamın dostu. Görünür, onu da tutmuşdular. Anam, biz ağlayırdıq. Atam heç bir söz demədən gələn silahlı əsgərlər ilə birgə getdi. Və bütün evdəki əşyalarımızı çölə atdılar. Əsgərlər, başımıza doluşan qonşulara kimə nə lazımdır aparsın! Bizə isə, atanız xain çıxıb dedilər. Evimizin bahalı əşyasını tablonu atamı sevməyən kəndli apardı. Qonşular bunu bilmiş aralarında pul yığmış o tablonu yenidən evimizə gətirmişdilər. Qonşular anama, "Ay Firəngiz, darıxma", - deyib getdilər. Amma nə fayda.. Bəs, atamız??
Evimizi dəyişmədik, anam, bacılarım, mən illərlə atamızı bir gün gələr deyə gözlədik. Anam, atamı gözləyərək dünyadan köçdü. Bacılarıma baxmaq, onların qayğısına qalmaq 20 yaşlı oğlanın çiyinlərinə düşdü. Necə də çətin günlər idi... Hər Novruz axşamı məni böyük kədər alır. Balaca qızım, Sevda da bunu hiss eləmiş, belə sual vermişdi: "Atacan, axı nə olub, hər bayram kədərli olursan"? Mən isə ayaqlarım üstündə uzanan bu balaca qızcığaza ailəmin kədərini danışdım. Sevda birdən, "Ay ata, birdən atan bu gün gəlsə nə edərsən" deməzmi? Mən də balaca Sevda bax sənin bu əlini qızıla tutaram dedim. Sevda sevincək, "Ay ata, nə yaxşı..." Atamdan heç bir xəbər almadıq, amma atama bəraət verilməsi üçün əlimdən gələni etdim. Nə yalan deyim, hələ də gələcəyini gözləyirəm.. Bəraət kağızını alıb, seyfimə qoydum, açarı da kitablarım arasında gizlətdim. Bir gün hüquq fakültəsinin birinci kursunda oxuyan oğlum bütün əşyalarını götürüb, xəbərsiz evə gəldi. Ay bala nə olub sənə? Mənə mənə deyirlər ki, baban vətən xainidir, məni universitetdən qovdular. Səni heç kim qova bilməz!! DÜŞ QABAĞIMA!. Seyfimdən bəraət kağızını aldım, getdim düz Bakıya. Sonradan uşağı universitetə aldılar, üzr də istədilər. Amma atam, ondan xəbər gəlmədi ki, gəlmədi.... O qədər şayiə yayıldı ki, öldüyünü dedilər, vətənindən küskün düşdü dedilər, ona görə də başqa ölkəyə pənah apardı da dedilər. Hə bir də Müzəffər kişidən də heç bir xəbər almadıq. Şayiələrdən biri də babamın Müzəffər kişi ilə bir yerdə gizləndiyi idi. Amma atam gəlmədi! Görəsən, sağdısa hardadı, ölübsə, necə öldü sualları bizi yeyib bitirdi. Bu gün yenə 21 Mart bayram axşamıdır. Mənim gözüm yenə qapıdadır, başımıza o gecə gələnləri xatırlayıram, kədərlənirəm. Bir məlahətli əl məni kədərimdən uzaqlaşdırır. Hə, bu balaca Sevdadır, əlimdən tutub, ata, hər şey yaxşı olacaq, gül deyir. Balaca Sevdanı qucaqlayıb, ağlayıram.
Ata!