Əhməd haradadır? - Yeqzar Cəfərlinin hekayəsi

Əhməd haradadır? - Yeqzar Cəfərlinin hekayəsi
16 mart 2024
# 12:00

Kulis.az Yeqzar Cəfərlinin "Əhməd haradadır?" hekayəsini təqdim edir.

Oğlumun dünən gecədən qarnı gedir. Səhərə kimi düzəlməsini gözləsək də, heç nə dəyişmir. Səhərin gözü açılan kimi tez-tələsik aptekə yollanıram. Küçədəki palçığı görcək beynimdə gecədən yağan narın yağışın xoş təəssüratından əsər-əlamət qalmır. 50 qəpik restoranına çatar-çatmaz köməkçi yoldan ana yola “hoppanmaq” istəyən maşınlardan biri palçığı mənə doğru sıçradır. Becid tərpənməsəydim, üst-başım əməlli-başlı batacaqdı.

Sürətli şəkildə rəngi solmaq üzrə olan piyada zolağına zorla daxil oluram. Təbii ki, ehtiyatımı da əldən vermədən. Yoxsa bir neçə dəqiqə vaxtımı burada itirməli olacağam. Üzərinə depo yazılan, qiymətləri od tutub yanan aptekə girirəm. Əczaçı qız tələsmədən, sanki zövq alarcasına alıcıları bir-bir yola salır. Hərdənbir yanındakı xanıma nəsə mızıldanır, üz-gözünü turşudur, bəzən də səsinin tonunu qəfildən qaldırır. Bir neçə dəqiqədən sonra həmin qız ikinci piştaxtanın arxasından xidmətə başlayır. Bir anlıq oraya yanaşmaq arzusu keçir ağlımdan. Lakin arxamda gözləyən oğlan cəld özünü irəli atır. Bayaqdan mənasız votsap statuslarını səsli şəkildə izləyən qızın xidmətə başlaması ilə müştərilərin gözlərinin öləzimiş şüası canlanır. Məni “məğlub” edərək irəli atılan oğlan qızla dialoqa başlayan kimi gülüşmə səsləri apteki bürüyür. Yəqin əvvəldən tanış idilər. İşə götürdükləri adama hər işi gördürməyə çalışan işverənlərin uydurduqları “komandada işləmək bacarığı” da yüksək ola bilərdi qızın. Dialoq davam etməyində olsun, qız da ahəstə-ahəstə siyahıdakı dərmanları toplamaqda, min bir nəvazişlə dərman qutularını əzizləməkdə. Qızın öz zərifliyini ətrafa bildirmək ehtiyacı ilə oğlanın gülmədən güldürmə instinkti birləşərək dialoq daha da “canlanır”.

Oğlan əlində tutduğu qırıq telefonu qıza göstərərək:

− Bunu görürsən, xanım. Dünən bizim balaca oğraş pis günə qoyub. İkinci telefonumdu, bax, sən öl diyirəm.

Qız gülümsəyərək oğlanın gözlərindəki sevinci duyduğundan əminliyini başını tez-tez yelləyərək təsdiqləyir. Sanki ürəyindən keçir, kaş başqa bir kainatda oğlan onun əri olardı.

− O gün hələ evdə aboyları yazıx-yazıx eləmişdi. Verirəm kişibalanın əlinə ruşqanı, düşür evin canına, ha-ha-ha.

Qız bir anlıq gülümsəməklə hırıldamaq arasında keçid etməkdən yorulmuşcasına cavab verir.

− Sizin kimi atalar indi azdı valla.

Növbə gözləyən müştərilər bayaqdan üz-gözlərini turşudaraq etiraz edirlər. Hətta bir neçəsi çıxıb başqa aptekə yollanır.

− Hələ o gün babasın elə söydü, bizim balaca bicok, öldüy gülməydən. Hələ nənəsin yumruxlamağın demirəm. Maşallah, elə güjdüdü ki, arvadın başı silkələnir zərbədən. Amma nəvə baldan şirindi də. Nə desin uşağa? Uşaxdı da adı üstdündə. Onun indi nəvə tərəfindən yumruxlanan vaxtıdı. Uşağın da xoşu gəlir, tez-tez mənə diyir ki, məni apar nənəni döyüm. Nənəsi zalım da ölür e bununçün, atamın goru haqqı. “Adə, kişi qırığı, gəldin yenə nənəvi əzişdirməyə?!”.

Məndən qabaqda növbədə bir qadın var. Maşallah o qədər səbirlidi ki… Məəttəl qalıram da bu qadınlardakı səbrə… Uşağının qızdırması düşmür. Dili topuq vura-vura təxminən 16-17 yaşlarında olan qızdan özünün dediyinə görə ucuz və “qızdırmanı xırp xəsən” dərman istəyir.

− Uşağın atası işdədi, demişəm dosdunnan da soruşsun, dostunun qızı bu il Medinistuta qəbul olub, iki-üç aydan sonra dərsdəri də başdıyır.

− Xala, bu dərmanı ver, yaxşı dərmandı. Köməy eləməsə, gəlin, başqasın verəy. Bu yaxşıdı, hamı alır.

Qız üzərindəki ağ xalatın yaxasını səliqəyə salaraq özünəməxsus bir əda ilə dərmanı gətirməyə yollanır.
Apteki işlədən kişi telefonla danışa-danışa qəfildən aptekin qapısını açır. Qapının “heyrətamiz” cırıltısı kişinin içəri girərkən çıxmaq istəyən bir qadına jest etməsilə bir neçə saniyəlik səngisə də, gözlər çox intizarda qalmır. Tiktokdakı videoların sonunda gələn bildiriş səsinə bənzər səslə qapının cırıltısı kəsilir.

Kişi ikinci vitrinin arxasında xidmət göstərən qızla yarıəsəbi və əmredici tonda danışmağa başlayır.

− O kurs var idi a, açmışdıx, aptekdə işdəməy kursu

− Hə məllim, əzaçı kursu, əccacı, ay da, nə idi o zibilin adı, dilimin ucundadı ey.

− Hər nəysə, kişi sərt baxışları ilə qızın yaltaqlanma arzusunu ürəyində qoyur.
Ora bizim Aslanın da qızın yaz, bildin də, hansı, kiçiyi, o dayanan yerdə qışqıran var a, o qız. Ona da bir diplom yazarıx işdəsin, evdəkiləri bezdirib lap.

Növbəm çatanda satıcı qızın əzici baxışlarının mühasirəsində qarın ağrısı dərmanının adını deyirəm.

# 1228 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #