Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Hökumə Əmiraslanovanın “Çağırılmamış qonaqlar” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Bu gün yenə o səhər tezdən - saat yeddidə yuxudan oyandı. Bir müddət çarpayıda uzanıb illərdir vərdiş elədiyi hərəkətini - boş-boş tavana baxmağı da yadından çıxarmadı. Çətinliklə də olsa isti yerini tərk edərək paltarlarını dəyişdi. Pəncərəni açdı. Payız günəşi, sanki, üzünə güldü. O, günəşə narazılıq əlaməti olaraq başını yellədi və pəncərəni örtdü. Xəyalında yenə maraqsız işi, başları hava kimi boş olan adamların söhbətləri canlandı. O, miskin baxışlardan, başsız kütlələrdən bezmiş biri idi. Bu gün-on yeddi noyabr işə getməmişdən qabaq onun həyatında görülməmiş bir hadisə baş verdi. Qapı döyüldü. Heç bir qohumu ilə əlaqə saxlamayan, dost nədir bilməyən, qonşularını tanımayan və onlardan salamı belə əsirgəyən dirilər şəhərinin “ölü sakini”-ni kim idi bu vaxt yada salan deyə düşündü. Yəqin, nəyə isə pul yığırlar fikri ilə deyinə- deyinə qapını açmağa getdi. Qapını açarkən iki nəfəri- ana-balanı gördü. Qadın 33-34 yaşlarında üzündə xəfif qırışlar olan biri idi. Yanındakı oğlan uşağının isə 9-10 yaşı ancaq olardı. Uşağın gözləri işıltısı ulduzlardan daha parlaq görünürdü. Buna baxmayaraq onların hər ikisinin ürəyi bala quş kimi əsirdi. Cahan ilk dəfə idi ki, insanlara qarşı bu qədər mülayim olurdu. Ürəyində onlara qarşı ilıqlıq, doğmalıq baş qaldırmışdı. Kim idi onlar, niyə məhz Cahanın evinə pənah gətirmişdilər? Cahan, sanki, buza dönmüşdü, yerindən tərpənmirdi. Cavabsız sualları isə səssiz şəkildə ürəyində fikirləşirdi. Bir neçə dəqiqədən sonra, elə bil, yuxudan ayılan Cahan onları içəri dəvət etdi. Onlara isti çay verdi. Nə qadın, nə də uşaq bir kəlmə də kəsmirdi. Sadəcə qadının gözündən bulaq kimi axan göz yaşı yaşadıqlarının tərcüməsi idi. Bu yaşlar Cahanın qəlbini də kövrəldirdi. Onlar bir qədər keçdikdən sonra heç nə demədən çıxıb getdilər. Cahan uşağın qapıdan çıxarkən üzündə gördüyü məsumluğu heç vaxt unutmaycaqdı. Bu, ən dəyərli zinətdən də qiymətli idi. Bu hadisədən günlər keçməsinə baxmayaraq Cahanın ağlından o səhnələr çıxmır, uşaqların səbirsizlikə gözlədiyi bazar günü kimi o da qapının döyülməsini və onların yenə gəlməsini arzulayırdı. İnsan xisləti unutmağa meyilli olduğu üçün aradan keçən fəsillər, illər də Cahanın yaddaşını təzələyirdi. O, illərdir etdiyi kimi evdən- işə, işdən- evə gedib-gəlirdi. O, hər gün avtobusda dərdləri Füzulinin əsərləri kimi cildlərlə olan qadınların şikayətlərindən bezmişdi. Evə gələrkən o qədər yorulurdu ki, ona baxan yerə enən təyyarə kimi süründüyünü görərdi. Onun həyatında heç bir dəyişiklik olmamışdı, ta o günə kimi...
O, bir dekabr axşamı həmişə olduğu vaxtda evinə gəlirdi. Evinin yanına çatarkən onun yerində yalnız uçmuş divarlar, istifadəsiz hala gəlmiş bəzi əşyalar, bir də ən sevdiyi şey olan qırılmış çarpayısı qalmışdı. İlk əvvəl o, gözlərinə inana bilmədi, elə bildi ki, səhv görür. Kim idi onun yeganə sərvəti olan “isti yuva”-sını uçurdan? Kim idi buna qol çəkən? Kim idi müqəssir? Suallarına cavab tapa bilməyən biçarə saatlarla qırılmış çarpayısının taxta başlığının üstündə oturdu. İndi o, əsl səfalət heykəlinə bənzəyirdi. Saat gecə yarısını çoxdan keçmişdi. O, isə bunun fərqində deyildi. İndi o hara gedəcəkdi, harada qalacaqdı özü də bilmirdi. Bir qohumla münasibəti yox, bir qonşudan yer istəməyə, söz soruşmağa üzü yox... Tutaq ki, taksi çağırdı hansı ünvana deyəndə nə cavab verəcəkdi axı. O, yerindən qalxdı, qaranlıq küçələri yara-yara gedirdi. Mənzilini bilmirdi, amma yenə də gedirdi. Arxasıycan düşən itlər, yağan yağışın palçıqlı suyu vecinə deyildi. Xeyli getdi, neçə kilometr getdiyini bilmirdi, amma xeyli getdi. Yolun kənarında işığı yanan bir daxma gördü. Sanki, o daxmada xoşbəxtlik tapacaqmış kimi qapını döydü. Qapını açan həmin ana və oğlu idi. O, gözlərinə inana bilmədi. Qadının ilk dəfə səsini eşitdi. Qadın dedi: “ Xoş gəldin, yuxusuz gecəmizin qonağı, biz də səni gözləyirdik”.