Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fuad Novruzlunun “Buxarlanma” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
(kontent-hekayə)
Vitrindən asılmış sarı qəzetlər "qasid" köşkünü zamanın küləyindən müəyyən qədər qorumuşdu. İçəridə oturan yaşlı Qasidçi isə zaman rüzigarının amansızlığını hiss etmişdi, hər halda onun fiziki göstəriciləri bundan xəbər verirdi. Bayraq rəngini dəyişib üç rəngə boyandıqdan sonra Qasidçinin saç-saqqalı da boz-ağ rəng almışdı, həyatını həzm etməyə və yaymağa həsr etdiyi məlumat formatı isə sanki buxarlanaraq virtual aləmə, onun qavradığı üçölçülü dünyadan çoxölçülü mücərrəd aləmə çəkilmişdi.
Bayrağın al-qırmızı vaxtı, Sovet işçi sinfinin nümayəndəsi olan Qasidçi bu budkanı məlumatı yayma və istehlak mərkəzi kimi qəbul edirdi, özünü isə bu kütləvi məlumat bazasının əbədi növbətçisi bilirdi. İşçi "sinif yoldaşları" qasid ətrafına toplaşıb məlumat monopoliyası AzTV-yə təklif etdiyi alternativi - "Pravda", "Kommunist" qəzetlərindən məlumatı Qasidçi ilə müzakirə edər, beynində çeynəyər və öz qavrama tərzinə uyğun istehlak edərdi. Qasid ətrafına yığışan kütlənin fikir müzakirəsi müəyyən qədər Qasidçi tərəfindən yönləndirilər, oxucular bu məlumat parçaları üzərində fərziyyələr qurar, sətiraltı mənalar axtarar, arada fikir ayrılıqları nəticəsində mübahisə edərdilər.
Bu fikir ayrılıqları Qasidçidə məlumata obyektiv, hərtərəfli yanaşma refleksi və bitərəflik keyfiyyəti inkişaf etdirmişdi. O, belə mübahisələrdən azca şənlənər, "debatçı"ların dialoq mədəniyyətindən uzaq, əsl Sovet vətəndaşına xas, məntiqdən uzaq, inanclara, adətlərə və ideologiyaya arxalanan, tez-tez fikir müstəvisindən şəxsi müstəviyə keçən "arqumentlərini" beynində bitərəf tərzdə yüngülvari oynadardı. Xüsusilə qızğın "debatlarda" dodaqaltı deyinərdi: "Ə, bu bədbaxt yığını dialoq mədəniyətini harda görüb, ailədə yox, məktəbdə yox, institutda vabşe yox, işdə də g*tün nədi fikir bildirəsən" Adətən "debat"ın qalib tərəfi "Mənim tanışım flan yerdə işləyir, o deyib ki belədi" kimi nə yalan, nə də həqiqət olduğu bilinməyən kvazi-məlumat parçası ilə mübahisəyə son qoyurdu.
Yeganə mənbədən gələn və ustalıqla emal olunmuş ictimai-siyasi məlumat toplusu və Qasidçinin onlar üzərindəki mülahizələri onun subyektiv reallığını təşkil edirdi. Çapdan çıxmış məlumat barədə onun fikir və fərziyyələrinin avtoriteti, toplaşmış oxucuların, paradoksal olaraq, sosial sinif konseptini inkar edən Sovet cəmiyyətinin hansı sinfindən olduğundan asılı idi. Məsələn, ağır metallurgiya zavodunun gənc işçilərinin məlumatı birbaşa, qızğın və dəliqanlı həzm etmə temperamenti ilə, incəsənət təmayüllü institutun müəllim heyətinin abstrakt və kreativ qavrama tərzi yerlə göy qədər fərqli idi. Müştərilərin bu qavrama-özünüifadə fərqlilikləri tənhalığı tərəfindən köşkünə təhkim olunmuş Qasidçinin subyektiv reallıq dənizini dalğalandırar, budka - qayığının bu reallıqda yelkənsiz qayıq kimi yırğalandığını hiss edərdi. Sovet propoqandası məqsədinə qismən çatmışdı, Qasidçinin subyektiv reallıq dənizində mayakı hökümət qəzetlərindəki baş məqalələr idi. Lakin propoqandanın effekti də qaçılmaz yan təsir yaradırdı - işçi sinif nümayəndələri verilən konkret məlumata öz subyektiv mülahizələri bucağından baxırdı.
Qeyd etmək vacibdir ki, Allah konsepti Qasidçinin ürəyində közərən kömür parçası kimi varlığını davam etdirirdi, zaman küləyi isə vaxtaşırı kömürü közərdirdi, lakin oxuduğu və satdığı iri kağız qəzetlər inanc alovunu çox alışmaqdan qoruyurdu. Bəzən xəbərlər Qasidçidə daxili dialoq yaradırdı ki, bu dialoq onun dini, mənəvi və siyasi anlayışlarını sınağa çəkirdi. Məsələn, qəzetdə Sovet qitələrarası ballistik nüvə raketlərinin tərifini oxuyan qasidçi fikirləşirdi: "Bu zibil bizdə varsa, amerikanlarda da var, hərəmiz birini göndərsək dünyanın axırıdı, axirət dünyasında da hökm nə proletariatındı, nə kapitalistin, axirətdə hökm Qurbanolduğumundu. Qurbanolduğum da deyəsən elə qiyaməti gözləyir, köpəyuşağı amerikanlar Vyetnamda kəndlərin üstünə od töküb arvad-uşağı yandıranda heç tükü də tərpənmədi. Ə, bəs na***a qurban oluram buna?! Əstafurulla! Əstafurulla! Əstafurulla!!!"
Müstəqillik istəyib ayağa qalxan camaatı oraqla biçib, çəkiclə vurandan sonra, zaman küləyi yetmiş il dalğalanan al-qırmızı bayrağı flaqştokdan qəfil qoparıb apardı. Təzə bayraq daha rəngarəng idi - qasidə gələn qəzetlər də monorəngliyini qəfil itirdi. Müştərilərin dialoq mədəniyyətində isə inkişaf yox idi - əksinə, kəskinləşmə, təhlükə və qeyri-sabitlikdən irəli gələn əsəbilik nəzərə çarpırdı. Qəzet məlumatlarının ayrılmaz hissəsi olan müharibə xəbərləri həmişəkindən çox daha yaxından gəlirdi. Mübahisəli ərazilər daha dünyanın o başı - Vyetnam, Koreya, Əfqanıstan deyil, Laçın, Ağdam, Xankəndi idi. Müharibə qurbanlarının adı da məhz Azərbaycanlı ad-soyadları idi. O necə olur qonşu, dost millət səni öz torpağından qovur, qova bilmədiyini qırır? O necə olur "dost millətlərin" ortaq ordusu bir millətin xeyrinə o birinə təcavüz edir? Qasidçi tez-tez bu sualları verən müştərilərlə ünsiyyətdə olur, çaş-baş qalır, illərin qazandırdığı bitərəf obyektivliyi axsayır, sonra belə nəticəyə gəlirdi ki, o qırmızı bayraqdakı oraq-çəkic lazım gələndə "dost-qardaş" xalqların hərəsinə birini verib sonsuza qədər bir-birini qırdırmaq üçündür. "Həə, birinə orağı ver, birinə çəkici, parçala, hökm elə! Üç ağsaqqal da pox yeyir..." Qeyd etmək lazımdır ki, Ali Hakimiyyətin eyni nöqtədə - Moskvada qalması Qasidçinin subyektiv reallığına müəyyən sabitlik havası gətirirdi.
Qasidçi hiss edirdi ki, başı bir-birinə zidd anlaşılmaz fikirlərlə dolu konserv qutusu kimidir, cümlələr eyni ölçüdə kilkələr kimi bir-birinə sıxılıb qalıb, hamısı bir yerdə lazım olan konkret mesajı hasil eləyə bilmir. Bununla belə, o, tədricən anlayırdı ki, camaat day qlobal məsələlər ilə maraqlanmır, beyninə əziyyət verib uzun, təfərrüatlı məlumat parçalarına girişmir. Müştərilərin tələbi qısa, asan, yarıciddi materiallar təklif edən nəşriyyatlara, erotikaya ya da kriminala yönlənmişdi. O öz üzərində hiss edirdi ki, insanların beyni uzun, detallı məlumatları həzm etməyə əvvəl istəyini, sonra qabiliyyətini itirmişdi. Oxucular məlumatları lap Qasidlə üzbəüzdəki dönərxanada fast-food yedikləri tərzdə istehlak edirlər. "Ə, keyfiyətsiz vredni produktu iki dəqiqəyə hazır eliyir, beş dəqiqəyə yeyirsən, dadını-kayfını tutursan, vsyo da, qaldın razı, adama ta nə lazımdı?" Həqiqətən, məhsul tez hazır olur, tez yeyilir, dad reseptorlarını razı salır və bədən qısa zaman çərçivəsində doyma siqnalı verir. Yeni format məlumatlar da oxşar mexanizmlə işləyir - populyar nəşriyyatlar daha sosialist əməyi qərhəmanları və onların əməyinin İttifaqa müsbət təsiri barədə deyil, kriminal aləmin qəhrəmanlarının "seryoznu dvijeniyaları" barədə, hər hansı qadın model və ya müğənninin intim həyatı barədə insanın ibtidai instinktlərini qıcıqlandıran və qıdıqlayan məlumat və görüntü parçaları təklif edirdi. Eyni zamanda televiziya da monotonluğunu itirmişdi, sanki verilişlər "fast food mexanizmi"nə əsaslanan populyar mədəniyyəti dirçəltməyə köklənmişdi. Zaman küləyi İttifaqın mənəvi dəyər standartlarını amansızca məhv etmişdi. Qasidçi özü də köşkün içinə balaca bir "pop-kültür" qutusu qoymuşdu. Ağ torla örtülmüş ekranda yeni formatlı verilişlərə, xarici filmlərə baxırdı. Hər gün gələn qəzetləri daha əvvəlki entuziazmla, diqqətlə oxumurdu - televizorda görüntülü şəkildə təqdim olunan və rahat həzm olunan məlumat qəzetlərin ikiölçülü platformasını darıxdırıcı və qeyri-aktual etmişdi.
Qasidçi ilk smartfonunu alanda budkanın vitrinindəki uzun-uzadı məqalələr nəşr edən qəzetlər çoxdan saralmışdı, ən çox alınan qəzetlər isə kriminal və sport-qumar nəşrləri idi. Barmaq toxunuşu ilə tonlarla qəzet ekvivalenti məlumat bazasına keçid əldə etməyi öyrənən Qasidçi zamanın sürətli küləyini öz üzərində hiss etmişdi. Onu fikir alır, öz-özünə deyinirdi: "Ə, vallah, bu xəbərləri, şərhləri hər yerindən duran yaza bilər, bunlara bir hə-yox eliyən də yox, kimə nətəər sərf eliyir heylə də yazır, day bu nooldu, bu zibilin hökuməti yoxdumu?!"
Qasidçinin daxilində uyumuş İlahi inanc kömürünü zaman küləyindən qoruyaraq alovlanmağa qoymayan tirajlı qəzetlər daha funksiyasını yerinə yetirə bilmirdilər. Virtual aləmdə qabağına çıxan biədəb şəkillər və özünün mənəvi standartlarına uyğun olmayan məlumatlar onu hürküdür və Allah inancını tədricən alovlandırırdı. Tanıdığı və öyrəşdiyi məlumat formatı gözləri qabağında virtual aləmə buxarlanmışdı, özünün obyektivliyinin söykəndiyi fakt və dəyərələr zamanın rüzigarı tərəfindən uçurulmuşdu. Yeni virtual aləmdə yeni suallar verib yeni cavablar tapmaq ehtiyacı yaranmışdı.
Din bu funskiyanı ideal yerinə yetirir, inanclı insanın yeni virtual - real aləmdə çoxşaxəli suallar verib onlara cavab axtarmaq kimi ehtiyacı yoxdur, dindar insanın verəcəyi suallar və alacağı cavablar artıq neçə əsrlərdir standartlaşmış qəliblərdədir. Qasidçinin subyektiv reallıq dənizində yeni mayakı kifayət qədər paradoksal və mücərrəd varlıq - Allah idi.
Lakin... indi Qasidçinin qayığı yelkənli idi - onun smartfon proqramının alqoritmi ancaq onun inancına uyğun və onu razı salacaq məlumat axını ilə əhatə olunmuşdu...