Nərgiz - Ulucay Akifin yeni hekayəsi

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

25 iyun 2024
# 10:37

Kulis.az Ulucay Akifin "Nərgiz" adlı yeni hekayəsini təqdim edir.

“Arvadının ona xəyanət etdiyini öyrənəndə, əl-ayağı boşaldı, dünyası başına fırlandı, elə bildi bu dəqiqə yıxılacaq...”

Hekayənin ilk cümləsini yazıb dayandı. Üç ildən çox idi ki, heç nə yazmırdı, yaza bilmirdi. Özünə görə bəhanələri, tutarlı səbəbləri də var idi, amma bu, həqiqəti dəyişmirdi: üç ildən çox idi ki, heç nə yaza bilmirdi!

Artıq içini qorxu bürümüşdü. Bəlkə, innən belə heç vaxt yaza bilməyəcək. Əslində, indiyə kimi yazdıqlarının gücünə də şübhəsi var idi… Amma bir daha yaza bilməmək qorxusu canına üşütmə salırdı.

Təzəcə açdığı və hələ sadəcə bir cümlə yazdığı vörd faylın sonsuzluğa qədər uzanan ağ hissəsi onu ürkütdü. Yazdığı cümləni silib noutbukunu söndürmək istədi. Sildi də. Sonra “Control-Z” düymələrini basıb silinmiş cümləni yenidən ekrana qaytardı və səsli şəkildə oxudu:

“Arvadının ona xəyanət etdiyini öyrənəndə, əl-ayağı boşaldı, dünyası başına fırlandı, elə bildi bu dəqiqə yıxılacaq...”

Öz-özünə düşündü ki, çox sadə, şablon metaforalar işlədir... Bir az fikirləşdi, sonra gördü ki, bu vəziyyəti təsvir etmək üçün ağlına daha yaxşı təşbeh gəlmir, davam elədi:

“Avtobusda idi. Dostunun göndərdiyi videoya ikinci dəfə baxmağa cəsarət eləmədi. Hətta videonu telefonundan yerli-dibli sildi. Teleqramın ifşa kanallarından birində arvadının intim videosu yayılmışdı. Yıxılmamaq üçün tutacaqdan bərk yapışdı. Avtobus saxlayan kimi ilk dayanacaqdaca özünü çölə atdı. Çöldə hər şey rəngini və səsini dəyişmişdi. Adamlar gözünə çox əcaib, vahiməli görünürdü. İstidən qaçıb bir küncdə kölgələnən pişik də eybəcər və nəhəng idi. Bütün səslər bir-birinə qarışmışdı, bütün səslər elə bil su altından gəlirdi. Ya da onu suya atmışdılar və bütün səsləri oradan eşidirdi. Kimsə ürəyini köksündən qoparıb yerə qoysa, ürəyi ayaq alıb qaçacaqdı. Skamyalardan birində oturub başını aşağı saldı. Gözlərini yumub gicgahlarını ovuşdurmağa başladı. Dünyanın Günəş ətrafında saatda 107000 kilometr sürətiylə fırlandığını ilk dəfə canında hiss elədi. Bu dəqiqə ətrafındakı bütün ağaclar, binalar, maşınlar, avtobuslar, adamlar sürətə dözməyib göyə uçacaq, kainatın boşluğuna düşəcəkdi. Dostundan növbəti mesaj gəldi:

“?”

“nolduuu???”

“bilmirdin guya?”

“demişdim də sənə”

“ağlına gij-gij şeylər gətirmə ha! Türməyə-zada düşəsi deyilsən ki. Əlini it qanına bulama! Boşa, rədd olsun!”

"Eşitdin məni?"

"Sənnənəm eeeee"

"Heyyyy"

"Bax da mesaja!"

Dostunun mesajları beynini güllə atəşinə tuturdu. Bir az özünə gələndən sonra ayağa qalxdı. Köşkə yaxınlaşıb siqaret istədi:

– Hansından? – köşkdəki satıcı oğlan laqeyd-laqeyd soruşdu.

– Fərqi yoxdu.

– Nəzik olsun, qalın?

– Ver də, qalın ver, ağırından.

– “Kent 8” verirəm. – oğlan siqaret qutusunu balaca pəncərədən çölə uzatdı.

– Ver. Bir dənə də yandıran ver. – deyib cibindən on manat çıxardı.

