Kulis.az “Hekayə müzakirəsi" layihəsində Sevinc Elsevərin “Azad” adlı hekayəsini təqdim edir.
– Azad! – komandir növbəti dəfə səsi gəldikcə bağırdı.
“Azad...” Bu dörd hərfli kəlmə hərbi xidmətdə çoxlarına görə sadəcə rahatlıq gətirən əmrdir, amma mənimçün yalnız söz deyil, keçmişim... uşaqlığım... gələcəyim... taleyimdir...
Komandirdən hər dəfə “Azad” əmrini eşidəndə başqalarından fərqli olaraq, içimdən üşütmə keçirdi. Elə hiss edirdim ki, bundan əvvəl bir dəfə də bu dünyada olmuşam, başqa bir həyatı yaşamışam. Bəlkə də hamı kimi. Ancaq heç kim əvvəlki həyatından heç nə xatırlamadığı halda, mən xatırlayıram və əzab çəkirəm. Bu, bir az da haqsızlıq kimi görünürdü mənə.
Azadlıq duyğusunun necə bir duyğu olduğunu anlaya bilmirdim. Mənə elə gəlirdi, çiynimdə yük var, ölənə qədər də ondan azad olmayacam.
Nə çiynimdəki yükdən, nə də yada düşdükcə əzab verən xatirələrdən qurtula biləcəm.
Müharibə vaxtı ermənilərin kəndimizin bağrına sancdığı raketin yerində dayım hələ ev tikdirməmişdi. Orda adam boyundan bir azca hündür təpəlik vardı. Kəndin uşaqları təpənin başına dırmaşar, sürüşər, yaşıl çəmənlikdə ağnaşardılar. Qışdasa, məktəbdən qayıdanda portfellərimizi altımıza qoyar, xizək kimi təpənin üstündən sürüşdürərdik.
Bir dəfə də əmimin qızıyla o təpənin üstündə sözümüz çəp gəldi, qızla süpürləşəndə, qolu qanırılaraq, dirsəkdən çıxdı. Qızın ah-fəğanı göylərə bülənd oldu. Uşaqlar anasına xəbər uçurtdular, əmimin arvadı Sərvinaz bibi (bizlərdə əmiarvadına bibi deyilərdi) balağını əlinə alıb üstümə gəldi:
– Azad, görüm sənin ciyərin yansın! Səni erməni gülləsinə tuş gələsən! Yenə bu qızı nə günə qoymusan?
Əmim arvadı Sərvinazın gözü elə qızmışdı, səsi bütün kəndi başına götürmüşdü. Əmim qızının hay-qışqırığına, əmim arvadının səs-küyünə hamı başımıza yığılmışdı.
Adamların arasında gözüm anamı gəzdi. Baxdım ki, arvada çırtma vursan, qanı çıxmaz. Sərvinazın da qarğışını eşidib abrına qısılmışdı, dilinin altında söylənirdi, amma ara qızışmasın deyə, yaxına durub bir söz demirdi. Azad əminin anası Telli nənə peyda oldu, Sərvinaz bibimin üstünə şığıdı:
– Ağzın qurusun! Dilin yansın elə! Sən mənim acığıma bu uşağı söyüb qarğayırsan? Mənim sinəmə dağ çəkmək üçün? Gözün Azaddaydı, sənə dönüb baxmırdı, onun acığını çıxırsan məndən?
Elə bilirsən, bilmirdim? Azad erməni gülləsinə tuş gəldi, dincəlmədin? Bəs olmadı? Ürəyin soyumadı?!
Sərvinaz bibimin gözləri alacalandı, hikkəsindən əl atıb saçlarını yoldu. İki əliylə üzünü cırıb, saçlarını küləyə verdi, Allaha, imama, peyğəmbərə and içdi, üstümə yeriyib qolumdan yapışıb silkələdi, qışqıra-qışqıra dedi ki, mənim əlimdən yanıqlı olduğundan qarğış eləyib. Onu yaman yandırıb tökmüşəmmiş. Özü də bu, birinci dəfə deyilmiş. Yoxsa rəhmətlik Azadla nə işi var?! Azad cənnətdədir!
