Bu gün tanınmış şair Salam Sarvanın doğum günüdür.
Kulis.az şairi təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır və onun sevilən şeirlərini təqdim edir.
BAMBAŞQA QADIN
Öz saçlarının ağardığına görə
buludları boyamaq istəyirsən.
Öz köynəyinin köhnəldiyinə görə
dəyişmək istəyirsən ağacların qabığını.
Alın yazın ehtimalların hamısı şəklində...
Qaydanı səhv çıxaran istisnasan sən.
Elə hey titrəyirsən: sanki
qəlbinin hər döyüntüsündən diksinirsən.
Özünlə müharibədə olduğunçün tənhasan:
axı belə döyüşlərdə cinah olmur.
Amma... amma sən hələ də gözəlsən:
gözəldə günah olmur.
Upuzun bir hüzn kimi keçirsən küçədən:
qəddinə-vücuduna heyrət.
Yaralı-yaralı çırpınan halında
bədən dilinin sükutuna heyrət.
Elə hey qapamaq istəyirsən gözünü,
amma intihar alınmır səndə:
çünki hər dəfə özünü öldürmək istəyəndə
artıq ölmüş sanırsan özünü.
XƏSTƏXANA ŞEİRİ
Əbədiyyət və Fanilik
qum saatındakı qədəhləri toqquşdurur:
bunu da içək Adəmin almadakı diş yerinə bənzəyən
dərin yaraların sağlığına.
Kimsə də düşünür:
cəhənnəmdə məni gözləyən cəzanın
günahını törətməyə çatacaqmı ömür?
DAVAMSIZLIQ
Səninlə aramızda nələr olubsa,
heç birinin davamı vacib deyildi:
cümlənin yaddan çıxan hissəsini
suflyor pıçıldamamalıydı aktyora.
Çünki yer çox dardı:
əslində, ağzınacan doldurulmuş qədəhlərimizin
bircə qurtumluq həcmi vardı.
Çünki vaxt çox dardı:
topu itirən futbolçunun macalı olmur
bu ayrılığın əzabını yaşamağa.
ALMA
Bizə göz verəndə göz vurmuşdun.
Bizə dil verəndə dil çıxartmışdın.
Bizə əl verəndə əl eləmişdin...
Bizə istedad verəndə yasaq eləmişdin
şeirimizdəki “alma” sözünü dişləməyi.
HÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ
Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.
İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…
Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.
BU GÜN VAXTIM YOXDU, BU GÜN ÖLÜRƏM
Yaranın üstü tək açıldı gözün -
indi bu yaradan axan qandı su.
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.
Səni necə atım, necə, bilmirəm -
bir zərsən düşmürsən heç üzü üstə.
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.
İki tərəfin var – gözlərin, dilin:
bu işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.
BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.
SƏNİ VURMAĞA DA QALXMAZ ƏLLƏRİM
Buludlar tozdurmu belə qopular
yağışın yol keçib axdığı yerdən?...
İlahi, indicə bir gül çıxacaq
dağ öz ürəyini sıxdığı yerdən.
Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin…
səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.
Əh… birin bilirsən sən də, birin yox –
daha yıxılıram, heç xəbərin yox…
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.
ÖLƏSƏN BİR DÜŞMƏN SEVİNDİRƏSƏN
Ölüb yıxılasan yıxılanda da…
Salxım buzlar kimi sınıb gedəsən…
Deyirlər torpağın altı soyuqdu,
nola, qəbrinə də yanıb gedəsən.
Gözlərin tavana dəyib - qayıda,
ürəyin atlanıb çöllərə düşə…
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.
Öləsən bir düşmən sevindirəsən,
ardınca barı bir «sağ ol»un ola …
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola!
QOLLARIM GÖYLƏRDƏ KOR AĞACIDI
Ya ovçu əlindən, ya quş başından -
kim deyər hansından tələ dartılır?..
Onunçun düşmür ki yerinə heç nə,
hər şey bu dünyada belə dartılır.
Ax, bu qara baxtın o ağ saçları
göründü altında qızıl tacların…
Yel əyə bilməzdi bu ağacları,
yarpaqlar özləri yelə dartılır.
Öldüm sevdasından bar ağacının…
Qollarım göylərdə kor ağacıdı…
Kəndiri rezinmiş dar ağacımın -
bəxtəvər başıma, hələ dartılır!..
QORXUT UŞAĞINI SALAM ƏMİYNƏN
Sancıldı köksünə oxun itisi –
hayıf pozdu köynəyinin ütüsün…
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?...
Həkiməm xalatım kəfən, qəm iynəm,
qorxut uşağını Salam əmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə?
Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?
SAC ÜSTDƏ QOVRULAN QAR DƏNƏSİYƏM
Ad günüm… bir il də ötdü noolsun?!..
Bir azca təzəyəm, bir azca qədim.
Ax, yığdım telefon nömrəsi kimi
otuzbir yaşı da, «ora düşmədim».
Sac üstə qovrulan qar dənəsiyəm,
Bilmirəm yaydımı, ya qışmı indi.
Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.
Atsana bu ağır çəkiylə məni,
yarı ruh - yarı can bölüb atsana.
Bu yer kürəsini çəkməmin altdan
bir lopa palçıq tək silib atsana.
MƏN AĞI DEMƏYİN BOŞBOĞAZIYAM
İlahi, ağzımın dadımı qaçıb –
yağışın duzludu, qarın şit düşür?!..
Bir açar da düşməz aça qapını,
amma bağlamağa hər kilid düşür.
Elə nazilmişəm, quş boğazıyam…
Büstün qəhər tutmuş daş boğazıyam..
Mən ağı deməyin boşboğazıyam,
çənəmin altına yüz meyid düşüb.
Dil öyrən vəsiyyət deməyə, qağa…
Götür qulluğuna məni «ağ» ağam…
Gedirəm çürüyüb sümük olmağa,
gör ha, dalımca da bir ac it düşüb.
DARIXMA, DÜZƏLMƏYƏCƏK
Nə qalan kimi qalıram,
nə gedirəm gedən kimi.
Bir yekəpər Ölüm gəzir
yanımda Cangüdən kimi.
Deyəsən dəli oluram,
qılan yox əlac başıma:
gövdəsindən dırmaşıram
yıxılmış ağac başına.
Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!
* * *
Budaq töküb barını
bir quru çomaq qalıb.
Hər yer solub şəkildə,
təkcə saçlar ağ qalıb.
Son addım idi, atıb
ta dayandım həyatda:
axx, qaldı həmişəlik
izim ayağım altda.
Mən də vətən yolunda
başımı qoydum yatdım.
Gördüm ki, yuxum gəlmir,
sonacan saydım yatdım.
Ay qız, sən kimsən belə
qarış-qarış gəlirsən.
Bir vaxt Tanrı gəlirdin,
indi Tanış gəlirsən.
ATANDA BİR BAXAYDIN DA…
Bir gün məni axtararsan,
məndən gen düşən sevdiyim.
Nağıldan sonra alma tək
gözümdən düşən sevdiyim.
Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.
İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər.
DÜNƏN TOYUMDA İDİM
Neynək, iş-işdən keçib,
olan-olub, deyirlər…
Sən məni öldürəndə
görən olub, deyirlər.
Gir tabutum altına –
çətirlən çıx gəzməyə…
Qanımı səp üstünə –
ətirlən çıx gəzməyə.
Təki kefin kök olsun,
mənim zalım sevdiyim…
Dünən TOYUMDA idim –
yerin məlum, sevdiyim.