Yandıranı da götürüb qalıq gözləmədən köşkdən aralandı. İndiyə kimi heç vaxt siqaret çəkməmişdi. Bir dəfə məktəb vaxtı, 11-ci sinifdə oxuyanda, Son zəng günü tualetə yığışan sinif yoldaşları ilə çəkməyə cəhd eləmişdi, elə-belə, böyüdüyünü sübut eləmək üçün, onda da qullabı çox dərin almışdı deyə öskürə-öskürə qalmışdı.

Skamyaya qayıdıb oturdu, siqaret çıxarıb yandırdı, heç öskürmədən beş-altı qullabda birinci giləni qurtardı, ikincisini yandırdı. Arvadını çox sevirdi. İt kimi sevirdi arvadını. Bir ildən çox idi evliydilər, sevgisi bir zərrə də azalmamışdı. Hər yerə onunla gedirdi. Toya da, dost-tanışının ad gününü də, tədbirlərə də, konsertlərə də... Arvadının onu sevmədiyini bilirdi – gecələr bir dəfədən o yana adlamayan, uzağı beş dəqiqəlik sevişmələr buna dəlil idi - amma bu həqiqəti çoxdan unutdurmuşdu özünə.

Evlənəndə otuz beş yaşı var idi, on yaş böyük idi Nərgizdən.

Redaktoru olduğu kanala müxbir kimi gəlmişdi Nərgiz. Çox diribaş qız idi, hər işin öhdəsindən gəlirdi, yarıtmadığı reportaj, müsahibə, süjet yox idi. Gözəlliyinə də söz ola bilməzdi: gözləri, qaşları, uzun saçları, əndamı...

Bir baxan ikinci, ikinci dəfə baxan isə üçüncü dəfə baxmaq istəyirdi. Az aşın duzu da deyildi. Göz-qaşı oynayırdı. Ətrafındakı oğlanları, kişiləri avara qoymuşdu”.

Bu məqamda Yazıçı obrazına nə ad verəcəyini fikirləşməyə başladı: Orxan, Arif, Elnur, Rəsul...

Xəyanətə uğrayan kişiyə nə ad vermək olar?

Xeyli düşündü. Gördü ki, heç bir adı hansısa məntiqlə bura yamamaq olmur. Ağlındakı təsadüfi adlardan birini seçib hekayəsinə davam elədi:

“Elnur da bir könüldən min könülə aşiq olmuşdu Nərgizə...”

Bu cümləni yazandan sonra da əl saxladı Yazıçı. “Bir könüldən min könülə aşiq olmaq” ifadəsinin nə demək olduğunu düşündü. Tapa bilmədi. Üç dəfə asqırdı. Tez o sözləri sildi.

“Elnur da aşiq olmuşdu Nərgizə. Düzdür, Nərgizin başına fırlanan oğlanlar, kişilər arasında daha yaraşıqlı, daha ağıllı, ən əsası, daha varlıları var idi, amma Elnurun bir məziyyəti onu bütün rəqiblərindən on addım irəli salırdı: Elnur evlənmək istəyirdi.

Anası, qohum-əqrəbası, dost-tanışı boğaza yığmışdı onu. Özünün də könlündən keçirdi evlənmək. Evi, işi, maaşı... hər şeyi var idi. Bir dənə arvadı çatışmırdı. Nərgizin də bütün rəfiqələri ərə getmişdi çoxdan. O da evlənib hamısına acıq vermək istəyirdi.

Beləcə, iki-üç ay içində hərini, nişanı yola verib evləndilər. Toylarına yığılan puldan da 7 min manat qaldı özlərinə. Elnur özünə maşın götürmək istəyirdi, amma Nərgiz başının ətini o qədər yedi ki, məcbur o pulla Baliyə gedəsi oldular. Nədi-nədi rəfiqələri də bal ayında ora gediblərmiş”.

Yazıçı özü də hiss elədi ki, əvvəlki kimi cümlə qura bilmir, mətn gözünə pinti görünür, həm də çox tələsir, bəlkə də, hekayəni daha aram-aram yazmalıdır, hər şeyi bu qədər tez danışmalı deyil oxucuya… Amma içindəki təlaş barmaqlarını tələsdirirdi. Hekayənin birinci hissəsini bitirib faylı yaddaşa verdi.

Həyat yoldaşı gözəllik salonuna getmişdi. Demişdi ki, saçlarını da kəsdirəcək, gec gələ bilər. Qalxıb özünə çay süzdü. Kefi yox idi, amma uzun aradan sonra ilk dəfə nəsə yaza bildiyi üçün də həvəsli idi. Soyuducudan mədəsini aldatmaq üçün almalı piroq da götürüb otağına qayıtdı. Kitab rəfinin qabağında var-gəl edəndə, gözü şəklə sataşdı: yoldaşı ilə toylarında çəkdirdikləri şəkildə çox xoşbəxt görünürdülər. Guya kim toy şəklində xoşbəxt görünmür ki? Şəkli rəfin bir az da küncünə itələyib, kompüterinin arxasına keçdi. Piroqdan dişləyib çayını qurtumladı, yazmağa davam elədi:

“Balidən qayıdandan sonra hər şey adiləşdi. İş, ev, kreditlər, işıq pulu, qaz pulu, “evə gələndə çörək al”... Nərgizin hərdənbir göstərdiyi yalançı nəvazişdən başqa heç nəyi yox idi. Elnur da bilirdi Nərgizin onu sevmədiyini, amma sevginin zamanla yarandığını çox eşitmişdi. Ona görə də canfəşanlığından əl çəkmirdi. Romantik cümlələr, kiçik jestlər, sürprizlər... Hər fürsətdə Nərgiz üçün nəsə eləməyə çalışırdı, amma hər cəhd boşa çıxırdı. Nərgiz Elnurun həyatının düz içində başqa bir həyat yaşayırdı özü üçün. O həyatda Elnur ərdən daha çox otaq yoldaşı, ev yoldaşı, iş yoldaşı idi. Bir müddət sonra Elnur da barışdı bu vəziyyətlə. O, bu münasibətin kredit, işıq pulu, qaz pulu ödəyəninə çevrildi. Evlilikləri belə davam elədi.

Sonra Nərgiz iş yerini dəyişib başqa kanala keçdi. Vəzifəsi də qalxmışdı, maaşı da. Elnur pulun hardan gəldiyini bilməsə də, arvadı özünə maşın da almışdı. Evliliklərinin bir ili tamamlanmışdı, amma hələ uşaqları yox idi. Problem Nərgizdə idi, amma həkimlər də düz-əməlli demirdilər nədir məsələ. Elnura elə gəlirdi ki, Nərgiz də bilir səbəbi, həkimlər də, hamı bilir, sadəcə ona demirlər.

– Nərgiz, məni sevmədiyini bilirəm, amma heç olmasa hərdən özünü elə apar ki, guya sevirsən də... – bir axşam yeməyində Elnur qəfil dedi.

– Eeee, yenə başlama da bu söhbətlərə... Sevgi nədi? Sevgi var indi? Səncanı yeməyini ye, qoy oturmuşuq. Turşu istəyirsən? – Nərgiz heç nə olmamış kimi dilləndi.

– Niyə yoxdu sevgi?! Var! Sevgi yoxdursa, hər dəfə evə gələndə gətirdiyin bu nərgizləri kim verir sənə?! – Elnurun səsinin əsəbdən, ya kədərdən titrədiyini anlamaq olmadı.

Nərgiz də qorxdu. Gözləri dovşan gözü kimi titrədi”.

Yazıçı siqaretini külqabıda əzişdirib dodaqaltı söyüş mızıldandı: “İt qızı it! Di cavab ver görək!” – sonra yenə yazmağa davam elədi:

“Nərgiz Elnurdan belə sual gözləmirdi. Ağlına da gəlməzdi ki, Elnur nə vaxtsa ondan bu gülləri kimin aldığını soruşar. Ona görə də indi bu sualla üzbəüz qalanda, ilk dəfə idi ki, özünü itirmişdi ərinin qarşısında. İlk dəfə idi ki, Elnur daha üstün idi hansısa mübahisələrində.

– Nə gic-gic danışırsan?! Kim alacaq? Özüm alıram. İş yerimin qabağında satırlar, mən də alıram. Dəlidi e! – özünü toparlamağa çalışsa da, səsindən hələ də həyəcanı duyulurdu.

– Hə, hə, özün alırsan. İnandım. Qalx mənə çay ver. - Elnur artıq sakitləşmiş və çox laqeyd səslə dedi.