Cənnətdəki ruhu narahat etmək onun nə həddinədir?
Telli nənənin acı dilinə bütün kənd öyrəncəliydi. Hamı deyirdi: yazıq arvad neynəsin, o cür oğul itirib. Dağlar qədər dərdi var. Acığını kimin üstünə töksün? Nə desə, kənd camaatı qayıdıb qabağında bir söz demirdi, fikir verməməyə çalışırdılar. Ancaq indi Telli nənənin sözləri Sərvinaz bibimin yeddi qatından keçmişdi. Az qalırdı özünü göydən götürüb yerə çırpa.
Sərvinaz bibim ağlaya-ağlaya adamların içindən çıxıb üzü kəndə sarı qaçdı. Elə bil yer yarıldı, atam içindən çıxdı. Bir onda ayıldım ki, qulağımın dibində sillə açıldı. Burnumun qanı ağzımın qanına qarışdı.
– Gedək evə, səni ayaqlarından asacam, köpəyoğlu!-atam dodaqlarını çeynəyə-çeynəyə dedi.
Telli nənə bu dəfə də atamın üstünə atıldı.
– Niyə vurursan, Azadı? Vurma, əlin qurusun! Balamın adını vermisiz, gündə yüz yol adını çağırıb yaramın qaysağını qoparırsız, bəs deyil? Hələ gözümün önündə gün vermirsiz də?!
Atam əlini saxladı, ürəyi yumşaldı, elə udqundu, hulqumundan çıxan səs hələ də qulaqlarımdadır.
Azad əmi həm ata-anamın, həm də Sərvinaz bibimin sinif yoldaşı olmuşdu. Eyni yaşda bütün uşaqlar kənddə bir-birinin sinif yoldaşıydılar, çünki kənd məktəbində hər sinifdə ancaq on-on beş uşaq oxuyurdu. Atamla Azad əmi yaxın dost olmuşdular. Adımı da Azad əminin xatirəsinə Azad qoymuşdu. Ancaq buna peşman olmuşdu. Neçə dəfə anama demişdi:
– Azadı yeri gəldi-gəlmədi, ucadan haylama! Hiss eləmişəm Telli xalaya pis təsir edir. Gərək arvada məsləhət edəydik. Mənim qanmazlığımdı, ağlım kəsmədi.
Anam da başıyla razılıq bildirmişdi, məni göstərib demişdi:
– Oğluna de bir dəfə hayladım, səsimə səs versin. İlim-ilim itməsin! Haylayıram, haylayıram, eşidir, qəsdən cavab vermir.
Adına ayama da qoşmağa ürək eləmir adam.
Bir dəfə atam anama göstəriş verdi:
– Həyətdə-bacada, küçədə-zadda Azadı qucaqlamayasan, başını sığallamayasan! Telli xala görər, ürəyi təlx olar. Adamdı da, gümanına başqa şey gələr, elə bilər qəsdən eləyirsən.
Həmin gün ki əmim qızının qolu altımda qalıb çıxdı, atam məni silləylə vurdu, Sərvinaz bibim ağlaya-ağlaya kəndə sarı qaçdı...
Telli nənə atamın önünə atılıb məni qorumağa çalışanda, portfelimi də qoltuğuma vurub, adamların arasından sivişib aradan çıxdım.
Həm qorxumdan, həm utandığımdan bir müddət evə getməməyə qərar vermişdim. Ancaq hara gedəcəyimi də bilmirdim. Sərgərdan, evsiz-eşiksiz, “Avara” filminin qəhrəmanı kimi tək-tənha hiss edirdim. Elə bil bütün qapılardan qovulmuşdum.
Anam küçədən tapıb gətirdiyim iti qovanda, yəqin it də belə hisslər keçirtmişdi. İtin bir gözü görmürdü, uşaqlar daşla vurub çıxartmışdılar. Ona yazığım gəlmişdi. Nə qədər ağladım, nə qədər yalvardım, xeyri olmadı, anam dedi ki, iyrənirəm, iti qapıya qoymaram! Elə bil iti qovan kimi qovmuşdular məni. Quyruğumu dalıma qısıb çay boyunca gedirdim.
Çayın kənarında iki kişi süfrə salıb oturmuşdu. Yeyib-içir, arada suya saldıqları qarmaqları yoxlayırdılar.
Onlardan azca aralıda üç-dörd yeniyetmə oğlan çimişirdi. Hamısı yaşca məndən böyük idilər, mənim ikinci sinfi başa vurmağıma on beşcə gün qalırdı. Yazın axırıydı, məktəblər tezliklə bağlanacaqdı. Havalar da təzə-təzə isinirdi. Bilmirəm orda, çayın kənarında nə qədər durub oğlanlara tamaşa elədim. Nə vaxt paltarımı soyundum, nə vaxt suya atıldım. Hansı ağılla bunu elədim, onu da bilmirəm. Ancaq başa düşəndə ki, batıram, boğulmaq üzrəyəm, içimə qəribə rahatlıq dolmuşdu. Nə çığırır, nə kömək çağırırdım.
Taleyimə quzu balası kimi boyun əymişdim. Qəribədir, həmin anlarda qətiyyən qorxmurdum. Nəsə ömrüm boyu bir də heç vaxt duymayacağım qəribə bir rahatlıq içindəydim.
Deyəsən, özümdən asılı olmadan, sövq-təbii yaşama eşqiylə əl-qol ataraq, üçüncü dəfə batıb-çıxırdım. Yeniyetmə oğlanlardan biri məni göstərib haray saldı.
Artıq növbəti dəfə suyun üzünə çıxmağa gücüm qalmamışdı, həmişəlik suyun dərinliklərinə enirdim ki, möhkəm və güclü bir əl qoltuğumun altından yapışaraq, məni suyun üzünə dartdı. Bundan sonrasını dumanlı xatırlayıram: məni başıaşağı çevirib silkələyirlər, üzümü-gözümü sillələyib ayıltmağa çalışırlar, kimsə ağzını ağzıma dayayıb süni nəfəs verir.
Kəndə qıy düşdü: “Azad çayda batıb!”
Anam saçını yolub. Eynən Azad əminin anası Telli nənə kimi!
Atam sinəsinə döyüb! Eynən Azad əminin atası Nüsrət kişi kimi!
Balaca bacım qorxusundan çığırıb anamın qıçlarına sarmaşıb. Eynən Azad əminin bacısı Xurma bibi kimi! Xurma bibi o vaxtdan qara geyib, göy örtdü, qardaşının yasını saxladı, ərə belə getmədi, xoşbəxt olmaq istəmədi.
Hardansa tapılan köhnə bir adyala bükülmüşdüm, məni evə sarı aparırdılar. Azadı da belə gətiriblərmiş. Ancaq onu üçrəngli bayrağa büküblərmiş. Atam ağrına-ağrına nağıl edərdi.
Anamın əlinə çatan kimi məni göydə qapıb bağrına basdı. Naləsi hələ də qulağımdadır. Məni isti yorğan-döşəyə uzadıb, bürüb-büksələr də tir-tir əsirdim. Hələ də bilmirəm soyuqdan əsirdim elə, ya ölüm qorxusundan?!
Həmin axşam atamla anam fikrimi öyrənmədən mənimlə bağlı çox ciddi bir qərar verdilər. Necə ki çağa idim, soruşmadan adımı Azad qoymuşdular, – düzdür, onda mənimlə məsləhət eləyə bilməzdilər də, – ancaq indi də gəyişmədən adımı dəyişmək fikrinə gəldilər.
Bəlkə də, atam-anam bilmirdilər ki, adam ən çox öz adını mehriban bir səslə eşidəndə xoşbəxt olur. Ən çox anamın adımı çağırmasını sevirdim.
Bir neçə gündən sonra anam pəncərəni açıb, üzünü çöllüyə tutur, adımı ayrı cür çağırırdı:
– Özgür! Ay Özgür, balam, hardasan?
Telli nənə də əvvəlki kimi, bəzi gecələri evinin yola baxan pəncərəsini açıb, üzünü boşluğa tutaraq, səsi yetdikcə haraylayırdı:
– Azad! Ay Azad, balam, hardasan?