Dəmir xatirə - Hamlet Cəfər

Hamlet Cəfər

Hamlet Cəfər

5 dekabr 2021
# 18:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Hamlet Cəfərin “Dəmir xatirə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

“Laçınım, Laçınım, Laçınım mənim”. Cəsur sərhədçilər ehtiyat tədbirləri görəndə, Mayor Həsənli ağac kötüyünün üstündə oturub bu mahnıya qulaq asırdı. Onun üçün bu nəğmə qəhrəmanlıq səlnaməsinə çevrilmişdi. Heç vaxt onu bu qədər diqqətlə dinləməməmişdi. Gözlərini yumub, başını sağa-sola hərləyərək onu hiss etməyə çalışırdı.

Mahnı bitdi. Həsənlini elə bil gözəl yuxudan ayırmışdılar. O, gözünü üfüqdə parlayan günəşə zillədi. Gözlərini oradan çəkmək istədi, amma alınmadı. Uşaqlıqda hər səhər belə edərdi. Hətta dostları ilə yarışırdılar da. Dərindən ah çəkdi. Bu onu o gözəl, qayğısız günlərə apardı: Həkəri çayının sahilində oynamağı, uşaqlarla taxtadan düzəltdikləri avtomatlarla vuruşmaqları, qışda xizəklə sürüşməkləri yadına düşdü. Qeyri-ixtiyari üzündə təbəssüm canlandı. Hafizəsini bütünlüklə yoxlamaq istəyirdi. Gizlənqaç oynamaqlarını xatırladı. Hətta bir dəfə elə yerə gizlənmişdi ki, axşamacan onu heç kəs tapa bilməmişdi.

Laçında ona kədərli gələn təkcə hadisə vardı: “cənnət” i tərk etmələri. Xoruzlar banlamamış, inəkləri böyürməmiş, qoyunları mələməmiş qaçmağa məcbur oldular. Həmişə Həsənli heyvanlarla hal-əhval belə tuturdu.

O vaxt yeddi yaşı vardı. Artıq yekə oğlan idi. Buraya nə vaxtsa, yenidən qayıdacaqlarını bilirdi. Bunu sübut etmək üçün yeri qazdı. Dəmirdən olan oyuncaq əsgər fiqurunu oraya yerləşdirdi. Kağız götürüb bu misraları böyük hüznlə yazdı: “O oyuncaq əslində mənəm. Qayıdacağam. Hələlik!”

Hətta bu cümlələri yazanda göz yaşının vərəqin üstünə töküldüyünü də xatırladı. Kağızı dəmir qutunun içinə qoydu. Çuxurun ətrafını torpaqladı və onlar böyük yük maşını ilə Laçından uzaqlaşdılar...

Bütün bunlar onun gözünün önündən kino lenti kimi keçdi. Qarşısına məqsəd qoydu: xatirələrinə qovuşmalı idi.

Bütün bunları xatırlayanda xarab olmuş su kranından düşən damcılar onu müşayiət edirdi. Hər dəfə boş vedrənin içinə düşəndə, sanki bu hadisələr ona daha da kədərli gəlirdi.

Laçına ayağı dəyər-dəyməz evlərinin axtarışına çıxmışdı. Tapmışdı da... Bu artıq başqa bir əhvalatdır.

Fikirləşmədən oraya yollandı. Tərslikdən düşmənlər hər şeyi dağıtmışdılar. Həsənli bağlamanı yelləncəyin yanında basdırmışdı. Təkcə çay daşlarından böyük məharətlə tikilmiş bir hasar qalmışdı.

Yamyaşıl, hamar otların üstündə uzandı. Yenə günəşə baxırdı. Onun üstündə mayorun uşaqlıq silueti canlandı. Uşağın üzündəki təbəssüm getdikcə solurdu.

Hiss etməmişdi. Artıq Günəş batırdı. Aydın səmaya nəzər yetirdi. Elə bil göydə xəzan baş verirdi. Həsənli payızı xatırladı. Dostları ilə birlikdə yarpaq hovuzu düzəltmişdilər. Quru, amma bir o qədər gözəl olan yarpaqların üstünə hoppanırdılar. Onların çatırtısından həzz alırdılar. İndi sanki onun ürəyi belə qırılırdı.

Dikəldi. Uşaqlığı sürətli qatar kimi uzaqlaşırdı. Nə olursa olsun, onu tapmalı idi.

Bu anda günəş bir parça torpağı işıqlandırdı. İlk dəfədən bunun nəyə dəlalət etdiyini anlamadı. Özü də bilmədən ayağa qalxdı və oraya yaxınlaşdı. Qazmağa başladı. Tapa bilmirdi. Deyəsən, oyuncaqla birlikdə xatirələrini də basdırmışdı.

Bel nəyəsə toxundu. Bəli, toxundu... Əlləri ilə qutunun ətrafını təmizlədi. Çıxartdı. Ağzını açdı və budur: oyuncaqla kağız parçası orada idi. Gözündən gilələnən damcılar çay kimi özünə yol taparaq vərəqin üstünə töküldü. Bu an bərk külək qopdu. Həsənov kağızı cırıb vızıllatdı və bağırdı:

- Qayıtdım!!! Bəli, mən gəlmişəm!!! Buradayam!!! Narahat olma!!!

Külək gözünün yaşını qurutdu. Bütün pis xatirələr ondan uzaqlaşırdı. Bir an özünü səmada qanad çırpan qartala bənzətdi. Nə edəcəyini bilmirdi. Oyuncağı cibinə qoydu.

Hava qaralırdı. Günəş onunla bu günlük sağollaşdı...

Əvvəlki yerə qayıtdı. Damlamaqda olan su artıq dayanmışdı... Suyun üstündə uşaq gülümsəyirdi...

# 6783 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #