Cəmilə - Orxan Saffarinin yeni hekayəsi

Gənc yazar

Gənc yazar

14 sentyabr 2023
# 15:00

Kulis.az gənc yazar Orxan Saffarinin "Cəmilə" adlı yeni hekayəsini təqdim edir.

Demək istəmirsən niyə elə olduğunu?

Yox. Heç danışmaq da istəmirdim, bağışla. Özüm də bilmədim niyə belə oldu. Bağlayaq bu məsələni… Amma onu sevirdim mən. Hələ xəyanətlərinə də göz yumurdum. Kişidi də, neyləyim? Guya hansınız eləmirsiniz? Hamınız bir bezin qırağısınız. Belə danışdığıma baxma. Pis adam deyildi o. Mənə də yaxşı olmuşdu.

Deyəsən, peşmansan indi.

Bilmirəm… Hər şeyi məhv elədi. Özü də bədbəxt oldu, məni də bədbəxt elədi, tək qoydu. Sonda da belə... – Cəmilə ərindən danışa-danışa gözləri dolur, ağlamsınırdı.

Doğrusu, bu vəziyyət məni sıxırdı da. İstəyim, sadəcə, sevişmək olsa da, dişimi dişimə sıxıb, onun bu lazımsız xatirələrini dinləyirdim. İlk görüşümüz idi deyə, nə sözünü kəsə bilirdim, nə də mövzunu dəyişə.

Məcbur olub özümü guya onu başa düşür, halına yanırdım kimi göstərirdim ki, inciməsin, mənim üçün insan kimi də maraqlı olduğunu hiss etsin.

Deyəsən, sevişmək üçün bu əzaba bir az da dözməli olacaqdım.

*

Cəmilə pivədən içə-içə doluxsunan gözünü ovuşdurur, bütün həyatını, əri ilə birlikdə olduğu günləri sürətlə danışırdı. Sonraya heç nə saxlamırdı. Sanki bir az da ərinin məndən yaxşı kişi olduğunu, onu heç kimin əvəz etməyəcəyini sübut edirdi.

İçimdə isə deyirdim:

“Ərin yaxşı kişi olsaydı, mənim yanımda nə işin vardı?”

O danışdıqca həyatın belə şeylərlə dolu olduğunu, bir gün hamının gedəcəyini, ayrılacağını izah edib, ömrümün axırına qədər də Cəmilənin yanında qalmaq istədiyimi deyirdim. Mən bir az da qadın zırıldamağına dözə bilmirəm və bu dünyada, qadın göz yaşlarından yalan heç nə yoxdur.

*

Cəmilə ilə çoxdan yazışsaq da, onun belə darıxdırıcı qadın olduğunu güman etməzdim.

Bəlkə də, ilk görüşdən bu cür olması onu maraqsız göstərirdi. Halbuki, o virtual dünyada xeyli maraqlı qadındı. Gecələri biz hərdən feysbukda danışaraq virtual sevişər, xeyli dərdləşərdik də. Bu günə qədər ərindən, ona olan sevgisindən isə bu qədər söz açmamışdı.

– Cəmilə, bəlkə, içməyəsən, daha bəsdir? – sualımın altında, onunla bu vəziyyətdə sevişə bilməyəcəyimin narahatlığı dayanmışdı.

– Yox, yaxşıdı hər şey. İçməyəcəm, o heç, amma emosionallaşdığıma görə məni bağışla. Deyəsən, bir az kədərli danışdım. Səni də yordum – dedi.

– Olan işdir, narahat olma-deyib, qucaqladım. Bu dəfə səmirsiz qaldı. Qucaqlamasa da, nəfəsini içinə çəkib, yanağını çiynimə söykədi. Elə bil bir andaca güvəndi, inandı mənə. Elə bil neçə illik əriyəm.

– Amma səndən son bir xahişim var. Ərimi görmək istəyirəm. Ona qıraqdan baxaq, – Cəmilənin qəfil dediyi bu istək, məni bir az vahiməyə də saldı. Necə yəni ərimi görmək istəyirəm? Belə şeymi olar?

Cəmilə sözünə davam elədi:

– Sadəcə, mən görüm. O görməyəcək, narahat olma. Sonra da bizə gedərik, bu gün mənimlə qal – deyəndə, sanki içimə su sərpildi. Nəhayət, istəyimə çatacaqdım.

Əvvəl narahat oldum ki, ərindən bu qədər danışıb, vicdan əzabı çəkdiyinə görə sevişməyəcək də.

Onun bu istəyinindən imtina edə bilməzdim. Qorxa-qorxa olsa da razılaşdım. Vaxt itirmədən hazırlaşıb restorandan çıxdıq. Taksidə özüm də arxada oturdum. Əvvəl əlimi ayağının üstünə qoysam da, sonra əlindən tutdum. Barmaqlarımı barmaqların arasına keçirdib, yanında dayandığımı, onunla olduğumu bildirdim.

Belə şey həyatımda ilk idi. Yəqin, son da olacaq. Hələ də mənə çatmırdı ki, axı bu nədir? Biz niyə belə edirik? Mən neyləyəcəm? Üstəlik, gecə saat iki. Sevişəcəyim qadının ərini görməyə gedirəm. Bundan böyük axmaqlıq var? Birdən nəsə oldu? Biz onunla yol boyu heç nə danışmadıq. Daha doğrusu, bilmirdim ki, nə danışım, nə deyim?

Ünvana çatanda taksi özü də duruxdu. Bu vaxtı bura gəlməyimizi heç cür aydınlaşdıra bilmirdi:

– Ünvan dəqiq buradı, qardaş? – deyə, təəccüblü şəkildə sual verdi. Ətrafa boylananda Cəmilə dilləndi:

– Hə, hə, buradı, buradı.

Taksidən düşəndə qəfildən canıma üşütmə düşdü. Bir anlıq harada olduğumu xatırladım. Amma özümü qorxan göstərməli deyildim. Bir haldakı Cəmilə özü qorxmur, mənim də qorxmağım ayıb olardı. Biz yavaş-yavaş Cəmilənin ərinin olduğu tərəfə getdik. Bu ot-alaq basmış, kələ-kötür yerlərə işıq sala-sala necə gedib çıxdığımı bir Allah bilir, bir də mən.

Cəmilə haqqında çox şeyi bilsəm də, əri haqqında çox da bir şey bilmirdim. Kimdi, nəçidi, nə olub, niyə belə oldu?

Yeri gəlmişkən, Cəmilənin 45 yaşı var. Məndən 20 yaş böyükdür. Deməyə də utanıram, anamla tay-tuşdu. Hətta bir an ağlıma gəldi ki, onlar uşaq vaxtı birlikdə “Lager”-də də olublar. Əgər anam bunu bilsə, üzümə tüpürər. Cəmilə tez evləndiyinə görə, məndən cəmi 2 yaş kiçik, 23 yaşında bir oğlu da var. Onunla belə görüşümüzün səbəbi, oğlunun Türkiyədə oxumasıdır.

*

Qəfildən Cəmilənin əri ilə üzbəüz dayandıq. Məni bir anlıq əsməcə tutdu. Kürəyimin ortasından soyuq tər, elə bil, şəlalə kimi özünü dağdan çırpdı. Gözüm elə hey orda-burda kimisə axtarırdı.

Məmmədov Soltan Hüseyn oğlu-telefonun işığını məzardaşına salıb baxanda, ilk adını oxudum. Bu nazik bığlı, arıq kişi Cəmilənin rəhmətlik əri idi.

Məzarı görəndə özünü saxlaya bilmədi. Daşı öpüb ağlayır, əli ilə üzünü sığallayırdı. Bu dəfə içini lap pis çəkdi. Adam belə aha görə xortdayıb məzardan durar. Elə bil, üzr istəməyə gəlmişdi. Sanki bir az da acıq çıxırdı ondan.

Çiynindəki tül örtüklə sinədaşının üstünü silməyə başladı. İçimdəki qorxu isə getmək bilmirdi. Gözüm ora-bura baxırdı ki, görəsən, kimsə gələr? Yaxşı, tutaq ki, gəldi, nə edəcəm? Yaxşı ki, ruhlara inanmırdım. Yoxsa, təmiz dəli olmuşdum. Gecələr qəbiristanlıq necə də qorxulu olurmuş. Cəmilənin də bu vəziyyətində nə edəcəyimi bilmədim.

Görəsən, onu qucaqlayımmı? Əşi, yox, əri məzardan da olsa baxır. Ayıbdı-düşündüm. Niyəsini bilmirəm, düzü içimdə bir az başqa cür şeşələndim də. Mənə elə gəldi ki, əri sağ olsa da belə edə bilərdim. Cəmilənin onun gözünün qarşısında öpərdim. Bir neçə dəqiqə sadəcə susdum. Heç ətrafa da baxmadım.

Qolundan ehmalca toxunub qaldırmaq istəyirdim ki, Cəmilə özünü üstümə atdı. Qucaqlayıb hönkürdü. Özümü saxlaya bilmədim. Dodaqlarını öpüb çəkilsəm də, qarşılıq verdi. Bir andaca ehtiraslandım. Elə bil, onların yataq otağı idi bu məzarlıq. Sürətlə köynəkləri çıxartdıq. Cəmilənin göz yaşı dodaqlarına qədər süzülmüşdü. Öpüşəndə ağzıma başqa tam gəldi.

Onu Soltan qardaşın sinədaşına söykəyib öpməyə başladım. Deyəsən, bu vəziyyətdən bir az da həzz alırdım, sanki mən də Cəmilənin ərindən nəyinsə acığını çıxırdım. İlk dəfə idi gözü açıq öpüşdüm bir qadınla. Ərinə baxırdım, o da bizə baxırdı.

Sağ olsaydı, ondan yaxşı gözüylə görən çıxardı.

Boynunu, boğazını öpdüm Cəmilənin. Hələ döşlərini də çölə çıxartdım. Ağlaya-ağlaya ofuldayırdı. Görəsən, o, əri ilə sevişəndə heç ehtirasdan ağlamışdı?

Cəmilənin əllərini Elçinin şəkli olan tərəfdən yuxarı qaldırıb, daşa söykədim. Ətəyini yuxarı qaldırdım. Ağzını daşa, Elçinin şəklinə söykəyib, səsini qısdı. Ətrafa iniltili bir sükut çökdü.

# 3330 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #