Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Seyidməsmə Niftəliyevanın “İllərin arxasında” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Təmirçi ağır addımlarla, təqribən bir saat çəkən yolçuluğunu başa vurub iş yerinə çatdı. Sağ ayağının topuğundakı sınıq səbəbindən yerişindəki səndələmə əlində daşıdığı iş çantasının ağırlığı ilə bir az da artmışdı. Bir gün əvvəl əsən güclü küləyin yaratdığı fəsad bu günkü işini xeyli artırmış, onu yamanca yorğun salmışdı. Bu, təmirçinin bu gün üçün nəzərdə tutulmuş sonuncu işi idi.
Bura, işlədiyi rayonun kəndlərindən birinin məktəbi idi. Məktəbə internet verilişini təmin edən rabitə naqili qırılmışdı. Qırılmış naqil, əsas xəttin məktəb binasının arxa tərəfindən məktəbə daxil olan hissəsində idi. Təmirçi, iş çantasından kəlbətin və ehtiyat naqil dəstini götürüb nərdivanla yuxarı dırmanmağa başladı. Sinif otaqlarından birinin pəncərəsinin bir-iki metrliyində işinə başladı. Otağın pəncərəsi açıq idi. Deyəsən, otaqda nəğmə dərsi var idi. İçəridə piano səsi və on-on iki yaşlarında qız uşağının nəğmə oxumağı eşidilirdi.
Həm oxuyanın səsinin, həm də musiqinin və sözlərinin gözəlliyi təmirçini valeh etməyə başlayırdı. O, hiss edirdi ki, bu səs onun ruhunu oxşayır. Bu nəğmə sanki, onun bədənini illərin yorğunluğundan xilas edirdi. O, bəlkə də, ilk dəfə idi ki, gördüyü işdən həzz aldığını düşünürdü.
İşini tez bitirsə də nərdivanın üzərində dayanıb qızın sonadək oxuyub bitirməsini gözlədi. Topuğundakı ağrı da yoxa çıxmışdı. Başqa vaxtlar buna oxşar işlərdə tələm-tələsik işini bitirib aşağı enməyə çalışırdı. Bu dəfə isə, ona elə gəlirdi ki, saatlarla nərdivanın baş ucunda ayaq üstə dayana bilərdi.
Sonda alqış səsləri eşidildi. Bir qadın oxuyan qızı təriflədi:
- Afərin Arzu, istəsən və çox çalışsan inanıram ki, qalib gələcəksən. Nigar, buyur, indi sən məharətini göstər.
Təmirçi geri qayıdarkən yol boyu həmin qızın oxuduğu nəğməni zümzümə edirdi. Nəqarət hissəsini isə yaxın məsafədən də eşidilə biləcək səslə, keçmiş xatirələrində, nə vaxtsa yaşamış olduğu hicran və vüsalın, sevinc və kədərin qəribə ahəngini təşkil edən dərin bir duyğu ilə oxuyurdu:
Günəş, doğaydın bizim ellərdən,
Oxşayaydın onun bəyaz əllərini,
Külək, əsəydin bizim ellərdən,
Darayaydın onun incə tellərini.
O, qızın oxuduğu nəğməni başdan sona qədər zümzümə etdi. Sonra təkrar oxumağa başladı. Qəribədir, hərəsi dörd misra olmaqla dörd beytdən ibarət bu musiqinin sözlərini necə yadda saxlayıb?! Axı o, unutqan olduğunu bilirdi, hər zaman huşsuz olduğundan gileylənirdi. İllər öncə başından aldığı yara onun uzun müddət yaddaş pozğunluğuna səbəb olmuş, yalnız son bir-iki il ərzində, əvvəllər yaşamış olduğu hadisələri zar-zor xatırlamağa başlamışdı.
Artıq son döngəni keçirdi, uzaqdan evləri görünürdü. Təmirçi hələ də həmin nəğməni təkrarlayırdı. Bu “sehirli” nəğmə və onun sözləri niyə onda bu qədər çox təsir buraxdı axı? Təmirçinin ürəyindən nəğmə oxuyan həmin qızla söhbət etmək keçdi. Keçirdiyi bu adsız, qəribə hisslərin səbəbini tapmaq üçün geri qayıdıb həmin qızın kim olduğunu, oxuduğu nəğmə barədə öyrənmək istədi. Sonra fikrindən daşındı və yoluna davam etdi.
Həmin nəğməni eşitdiyi vaxtdan artıq bir həftə keçmişdi. Bu dəfə ona, həmin kəndin mərkəzi hissəsindən keçən asfalt küçə ilə paralel yerləşən rabitə dirəklərində kabelin yenisi ilə əvəz olunması tapşırılmışdı. Həmin kənddə yaşayan, iyirmi yaşlarında cavan bir oğlanı da ona köməkçi vermişdilər. Təmirçi işləyərkən də iki gün əvvəl eşitdiyi nəğməni zümzümə edirdi. O vaxtdan bəri dayanmadan təkrar etdiyi bu musiqinin bütün misraları olduğu kimi əzbərində qalmışdı.
O, köməkçisinə dairəvi şəkildə paketlənmiş məftili açmağı tapşırdı, özü isə əlcəyini geyinməyə başladı. Köməkçisi təmirçinin oxuduğu mahnıya diqqət verərək ona tapşırılmış işi görürdü. Təmirçi köməkçisinin bu “nəğməli sükunəti” pozmağa cəsarət tapdığı ana qədər bir neçə dəfə başdan sonadək öz sevimli nəğməsini zümzümə etdi.
- Usta, bir söz soruşa bilərəmmi? – deyə köməkçi oğlan soruşdu.
- Buyur – təmirçi oxumağını kəsdiyi üçün narazı qalmış halda, qaşlarını çataraq cavab verdi.
- Haradan bilirsən bu mahnını? Nə əcəb, bu qədər çox oxuyursan?
- Nə bilim ay oğul, iki gün əvvəl mən sizin kəndinizin məktəbində işləyəndə bir qız uşağı oxuyanda eşitmişəm bu nəğməni. Nəsə çox xoşuma gəldi. Elə bil ki, möcüzədir, huşum olmaya-olmaya yaddaşımda da qalıb, elə hey oxuyuram.
- Hə - köməkçi oğlan başını aşağı salıb əlindəki məftil dolağını açmağa davam etdi – bu mahnını mənim qardaşımın həyat yoldaşı bəstələyib. Oxuyan da yəqin ki, Arzu olub. Demək ki, xoşuna gəlib – deyə fəxrlə əlavə etdi.
- Dayan, sən həmin qızı tanıyırsan? – təmirçi nəsə tapmış şəkildə işini saxladı. Hə, dəqiq, adı Arzu idi. Axı müəlliməsi ona bu adla müraciət etmişdi – o, qızın adını güclə xatırlaya bildi.
- Hə, əlbəttə ki, tanıyıram Arzunu, qardaşımın qızıdır. Bu mahnını ondan başqa heç kim oxumaz. Bu mahnını bizə o qədər oxuyub ki, o dəqiqə tanıdım. Gələn həftə musiqi yarışmasına gedəcək deyə hər gün məşq edir – köməkçi oğlan gülümsəyərək cavab verdi. O, dolaqdan açdığı məftilin ucunu kəsmək üçün təmirçiyə uzadaraq davam etdi:
- Bu mahnının sözlərini onun babası yazıbmış – müharibədə olanda. O, birinci Qarabağ müharibəsində şəhid olub, bəlkə adını eşitmiş olarsan – Adil, Adil Məmmədov. Arasında qızının şəkli bükülmüş həmin şeiri yazdığı kağızı da onun cibindən tapmışdılar...
Yox, ola bilməz! Təmirçi bir anlıq yerindəcə donub qaldı, dizləri titrəməyə başladı, beynində keçmiş xatirələrin canlandığını hiss etdi. Düz iyirmi səkkiz il əvvəl yaşamış olduğu hadisələr gözünün önündən film lenti kimi keçməyə başladı. Çətin günləri, əsl dostluğu, sevgi hissi ilə dolu, darıxan və qovuşmaq həsrəti ilə alışıb-yanan ürəkləri xatırladı. O, sanki, bir həftədir dilindən düşməyən bu musiqinin müşayiəti ilə qısa metrajlı film izləyirdi. Elə film ki, bu film onun həyatından bəhs edirdi və bütün ömrünün çox qısa hissəsini – bəlkə də mində birini əhatə etsə də, bütün ömründən min dəfə dəyərli və mənalı idi.
İzlədiyi filmdə o, şeir də yazırdı. Aman Allahım, son bir həftə içərisində onda bu qeyri-adi təsir buraxmış bu nəğmənin sözləri elə onun özünə aid imiş ki! Necə unuda bilmişdi axı?!
Həmin sonuncu döyüşdən əvvəl yazmışdı bu şeiri. Sonuncu döyüş əmri verilməmişdən qabaq, çınqıl daşlarının arasından süzülərək yamac boyu şırhaşırla axan həmin çayın sahilində, qollu-budaqlı, sərinliyi ilə insanın ürəyinə dinclik verən qocaman qovaq ağacının kölgəsində oturmuşdular – döyüş yoldaşı və sirdaşı Adillə. O, Adildən qələm istəmişdi. Adil isə yarısı sınmış qələmini ona göstərmiş, “Bu qələmin sirrini ancaq özüm bilirəm, sənin “piserliyini” özüm edərəm, ən yaxşısı sən deyərsən mən də yazaram” deyə gülə-gülə cavab vermişdi. Təmirçi naçar razılaşaraq bir az da məğrurluq hissi ilə yerini rahatlamış, kürəyini qovağın qalın qabıqlı, qocaman gövdəsinə söykəmiş, başını yuxarı qaldıraraq gözlərini yummuş və öz hisslərini kağız üzərinə köçürməyi Adilə həvalə etmişdi. Adil də bir az aralıda düzlərini büküb öz sınıq, ancaq hələ də mürəkkəbi qurtarmamış qələmi ilə dostunun sözlərini kəlimə-kəlimə cibindən çıxarıb dizlərinin üstünə qoyduğu kağıza yazmışdı.
Günorta yeməyindən sonra döyüş əmri verilmiş, onları ayrı-ayrı taqımlara bölmüşdülər. Heç sağollaşmağa da macal tapmadan iki əsl dost bir-birindən ayrı düşməli olmuşdu.
O vaxtlar təmirçi nişanlı idi, Adil isə evli. Adilin dediyinə görə bir qızı var idi. Elə hey qızı haqqında danışardı. Adını özü qoymuşdu – Banuxatun. Dediyinə görə, müharibə başlayanda Banuxatunun üç yaşı var idi. İki il idi ki, görmürdü qızını. Həyat yoldaşının yazdığı məktubların birində zərfin içərisinə qoyub göndərdiyi qızının şəkli isə onun ən dəyərli əşyası idi o vaxtlar. Arabir, “ürəyinin üstündə”ki yaxa cibində, səliqəli şəkildə bükdüyü kağızın arasından götürər, çöhrəsinə yayılan xoş bir təbəssümlə, gözünü qırpmadan dəqiqələrlə ona baxar, yenidən onu həmin kağıza büküb cibinə qoyardı. Tez-tez cibinin bağlı olduğunu, şəkil bükülmüş kağızın yerində olmasını yoxlayar, yatanda isə balışının astarında saxlayardı.
Təmirçi, dostunun israrı ilə ona vəd də vermişdi. Adil onu razı salmışdı ki, əgər o, müharibədən qayıda bilməsə, qızını tapsın və atasının onu çox sevdiyini ona çatdırsın.
Müharibə qurtarandan sonra təmirçi ən yaxın dostu Adilin şəhid olduğunu öyrənmişdi. Bunu özünün də ağır yaralı olduğu üçün – başından və ayağından yara almış, xəstəxanaya yerləşdirilmiş və beş aya yaxın huşsuz və yataq vəziyyətində qalmışdı – ancaq sonradan öyrənmiş, bir neçə gün uşaq kimi ağlamışdı. Lakin, o vaxtdan sonra onun unutqanlığına səbəb olmuş uzun sürən xəstəliyi dostuna verdiyi sözü yerinə yetirməyi də unutdurmuşdu.
Təmirçi diksinmiş halda köməkçisinin bayaqdan bəri ona nəsə dediyini hiss etdi, üzr istəyərək ona uzatdığı metalkəsən qayçını aldı və titrək əli ilə kabeli ölçüb kəsdi.
O, öz köməkçisinin sual dolu baxışlarına cavab olaraq hər şeyi ona danışdı və öz dostunun tək qızına və ailəsinə gecikmiş də olsa başsağlığı verə bilmək üçün onların evinə aparmağı xahiş etdi. Köməkçisi qardaşıgillə eyni həyətdəki qonşu evlərdə yaşadıqlarını bildirdi. Onlar işlərini bitirdikdən sonra birlikdə Arzugilə getməyə qərar verdilər.
Bir neçə saatdan sonra onlar – təmirçi, cavan köməkçisi və onun qardaşı – Arzunun atası masa arxasında əyləşmişdi. Arzu isə bir az aralıda divanda oturub öz dərsləri ilə məşğul idi. Bir azdan Banuxatun onlara çay gətirdi. Banuxatunun siması təmirçiyə dostu Adilin üz cizgilərini xatırlatdı. Ən yaxın dostunun, təmirçinin yaddaşının dərinliklərində qalmış üz görünüşü onun beynində indi daha aydın şəkil almışdı.
Onlar çay içə-içə xeyli söhbət etdilər. Məlum oldu ki, Arzu Adilin nəvəsi, yəni tək qızı Banuxatunun tək övladı imiş. Adilin həyat yoldaşı isə bu yaxınlarda dünyasını dəyişmişdi. O, Adildən sonra ikinci dəfə ailə qurmamış, ömrünü isə canından çox sevdiyi həyat yoldaşının tək yadigarı olan qızını böyütməyə, onun təhsil və tərbiyəsinə həsr etmişdi.
Adilin son nəfəsinədək bir gün qovuşacağı günün gələcəyi ümidi ilə həmin görüşü, onu necə bağrına basıb qoxlayacağını xəyal etdiyi qızı Banuxatun isə atasının ən yaxın dostunun onun atası barədə, ailəsi – həyat yoldaşı və qızını necə sevdiyi barədə güclə xatırlaya bildiyi kiçik xatirələrinə qulaq asır, pəncərədən üzünə düşən, batmaqda olan günəşin narıncı şüası isə gözlərindəki yaş damlalarını aşkara çıxarırdı.
Banuxatunun həyat yoldaşı ikinci vətən müharibəsinin iştirakçılarından idi. Atasız qalmış banuxatunların qisası isə artıq alınmışdı.
Təmirçi evə qayıdanda artıq hava qaralmışdı. O, sözləri Adil Məmmədova, musiqisi isə onun sevimli qızı Banuxatuna aid olan həmin nəğməni indi daha uca səslə zümzümə edirdi.