Arvadının xəyanətindən çoxdan duyuq düşmüşdü. Birinci şübhələri yaranmışdı, sonra qulağına orda-burda danışılanlar da çatmağa başladı. Bu vəziyyətə düşməyənlər onu anlaya bilməzdi. Nə hisslər keçirdiyini, nələr düşündüyünü, beyninin içində hansı fırtınaların qopduğunu, nə planlar qurduğunu özü də müəyyənləşdirə bilmirdi. Nərgizi yatdığı yerdə boğmaqdan tutmuş, məşuqunu bıçaqlamağa qədər hər şey ağlından keçirdi. Boşanmaq da olardı. Eləcə boşanıb öz həyatına yenidən başlamaq, bütün bu olanları yaddaşından silmək, bütün deyilənlərə qulaqlarını bağlamaq olardı. Bəlkə, arvadını götürüb başqa ölkəyə də köçə bilərdi…

Ancaq hələ nə edəcəyinə qərar verməmişdi. Nəyisə gözləyirdi, bu gözləyiş özünə, yoxsa Nərgizə verdiyi şans idi? Onu itirmək istəmirdi. Çünki... Çünki onu çox sevirdi.”

Yazıçı kompüterinin arxasından qalxıb pəncərəyə yaxınlaşdı. Geniş yollar boyu şütüyən təkəmseyrək maşınlara, tələsməyən adamlara baxdı.

Üç ilə yaxındı köçdüyü bu şəhərə hələ öyrəşə bilməmişdi, amma buranın sakitliyini çox sevirdi. Binanın qarşısındakı parkda söhbətləşən iki qadın birdən ona tərəf baxdı. Bu yad qadınların onu tanıdığını düşündü. Tez pərdəni çəkib pəncərədən aralandı.

Saata baxdı. Gün yarılanmışdı. Yəqin arvadı indilərdə gələcəkdi. Mədəsinin qurultusu get-gedə güclənirdi. Ac qarnına siqaret çəkməkdən dili-ağzı kül dadırdı.

Duyğuları bir-birinə qarışmışdı. Bir tərəfdən qəhrəmanı Elnurun başına gələnlərə üzülür, o biri tərəfdən də neçə il sonra ilk dəfə nəsə yazmağına sevinirdi.

Fikrini cəmləməyə çalışdı. Yoldaşı gələnə kimi hekayəsini tamamlamaq istəyirdi. Az qalmışdı. Təzədən kompüterinin arxasına keçdi:

“Elnur nə edəcəyini bilmirdi. Düzdü, əsl kişinin belə məqamda nə etməli olduğu gün kimi aydın idi. Arvadını da, məşuqunu da öldürməliydi. Hətta videolarını çəkib elə arvadının ifşa videosunun yayıldığı teleqram kanalında paylaşdırmalı idi. Qohum-əqrəbasına, dost-tanışına, bütün ölkəyə əsl kişi olduğunu sübut etməliydi.

Siqaret çəkdiyi skamyadan qalxıb yol kənarındakı taksilərdən birinə mindi. Birbaşa evə yollandı. Qan beyninə vururdu. Əl-ayağının əsməsi hələ də keçməmişdi. Nəbzi həmişəkindən qat-qat sürətliydi. Hələ də bütün rənglər və səslər bulanıq idi.

Binada lifti gözləməyə də hövsələsi çatmadı. Pilləkənləri iki-iki, üç-üç qalxa-qalxa 6-cı mərtəbəyə çatdı. Qapını döydü. Hə, qapını döydü. Qapını çırpdı. Qapını yumruqladı...”

Yazıçı qapının döyülmə səsinə diksindi. Kimsə qapını az qala sındırırdı. Həyat yoldaşının açarı var axı, kimdi qapını belə döyən?

– Gəldim! Gəldim! Kimdi? – deyə-deyə qapıya tələsdi.

Qapını açan kimi həyat yoldaşı özünü içəri atdı:

– Bayaqdan qapını döyürəm, niyə açmırsan? Yenə hekayə uydurursan özündən? Almaniyaya da köçdük, düzəlmədin də. Bəs deyirdin, daha yazmayacaqsan? – Yazıçının cavab verməsini gözləmədən cümlələri ard-arda düzürdü. – Buna bax. Deyirəm, bu almanlar da dəhşətdilər e. Bir qom nərgizə 10 avro pul verdim. Bakıda 3 manata alırdım...

# 7906 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #